Məhkəmə qərarları › İş №2-1(103)-3359/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3359/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3359/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər X15 və X14) qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4802/2023 saylı, 08 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında 2618, 2619 və 2968 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 399025.62; 4467025.18 coğrafi koordinatlarda yerləşən 600 kv.m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədi ilə vətəndaş X10 ayrılması barədə Cavabdeh xx.xx.2000-ci il tarixli, 969 saylı sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X9 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCAR-ın “Azneft" İstehsalat Birliyinin (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 399025.62; 4467025.18 coğrafi koordinatlarda yerləşən 600 kv.m-dən ibarət bir hissəsi Cavabdeh 02.11 2000ci il tarixli, 969 saylı sərəncamı ilə qanunsuz olaraq fərdi yaşayış evinin tikilməsi məqsədilə vətəndaş X10 ayrılmışdır. Sonradan torpaq sahəsi xx.xx.2020-cı il tarixli müqavilə əsasında X3 bağışlanmışdır. Sözügedən torpaq sahəsi 2618, 2619 və 2968 ləğv edilmiş neft-qaz quyularının mühafizə zonalarında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Sənaye təyinatlı olması və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə NQÇİ-nin müddətsiz istifadəsinə ayrılması açıq şəkildə göstərir ki, Cavabdeh mübahisəli torpaq sahəsinə dair sərəncam verməyə səlahiyyəti olmamışdır. Bu səbəbdən də Cavabdeh xx.xx.2000-ci il tarixli, 969 saylı sərəncamı etibarsız hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X15 və X14 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4802/2023 saylı, 08 may 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Cavabdeh Başçısının 969 nömrəli, 02 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində X5 ayrılmış 600 kv.metrlik torpaq sahəsi vətəndaş X6 adına sənədləşdirilməsi qərara alınmışdır. - Cavabdeh Başçısının 970 nömrəli, 02 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində X12 ayrılmış 600 kv.metrlik torpaq sahəsi vətəndaş X1 adına sənədləşdirilmişdir. - 31 oktyabr 2006-cı il tarixli müqavilədən görünür ki, X2 xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 6-cı döngə, ev 6-da yerləşən fərdi yaşayış evini qızı X11 bağışlamışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 398.1 kv.m. olan daşınmaz əmlak və ölçüsü 0,12 ha olan torpaq sahəsi X7 xüsusi mülkiyyətində olmuşdur. - xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə verən X15 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 398.1 kv.m. olan daşınmaz əmlakı və ölçüsü 0,12 ha olan torpaq sahəsini hədiyyə alan qızı X8 bağışlamışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 398.1 kv.m. olan daşınmaz əmlak və ölçüsü 0,12 ha olan torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, hazırki iddia ərizəsindən də göründüyü kimi, inzibati aktın qeyd edilən əlamətlərinə malik Cavabdeh Başçısının 969 nömrəli, 02 noyabr 2000-ci il tarixli Sərəncamının etibarsızlığının tanınmasını tələb edir. Azərbaycan Respublikası İPM-nin: 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Göründüyü kimi, İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü: 1) hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1- ci maddəsinin birinci yarımcümləsi); 2) inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3) artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Hazırkı iddia tələbi Cavabdeh xx.xx.2000-ci il tarixli, 969 saylı sərəncamının etibarsızlığının tanınması olmaqla müəyyən etmə və ya tanınma haqqında iddialara uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3) iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4) iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.5 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini: 1) iddiaçının kifayət qədər marağının olmasını; 2) inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı Cavabdeh xx.xx.2000-ci il tarixli, 969 saylı sərəncamını mübahisələndiriləndirir. Hazırkı iddianın, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. xx.xx.2012-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. İddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Yəni iddiaçı İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanlarından, həm də həmin aktla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, bu aktlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4802/2023 saylı, 08 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar