Məhkəmə qərarları › İş №2-1(103)-3359/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3359/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3359/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ötürülmüş müddət üçün pensiya fərqinin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7171/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə məcburetmə haqqında iddia ərizəsi və sonradan verdiyi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixindən - xx.xx.2022ci ilədək ötürülmüş müddət üçün (1 il, 1 ay, 4 gün) pensiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən hesablanmasının və ona ödənilməsinin təmin edilməsi barədə qərar qəbul dilməsini tələb etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «… əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra xx.xx.2022-ci il tarixində aparılan təkrar qiymətləndirmə nəticəsində əlillik təyinatı yenidən aparılmışdır. Əlillik statusunun bitdiyi tarixdən təkrar təyinata qədər ötürülmüş müddətə (1 il 1 ay 4 gün) görə pensiyanın ödənilməsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən imtina edilməsini qanunsuz hesab edir. İlk əlillik təyinatın ümumi xəstəlik səbəbindən xx.xx.2015-ci ildə 1 il müddətinə, növbəti təyinat xx.xx.2016-ci il tarixində 5 il müddətinə xx.xx.2021-ci il tarixinədək aparılmışdır. xx.xx.2021-ci il tarixindən sonra iki dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Səhiyyə müəssisəsi tərəfindən Forma 88 göndərilməsinə baxmayaraq, Tibbi-sosial ekspert komissiyası tərəfindən göndərişin natamam doldurulması, sonra isə müalicənin davam etdirilməsi qərarı verilmişdir. Şəkər xəstəliyinin sağalmaz olmasını və onun ağırlaşmış fəsadlarının müalicə ilə aradan qaldırılmasının mümkün olmaması səbəbindən Mərkəzi Tibbi-sosial ekspert komissiyasında nəzarət qaydasında təkrar müayinə edildikdən sonra, xx.xx.2022-ci il tarixindən 2 il müddətinə, Ümumi xəstəlik səbəbindən xx.xx.2024-cü il tarixinədək ona əlillik təyinatı aparılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Hesab edir ki, Qanunda qeyd edilən 6 ay müddət ümumi yanaşmadır və ona əlillik vəziyyətinə, şəkər xəstəliyinin sağalmaz və ağırlaşmalarının müalicə olunmaması, yalnız dərmanlar vasitəsi ilə müəyyən müddətlik səhhətinin stabil saxlanılmasının mümkünlüyü nəzərə alınmalıdır. Şəkər xəstəliyi səbəbindən ilk əlillik təyinatının 2015-ci ildən aparıldığını və hazırda artıq 9 il müddətə yaxın əlil olmağını nəzərə alaraq, arada ötürülmüş 1 il, 1 ay, 4 gün müddətinə görə pensiya ödənişinin ödənilməməsini hüquqlarının pozulmasını fiziki, mənəvi və maddi ziyan kimi dəyərləndirir. Belə ki, ötürülmüş 1 il, 1 ay, 4 gün ərzində o sağlam olmamış və ya sağalmamış, əksinə maddi imkansızlıq səbəbindən natamam müalicə və dərmanların vaxtında ala bilməməyimdən səhhətində daha da ağırlaşmalar olmuşdur. Şəkər xəstəliyi səbəbindən ilk əlillik təyinatının 2015-ci ildən aparıldığını və hazırda artıq 9 il müddətə yaxın əlil olmağını nəzərə alaraq, arada ötürülmüş 1 il, 1 ay, 4 gün müddətinə görə pensiya ödənişinin ödənilməməsini hüquqlarının pozulmasını fiziki, mənəvi və maddi ziyan kimi dəyərləndirir. Belə ki, ötürülmüş 1 il, 1 ay, 4 gün ərzində ona sağlam olmamış və ya sağalmamış, əksinə maddi imkansızlıq səbəbindən natamam müalicə və dərmanların vaxtında ala bilməməyindən səhhətində daha da ağırlaşmalar olmuşdur...» Cavabdeh məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş edərək, bunu aşağıdakılarla əsaslandırmışdir. “..İddiaçının əlillik müddətinin bitdiyi tarixdən 6 aydan çox (1 il 1 ay 4 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirmə nəticəsində bərpa olunduğu üçün ona ödənilməmiş müddət üzrə (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7171/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Əlillik müddətinin bitdiyi tarixdən təkrar təyinata qədər ötürülmüş müddət (1 il 1 ay 4 gün) ondan asılı olmayan səbəblərdən olmuşdur.Beləki, əlillik müddəti xx.xx.2021-ci il tarixində bitən zaman mən təyinatın təkrar aparılması üçün dərhal forma 88 işlənilməsi barədə TƏBİB-ə müraciət etdim və 0041003AACXK nömrəli, xx.xx.2021-ci il tarixli göndəriş sistemə işlənildi. Tibbi-sosial ekspert komissiyası tərəfindən göndərişin natamam doldurulması səbəbindən forma 88 geri səhiyyə müəsisəsinə qaytarılmışdır. Bu səbəbdən, xx.xx.2022-ci il tarixli, 0041003AAC4X nömrəli göndərişlə təkrar əlillik təyinatı üçün müraciət etmiş, bu dəfə isə müalicənin davam etdirilməsi qərarı verilmişdir… Yuxarıda qeyd etdiyi tarixlər sübut edir ki, müddəti bilərəkdən ötürməmi və TƏBİB-in 88 nömrəli formanı ilk dəfə natamam doldurması səbəbindən imtina almışdır. İkinci dəfə isə imtina almasına səbəb səhiyyə müəssisəsinin 88 nömrəli formanı dolduran zaman xəstəliklərim barədə tibbi sənədləri və müalicə olunmağım barədə məlumatları düzgün qaydada tərtib etməməsi idi. Şəkər xəstəliyinin sağalmaz olmasını və onun ağırlaşmış fəsadlarının müalicə ilə aradan qaldırılmasının mümkün olmaması səbəbindən Mərkəzi Tibbi-sosial ekspert komissiyasında nəzarət qaydasında təkrar müayinə edildikdən sonra, xx.xx.2022-ci il tarixində mənə əlillik təyinatı aparılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Hesab edir ki, Qanunda qeyd edilən 6 ay müddət ondən asılı olmayan və yuxarıda qeyd etdiyi səbəblərdən ötürülmüşdür...» Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, onu imtinasında göstərdikləri ilə əsaslandıraraq, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Məmmədova iddiaçının apellyasiya şikayətinə etirazında göstərilənlərə uyğun izahat verərək iddiaçının 6 ay müddətdən çox keçirdiyindən, iddia olunan müddət üçün ona ödəniş edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına, o cümlədən, iddiaçının təqdim etdiyi sosial arayışa əsasən müəyyən olunur ki, ona xx.xx.2015-ci il tarixdə xx.xx.2016-cı il növbəti müayinə tarixi qeyd olunmaqla 1 (bir) il müddətinə, xx.xx.2016-cı il tarixdə xx.xx.2021-ci il növbəti müayinə tarixi qeyd olunmaqla 5 il müddətinə, 5 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2024-cü il növbəti müayinə tarixi qeyd olunmaqla 2 il müddətinə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən bütün hallarda ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. İş materiallarından görünür ki, sonuncu dəfə, əlilliyinin müəyyən edilməsindən öncə, iddiaçıya 2016-ci ildə müəyyən olunmuş əlilliyinə görə xx.xx.2015-ci il tarixdən ona əlillik pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əvvəlki əlillik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, bundan sonra onun əlilliyinin müddəti xx.xx.2022-ci il tarixdə yalnız, “orqanizmin funksiyalarının 75 faiz pozulmasına görə” bərpa olunmuş və həmin tarixdən də ona 340,53 manat məbləğində əlillik pensiyası ödənilməyə başlanılmışdır (Sonradan onun pensiyası 409,69 manata çatdırılmışdır). Konkret halda, iddiaçı tələb edir ki, xx.xx.2021-ci il tarixindən - xx.xx.2022-ci ilədək ötürülmüş müddət üçün (1 il, 1 ay, 4 gün) onun pensiyası cavabdeh tərəfindən hesablanıb, ona ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlı hesab oluna bilməz. Belə ki, qanuvericiliyin tələblərinə görə əlillyinin araşdırılmasına sərf olunmuş 6 ayı ötüb keçməsi, iddia olunan müddət üçün pensiya ödənişini istisna edir. Çünki “Əlilliyi olan şəxlsərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçıya isə, onun əvvəlki əlilliyinin müddəti bitdiyi xx.xx.2021-ci il tarixdən hesablandıqda, 6 aydan da çox (1 il, 1 ay, 4 gün) müddət keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə sonuncu əlillik dərəcəsi təyin olunmuşdur. Belə olan halda, həmin tarixlər arasındakı müddət 1 il 1 ay 4 gün təşkil etməklə, qanunla müəyyən olunan 6 ayılıq müddət keçmiş olur ki, bu halda “Əlilliyi olan şəxlsərin hüquqları haqqında” Qanunun qeyd olunan 3.3-1-ci maddəsinin tələbinə əsasən iddiaçı əlilliyi olan şəxs hesab edilə bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya həmin müddət üçün pensiya ödənişi aparılmasından imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur. Birinci instansiya məhkəməsi qərarında işin hallarına düzgün hüquqi qiymət vermiş və maddi hüquq normalarının qeyd olunan tələbləri nəzərə alınmaqla, iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7171/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7171/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar