Məhkəmə qərarları › İş №2-1(103)-3357/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3357/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3357/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4476/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinə dair ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ona məxsus yaşayış evi Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1/4 ünvanından qeydiyyatdan çıxarılması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4476/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, eyni zamanda, prosessual müddətin bərpasına dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o mübahisələndirdiyi qərardadı almadığından məhkəməyə müraciət edərək 11 avqust 2022-ci il tarixdə almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf ərizənin təmin edilməsini və şikayətin mümkün sayılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Kollegiya ərizəni müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2) Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Sadalananlardan görünür ki, prosesual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa olunur. Ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırılmalı, başqa sözlə tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. Apelyasiya baxışı zamanı müəyyən edilmiş işin faktiki hallarına əsasən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4476/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixli məktubla İddiaçı iş materiallarında olan ünvanına (Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1/4) xx.xx.2022-ci il tarixdə göndərilmiş, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə poçt qəbzinə (iş materialları vərəq 50) soyad və adı qeyd edilərək, imza edilməklə qəbul edilmişdir. İddiaçı isə ərizəsində məhkəmə qərarının xx.xx.2022-ci ildə alınmasını bildirmiş, bu hal iş materiallarından da müəyyən edilmişdir. Lakin, işdə olan xx.xx.2022-ci il tarixli məhkəmə qərarının təqdim edilməsinə dair ərizədən görünür ki, İddiaçı qərardadın təkrar surətinin ona təqdim edilməsini xahiş etmiş, həmçinin apelyasiya baxışı zamanı da izahatında poçt qəbzindəki (iş materialları vərəq 50) yazı və imzanın ona məxsus olduğunu qəbul etmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci ildə məhkəmə qərardadını yenidən əldə etsə də, mübahisələndirilən qərardadla xx.xx.2022-ci il tarixdən tanış olmuşdur. Beləliklə, işin qeyd edilən faktiki hallarına əsasən, iddiaçının xx.xx.2022-ci il tarixdən mübahisələndirilən məhkəmə qərardadı ilə tanış olması və apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti hər hansı üzrlü səbəb olmadan ötürməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, prosessual müddətin bərpasına dair iddiaçının ərizəsi təmin edilməməli, apelyasiya şikayəti mümkün hesab edilməyərək, qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilməsin. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4476/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar