Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-336/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6016/2022 saylı, 06 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş qeydiyyat nömrəsi 4357 olan ДИC ******* Diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçıya verilmiş 2004-cü il tarixli, ДИC ******* seriyalı, 4357 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı Filialının hüquq fakültəsini uğurla başa çatdırdıqdan sonra Dövlət attestasiya komissiyasının Qərarı ilə "Hüquqşünaslıq" ixtisası üzrə hüquqşünas kvalifikasiyası verilmiş və Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin qeydiyyat nömrəsi 4357 olan ДИС ******* bakalavr təhsil səviyyəsi ilə Diplom təqdim olunmuşdur. Diploma xx.xx.2011-ci il tarixdə Moskva şəhərinin Təhsil Departamenti tərəfindən "apostil" möhürü vurulmaqla Rusiya Federasiyasında qanuniliyi tanınmışdır. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı Filialına qarşı "fəaliyyətinin dayandırılması və verilmiş təhsil sənədlərinin etibarsız sayılması tələblərinə" dair iddiası qismən təmin olunmuşdur. Həmin qətnamədən görünür ki, iş üzrə Təhsil Nazirliyinin iddia tələbi Dağıstan Dövlət Universitetinin Bakı Filialının fəaliyyətinin dayandırılması ilə yanaşı, Filialın fəaliyyətə başladığı gündən iddia qaldırıldığı tarixə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi olmuşdur. Qətnamədən həmçinin görünür ki, məhkəmə Filialın fəaliyyətinin dayandırılması barədə iddianı təmin etmiş, lakin iddianı qalan hissədə, yəni "iddia qaldırıldığı tarixə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi" hissəsində rədd etmiş, həmçinin cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrinə yerləşdirilməsi Təhsil Nazirliyinə həvalə edilmişdir. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları’na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı müraciət edən zaman elektron ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir. İddiaçının Bakı filialında təhsil almasına münasibətdə isə sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4- 489-2006 saylı qətnaməsinə əsasən, Bakı filialı qanunsuz (lisenziya almadan) fəaliyyət göstərdiyi üçün onun fəaliyyəti dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6016/2022 saylı, 06 iyun 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının təhsil aldığı ali təhsil müəssisənin müvafiq qaydada qanunauyğun fəaliyyət göstərməməsi barədə cavabdehin mövqeyini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaql yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). - 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. - 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. 6.1-ci bəndinə əsaən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq edilir. 6.2-ci bəndinə əsasən, bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən etdiyi tələblərə uyğunluğu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na əsasən müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil müddəti və təhsil formasının Azərbaycan Respublikasında yol verilməməsini mübahisələndirməmiş, həmçinin iddiaçıya məxsus diplomda verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması mübahisə doğurmamışdır. Cavabdeh inzibati orqan yalnız iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyini, yəni Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən fəaliyyət göstərdiyini bildirməklə imtina cavabı vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 735772 saylı xx.xx.1993-cü il tarixli diplomdan görünür ki, iddiaçı 1987-ci ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuş, 1993-cü ildə “mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə tam kursu bitirmişdir. Həmçinin, Rusiya Federasiyası Maxaçkala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИC ******* nömrəli xx.xx.2004-cü il tarixli Diplomdan görünür ki, İddiaçı “Hüquqşünaslıq” sahəsi üzrə “Hüquqşünas” ixtisası verilmişdir. X4 Universiteti tərəfindən xx.xx.2011-ci il tarixdə 117081 nömrəsi ilə apostil edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş iddiaçı 2001-ci ildə Dağıstan Dövlət Universitetinə qəbul olunmuş, 2004-cü ildə həmin Universiteti bitirmiş, təhsil forması qiyabi olmuş, 3 il müddətinə təhsil almışdır. Bununla bağlı Məhkəmə kollegiyası diqqətə çatdırır ki, işdə olan Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi ilkin olaraq məhkəmədə cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehin fəaliyyətə başladığı gündən hal-hazırkı dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair də qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılmış, iddia qalan hissələrdə rədd olunmuş və cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmişdir. Həmin məhkəmə qərarı ilə filial tərəfindən 2007-ci ilədək verilmiş diplomlar, o cümlədən hazırkı işdə iddiaçı olan İddiaçı Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş ДИC ******* saylı, xx.xx.2004-cü il tarixli bakalavr diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin bununla bağlı iddiası rədd olunmuşdur. Deməli, həmin diplom hazırda etibarlıdır və qüvvədədir. Həmçinin, 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir. Bununla da əslində hüquqi dövlət və şəxsin etimad hüququnun qorunması prinsiplərinə uyğun olaraq həmin məhkəmə qərarı ilə fəaliyyəti dayandırılana qədər təhsil müəssisəsinin fəaliyyətinin və həmin dövrə qədər onun tərəfindən verilmiş təhsil sənədlərinin legitimliyi təsdiq olunmuşdur. Göründüyü kimi həmin təhsil müəssisəsində təhsil alan tələblərin təhsil aldığı dövrlər qanuni sayılmış, buna görə də filialın fəaliyyəti dayandırılıqdan sonra onlara təhsillərini başa vurmalarına şərait yaradılmışdır. İşin hallarından da aydın olduğu kimi, İddiaçı sözügedən Universitetin Ə.Əliyev adına Bakı filialında 2001- 2004-cü illər ərzində, yəni filialın fəaliyyəti 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən dayandırılmamışdan əvvəl oxumuşdur. Hazırki halda cavabdehin imtinası eyni təhsil müəssisəsində təhsil alan şəxslər arasında ayrı-seçkiliyin qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iddia “məcburetmə haqqında iddia” olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə bu sübutetmə iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6016/2022 saylı, 06 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-336/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-336/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver