Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3358/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X17 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4571/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən üçüncü şəxslər xx.xx.1980-ci il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X21, xx.xx.1975-ci il təvəllüdlü X18, xx.xx.2013-cü il təvəllüdlü X24, xx.xx.2014-cü il təvəllüdlü X25, xx.xx.2005-ci il təvəllüdlü X28 və xx.xx.1986-cı il təvəllüdlü X14 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, mübahisə olunan ünvan 1 ünvanında yerləşən mənzil tam payla 2000-ci ildən onun adına qeydiyyata alınmış və tək payçı olaraq xüsusi mülkiyyətinə verilməsi barədə xx.xx.2000-ci il tarixli, Seriya FM № 009771 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda həmin mənzil onun mülkiyyətindədir və həmin evdə ailəsi ilə birlikdə yaşayır. Mübahisəli mənzildə daim ailəsi ilə birlikdə yaşamış və üçüncü şəxslər xx.xx.1980-cı il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X21, xx.xx.1975-ci il təvəllüdlü X18, xx.xx.2013-cü il təvəllüdlü X24, xx.xx.2014-cü il təvəllüdlü X25, xx.xx.2002-ci il təvəllüdlü X28 və xx.xx.1986-cı il təvəllüdlü X26 olmaqla mülkiyyətində olan mənzildə yaşamırlar və qeydiyyatda olmaları barədə yalnız "ASAN xidmət" mərkəzindən arayış alan zaman məlumatı olmuşdur. Onların qeydiyyata necə düşməsi barədə məlumatı yoxdur və bu, formal xarakter daşıyır. Üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur və mülkiyyətində olan mənzillə bağlı sərbəst sərəncam vermək səlahiyyətinə maneə yaradır. Məhkəmənin 13 dekabr 2022-ci il tarixli, 2-1(112)-15109/2022 saylı qərardadı ilə X17, X21, X18, X24, X25, X28 və X26 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4571/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuş, üçüncü şəxslər xx.xx.1980-cı il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.1975-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X16, xx.xx.2005-ci il təvəllüdlü X19 və xx.xx.1986-cı il təvəllüdlü X14 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 saylı ev üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıya və üçüncü şəxslərə məxsus olan mənzillər fərqlidir. Lakin ünvanlar üst-üstə düşür. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi üçüncü şəxslərin marağını nəzərə almadan onları qeydiyyatdan çıxarmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4571/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - 31 oktyabr 2000- ci il tarixli, 106985 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən 6 nömrəli evi iddiaçı X1. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-5757/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü X17 xx.xx.2015-ci il, xx.xx.2013-cü il təvəllüdlü X24 xx.xx.2018-ci il, xx.xx.2005-ci il təvəllüdlü X28 xx.xx.2022-ci il, xx.xx.2011-ci il təvəllüdlü X21 xx.xx.2017-ci il, xx.xx.2014-cü il təvəllüdlü X25 xx.xx.2018-ci il, xx.xx.1986-cı il təvəllüdlü X26 xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, ev 6 üvanında qeydiyyatdadırlar. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X17, X21, X18, X24, X25, X28 və X14 ünvan 1 ünvanına dair mülkiyyət, istifadə və ya digər əşya hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. - xx.xx.2002-ci il tarixli razılıq ərizəsindən görünür ki, 11 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X10 qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 nömrəli evin qardaşı X13 tərəfindən satılmasına icazə vermişdir. - X6 Binəqədi RPİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə xx.xx.2004-cü il tarixli müraciət ərizəsindən görünür ki, o qohumu X7 Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 nömrəli evə qeydiyyata alınmasını xahiş etmişdir. - X4 Binəqədi RPİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə xx.xx.2004-cü il tarixli müraciət ərizəsindən görünür ki, o qohumu X7 Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 nömrəli evə qeydiyyata alınmasını xahiş etmişdir. - ünvan 2 ünvanda yaşayan vətəndaşın qeydiyyatı üçün Ev kitabında X17, X18, X14 adları qeyd olunmuşdur. - fərdi uçot kartoçkası məlumatlarından görünür ki, X17 və X9 Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 nömrəli evə qeydiyyata alınmalarına əsas olaraq Binəqədi qəsəbə üzrə nümayəndəliyinin 148 nömrəli, xx.xx.2011-ci il tarixli arayışı göstərilmiş, X26 isə X7 razılıq ərizəsi və Binəqədi rayon İcra Hakimiyyətinin 145 nömrəli, xx.xx.2011-ci il tarixli arayışına əsasən qeydiyyata alınmışdır. - Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsinin 1777 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən X17, X21, X18, X28 Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, ev 6 ünvanda qeydiyyatdadırlar və ünvan 3 evində yaşayırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində göstərilən əsasların olmaması ilə bağlı mülkiyyətçinin əmlaka heç bir hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı yaşadığı problemlərin həlli məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərar qəbul etmiş və qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Göründüyü kimi mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı hallar mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 009771 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 saylı evə dair Şahverdiyeva (Hüseynova) Xanımbacı Gülməmməd qızının (bundan sonra – İddiaçı) xüsusi mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi Xanım Əmirhüseynova həmin yaşayış sahəsini iddiaçıya satsa da, üçüncü şəxslər X.Əmirhüseynovanın qohumu R.Əmirhüseynovun ərizəsi əsasında 6 saylı yaşayış sahəsinə qeydiyyata alınmışlar. Hazırkı iş üzrə üçüncü şəxslərin həmin ünvanda yaşamadığını və iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə hər hansı bir hüququnun olmadığını müəyyən edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlili olan üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evindən fərqli olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxslərin yaşadığı evin ünvanı və hüquqmüəyyənedici sənədi olmadığından iddiaçının adına qeydə alınmış Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 nömrəli evə qeydiyyata alındıqları müəyyən olunur. Belə olan halda üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili əsassız olmaqla məhkəmə qərarının ləğvi üçün əsas təşkil etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4571/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4571/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.