Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-336/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1942-ci il tarixində Ermənistanın Ecmədzin rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4393/2021 saylı, 17.08.2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 17.02.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 avqust 2002-ci il tarixdə qəbul edilmiş, 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçularına aylıq əmək haqqının 3 misli həcmində verilən mükafatlar, 23 oktyabr 2003-cü il tarixdə qəbul edilmiş, 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinət, 3 sentyabr 2001ci il tarixdə qəbul edilmiş, 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq, 20 iyun 2008-ci il tarixdə qəbul edilmiş, 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyası hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin hesablanıb birdəfəyə ödənilməsi, iyun 2005-ci il tarixdən 01 noyabr 2020ci il tarixinədək olan dövrdə ödənilməyən pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1942-ci ildə Ermənistanın Eçmiəzdin rayonunda anadan olmuşdur, 01.09.1960-cı ildən 01.09.1961-ci ilədək peşə təhsili almışdır, 13.09.1961-ci ildən əmək fəaliyyətinə başlamışdır, 13.03.1975ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində fəaliyyətini davam etdirmiş, 08.01.1993-cü ildən 02.04.2001-ci ilədək Nazirliyin Maliyyə-təsərrüfat idarəsinin rəisi vəzifəsində işləmiş, 27.03.2007-ci ildə Ədliyyə orqanlarında qulluqda olmanın son yaş həddinə çatdığına görə pensiyaya çıxmağıyla əlaqədar sonuncu iş yeri olan Məhkəmə Ekspertizası Mərkəzinin böyük elmi işçisi vəzifəsindən azad edilərək, qulluq keçməyinə xitam verilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” və “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunlarına əsasən 05 iyun 2005-ci il tarixindən dövlət qulluqçularına şamil edilən imtiyazlara uyğun iddiaçıya pensiya məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09.06.2005-ci il tarixli 8/234 saylı arayışına əsasən hesablanmışdır. Göstərilən tarixdən iddiaçıya vəzifə maaşı, mükafat və qulluq illərinə görə pensiya məbləği hesablanıb verilməsinə baxmayaraq, ixtisas dərəcəsinə, idarə rəisi vəzifəsinə görə əlavə və bir aylıq əmək haqqı həcmində məzuniyyətə çıxarkən verilən müavinət pensiya hesablanarkən nəzərə alınmamışdır. İddiaçıya təyin edilmiş əmək pensiyası sonrakı artımlar və əlavələr də nəzərə alınmaqla yenidən hesablanmamış, bununla da iddiaçının pensiya hüququ məhdudlaşdırılmışdır. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısında qeyd edilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının idarə və şöbə rəisləri hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularıdır. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 23.10.2003-cü il tarixli 948 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilir və bu müavinət dövlət qulluqçularına hər il işlədiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Həmin müavinət pulundan sosial sığorta va vergi tutma olduğu bir aylıq vəzifə maaşı həcmində müavinət pulu da iddiaçının dövlət məvacibinə daxil edilməklə pensiya hesablanarkən nəzərə alınmalıdır. Dövlət qulluqçusu növbəti məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinətin verilməsi səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından və sair asılı edilməmişdir. Həmin müavinətin verilməsi dövlət qulluqçusunun yalnız məzuniyyətə çıxması ilə şərtləndirilmişdir və dövlət qulluqçusunun məzuniyyət hüququ məhdudlaşdırılmamışdır. Bunlardan əlavə 2020-ci ilin noyabr ayınadək iddiaçıya hər ay 1.626 manat 50 qəpik pensiya məbləği ödənilmişdir. Lakin iddiaçı pensiya idarəsinə 2 noyabr 2020-ci il tarixli “Pensiyanın hesablanması üçün əmək haqqı barədə arayışı” təqdim etdikdən sonra 2020-ci ilin noyabr ayından başlayaraq iddiaçıya ödənilən məbləğ 1.755 manat 50 qəpik təyin edilmişdir. Beləliklə müəyyən edilir ki, iyun 2005-ci il tarixindən 01 noyabr 2020-ci il tarixinədək 185 ay ərzində iddiaçıya ödənilməli olan hər aya görə 129 manat ödənilməmiş qalır. Göründüyü kimi dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır. Beləliklə, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki qanun əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı 04 may və 26 iyun 2021-ci il tarixlərində iddia ərizəsinə əlavə təqdim edərək idarə rəisi vəzifəsinə görə əlavə, bir aylıq vəzifə maaşı həcmində məzuniyyətə çıxarkən verilən müavinət və iyun 2005-ci il tarixdən noyabr 2020-ci il tarixədək hər aya görə 129 manat az ödənilmiş pensiya məbləğini nəzərə almaqla pensiyanın yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin pensiya hüququnun yarandığı 01 iyun 2005-ci il tarixdən ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı 12.08.2021-ci il tarixində iddia ərizəsinə əlavə təqdim edərək idarə rəisi vəzifəsinə görə əlavə, bir aylıq vəzifə maaşı həcmində məzuniyyətə çıxarkən verilən müavinət və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 02 noyabr 2020ci il tarixli pensiyanın hesablanması üçün arayışda göstərilən mükafat və maddi yardım nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını və yaranacaq pensiya məbləği fərqinin pensiya hüququnun yarandığı 01 iyun 2005-ci il tarixdən iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4393/2021 saylı, 17.08.2021-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 06.08.2021-ci il tarixli 8/914 nömrəli pensiyanın hesablanması barədə məlumatda göstərilən mükafat, maddi yardım nəzərə alınmaqla İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və iddiaçıya müraciət edilən tarixdən əvvəlki üç il üçün yenidən hesablanmış əmək pensiyasının fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialının üzərinə qoyulması, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4393/2021 saylı, 17.08.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. 24.12.2021-ci il tarixində iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4393/2021 saylı, 17.08.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda onun birinci instansiya məhkəməsində vəkili olmuş Vəkil (Bakı şəhəri 7 saylı Vəkil Bürosu) məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri X3 və X4 cavabdehin apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçının ilkin tələbini 24 avqust 2002-ci il tarixdə qəbul edilmiş, 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçularına aylıq əmək haqqının 3 misli hacmində verilən mükafatlar, 23 oktyabr 2003-cü il tarixdə qəbul edilmiş, 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinət, 3 sentyabr 2001- ci il tarixdə qəbul edilmiş, 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq, 20 iyun 2008-ci il tarixdə qəbul edilmiş, 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyası hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin hesablanıb birdəfəyə ödənilməsi, iyun 2005-ci il tarixdən 01 noyabr 2020- ci il tarixinədək olan dövrdə ödənilməyən pensiya məbləğinin ödənilməsi təşkil etmişdir. 25.06.2021-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ixtisas dərəcəsinə, idarə rəisi vəzifəsinə görə əlavə, bir aylıq vəzifə maaşı həcmində məzuniyyətə çıxarkən verilən müavinət və iyun 2005-ci il tarixdən noyabr 2020-ci il tarixədək hər aya görə 129 manat az ödənilmiş pensiya məbləğində nəzərə almaqla pensiyanın yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin pensiya hüququnun yarandığı 01.06.2005-ci il tarixdən ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin icraata qəbul edildiyini göstərilsə də, iş materiallarında ərizənin icraata qəbul edilməsi barədə məhkəmə qərardadı mövcud olmamaqla yanaşı, məhkəmə iclas protokollarına əsasən ərizənin icraata qəbul edilməsi də müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 54.1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Həmin Məcəllənin 54.3-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə hüquqi qiymət verilməli və iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək onun yekun tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin təqdim edilməsi təklif edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4393/2021 saylı, 17.08.2021-ci il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialının apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4393/2021 saylı, 17.08.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialına qarşı “24 avqust 2002-ci il tarixdə qəbul edilmiş, 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçularına aylıq əmək haqqının 3 misli həcmində verilən mükafatlar, 23 oktyabr 2003-cü il tarixdə qəbul edilmiş, 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinət, 3 sentyabr 2001ci il tarixdə qəbul edilmiş, 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq, 20 iyun 2008-ci il tarixdə qəbul edilmiş, 776 nömrəli Azərbaycan Respublikasi Prezidentinin Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyası hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin hesablanıb birdəfəyə ödənilməsi, iyun 2005-ci il tarixdən 01 noyabr 2020ci il tarixinədək olan dövrdə ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-336/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-336/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver