Məhkəmə qərarları › İş №2-1(103)-3359/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3359/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3359/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1064/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1992-ci il üçün 26,25 gün, 1993-cü il üçün 45 gün, 1994-cü il üçün 45 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 90 gün, cəmi 296,25 gün istifadə etmədiyi növbəti məzuniyyət üçün pul kompensasiyasının ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmiş və AR Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli, 0944 nömrəli əmri ilə xəstəliyə görə hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. Hərbi xidmət dövrü növbəti məzuniyyətdən istifadə etməmiş, həmçinin xəstəliyə görə ehtiyata buraxılarkən verilməli olan 3 aylıq növbəti məzuniyyət də ona verilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı komissiyaya müraciət edərək, komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. İddiaçı Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin nəzdində yaradılmış ’’hərbi xidmət dövrü istifadə edilməmiş növbəti məzuniyyət” əvəzinə pul kompensasiyasının ödənilməsi üzrə komissiyasına ərizə ilə müraciət etmiş, həmin müraciətə baxılaraq xx.xx.2021-ci il tarixli 36 nömrəli protokolla kompensasiyasının verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1064/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, İddiaçı ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. İddia qalan hissədə təmin olunmamışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xüsusi təyinatlı təhsil müəssisələrində 1 fevral 1994-cü il tarixindən 12 iyun 2010-cu il tarixinədək hərbi xidmət keçmiş və həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular üçün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanmasına dair xx.xx.2021-ci il tarixli 36 nömrəli protokollu ilə iddiaçının istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı aşağıdakı kimi göstərilmişdir: 1994-cü il üzrə - 45 gün: 1995-ci il üzrə - 0 gün: 1996-cı – 1 gün: 1997-ci il üzrə - 0 gün. Cəmi – 46 gün. Cədvələ uyğun olaraq iddiaçıya 1994-cü ildə istifadə etmədiyi 45 günə və 1996-cı İdə istifadə etmədiyi 1 günə görə cəmi 655,96 manat kompensasiya ödənişi etmişdir. İddiaçının 1995, 1996 və 1997-ci illər üzrə 45 günlük növbəti məzuniyyətdən istifadə etməsi tam təsdiq olunur. Məhkəmə qeyd olunan qərarında 1995, 1996 və 1997-ci illər üzrə 45 günlük növbəti məzuniyyətdən istifadə etməsi tam təsdiq etsə də iddiaçının xəstəliyə görə ehtiyata buraxılarkən 45 gün deyil, 90 gün məzuniyyət verilməli olduğunu əsas götürərək iddianı qismən təmin etmişdir. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin xx.xx.1997-ci il tarixli 22 nömrəli əmrilə leytenant İddiaçı xx.xx.1997-ci ildən məzuniyyətdən gəlmiş sayılmış və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin 27 oktyabr 1997-ci il tarixli 218 nömrəli əmrinə əsasən 45 (qırx beş) gün müddətinə növbəti məzuniyyət verilməklə şəxsi heyətin siyahısından çıxarılmışdır. Lakin məhkəmə iddiaçının ehtiyata buraxılmazdan əvvəl xx.xx.1997-ci il tarixədək olduğu növbəti məzuniyyəti nəzərə almamışdır. İddiaçı 1997-ci ildə iki dəfə (45+45=90 gün) növbəti məzuniyyətdən istifadə etmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, İddiaçı 0146 nömrəli xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi Döyüş tapşırıqları və avtomobilləri kafedra tədris laboratoriyasında rəis vəzifəsində xidmət etmiş, xx.xx.1997-ci il tarixdə 0922 nömrəli əmrlə “HXH” Azərbaycan Repsublikası qanununun 18-ci maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası SQlərindən hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.1997-ci il tarixindən şəxsi heyətin siyahısından, bütün təminst növlərindən çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Nizami RHK-na göndərilmişdir. Hazırki apellyasiya baxışı zamanı araşdırılan mübahisəli məqam iddiaçı ehtiyyata buraxılan zamanı ona hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməli olan lakin verilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İPM-nin İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. Həmin Məcəllənin 34.1ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, yoxlanılan hissədə mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına diqqət çəkir: “Hərbi qulluqçuların statusu haqqında” Qanunun: - 11-ci maddəsinə əsasən ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedibqayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısa-müddətli—10 günlük məzuniyyət verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 114-cü maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara növbəli məzuniyyət, qısa müddətli məzuniyyət, xəstəliyə görə məzuniyyət, tədris təlimi zaman məzuniyyət, hərbi-tədris müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət, tədris məzuniyyəti, yaradıcılıq məzuniyyəti, qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər, əlavə məzuniyyət verilir. - 120-ci maddəsinə əsasən zabitlərə hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. - 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilməsi, ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı bir-başa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilməsi nəzərdə tutulmuşdur. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanunu ilə həm “Hərbi qulluqçuların statusu haqqında" Qanuna, həm də "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə dəyişiklik edilmiş və aşağıdakı məzmunda yeni bir müddəa əlavə edilmişdir: "Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir." Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997- ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə”Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2010-cu il tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Sözügedən Fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 217 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Qanuna edilmiş bu dəyişikliyin 2010-cu ilin 12 iyun tarixinədək (yəni 2010-cu il 11 may tarixli Qanunun qüvvəyə mindiyi günədək) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunması məsələsinin müəyyən edilməsi məqsədilə 2014-cü ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Hərbi qulluqçuların statusu haqqında”Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1- ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla: - 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuş; - 2. bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilmişdir. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutlara nəzər yetirir: Xüsusi təyinatlı təhsil müəssisələrində 1 fevral 1994-cü il tarixindən 12 iyun 2010-cu il tarixinədək hərbi xidmət keçmiş və həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular üçün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanmasına dair xx.xx.2021-ci il tarixli 36 nömrəli protokoldan görünür ki, iddiaçının istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı aşağıdakı kimi göstərilmişdir: 06,05 2021-ci il tarixli 9/2-3754 nömrəli arayışa əsasən 1994-cü il üzrə - 45 gün; 1995-ci il üzrə - 0 gün; 1996-ci il üzrə - 1 gün; 1997-ci il üzrə - 0 gün, cəmi – 46 gün. Bu cədvələ uyğun olaraq cavabdeh iddiaçıya məhkəmə icraatı gedişində 1994-cü ildə istifadə etmədiyi 45 günə və 1996-cı ildə istifadə etmədiyi 1 günə görə cəmi 655,96 manat kompensasiya ödənişi etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən Bakı Ali Birləşmiş Komandirlər məktəbi rəisinin 218 nömrəli xx.xx.1997-ci il tarixli Əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı, DM və A kafedrasının tədris labaratoriyasının rəisi, işlərini və vəzifəsini təhvil vermiş, Az. Pesp. MNnin 0944 saylı 27.09.97 il tarixli əmri ilə 18-ci maddənin “B” bəndinə əsasən (xəstəliyə görə) SQ-də həqiqi hərbi xidmətdən ehtiyata tərxis edilmiş, 11.10.97-ci il tarixindən hesablanaraq növbəti məzuniyyət verilməklə 24.11.97-ci il tarixindən şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Nizami RHK-na göndərilmişdir. Çıxarışdan görünür ki, iddiaçıya 11.10.97-ci il tarixindən 24.11.97-ci il tarixədək 45 günlük növbəti məzuniyyət verilmişdir. xx.xx.2022-ci il tarixli 4/2398 saylı məktubdan da görünür ki, ehtiyatda olan leytenant İddiaçı ehtiyata buraxılarkən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin 27 oktyabr 1997-ci il tarixli 218 nömrəli əmrinə əsasən 45 (qırx beş) gün müddətinə növbəti məzuniyyət verilməklə şəxsi heyətin siyahısından çıxarılmışdır. Lakin ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) gün məzuniyyət barədə heç bir məlumat qeyd edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Göründüyü kimi, apellyasiya baxışı zamanı yoxlanılan hissədə iddia tələbinin qanuni əsasını “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsi təşkil edir. Həmin maddədə qeyd edilir ki, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı silahlı qüvvələrdə 20 ildən artıq xidmət etmiş, xəstəliyə görə ehtiyyata buraxılmışdır və 218 nömrəli xx.xx.1997-ci il tarixli Əmrdən çıxarışdan göründüyü kimi, iddiaçıya 11.10.97-ci il tarixindən 24.11.97-ci il tarixədək 45 günlük növbəti məzuniyyət verilmişdir. İddiaçı hərbi xidmətdən ehtiyyata buraxılarkən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün ona 3 aylıq deyil, 45 günlük məzuniyyətin verildiyini və verilməmiş 45 günlük məzuniyyətə görə hazırda kompensasiya ödənilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının 1997-ci ildə ehtiyyata buraxılarkən ona 45 günlük məzuniyyətin verildiyini, lakin həmin il üzrə ilin əvvəlində də 45 günlük məzuniyyətdən istifadə etdiyini, həmçinin Əsasnamənin qeyd edilən maddəsində növbəti məzuniyyət anlayışından istifadə edildiyini qeyd edərək, iddia tələbi ilə razılaşmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır. Belə ki, qanunverici bir mənalı olaraq qeyd etmişdir ki, hərbi qulluqçu müəyyən edilmiş əsaslarla ehtiyyata və ya istefaya buraxılarkən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Bu məzuniyyətin də verilməsinə səbəb məhz hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etməklə bağlıdır. Deməli, həmin məzuniyyətin təyinatı fərqlidir və qanunverici onun müddətini də dəqiq müəyyənləşdirmişdir. Göründüyü kimi xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu səbəbdən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyətin müddəti 3 aylıq müəyyən edilmişdir. Bundan başqa cavabdeh iddiaçının ehtiyata buraxdığı ildə cəmi 90 gün məzuniyyətdən istifadə etdiyini buna sübut qismində Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin xx.xx.1997-ci il tarixli 22 nömrəli əmrilə leytenant İddiaçı xx.xx.1997-ci ildən məzuniyyətdən gəlmiş sayılmasını qeyd edir. Məhkəmə kollegiyası bununla bağlı da mövqeyini onunla əsaslandırır ki, göründüyü kimi, iddiaçının məzuniyyətə getmə əmri yoxdur, məzuniyyətdən isə xx.xx.1997-ci ildən qayıtmışdır. Belə olan halda iddiaçının ilin əvvəlində 45 günlük məzuniyyətdən istifadə etməsi dəlili əsassızdır. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən sübut qismində təqdim edilməli olan lakin arxiv sənədlərinin tam olmaması əsası ilə təqdim edilməmiş məzuniyyətə getmə əmri mövcud deyildir. Belə olan halda, həmin məzuniyyətin başlanğıc tarixini və təyinatını, hansı ilin hesabından verilməsini cavabdeh sübuta yetirə bilmir. Odur ki,birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələbi onun ehtiyata buraxılması ilə bağlı məsələləri həll etmək üçün verilən 3 aylıq məzuniyyətin istifadə edilməmiş 45 (qırx beş) gününə görə kompensasiya ödənilməsi hissəsində əsaslı olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1064/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar