Məhkəmə qərarları › İş №2-1(103)-3365/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3365/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3365/2025 18.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı "istismara icazənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1170/2025 saylı, 16 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymatulla küçəsi 63, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən faktiki 103.48 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi və həmin aktı Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi öhdəliyinin cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1170/2025 saylı, 16 aprel 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 63, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 103.48 kv.m olan qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə təqdim edərək cavabdeh tərəfindən iddia tələbinin icra edildiyini və bu səbəbdən iddia tələbindən imtina edildiyini bildirmişdir. İddia tələbindən imtina edilməsinin nəticələrinin ona izah edildiyini və müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası təqdim olunan ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1170/2025 saylı, 16 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı "istismara icazənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar