Məhkəmə qərarları › İş №2-1(103)-3364/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3364/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3364/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X4 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “vahid aylıq müavinətin bərpası” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5243/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2019-cu ildən ona vahid aylıq müavinətin (çörək pulunun) ödənilməsinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. ünvan 1 ünvanda məskunlaşmışdır. 2006-cı ildə bu sonuncu ünvana səhvən qeydiyyata düşsə də, 2019-cu ildə həmin ünvandan qeydiyyatdan çıxıb və Ağdam rayonunun Mərzili kəndinə, əvvəllər qeydiyyatda olduğu ünvana qeydiyyata düşmüşdür. Başqa sözlə, səhvini düzəldib əvvəlki qeydiyyatda olduğu ünvana qayıtmışdır. Daha sonra tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edilərək çörək pulunun bərpa olunmasını xahiş etmişdir. Lakin Komitədən daxil olmuş 01/2821 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçiin yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydalarının 2.2-ci bəndi əsas götürülərək ona çörək pulunun verilməsindən imtina edilmişdir. Başqa sözlə, o, Bakı şəhərində qeydiyyata düşdükdən sonra onun çörək pulu kəsilmişdir. Lakin qeyd edilmişdir ki, 2019-cu ildən səhvini düzəltmiş və məcburi köçkün kimi əvvəllər qeydiyyatda olduğu Mərzili kəndinə qayıtmışdır. Bu zaman nəzərə alınmamışdır ki, o, 2019-cu ildən işğal olunmuş əraziyə qeydiyyata düşmüşdür. Qaydaların isə 2.2-ci bəndində belə hallar barədə qadağa yoxdur. Belə olan halda 2019-cu ildən başlayaraq ona vahid aylıq müavinətin (çörək pulunun) ödənilməsi bərpa olunmalıdır. Bundan başqa, adına daşınmaz əmlak yoxdur. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin cavabı qanunvericiliyin müddəalarına ziddir. Belə ki, sənədlərdən göründüyü kimi, o, hazırda məcburi köçkün kimi əvvəllər qeydiyyatda olduğu Mərzili kəndində qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5243/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “vahid aylıq müavinətin bərpası” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində qeydiyyata düşdükdən sonra onun çörək pulu kəsilmişdir. Lakin, o 2019-cu ildə səhvini düzəltmiş və məcburi köçkün kimi əvvəllər qeydiyyatda olduğu Mərzili kəndinə qayıtmışdır. Bu zaman nəzərə alınmamışdır ki, o 2019-cu ildən işğal olunmuş əraziyə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qayda”ların 2.2-ci bəndində belə hallar barədə qadağa yoxdur. Belə olan halda 2019-cu ildən başlayaraq ona vahid aylıq müavinətin (çörək pulunun) ödənilməsi bərpa olunmalıdır. Bundan başqa onun adında daşınmaz əmlak yoxdur. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. İclasın vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan : -Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı ünvan 4i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı 427241 nömrəli, xx.xx.2019-cu il tarixli məcburi köçkün vəsiqəsinin surətinə əsasən İddiaçı 1993cü ildən Ağdam rayonundan məcburi köçkündür. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2- 634/2023 nömrəli məktubunda bildirilmişdir ki, Komitənin Regional idarəetmə və status şöbəsi tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdə AA№427241 seriya nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir və hazırda statusu qüvvədədir. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyətinin 30 mart 2023-cü il tarixli, 5-31/2-264-2023 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam rayon Mərzili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi rəsmi arayışa əsasən İddiaçı 2006-cı il tarixdə Bakı şəhərinə daimi qeydiyyata düşdüyü üçün ona təyin olunmuş vahid aylıq müavinət mövcud Qaydanın tələblərinə uyğun olaraq dayandırılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.2 bəndinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, 1 dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxlər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil olunmur. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********48 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına ölkə ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilməmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyətinin 26 aprel 2023-cü il tarixli, 5-31/2-365-2023 nömrəli və 01 iyun 2023-cü il tarixli, 5-31/2-504-2023 nömrəli məktublarında bildirilmişdir ki, Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi rəsmi arayışa əsasən Ağdam rayon Mərzili kənd sakini İddiaçı Şamo oğlu 2006-cı ilədək vahid aylıq müavinət almış, 2006-cı ildə Bakı şəhərinə daimi qeydiyyata düşdüyü üçün ona təyin olunmuş vahid aylıq müavinət dayaridırılmışdır. (Nümayəndəliyin arayışı məktuba əlavə olunur). Qeyd edirik ki, vətəndaş İddiaçı 2019-cu ildə yenidən Ağdam rayonunun Mərzili kəndinə daimi qeydiyyata düşmüşdür. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.2 bəndinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər,xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxlər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna otmaqla) şamil olunmur. - Məhkəmənin sorğusuna cavab olaraq Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Mərzili Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 17 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam rayon İHB-nın Mərzili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bildirir ki, İbrahimov X2 sakinidir, hazırda o, məcburi köçkün kimi “Bakı şəhəri Xətai rayonu R.Bağırov 28/56” ünvanında məskunlaşıb. Vətəndaş 2006 ilə qədər vahid aylıq müavinat almışdır. 2006-cı ildə Bakı şəhərinə daimi qeydiyyata düşdüyünə görə vahid aylıq müavinat dayandırılmışdır. 2019- ildən vətəndaş yenidən Ağdam rayon İHB-nın Mərzili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daimi qeydiyyata düşmüşdür. Hazırda vətəndaşın özü (ailə 4 nəfərdən ibarətdir) yemə xərci müavinatı alınır, ailə üzvüləri isə alır. Onun özünün (ailə 4 nəfərdən ibarətdir) vahid aylıq müavinatını bərpa etmək üçün xx.xx.2019; xx.xx.2020; və xx.xx.2022-il tarixlərdə sənədlərini hesabata əlavə edərək Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir, ancaq müavinət bərpa olunmamışdır. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 18396/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək Ağdam rayonu, Mərzili kəndində, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhəri, R.Bağırov küçəsi, ev 28/56-da, xx.xx.2019-cu il tarixdən hazıradək ünvan 4ində yaşayış yeri üzrə qeydiyyatdadır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür. İddiaçıya məcburi köçkünlər üçün vahid aylıq müavinət verilmiş, lakin aylıq müavinətin verilməsi 2006-cı ildən dayandırılmışdır. iddiaçı ona verilmiş vahid aylıq müavinətin verilməsinin bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə nəticələndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. Qaydanın 1-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara. Qaydanın 2-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: (....) 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla);(...). Göründüyü kimi, sadalanan qaydalarda hansı şəxslərə aylıq müavinətin verilməli olduğu, hansı şəxslərin isə müavinət almaq hüquqlarının istisna təşkil etdiyi qeyd edilmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən vahid aylıq müavinət o məcburi köçkün statusuna malik şəxslərə təyin edilir ki, məcburi köçkün respublika ərazisində yaşayan (müvəqqəti məskunlaşmış) olsa da ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olmuş olsun. Həmin qaydaların adçəkilən 1.1-ci bənd eyni zamanda Qaydanın 2-ci bəndinə göndəriş edir və 1-ci bənddə sadalanan kateqoriya şəxs olsa da 2-ci bənddə sadalanan şəxslərin əhatə dairəsinə düşmüş olduğu halda həmin şəxslərin vahid aylıq müavinət almaq hüquqlarını istisna edir. Yəni, şəxs məcburi köçkün kimi, respublika ərazisində müvəqqəti məskunlaşdıqdan sonra daimi qeydiyyatda olduğu işğal olunmuş rayon üzrə qeydiyyatdan çıxaraq respublika ərazisində ərazisində işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşərsə, bu halda həmin məcburi köçkünlərə vahid aylıq müavinət verilmir. İş materiallarından və iddiaçının izahatlarından da aydın olur ki, iddiaçı xx.xx.2006-cı il tarixdən Bakı şəhəri ərazisində yaşayış yeri üzrə daimi qeydiyyata düşmüş və həmin tarixdən vahid aylıq müavinəti dayandırılmışdır. Daha sonra xx.xx.2019-cu il tarixdən yenidən Ağdam rayonu, Mərzili kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçı məhz bunu əsas gətirərək 2019-cu ildən müavinətin bərpasını xahiş edir. İddiaçının bu dəlilinə münasibətdə Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, “.........yuxarıda sadalanan qanunvericilik bilavasitə ərazisi işğal olunmamış əraziyə qeydiyyata düşmüş məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsini istisna edir və Qaydanın 1.1 və 2.5-ci bəndlərinin birlikdə təhlili aylıq müavinətin verilməsini istisna edən halın aradan qalxması ilə vahid aylıq müavinətin bərpa edilə bilmə imkanını nəzərdə tutmur. Yalnız Qaydanın 2.5-ci bəndi aylıq müavinətin dayandırılmasını müəyyən kateqoriya şəxslərə münasibətdə- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvlərinə qadağan edir. İddiaçı sadalanan kateqoriya şəxslərin dairəsinə aid olmadığından vahid aylıq müavinətin bərpa edilməsini tələb etməkdə haqlı hesab edilə bilməz.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5243/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar