Məhkəmə qərarları › İş №2-1(103)-3363/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3363/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3363/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Maraqlı şəxs2 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X3 cavabdeh Maraqlı şəxs1nə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1314/2005 nömrəli, xx.xx.2005ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1314/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə X3 Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 20 a saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. Maraqlı şəxs2 ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin onun maraqlarına toxunduğunu bildirmiş və iş üzrə maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1314/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsi üzrə ərizəçi Səfərova (Məmmədova) Leyli Əli qızı qeydiyyata alınmağa təşəbbüs göstərdiyi yaşayış evi 1994-cü ildə mərhum atası X1 tərəfindən alınmış və həmin yaşayış evi inşa edilmişdir. Həmin dövrdən onun ataanası, qardaşları və o, həmin evdə yaşamışlar. Göstərilən qətnamə onların hüquq və azadlıqlarına toxunur. Sözügedən qətnaməni 22 may 2023-cü il tarixdə əldə etmişdir. Bu səbəbdən qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilərək mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1314/2005 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Ərizəçi Səfərova (Məmmədova) Leyli Əli qızının maraqlı tərəf Maraqlı şəxs1nə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair mülki iş üzrə Maraqlı şəxs2 maraqlı şəxs kimi tanınmış və 2-1314/2005 nömrəli mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1314/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi Səfərova (Məmmədova) Leyli Əli qızının nümayəndəsi (vəkili) Vəkil2 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi, ərizənin təmin edilməməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1314/2005 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməyərək, şikayətin baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5258/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş üzrə mülki məhkəmə icraatı qaydasında apellyasiya qeyrimümkün sayılmışdır. Bundan sonra təqrirlə hazırkı iş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakiminin icraatına verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İş materiallarından müəyyən olunur ki, Sabunçu Rayon Məhkəməsi xx.xx.2005-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən şəxs Maraqlı şəxs2 Məhəmmədli oğlu xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və bununla yanaşı, o, ərizə verərək iş üzrə maraqlı şəxs qismində tanınmasını xahiş etmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs2 Məhəmmədli oğlu iş üzrə maraqlı şəxs kimi tanınmış və onun apellyasiya şikayətinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5258/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sabunu Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilmişdir. Göründüyü kimi hal-hazırda apellyasiya şikayəti vermiş Maraqlı şəxs2 hazırki iş üzrə müstəqil tərəf deyildir. Həmçinin hal-hazırda üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə yönəlmiş hüquqi mövqelər formalaşdırılmışdır. Həmin qərardadda Ali Məhkəmənin İnzibati Kollegiyası özünün aşağıdakı hüquqi mövqelərini bildirmişdir: “ ... İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır. (...) Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi Qərarına əsaəsən, “... Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. Belə ki, İnzibati Prosessual Məcəllənin 27-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb olunmuş üçüncü şəxslər aiddir.” Sadalananlardan da göründüyü kimi, Maraqlı şəxs2 hazırki iş üzrə tərəf olmadığından və ya üçüncü şəxs qismində cəlb edilmiş olmadığından tərəfindən verilmiş apellyasiya şikayəti qeyri mümkün sayılmalı, şikayətin icraata qəbulundan imtina edilməlidir. AR İnzibati Prosessual Məcəllənin: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında bildirilmişdir ki, “...Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.” Yuxarıda qeyd edilənlər nəzərə alınaraq Maraqlı şəxs2 izah edilir ki, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməmiş olduğu nəzərə alınaraq, şikayəti geri qaytarılmalı və qəbul edilmiş məhkəmə qərarı ilə hüquqlarına toxunulduğunu hesab etdiyi halda, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və icraatın təzələnməsi barədə ərizəsini birinci instansiya məhkəməsinə (Bakı İnzibati Məhkəməsinə) təqdim etməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzbati işə 2005-ci ildə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmış olsa da, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və icraatın təzələnməsi barədə müvafiq ərizə birinci instansiya məhkəməsi qismində hazırda inzibati məhkəmə səlahiyyətlərini həyata keçirən Bakı İnzibati Məhkəməsinə təqdim edilməlidir. Eyni zamanda, hazırki iş üzrə səlahiyyətli məhkəmə Bakı inzibati məhkəməsi olduğundan iş həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, iş üzrə tərəf olmayan Maraqlı şəxs2 Məhəmmədli oğlunun Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3 cavabdeh Maraqlı şəxs1nə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1314/2005 nömrəli, xx.xx.2005ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. İş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar