Məhkəmə qərarları › İş №2-1(103)-3356/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3356/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3356/2025 18.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinə qarşı “əmrin ləğvi” tələbinə dair işi üzrə Açar sözlər: (diskresion səlahiyyətlər əsasında qəbul edilmiş əlverişsiz inzibati aktın inzibati məhkəmə icraatı qaydasında yoxlanılması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndələri X8 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinə qarşı “əmrin ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2- 1(112)-2415/2025 nömrəli qərarından cavabedh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin xx.xx.2024-cü il tarixli 3-33- 51001106ş saylı intizam məsuliyyətinə cəlb edilmə haqqında əmrinə əsasən xidməti vəzifəsinin icrası zamanı ciddi nöqsanlara yol verdiyinə görə Mama-ginekoloji şöbənin həkim-ginekoloqu İddiaçı Azərbaycan Resöublikası “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalın rəisi-baş həkim B.Musayevin xx.xx.2024-cü il tarixli raportu və xx.xx.2024-cü il tarixli Tibbi Şurasının toplantısının qərarına əsasən Mama-ginekoloji şöbənin həkim-ginekoloqu İddiaçı Hospitalda müalicə almış X3 müayinə, müalicə və əməliyyat taktikasında həkim səhvinə yol verildiyi məlum olmuşdur. Belə ki, İddiaçı xəstə barəsində şöbə rəisinə vaxtında dolğun məlumat verməmiş, təcili cərrahi müdaxilə tələb olunduğuna baxmayaraq düzgün olmayan konservativ müalicə taktikası seçmiş və heç kimlə razılaşmadan xəstənin evə buraxılması qərarını vermişdir. Eyni zamanda, Tibb Xidmət İdarəsi əməkdaşları tərəfindən “Gömrük orqanlarının vəzifəli şəxslərinin X14”nin qaydalarına əməl edilməsinə nəzarətin təşkili üzrə məsul şəxs Nümayəndə2 xx.xx.2024cü il tarixli raportuna əsasən məlum olmuşdur ki, mama-ginekoloji şöbənin həkimginekoloqu İddiaçı şikayət ərizəsi ilə Tibbi Xidmət İdarəsinin rəisinə müraciət edərək Hospitalın baş həkimi Bəxtiyar Musayev və mama-ginekoloji şöbənin rəisi Təranə Bayramova tərəfəindən ona qarşı şəxsi-qərəzli davnarılması, davamlı təhqir, hədələnərək təhdid olunması, kollektivin və pasiyentlərin qarşısında nüfuzuna xəlil gətirilməsini bildirmişdir. İddiaçı ərizəsi ilə əlaqədar araşdırma aparılmış, izahatlar alınmış və şikayətdə qeyd etdiyi beşdəqiqəlik iclasın videogörüntüsünə baxış keçirilmişdir. Araşdırma zamanı İddiaçı ərizəsində göstərilən xüsusatlar və mühakimələr öz əksini tapmamış, Hospitalın baş həkimi Bəxtiyar Musayev və mamaginekoloji şöbənin rəisi Təranə Bayramova tərəfindən ona qarşı heç bir qərəzli hərəkət, şəxsiyyətinə hörmətsizlik, şərəf və ləyaqətinə toxunacaq təhqiredici ifadələr işlədilməmişdir. İddiaçı arqumentsiz ərizəsi onun həkim fəaliyyəti zamanı tibbi səhvə yol vermə hadisəsini yayındırmaq və böhtan xarakteri daşımışdır. Beləliklə, mamginekoloji şöbənin həkim ginekoloqu İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 64-cü maddəsinin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X14”nin 12 və 18.1-ci bəndlərinə əməl etməyərək öz xidməti fəaliyyətini peşəkarlıqla yerinə yetirməmiş, habelə həmkarları ilə münaqişəli və qərəzli münasibət yaratmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-33- 51001106ş saylı intizam məsuliyyətinə cəlb edilmə haqqında əmrin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində gecə saat 00:21 radələrində xəstə-1997-ci il təvəllüdlü X6 qarnın aşağı nahiyyəsində kəskin ağrıların olması səbəbilə X10 şöbəsinə müraciət etmişdir. Xəstənin təcili yardımda təcili yardım həkimi tərəfindən qəbulundan sonra onun KT nəticələrinə uyğun olaraq və o, həmin gün növbədə olduğundan mütəxəssis həkim kimi xəstənin müayinəsi üçün çağırılmışdır. Xəstəni müayinə etmiş, xəstənin müayinəsi zamanı vəziyyəti stabil, qarnı yumşaq, ağrısız olmuşdur. Xəstə qarnın aşağı nahiyəsində, sadəcə diskomfort hiss etdiyini qeyd etmişdir. Tərəfindən xəstəyə zəruri tibbi yardım və müdaxilə (ağrıkəsici iltihabəleyhinə və hemostatik müalicə təyin edilmişdir) edilərək, xəstəyə və qohumlarına onun qanama ehtimalı halında cərrahi müdaxilə zərurəti ilə əlaqədar müşahidə altında tutulmasını tövsiyə etmiş və xəstəni stasionara yatızdırmışdır. Beləliklə, gecədən səhərə xəstənin vəziyyəti yalnız yaxşılığa doğru getmiş, yəni hemodinamik stabilliyini qoruyub saxlamışdır. Səhər tezdən tərəfindən xəstəyə müvafiq qanın ümumi analizi və ultrasəs müayinəsi təyin edilmişdir. Analiz nəticəsinə əsasən qanda hemoqlobinin 10.9 olması barədə, saat 08:21də şöbə rəisi olan mama-ginekoloq Təranə Bayramovaya zəng etmiş və xəstə haqqında ətraflı məlumatları vermişdir. Xəstənin qanında hemoqlobinin səviyyəsinin çox aşağı düşmədiyi haqqında və dinamik yoxlanış üçün xəstəyə USM təyin edilməsini, sonradan isə aralarında təkrar müzakirə edəcəyinə dair T.Bayramova ilə birgə qərar vermişdir. Saat 8:55 də xəstəyə USM edilmiş və USM zamanı xəstə hemodinamik stabil olmuş, xəstədə kəskin qarın izlənilməmişdir və USM zamanı xəstənin kiçik çanağında hemoragik mayenin artmadığını izlənilmişdir. Bu haqda T.Bayramovaya təkrar canlı məruzə edilmiş və xəstənin adi gözləmə rejimdə konservativ müalicə taktikasına davam etdirilməsi və təqibdə saxlanılmasına qərar verilmişdir. Bu qərardan sonra xəstəyə yüngül yemək yeyə biləcəyini söylənilmişdir. Baş həkim B.Musayev xəstənin T.Bayramova tərəfindən birbaşa müayinə olunmasını istəmişdir. Müayinəyə xəstə sərbəst şəkildə ayaqüstə gəzərək gəlmiş və T.Bayramovanın otağında daxil olmuşdur. Xəstəyə onun iştirakı ilə T. Bayramova tərəfindən USM müayinə edilmişdir. Müayinə zamanı eynilə xəstə hemodinamik stabil, qarın boşluğu yumşaq və ağrısız olmuşdur. USM müayinəsində çanaqda hemorajik mayenin olması və xəstənin xx.xx.2024-cü il tarixinədək xəstəxanada təqib altında qalması məsləhət görülmüşdür. Müalicəyə əlavə 2000 ml mayə köçürülməsi və antibiotikoterpaiya başlanılması məsləhət görülmüşdür. Xəstənin ümumi vəziyyətinin hemodinamik stabil, qan göstəricilərinin daxili qanaxmanın artmasının əleyhinə olmasının, kəskin qarın olmaması, USM müayinəsində çanaqda hemorajik mayenin artmadığını nəzərə alaraq xəstənin adi rejimdə konservativ müalicə ilə təqib olunması uyğun görülmüşdür. Lakin saat 09:49 da T.Bayramova ona zəng edərək telefonda xəstəni əməliyyat edəcəyini və əməliyyatı onsuz, baş həkim B.Musayevlə birgə icra edəcəyini bildirmişdir. Lakin sonra məlum olmuşdur ki, T. Bayramova həmin əməliyyatı rezidenturanı 4 il öncə bitirmiş assistenti, Leyla Qaçayli ilə birgə icra etməyi planlaşdırıbmış. O, təəccüb içərisində hansı səbəbə görə əməliyyatı ixtisaslı həkimlə deyil, assisenti ilə icra etməyə üstünlük verdiyini soruşduqda isə T.Bayramova ona rişxəndlə bildirmişdir ki, “çünki, o səndən daha təcrübəlidir”, həmçinin sözünün davamı olaraq əlavə etmişdir ki, “çox yaxın zamanda baş həkimlə razılaşdırıb sənin yerinə həmin assisenti işə götürəcəyik.”. Sonra T. Bayramova onun iştirakı ilə xəstənin olduğu palataya daxil olaraq xəstəyə xx.xx.2024-cü il tarixində xəstəxanada olmayacağını və bu xəstəxanada xəstə üçün zəruri olan əməliyyatı ondan başqa icra edə biləcək bir həkimin olmadığını bildirərək xəstədən təcili qərar verməsini tələb etmişdir. Beləliklə, xəstənin əməliyyata qərar verməsindən sonra xəstə onun adından T.Bayramovanın adına köçürülmüş və saat 13:15 xəstəyə T.Bayramovanın nəzərdə tutduğu əməliyyat icra olunmuşdur. Xəstə A.Qəzənfərli əməliyyata daxil olarkən qanında olan hemoqlobin səviyyəsi 10.6 olmuşdur. Əməliyyat göstərişi verildiyindən artıq onun müalicə təyinatları öz qüvvəsini itirmiş olmuşdur. 28 iyun 2024-cü il tarixində saat 10:00 dan sonra xəstəlik tarixçəsində ve Akgun proqramında yazılan bütün anamnez, epikriz, əməliyyat protokolu, R 10.2; R 58 və R 50.0 diaqnozları şöbə müdiri T.Bayramova tərəfindən qoyulmuş və yazılan diaqnoz, qərar və müalicələrdir. Xəstənin təhlil nəticələri daxil olmaqla verdiyi müalicə qərarı, müalicə qərarını düzgün hesab etməyən Tibbi Şuranın üzvlərinin ixtisasını, onların neçə illərdir ki, birbaşa cərrahi müdaxilədə iştirak etmədiklərini, seçmiş olduğu müalicənin nəticələrinin düzgün olmasına dair lehinə və əleyhinə səs vermiş komissiya üzvlərinin ixtisaslarına və peşakarlıq dərəcəsinə, həmçinin, başqa xəstəxanadan dəvət edilmiş ekspertin son 20 il ərzində ümumiyyətlə əməliyyatlarda yer almadığı kimi halları nəzərə alaraq yenidən araşdırılması zəruridir. Vermiş olduğu qərarda həm tibb ədəbiyyatı, həm də yerli və xarici peşəkar uzman mütəxəssislərdən müvafiq məsləhət və təsdiqləmələr alaraq bu müalicə taktikasının düzgünlüyünə əmindir. Lakin, bununla belə iş yerində onunla əlaqədar qərəzli hərəkətlər hər gün yeni maraqlı məzmun almaqdadır. Barəsində baş verən bu hərəkətlər əslində özü bir daha ona sübutdur ki, o, töhmət əmrinə layiq olası hər hansı bir davaranışa yol verməmişdir. Hadisələrin cərəyan etmə axınına və məzmununa baxdıqda asanlıqla görmək mümkündür ki, iş yerinin rəhbərliyi ona qarşı sırf qərəz nümayiş etdirən hərəkətlərə yol verir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Cavabdeh orqan iddiaya etirazında bildirilmişdir ki, 1997-ci il təvəllüdlü X6 2024-cü ilin iyun ayının 27dən 28-nə keçən gecə qarında kəskin ağrılar, sidiyə gedərkən bu ağrıların artması şikayəti ilə X11 Yardım şöbəsinə müraciət etmiş və müayinə olunaraq xəstəyə lazımi ilkin müayinələr aparılmışdır. Həmin gecə saat 01:15-də KT-nin cavabında sağ yumurtalıq lojasından başlayaraq çanaq boşluğunu dolduran qanlı maye toplantısı aşkar edilmiş və ginekoloq müayinəsi məsləhət görülmüşdür. Həmin vaxt növbədə olan İddiaçı dəvət olunmuş, Mehriban xanım xəstəyə konservativ müalicə təyin etmiş, xəstəyə ağrıkəsicilər və 200 ml natriumxlor vurulmuşdur. Nəticələr nəzərə alınaraq xəstə müşahidə və konservativ müalicə məqsədi ilə hospitalizasiya olunub və səhəri gün xəstənin evə yazılması qərarını vermişdir. Səhəri gün yəni, iyun ayının 28-i baş həkim hər səhər olduğu kimi xəstələrə ümumi baxış keçirən zaman pasiyent Aytac Qəzənfərlinin səhər saatlarında yemək yediyini görmüş, onunla maraqlandıqdan sonra məlum olmuşdur ki, həkimi İddiaçıdır. Xəstə sorğu-sual zamanı səhər yeməyini yedikdən sonra evə yazıldığını bildirmişdir. Baş həkim xəstənin palatasında olan KT cavabına baxır və xəstəyə heç bir şey bildirmədən palatanı tərk edir. Daha sonra Mehriban xanıma telefon vasitəsi ilə zəng edərək soruşub ki, necə ola bilər ki, xəstənin çanağı qanla doludur və evə buraxırsınız? Daha sonra Baş həkim göstəriş vermişdir ki, xəstə şöbə rəisi Təranə Bayramova tərəfindən yenidən müayinə olunsun. Təranə Bayramova tərəfindən xəstə yenidən müayinə olunub və saat 09:55-də xəstənin fiziki müayinəsində palpasiya zamanı qarnın ön divarında ciddi qarın əzələlərinin gərilməsi müşahidə olunmuşdur. Qarnı çox sərt olub. Xanım bakirə olduğu üçün güzgü ilə müayinə oluna bilinməyibdir . USM olunub və çanağın maye ilə dolu olduğu və sağ tərəfdə 6-7 sm-lik hiperepoik kütlə, yəni hematoma olduğu görünmüşdür. Xəstənin qarın boşluğundakı maye özü-özlüyündə qərar vermək üçün əsas olmuşdur ki, Təranə Bayramova tərəfindən əməliyyata alınmışdır. Çünki belə olan halda hematoma öz-özünə çəkilə bilməzdi. Əməliyyat zamanı 30 dəqiqə ərzində qanama dayandırılmış, əməliyyat sonrası hemoqlobin 10.2 olaraq ölçülmüş, xəstənin vəziyyəti stabil olmuşdur. Əməliyyat sonrası xəstə 2 gün nəzarətdə saxlanılaraq evə buraxılmışdır. Bu müddət ərzində İddiaçı xəstə ilə maraqlanmamış, əməliyyatda öz yerinə rezidentinin iştirak etməsini təklif etmişdir. Bu hal üzərindən keçməli olan hal kimi qiymətləndirilməmiş, çünki xəstə evə bu vəziyyətdə getsə idi, halı pisləşə bilər, kollaps və s. kimi hallar baş verə bilərdi. Bu müzakirə bir kliniki halın müzakirəsi olaraq xx.xx.2024-cü il tarixdə Tibbi şura çağırılmış, ATU-nun İ mama-ginekologiya kafedrasının müdiri, t.e.d., professor Elmira Əliyeva ekspert kimi dəvət olunmuşdur. X16 Şurada əməliyyatın videogörüntüsünə baxdıqdan sonra hematomanın böyük olduğunu bildirmiş, diaqnozun düzgün qoyulduğunu, lakin gecə ilə laporoskopik əməliyyat aparılmalı olduğunu bildirmişdir. O, bir ekspert kimi bildirmişdir ki, belə olan halda Xəstə şoka düşmə ehtimalı yüksəkdir. Bütün olanlardan sonra Mehriban xanım daha da aqressiv hərəkətlər etməyə başladı, baş həkimin ona cinayətkar və savadsız dediyini, şöbə rəisi Təranə Bayramovanın onun yerinə başqa həkim gətirəcəyini, rezidenti həkim kimi işə götürəcəyini bildirməyə başlamışdır. Bu kimi bəhanələr ilə o hətta Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin də qəbuluna getmişdir. Lakin bunlar şər və böhtandan başqa birşey deyildir. Bu hərəkətləri ilə o, etdiyi səhvi ört basdır etməklə başqa istiqamətə yönəltmək məqsədi daşıyırdı. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə hər hansı bir işçi İdarənin rəisi və ya baş həkimi tərəfindən deyil, Komitə sədri tərəfindən işə qəbul edilir. Yuxarıda qeyd edilən əsaslara görə hesab edirlər ki, iddia tamamilə əsassızdır və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı Gömrük orqanlarının vəzifəli şəxslərinin X14”nin təsdiq edilməsi haqqında № 3-33/3-2-000001/2023, 3 noyabr 2023-cü il tarixli Kollegiya qərarının 6-cı maddəsini (Dürüstlük) və həmin qərarın 9-cu maddəsini (Mədəni Davranış), 12.1 maddəsini (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) və 21.1-ci maddəsinin (Gömrük orqanı əməkdaşları ilə münasibətlərin xüsusiyyətləri) müddəalarını kobud şəkildə pozmuşdur. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il 8 dekabr tarixli 3-33/3-2000325/2023 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarının nümunəvi daxili intizam Qaydaları"nın 6.2.1-ci maddəsini də pozmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Tibbi Xidmət İdarəsinin rəisi tərəfindən İddiaçı xidməti vəzifəsinin icrası zamanı ciddi nöqsana yol verdiyinə görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmişdir. Həmin Əmr verildiyi tarixdən X5 şöbəsi əməkdaşları tərəfindən əmrlə tanış olması üçün dəfələrlə çağırılmağına baxmayaraq İddiaçı müxtəlif bəhanələr gətirərək şöbəyə gəlməmiş və əmrlə tanış olmaqdan yayınmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-1(112)-2415/2025 nömrəli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilərək, cavabdeh Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-33- 51001106ş saylı intizam məsuliyyətinə cəlb edilmə haqqında əmrin ləğv edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-1(112)- 2415/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin hakimi iş üzrə yekun nəticəyə gələn zaman işin hallarını qərəzli şəkildə tam araşdırmayaraq əsassız qərar qəbul etmişdir. İş üzrə qərar qəbul edən zaman sübutlar tam araşdırmamış, yalnız iddiaçının təqdim etdiyi və həqiqiliyi müəyyən olunmamış sübutlar rəhbər tutulmuş və tərəflərindən təqdim olunmuş sübutlar nəzərə alınmamışdır. Belə ki, məhkəmə xx.xx.2024-cü il tarixində iddiaçı tərəfin şifahi vəsatətinə əsasən məhkəmə tibbi-ekspertiza təyin etmişdir. Həm iddiaçı tərəf həm də cavabdeh tərəfindən ekspertin qarşısında qoyulmalı olan suallar təqdim olunmuş, iddiaçı tərəfindən təqdim olunmuş sualların hər biri öz əksini tapmış, lakin tərəflərindən təqdim olunmuş işin mahiyyəti üçün əhəmiyyətli olan sualların heç biri qərardadda öz əksini tapmamış və suallarının hansı səbəbdən rədd olunması barədə əsaslandırılmış münasibət bildirilməmişdir. Araşdırma zamanı, hətta ekspertiza qarşısında qoyulan suallarda xəstə Aytac Qəzənfərlinin qarnında 600-800 ml qanlı möhtəviyyat olduğu halda evə buraxılması məsələsinə heç toxunulmamışdır. Hansı ki, iddiaçının intizam məsuliyyətinə cəlb olunmasına əsas olmuş səbəblərindən biri xəstənin bu vəziyyətdə evə buraxması idi. Bu xüsusat məhkəmədə şahid qismində iştirak edən Aytac Qəzənfərlinin ifadəsində də öz əksini tapmışdır. Əmrin məzmunundan da görünür ki, xəstəyə cərrahi müdaxilə tələb olunduğuna baxmayaraq düzgün olmayan konservativ müalicə taktikası seçilmiş, cərrahi əməliyyata alınmamış, hətta xəstə evə buraxılmışdır. Belə ki, Ekspertizanın ilkin rəyində təcili cərrahi müdaxilə olunmadan, həmin dəyərlərdə X1 müalicə taktikasının tətbiq edilməsi xəstənin həyati və sağlamlıq vəziyyəti üçün təhlükə yaradıb-yaratmaması, eləcə də xəstənin konservativ müalicə taktikası üsulu ilə sağalmaq imkanı barədə əvvəlcədən proqnoz vermək mümkün olmadığı qənaətinə gəlmişdirlər. Lakin prosessual qanunvericiliyin tələbləri pozularaq, iş üzrə icraatı təzələmədən, məhkəmə iclas təyin etmədən, tərəflərin fikrini soruşmadan, çəkişmə prinsipinə riayət olunmadan xx.xx.2025-ci il tarixində əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertlər hər iki rəydə iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmamış və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verməli olduğu halda tam və hərtərəfli rəy verməmişdirlər. Hakimin təzələmə qərardadı qəbul etmədən proses iştirakçılarının fikrini soruşmadan əlavə ekspertiza təyin etməsi prosessual pozuntudur. Və ekspertizanı iş üzrə rəy vermiş eyni ekspertlərə tapşırmışdır. Ekspertlər yenidən eyni məzmunlu rəy vermişlər. Xəstəlik tarixçəsini rəyə əlavə etməklə, heç bir araşdırmalar etmədən suallara dolğun və obyektiv cavab verməmişlər. xx.xx.2025-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında tərəfindən məhkəməyə yazılı vəsatət ünavanlanmış və iş üzrə rəy vermiş ekspertlərin verdikləri rəylər arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə iclasında iştiraklarının təmin olunması xahiş olunmuşdur. Lakin hakim vəsatəti təmin etməmiş və vəsatətin təmin olunmama səbəbəbini izah etməmişdir. Bu da hakimin öz qərəzli mövqeyinin ifadəsidir. Eyni zamanda, tərəflərindən verilmiş vəsatətə əsasən məhkəmə iclasında iştirak etmiş, iş üzrə birbaşa əlaqəsi olan şəxs Aytac Qəzənfərliyə həm hakim, həm də iddiaçının nümayəndələri tərəfindən təyziqlər olunmuşdur. Belə ki A.Qəzənfərli tez-tez Mərkəzi Hospital ilə əlaqə saxladığını, şikayətlər etdiyini bildirməsinə baxmayaraq hakim sonuncuya “sən məhkəmənin vaxtını hardan bildin gəldin? Kim sənə məlumat verdi? Və s. bu kimi suallarla şahidə təyziqlər göstərmişdir. Belə ki, məhkəmə qərarında şahid ifadələri öz əksini tapmamışdır. Belə ki, şahid öz ifadəsində xx.xx.2024-cü il tarixdə həkim İddiaçı onun qarnında 600-800 ml qanlı möhtəviyyat olduğu halda evə yazdığına dair ifadə vermişdir. Eyni zamanda A.Qəzənfərli ifadəsində İddiaçı onun müalicə həkiminin olmasını və yanvar ayında qəbulunda olmasını bildirmişdir. Qərarda ümumiyyətlə şahidin iştirakı ilə bağlı qeyd edilməmişdir. Sonuncu məhkəmə iclasında tərəflərindən məhkəmə sədrinin adına hakimə etiraz ərizəsi verilmişdir. Lakin ərizəyə hakim tərəfindən baxılıb qiymət verilmişdir. Belə ki, hakim eyni zamanda tərəflərindən verilmiş vəsatətə əsasən xx.xx.2024 tarixli məhkəmə iclasının qapalı keçirilməsi barədə qərar qəbul etməsinə baxmayaraq sonuncu məhkəmə iclası açıq keçirilmişdir. Eyni zamanda məhkəmə prosesi gedişində İddiaçı bütün dövlət orqanlarına, yuxarı instansiya məhkəmə orqanlarına yazılı şikayətlər və ərizələr ünvanlamış və bu ərizə və şikayətləri elektron məhkəmə sisteminə yükləmişdir. Bununla da hakimə dolayı yolla təsir göstərməyə çalışmış və məqsədinə nail olmuşdur. Daha sonra bildirir ki, aşağıda tərəflərindən təqdim olunmuş və iş üzrə çox mühüm əhəmiyyət kəsb edən suallar hələ də açıq qalmaqdadır. Odur ki, yenidən komission ekspertiza keçirilməsinə zərurət vardır. 1. Xəstənin qarın boşluğunda 600-800 ml laxtalı qanlı möhtəviyyatın olduğu halda, xəstəni əməliyyata götürməsə də belə, ən azı xəstəxanada həkim müşahidəsi altında saxlamadan evə yazılması nə dərəcədə düzgündür? 2. Qarın boşluğunda, o cümlədən çanaq boşluğunda qan və qan laxtalarının yetərli miqdarda olmasının və vaxtında onun evakuasiya olunmaması xəstəni gələcəkdə toplanmış qanın infeksiyalaşmasına, çanaq abseslərinin yaradılmasına, prosesə uşaqlıq artıqlarının cəlb edilməsinə və boruların keçiriciliyinin pozulmasına və uşaqlıqdankənar hamiləliyin yaranmasına gətirib çıxara bilərmi? 3. 27 yaşlı və ailə qurmamış, övladı olmamış bir gənc xanımın belə bir vəziyyətdə evə yola salınması gələcəkdə hansı fəsadlara gətirib çıxara bilərdi? 4. Yüksək dozada təyin olunmuş spazmolitik və ağrıkəsici fonunda xəstənin ağrı hiss etməməsinin bütün başqa obyektiv göstəriciləri, yəni ultrasəs müayinəsinin və Kompyutertomoqrafiyasının göstəriciləri nəzərə alınmadan vəziyyətinin stabil olması kimi qiymətləndirilə bilərmi? Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2- 1(112)-2415/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Apellyasiya məhkəməsində iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-1(112)-2415/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “İnzibati icarat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: -1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür; -9-cu maddəsinə əsasən gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etik davranış qaydalarına riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir; -44-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: -Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; -fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; -gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; -xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; -gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; -dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq; -64-cü maddəsinə əsasən gömrük orqanlarında xidməti intizam gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir; -69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının “3” noyabr 2023-cü il tarixli 3-33/3-2-000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş” Gömrük orqanlarının vəzifəli şəxslərinin X14”nin: -18.1-ci bəndinə əsasən gömrük orqanı əməkdaşı həmkarlar ittifaqları istisna olmaqla heç bir seçkili və ya digər təyinatlı vəzifə tuta, siyasi fəaliyyətlə məşğul ola bilməz; İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-33- 51001106ş saylı intizam məsuliyyətinə cəlb edilmə haqqında əmrin ləğv edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun sistemli təhlilindən, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadından müəyyən olunur ki, inzibati aktlar əsasən səlahiyyət, forma, səbəb, məzmun və məqsəd ünsürlərinin vəhdətindən ibarət olur. Məhkəmə tərkibi mübahisləndirilən inzibati aktı səbəb və məzmun ünsürləri baxımından yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadında da qeyd olunduğu kimi, inzibati aktın səbəb ünsürü – inzibati aktı qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və hüquqi bir əsası ifadə edir. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli səbəb olmalıdır. Mübahisləndirilən əmrdən müəyyən olunur ki, iddiaçıya töhmət növündə intizam tənbehinin tətbiq edilməsinə əsas onun həkim səhvinə yol verməsi, yəni öz xidməti fəaliyyətini peşakarlıqla yerinə yetirməməsi, habelə həmkarları ilə münaqişəli və qərəzli münasibət yaratmasıdır. Qeyd etmək lazımdır ki, inzibati aktın məzmunu inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. Hazırkı inzibati mübahisəyə dair işdə inzibati aktın məzmun ünsürü töhmət növündə intizam tənbehinin tətbiq edilməsi ilə bağlıdır. Cavabdeh inzibati aktın məzmun ünsürünü, yəni intizam tənbehin tətbiq edilməsində münasibətdə diskresion səlahiyyətə malik olmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqanın diskresion səlahiyyətə malik olubolmamasını müəyyən etmək üçün qrammatik təfsir metoduna müraciət edilməlidir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu bəndində qeyd olunmuşdur ki, gömrük orqanlarının vəzifəli şəxsi Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət... Göründüyü kimi, qrammatik təfsir metoduna əsasən müəyyən olunur ki, inzibati orqan intizam tənbehi tətbiq etməkdə diskresion səlahiyyətə malikdir. Hazırkı inzibati mübahisəyə dair işdə mübahisləndirilən inzibati aktın qəbul edilməsi ilə “İnzibati icraat haqqında” Qanunun aşağıdakı prinsip və tələbləri pozulmuşdur. Birincisi, İİQ-nin 61.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Ümumiyyətlə, inzibati aktın əsaslandırması tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən publik hakimiyyət səlahiyyətlərini həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin düzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı əsaslandırmaya dair şərtlər daha sərt (“dəqiq və aydın” əsaslandırma) xarakter daşıyır. Əsaslandırmadan aydın olmalıdır ki, inzibati orqan diskresion səlahiyyətindən istifadə edib və istifadə etdiyi vaxt maraqlı şəxsin maraqlarını nəzərə alıb və onları “götür-qoy” etmişdir, öz seçimini edərkən hansı faktiki halları nəzərə almış və hansı hüquqi qaydaları rəhbər tutmuşdur. Ən birinci növbədə maraqlı şəxs əsaslandırmadan başa düşməlidir ki, inzibati orqan dərk edib ki, onun işi ilə bağlı diskresion səlahiyyəti vardır və o, bu diskresion səlahiyyətindən istifadə edir, diskresion səlahiyyətin qanunla ona hansı həddə qədər verildiyini bilir və diskresion səlahiyyətindən qanunauyğun şəkildə istifadə edir. Ancaq belə olduğu halda maraqlı şəxs hüquqi müdafiədən istifadə edəcəyi halda, onun şikayətinin nə dərəcədə uğura malik olacağı barədə mühakimə yürüdə bilər. İnzibati orqanın diskresion səlahiyyəti nə qədər geniş olsa, bir o qədər inzibati orqan inzibati aktın əsaslandırmasını ətraflı, dəqiq və aydın etməlidir. Əgər belə bir əsaslandırma yoxdursa və ya o, anlaşıla bilən deyildirsə, inzibati akt qanuna zidd sayılmalıdır. Mübahisləndirlən əmrdən görünür ki, inzibati aktın qəbul edilməsinə əsas olmuş faktiki hallar iddiaçının çalışdığı müvafiq tibb müəssisəsinə müraciət etmiş X4 münasibətdə həkim səhvinə yol verilməsi və iddiaçının digər əməkdaşlarla davranışında böhtan xarakterli ifadələrə yol verməsi göstərilmişdir. Belə ki, əmrə əsasən Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalın rəisi-baş həkim B.Musayevin xx.xx.2024-cü il tarixli raportu və xx.xx.2024-cü il tarixli Tibbi Şurasının toplantısının qərarına əsasən Mama-ginekoloji şöbənin həkimginekoloqu İddiaçı Hospitalda müalicə almış X3 müayinə, müalicə və əməliyyat taktikasında həkim səhvinə yol verildiyi məlum olmuşdur. Belə ki, İddiaçı xəstə barəsində şöbə rəisinə vaxtında dolğun məlumat verməmiş, təcili cərrahi müdaxilə tələb olunduğuna baxmayaraq düzgün olmayan konservativ müalicə taktikası seçmiş və heç kimlə razılaşmadan xəstənin evə buraxılması qərarını vermişdir. İlk növbədə qeyd olunmaldır ki, işin apellyasiya icraatı zamanı cavabdehdən xx.xx.2024-cü il tarixli Tibbi Şurasının toplantısının protokolunun məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş həmin protokoldan hər hansı bir səsvermənin keçirildiyi müəyyən olunmur. Halbuki cavabdeh tərəfindən təqdim edilmiş və Tibbi Xidmətin rəisi tərəfindən təsdiq edilmiş “DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi hospitalında Tibbi Şuranın yaradılması və onun fəaliyyət qaydaları”nın 15-ci bəndində (ümumi müddəalar) qeyd olunmuşdur ki, Tibbi Şuranın qəbul etdiyi qərarlar adi səs çoxluğu ilə qüvvəyə minir. Göründüyü kimi, mübahisləndirlən əmr Tibbi Şuranın qərarına əsaslansa da, həmin qərarın qəbul edilməsi zamanı müvafiq Qaydaların tələblərinə əməl edildiyi müəyyən olunmur. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün qiymətləndirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir. Aparılmış ekspertizaların nəticəsinə müvafiq olaraq verilmiş rəylərdən görünür ki, “X6 barəsində iddiaçı tərəfindən müasir klinik protokolun tələblərinə əsasən ilkin mərhələdə dinamik nəzarət (konservativ) taktikası düzgün seçilmişdir. X4 təyin edilmiş diaqnoz, klinik vəziyyət və laborator müayinə nəticələri nəzərə alınaraq, ona cərrahiyyə əməliyyata tibbi göstərişlərin olub-olmamasının müəyyən edilməsi üçün dinamik nəzarətin təşkil olunması daha məqsədə müvafiq hesab edilmiş və xx.xx.2024-cü il tarixdə onun üzərində təcili təxirəsalınmaz cərrahiyyə əməliyyatının aparılmasına göstəriş olmamışdır. Növbətçi həkim, yəni iddiaçı tərəfindən müasir klinik protokolun tələblərinə əsasən, ilkin mərhələdə dinamik nəzarət (konservativ) taktikası düzgün seçilmişdir.” Lakin mübahisələndirilən əmrdə cavabdeh inzibati orqan təcili cərrahi müdaxilə tələb olunmasını və iddiaçının düzgün olmayan konservativ müalicə taktikası seçməsini rəhbər tutmuşdur. Halbuki ekspert rəyləri ilə bu hal tam şəkildə təkzib edilir. Belə ki, konservativ müalicə metodu xəstəliklərin və ya travmaların cərrahi müdaxilə olmadan müalicə edilməsinə yönəlmiş yanaşmadır. Bu metodda əsas məqsəd orqanizmin özünütənzimləmə və sağalma qabiliyyətindən istifadə etməkdir. İş materiallarından da görünür ki, iddiaçı tərəfindən təcili cərrahi müdaxiləyə ehtiyac olmaması əsas götürülərək müvafiq tibbi prosedur həyata keçirilmişdir. Qeyd edilən məsələ barədə iddiaçı tərəfindən onun barəsində aparılan intizam icraatı zamanı da cavabdeh inzibati orqana zəruri məlumat və əsaslandırmalar təqdim edilsə də, inzibati orqan araşdırmanı hərtərəfli, obyektiv və tam aparmamış, həmin halları yoxlamamışdır. Digər tərəfdən, əmrdə qeyd edilən iddiaçı tərəfindən xəstə barədə məlumatın təqdim edilməməsi isə bağlı məhkəmə tərkibi qeyd edir ki, DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəisi/Baş həkim Bəxtiyar Musayev tərəfindən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi cənab Ceyhun Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportda göstərilmişdir ki, xəstə iddiaçı tərəfindən hospitalizasiya edildiyi tarixdən (02:00- 08:00 saatları arasında) ona ağrıkəsici və hemostatik preparatlar təyin edilmiş, 09:29-da isə Hospitalın rəisi tərəfindən şöbə rəisi Təranə Bayramovaya zəng vurularaq xəstənin yenidən müayinə edilməsi tapşırığı verilmişdir. Göründüyü kimi, xəstə barədə məlumatlar cavabdeh inzibati orqanın səlahiyyətli şəxslərində olmuşdur. Məhkəmə tərkibi bu halda xüsusi olaraq nəzərə alır ki, iddiaçı tərəfindən müalicə metodunun seçilməsi zamanı yanlışlığa yol verilmədiyindən xəstədə sonrakı dəyişikliklərin baş verməsi və ya başqa tibb mütəxəssisləri tərəfindən digər müalicə metodlarının seçilməsi iddiaçının məsuliyət daşımasına əsas təşkil etməməlidir. Digər faktiki hal ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ictimai davranışında qeyri-etik hərəkətlərə yol verməsi və ya digər şəxslərə böhtan atması ilə bağlı hər hansı sübut və ya dəlil məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında mövcud deyildir. Qeyd edilən səbəbdən məhkəmə tərkibi həmin halın mövcudluğu ilə bağlı hər hansı sübutun olmamasından irəli gələrək bu qənaətə gəlir ki, əmrin verilməsinə əsas olmuş həmin faktiki hal da mövcud olmamışdır. Beləkilə, mübahisləndirilən əmrin verilməsinə əsas olan faktiki halların mövcudluğu təsdiqini tapmır. Bundan başqa, qeyd olunmaldır ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu bəndinə əsasəngömrük orqanlarının vəzifəli şəxsi Əsasnamənin 16cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində intizam tənbehlərindən biri tətbiq oluna bilər. Göründüyü kimi, müvafiq tənbeh tədbirinin tətbiq edilməsi üçün əsas Əsasnamənin 16-cı və 44-cü maddələrində, eyni zamanda “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş tələblərin pozulmasıdır. Ancaq mübahisləndirlən əmrdə qeyd olunan normaların heç birinə istinad olunmamış və bu barədə heç bir hüquqi dəyərləndirmə aparılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən inzibati aktın qəbul edilməsi üçün hüquqi əsas kimi tamamilə fərqli normalara, yəni “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 64-cü maddəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının “3” noyabr 2023-cü il tarixli 3-33/3-2-000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş” Gömrük orqanlarının vəzifəli şəxslərinin X14”nin 12 və 18.1-ci bəndlərinə istinad etmişdir. Bununla bağlı ilkin olaraq qeyd edilməlidir ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 64-cü maddəsini pozulması üçün iddiaçı tərəfindən ona həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən kənar hər hansı hərəkət və ya hərəkətszilyini sübut edən konkret faktlar olmalı, cavabdeh inzibati orqan bunun əsasında müvafiq inzibati akt qəbul etməli idi. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən öz xidməti fəaliyyətini həyata keçirən zaman konkret halda qeyd edilən vəzifələrin icrasını istisna edən hər hansı əmələ yol verilməmişdir. Mübahisələndirilən inzibati aktın faktiki halların yoxlanılması ilə bağlı məhkəmə tərkibin gəldiyi nəticədən dolayı qeyd edilən hüquqi əsasın tətbiqi də istisna edilir. Digər hüquqi əsaslarla bağlı məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının “3” noyabr 2023-cü il tarixli 3- 33/3-2- 000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş” Gömrük orqanlarının vəzifəli şəxslərinin X14”nin 12-ci bəndi “peşəkarlıq və fərdi məsuliyyətin artırılması” və 18.1-ci bəndi isə “siyasi fəaliyyət”ə həsr edilmişdir. İddiaçının xidməti vəzifələrinin icrası ilə bağlı qeyri-peşəkar davranışını əks etdirən hər hansı sübut iş materiallarında olmadığından, eləcə də təyin edilmiş ilkin və əlavə ekspertizalarla da həmin peşəkarlıqdan kənar hərəkət və ya hərəkətsizliyi göstərən hal müəyyən edilmədiyindən məhkəmə tərkibi hesab edir ki, qəbul edilən inzibati akt qanunsuz olmuşdur. Digər tərəfdən isə iş materiallarından da aşkar şəkildə görünür ki, iddiaçının hazırkı mübahisədə siyasi fəaliyyəti ilə bağlı hər hansı məsələ olmamışdır. Bu səbəbdən məhkəmə tərkibi həmin hüquqi əsasa qiymət verilməsinə lüzum görmür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, mübahisələndirilən inzibati akt “İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddənin tələblərinə cavab vermir. İkincisi, “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd etmək lazımdır ki, mütənasiblik prinsipi idarəçiliyin ümumi prinsiplərindəndir və birbaşa hüquqi dövlət prinsipinin tərkib hissəsi kimi qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və uyğun olmalıdır. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddiaçı barəsində əvvəllər intizam tənbehi tətbiq olunmamışdır. Ancaq buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əsassız olaraq (cavabdehin istinad etdiyi hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır) töhmət növündə intizam tənbehinin tətbiq olunması mütənasib olmamışdır. Cavabdeh “irad” deyil, niyə məzh “töhmət” növündə tənbeh seçdiyini də əsaslandırmamıdır. Beləliklə, mübahisləndirilən qərar həm də “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin tələblərinin, yəni mütənasiblik prinsipinin pozulması ilə qəbul edilmişdir. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, cavabdeh apellyasiya şikayətində işə baxan birinci instansiya məhkəməsi hakiminin prosessul pozuntulara yol verdiyini bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsindəki icraatı zamanı birinci instansiya məhkəməsi hakiminin yekun məhkəmə aktının ləğv edilməsinə əsas olan ciddi prosessual pozuntulara yol verdiyi müəyyən edilməmişdir. “İnzibati icarat haqqında” Qanunun tələbinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1-ci maddə). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2-ci maddə). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3-cü maddə). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli e-2-1(112)-2415/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar