Məhkəmə qərarları › İş №2-1(103)-3360/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3360/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3360/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Pirverdi oğlunun cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8416/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Pirverdi oğlu cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı öhdəyliyin icrası haqqında iddia ərizəsi təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Qarayev küçəsində yerləşən 870 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... Yerli icra hakimiyyəti orqanının həmin qərarı əsasında ona fərdi yaşayış evinin tikintisi ilə əlaqədar torpaq sahəsi ayrılsa da, yerləşmə cizgisi verilmədiyindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Halbuki, həmin sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bundan başqa, həmin qərarın Dövlət Arxivinin Bakı filialında aşkar edildiyi və hazırda qüvvədə olduğu da nəzərə alınmalıdır. İstər torpaq sahəsi iddiaçıya ayrılarkən qüvvədə olmuş Torpaq Məcəlləsinin, istərsə də Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələbləri baxımından RİH tərəfindən iddiaçıya torpaq sahəsi ayrılan zaman onun ayrıc aktı olmalı və həmin akt qərara əlavə edilməli idi. Yəni iddiaçı həmin ayrıc aktını tələb etməkdə haqlıdır. Plan-cizginin, yəni ayrıc aktının verilməsinin onun səlahiyyətinə aid olmaması” ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, icra hakimiyyətləri tərəfindən vətəndaşlara torpaq sahəsi ayrılan zaman cavabdehin də istinad etdiyi qanunvericiliyin tələbləri baxımından torpaq sahəsinin yeri, planı əvvəla icra hakimiyyətləri tərəfindən dəqiq müəyyən edilməli, bundan sonra torpaq sahəsinin ayrılması barədə sərəncama həmin torpaq sahəsinin yerləşmə yerini təsdiq edən ayrıc aktı əlavə edilməlidir...” Cavabdeh iddia ərizəsinə dair xx.xx.2024-cü il tarixli mülahizəsində iddianı qəbul etməmiş mümkün sayılmamasını məhkəmədən xahiş edərək bunu aşağıdakılarla əsaslandırılmışdır. “...Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respubiikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5- ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə ayrıc aktının (plan-sxemin) verilməsi” tələbinə dair iddianın mümkün sayılmamasını qanuna müvafiq hesab edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8416/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Suraxanı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16 nömrəli qərarına əsasən İddiaçı Pirverdi oğluna Əmircan qəsəbəsi, Qarayev küçəsi 23 nömrəli evin qarşısında olan sahədə ayrılmış 870 kv.m torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Belə ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə cizginin (plan sxemin) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. Torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Suraxanı rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli 16 saylı ilə qərarı ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Əlavə olaraq, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı cizginin (ayrıc aktının) verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməliydi...” Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmayaraq, torpaq sahəsinin verildiyi 1991-ci ildən onların istifadəsində olduğunu, hasarlandığını, hətta ev tikib yaşadıqlarını bildirmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdə olan arxiv materialarına əsasən müəyyən olnur ki, Bakı şəhərinin Suraxanı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin (“XDS İK”) xx.xx.1991- ci il tarixli 16 nömrəli qərarına əsasən İddiaçı Pirverdi oğluna Əmircan qəsəbəsi, Qarayev küçəsi, 23 nömrəli evin qarşısında 870 kv.m torpaq sahəsi 145-000-1290 nömrəli tipli layihə üzrə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmışdır. Lakin iddiaçının tələbindən göründüyü kimi, ona torpaq ayrılarkən sözügedən yerli icra hakimiyyəti orqanı tərəfindən torpağın yerini müəyyənləşdirməyə imkan verən cizgisi və ya ayrıc aktı həmin qərarla birlikdə tərtib olunub ona verilmədiyindən torpaq sahəsini öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmir. Cavabdeh, onun müvafiq müraciətinə üvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamış, eyni zamanda, torpaq qanunvericiliyinə əsasən həmin səlahiyyət Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilməlidir. Cavabdehin bu qədər qeyri-professional şəkildə ifadə olunan imtinasından belə anlaşılır ki, torpağı ayıran yerli icra hakmiyyəti orqanı, əvvəlcədən, ayırdığı torpağıın yerini görmədən, dəqiq harada ayrıldığını göstərmədən və yerini bildirən cizgisini tərtib etmədən, boş bir sərəncamı qəbul edərək maraqlı şəxsə təqdim etməli, sonuncu da yollara düşüb yaşayış məntəqəsi çərçivəsində özünə boş bir torpaq sahəsi tapıb, başqa bir qeydiyyat orqanına müraciət etməlidir ki, gəlib həmin torpaq sahəsinin cizgisini tərtib edib ona versin. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, qeyd olunan əsaslarla cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunması əsassızdır. Birincisi, iş materiallarından görünür ki, Suraxanı Rayon Xalq Deputatları Soveti İcra Komitəsinin İddiaçı Pirverdi oğluna Əmircan qəsəbəsi, Qarayev küçəsi 23 nömrəli evin qarşısında olan sahədə fərdi yaşayış evinin tikintisi üçün 870 kv.m torpaq sahəsinə dair xx.xx.1991-ci il tarixli 16 №-li qərarının nüsxəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən arxivə təhvil verilsə də həmin qərara torpağın cizgisi əlavə edilib verilməmişdir. Göründüyü kimi, iddiaçıya ayrılan torpaq sahəsinin cizgisi nə ona tərtib olunub verilmiş, nə də ki arxivə təhvil verilmişdir. Sözügedən orqanın səlahiyyyətlərini icra edən hazırkı cavabdeh orqanda da belə bir cizgi mövcud deyil, tərtib edib verməkdən də imtina edir. Halbuki, iddiaçıya ayrılan həmin torpaq sahəsinin yerquruluşunu ehtiva edən cizgisinin hazırlanıb ona verilməsi torpaq qanunvericiliyi ilə həmin vaxt yerli icra hakimiyyəti funksiyalarını yerinə yetirən Suraxanı Rayon XDS İK-nin qanunvericiliklə üzərinə düşən vəzifəsi olmuşdur. Belə ki, həmin vaxt qüvvədə olmuş Azərbaycan SSR-in 7 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 13 və 107-ci maddələrininə müvafiq olaraq şəhər (rayon) xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri daimi istifadəyə torpaqayırma qaydasında yer quruluşu sxemləri hazırlanmaqla verilməsini nəzərdə tuturdu. Başqa sözlə, torpaq sahəsi tərtib olunmuş ayrıc aktları əsasında verilə bilərdi. Eyni zamanda, həmin vaxt qüvvədə olmuş “SSR İttifaqı və müttəfiq respublikaların torpaq haqqında qanunvericiliyinin Əsasları”nın(28 fevral 1990-cı il No1251-İ) 8-ci maddəsi ayrıc qaydansında torpaq sahələrinin sahibliyə və istifadəyə verilməsini nəzərdə tuturdu. Göründüyü kimi, Suraxanı Rayon XDS İK xx.xx.1991- ci il tarixli 16 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini onun istfadəsinə verərkən ayrıc aktını, dolayısı ilə yerləşdiyi yerin cizgisini ona tərtib edib verməyə borclu idi. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında» Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına aid edilirdi (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür). Bundan sonra da qəbul olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndi isə nəzərdə tuturdu ki, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndi də nəzərdə tutur ki, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, konkret halda, yerli icra həkimiyyətinin funksiyalarını daşıyan cavabdeh orqan, onun hüquq sələfinin qərarı ilə iddiaçının istfadəsinə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin cizgisinin tərtib edib ona vermək qanunvericiliyin qeyd olunan tələblərinə əsasən üzərinə düşən öhdəliyi olduğu halda, həmin cizginin verilməsindən imtina etmiş, bununla da həmin torpaq sahəsi üzərində onun hüquqlarını məhdulaşdırmış və “legitim gözlənti” hüququnu pozmuşdur. Odur ki, cavabdehin cizginin Əmlak Məsələləri Dövlət Xidmətin qürumları tərəfindən tərtb o edilməli olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Ən azından cavabdeh bilməlidir ki, istinad etdiyi həmin qürum torpaq ayıran orqan deyil, qərar və cizgi əsasında ayrılmış torpaq sahəsinin koordinat nöqətlərini müəyyənləşdirib onun kadastr parametrlərini müəyyən edən bir dövlət orqanıdır. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8416/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8416/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar