Məhkəmə qərarları › İş №2-1(103)-3357/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3357/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3357/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7768/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu 18 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarandığını nəzərə alaraq, ona həmin tarixdən, həmin vaxt qüvvədə olmuş qaydalarla hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin sonrakı illərdə indeksləşdirilməsi, 18 sentyabr 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada pensiyasının yenidən hesablanması və 2020-ci ilin noyabr ayının 1-dən pensiyanın faktiki ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkilinin ərizəsinə əsasən iddia tələbi “İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ona xx.xx.2020- ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi” kimi dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1961-ci ildə anadan olmuşdur. 29 avqust 1978-cü il tarixdə Neftçala rayonunun Uzunbabalı sovxozunda mühasib vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 16 dekabr 1980-ci il tarixdən başlayaraq Yeni Bakı Neftayırma zavodunda (indiki Heydər Əliyev adına X12) 6 nömrəli texnoloji sahənin 65 nömrəli texnoloji qurğusunda operator peşəsində işləməyə başlamışdır. 01 dekabr 1987-ci il tarixdən həmin işi davam etdirsə də, həmin işin adı aparatçı adlandırılmışdır. xx.xx.1995-ci il tarixdən işlədiyi peşənin adı yenidən dəyişdirilərək texnoloji qurğuların operatoru adlandırılmışdır. xx.xx.2001-ci il tarixdən peşəsinin adı yenə də aparatçı, xx.xx.2003-cü il tarixdən isə Naften turşuları istehsalı, suyun kimyəvi təmizlənməsi və reagent təsərrüfatı üzrə 6 nömrəli sexin suyun kimyəvi təmizlənməsi üzrə 65 və 66 №-li qurğuların operatoru adlandırılmışdır. Halhazırda həmin peşə üzrə əmək fəaliyyətini davam etdirir. Qeyd edilənlərdən göründüyü kimi İddiaçı 1980-ci ilin dekabr ayından cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixədək Heydər Əliyev adına X12 eyni sexdə, eyni qurğuda 42 il 10 ay 14 gün işləmişdir. 2 dəfə qısa müddətə, yəni xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.2001-ci il tarixədən xx.xx.2003-cü il tarixədək işlədiyi peşənin adı texnoloji qurğuların aparatçısı adlandırılsa da, faktiki olaraq zərərli şəraitdə olan eyni işi icra etmişdir. xx.xx.2023-cü il tarixədək zərərli iş şəraitində stajı 42 il 10 ay 14 gün, ümumi əmək stajı isə 44 il 7 ay 24 gün təşkil edir. Hazırda zərərli iş şəraitində işini davam etdirir. M.A. Hüseynovanın 52 yaşının tamam olduğu 18 sentyabr 2013-cü tarixə qədər ümumi iş stajı 34 il 6 ay 13 gün, güzəştli iş sahəsində stajı isə 32 il 9 ay 3 gün təşkil edir. Beləliklə M.A. Hüseynova xx.xx.2013-cü il tarixdən yaşa görə güzəştli şərtlə pensiya hüququ qazanmışdır. Lakin ona yanlış izahat verildiyi üçün həmin vaxt, pensiya hüququndan istifadə etməmişdir. Hazırda o, güzəştli şərtlərlə pensiya hüqüqundan istifadə etmək qərarına gəlmişdir. Beləliklə M.A. Hüseynovanın 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlə yaşa görə əmək pensiyası, həmin vaxt qüvvədə olmuş qaydalarla təyin edilməlidir və sonrakı illərdə indeksləşdirməlidir. 31 oktyabr 2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş və həmin ərizəyə İddiaçı güzəştli iş sahəsində işləməsi barədə Heydər Əliyev adına X11 24 oktyabr 2023-cü il tarixli 14-2-27/2-2268/2023 nömrəli izahedici arayışı əlavə edilmişdir. Cavabdehin 30 noyabr 2023-cü il tarixli 3-17-1/2-4-281781/2023 nömrəli məktubu ilə İddiaçı güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmiş və imtina zavodun 1 iyun 2022-ci il tarixli SOCAR **********81200601B00037 nömrəli arayışı ilə əsaslandırılmışdır. Bundan sonra cavabdehə 30 dekabr 2023-cü il tarixli ərizə ilə təkrarən müraciət edərək, həmin arayışla əlaqədar bildirilmişdir ki, Heydər Əliyev adına X12 keçən il zərərli iş sahəsində işləyən bir neçə şəxsə, o cümlədən İddiaçı yanlış olaraq belə arayışlar verilmiş və onların güzəştli şərtlərlə pensiya almaq hüquqları əsassız olaraq məhdudlaşdırılmışdir. Bununla əlaqədar işçilərin narazılıqları nəzərə alınaraq 2023-cü ildən işçilərin zərərli iş sahəsində işləməsi və güzəştli şərtlərlə pensiya hüquqlarının olması barədə məsələyə zavodun texnoloqlarının, əməyin mühafizə xidməti, insan resusları üzrə mütəxəsislərin və hüquqşünasların iştirakı ilə baxılır və onların iş şəraiti barədə obyektiv və dəqiq arayışlar verilir. Ona görə də, zavodun 24 oktyabr 2023-cü il tarixli arayışı daha dəqiq və mötəbərdir. İddiaçı zərərli iş şəraitində işləməsinin təsdiq edilməsi üçün əlavə olaraq 2020, 2022, 2023 və 2024-cü ilə aid 7 ədəd haqq-hesab vərəqəsi iddia ərizəsinə əlavə olunur. 30 dekabr 2023-cü il tarixli təkrar müraciətə zavoddan vəkil sorğusu ilə alınmış 29 dekabr 2023-cü il tarixli 4-2-27/2-2999/2023 saylı məktub da əlavə edilmişdir. Həmin məktubda zavod rəhbərliyi xx.xx.2023-cü il tarixli 14-227/2-2268/2023 nömrəli məktubda göstərilən məlumatları nəzərə alınmalı olduğu göstərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3- 17-1/2-H-41628/2024 nömrəli məktubu ilə təkrar müraciəti üzrə güzəştli şərtlərlə pensiya təyinatından yenə də imtina edilmişdir. İmtina məktubunda hətta işin faktiki halları təhrif edilmiş, guya Heydər Əliyev adına X15 tərfındən 1 yanvar 2024-cü il tarixli birgə akta istinad edilmişdir. Halbuki belə bir akt mövcud deyildir. İmtina məktubu poçt vasitəsi ilə 28 fevral 2024-cü il tarixdə iddiaçıya çatdırılmışdır. Son bir ildə İddiaçı ilə eyni sexdə, eyni qurğuda, eyni peşə üzrə, eyni şəraitdə işləyən X4, X1, X2, X6 və başqa şəxslərə zərərli iş şəraitinə görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, İddiaçı Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-281781/2023 nömrəli imtina məktubunda qanunvericiliklə tələb olunan güzəştli sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı M.X3 güzəştli şərtlərlə pensiya təyinatından imtina məktubuna əsasən xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, həmin vaxt qüvvədə olmuş qaydalara əsasən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya məbləğinin sonrakı illərdə indeksləşdirilməsi, 18 sentyabr 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada pensiyanın yenidən hesablanması və 2020-ci ilin noyabr ayının 1-dən pensiyanın faktiki ödənilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013cu il tarixədək onun ümumi iş stajı 34 il 06 ay 13 gün, güzəştli şərtlərlə iş stajı isə 32 il 09 ay 03 gün təşkil edir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, icraatınızda olan 2- 1(112)-7768/2024 saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhələr yarımbəndində (a) texnoloji qurğuların operatorları vəzifəsi nəzərdə tutulmuşdur. SOCARın “Heydər Əliyev adına X15”nun İddiaçı dair 1 iyun 2022-ci il tarixli SOCAR**********81200601B00037 nömrəli arayışda iddiaçının xx.xx.1980-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə texnoloji qurğuların operatoru və kimyəvi suyun təmizlənməsi üzrə aparatçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən İddiaçı işlədiyi texnoloji qurğuların operatoru və kimyəvi suyun təmizlənməsi üzrə aparatçı vəzifələri yuxarıda qeyd olunan Qərarla təqdiq edilmiş Siyahıda nəzərdə tutulsa da, əmək funksiyası həmin siyahıda nəzərdə tutulan vəzifələrin əmək funksiyasına uyğun deyildir. Sözügedən müəssisədəki iddiaçının iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində qarşılıqlı yoxlanılması həyata keçirilmişdir. Yoxlama zamanı müəyyən olundu ki, həmin müəssisənin istehsal göstəricilərinə görə əmək şəraiti ağır və zərərli istehsal sahəsidir. Bu səbəbdən də müəssisənin sex və sahələrində çalışan işçilərin maaşına, məzuniyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada zərərliliyə görə əlavə hesablanır. Eyni zamanda istehsalatda mövcud olan peşələrin xarakterik xüsusiyyətlərinə görə həmin peşədə çalışan şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu verən peşələr də vardır ki, bunu nəzərə alaraq müəssisə rəhbərliyi həmkarlar təşkilatı ilə birlikdə müəssisəyə aid güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifələrin siyahısını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahıya uyqun tərtib etmişdirlər. Adı çəkilən Siyahıda İddiaçı işlədiyi sahə və peşə 12 nömrəli qərarda təsdiq edilmiş Siyahıdakı peşələrin funksiyasına uyğun olmadığı üçün həmin peşə ümumi əsaslarla əmək şəraiti ağır və zərərli hesab edilərək onun əməkhaqqısına və məzuniyyətinə zərərliliyə görə əlavələrin hesablanmasının mümkün olduğunu, lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı qeyd edilmişdir. Məhz bu səbəblərə görə də İddiaçı güzəştli iş stajı olmadığından ona qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7768/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə tərəfindən Mərkəzi Filial ilə SOCAR-ın “Heydər Əliyev adına X15”nun birgə tərtib etdiyi akta münasibət bildirilməmişdir, xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktı müəssisə tərəfindən təqdim edilən arayışların mötəbərliyini şübhə altına alır, iddia tələbi əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/2-4-281781/2023 nömrəli məktubla cavab verilərək onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının 52 yaşının tamam olması; b) iddiaçının xx.xx.2006-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; c) azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının olması işin mübahisələndirilməyən hallarındandır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, 52 yaşı xx.xx.2013-cü il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1978-xx.xx.1980-ci il tarixlərdə Neftçala rayonunun Uzunbabalı savxozunda mühasib, xx.xx.1980-xx.xx.1987-ci il tarixlərdə Yeni Bakı Neftayırma zavodunun 6 nömrəli texnoloji sexinin 65 nömrəli qurğusunda 3,4,5-ci dərəcəli operator, xx.xx.1987-xx.xx.1995ci il tarixlərdə həmin müəssisədə əmək haqqının ödənilmə şərtlərinin dəyişməsi ilə əlaqədar yeni ştat cədvəlinə uyğun olaraq 6 nömrəli texnaloji sexdə 4-cü və 5-ci dərəcəli aparatçı, xx.xx.1995-xx.xx.2001-ci il tarixlərdə 6 nömrəli texnoloji sexin 65, 66-cı texnoloji qurğularında 5-ci dərəcəli operator, xx.xx.2001-xx.xx.2003-cü il tarixlərdə təzə ştat cədvəlinə uyğun olaraq 6 nömrəli sexin suyun kimyəvi təmizlənməsi üzrə 65, 66 nömrəli qurğularda 5-ci dərəcəli aparatçı, xx.xx.2003-xx.xx.2022-ci il tarixlərdə təzə ştat cədvəlinə əsasən Naften tuşularının istehsalı, suyun kimyəvi təmizlənməsi və riagent təsərrüfatı üzrə 6 nömrəli sexin 65,66 nömrəli qurğularında 5-ci dərəcəli operator vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdən hal-hazıradək Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın reagent, neftin turşuları istehsalı və suyun kimyəvi təmizlənməsi üzrə 66 nömrəli qurğusunda 5-ci dərəcəli texnoloji qurğuların operatoru vəzifəsində işləyir. Əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixə iddiaçının ümumi stajı 20 ildən artıqdır (26 il 5 ay 23 gün). İşin mübahisəli halı tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə qeyd edir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) arayışından məlum olur ki, iddiaçı xx.xx.1980ci il tarixdən hal-hazıradək (zərərli iş stajı xx.xx.2006-cı il tarixinədək hesablanmalı olduğuna görə 10 ildən çox) fasiləsiz olaraq texnoloji qurğuların operatoru, naften turşuları və suyun kimyəvi təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və suyun kimyəvi təmizlənməsi üzrə aparatçı vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 10-cu (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) bölməsinin 10.5-ci bəndinin (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) a) fəhlələr yarımbəndində bütün adda aparatçılar və texnoloji qurğuların operatorları vəzifələri, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin 3-cü yarımbölməsinin (Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı) a) fəhlələr bəndində (2130301a) bütün adda aparatçılar (kod: 2130301a—10065 ) və texnoloji qurğuların operatorları (2130301a— 16081) vəzifələri əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. İş üzrə məhkəmə araşdırması zamanı iddiaçının qeyd edilən peşələrdə işləməsinə dair və qeyd edilən peşələrin zərərli olması barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tərəfindən məhkəmə sorğularına əsasən güzəştli arayışlar verilmişdir. Apellyasiya şikayətinin dəlili olan xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan aktın surətindən və işin araşdırılması zamanı SOCAR-ın “Heydər Əliyev adına X15”nun inzibati orqana ünvanlanmış məktubundan da görünür ki, həmin aktın imzalanmasından NEZ-in əməkdaşı imtina etmişdir. Belə olan halda hər hansı bir rəsmi şəxs tərəfindən imzalanmamış, hər hansı bir əsasa söykənməyən akta əsaslanaraq inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassız sayılmalıdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi texnoloji qurğuların operatoru, naften turşuları və suyun kimyəvi təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və suyun kimyəvi təmizlənməsi üzrə aparatçı peşələrinin neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalında bütün adda aparatçılar və texnoloji qurğuların operatorları peşəsinə uyğun olması iş yeri tərəfindən verilən həm arayışla, həmçinin məhkəmənin araşdırmaları zamanı təqdim edilmiş iddiaçının vəzifə təlimatı ilə təsdiq olunur. Odur ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək əmək şəraitinə görə 25 il 17 gün güzəştli şərtlərlə əmək stajı mövcuddur. Belə ki, iddiaçının xx.xx.1980-xx.xx.1987 -cı illərdə 6 N-li texnoloji sexdə, 65 N-li qurğu, texnoloji qurğuların operatoru peşəsinin Azərbaycan Respublikası NazirlərKabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-ci siyahı üzrə Şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsində, xx.xx.1987- xx.xx.1994 cü illərdə 6 N-li texnoloji sexdə, 65 N-li qurğu, kimyəvi suyun təmizlənməsi üzrə aparatçı peşəsinin və xx.xx.1994- xx.xx.1995-cı illərdə 6 N-li istehsalat, 65 N-li qurğu, kimyəvi suyun təmizlənməsi üzrə aparatçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-ci siyahı üzrə Şifrə ******* a- 10065, Xİİ bölmənin 3-cü yarımbölməsində, xx.xx.1995- xx.xx.2001-ci illərdə 6 N-li istehsalat, 65,66 N-li qurğu, texnoloji qurğuların operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-ci siyahı üzrə Şifrə ******* a-16081, Xİİ 8. bölmənin 3-cü yarımbölməsində, xx.xx.2001-xx.xx.2003-cü illərdə 6 N-li sexdə, suyun kimyəvi təmizlənməsi üzrə 65,66 N-li qurğu, aparatçı peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-ci siyahı üzrə Şifrə ******* a-10065, Xİİ bölmənin 3-cü yarımbölməsində, xx.xx.2003-ci ilədən xx.xx.2006-cı il tarixədək 6 N-li sexdə, suyun kimyəvi təmizlənməsi üzrə 65,66 N-li qurğu, texnoloji qurğuların operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-ci siyahı üzrə Şifrə ******* a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsində nəzərdə tutulmuş peşələr olması məhkəmə aradırmaları ilə müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7768/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7768/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar