Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3368/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8308/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialına, Cavabdeh2 Şəxsi Firmasına və Cavabdeh3 MMC-yə qarşı əmək kitabçasının surətində qeyd edilmiş Cavabdeh2 Şəxsi Firmasının xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan müddətin və Cavabdeh3 MMC-nin xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sosial sığorta stajına daxil edilməsi və bununla da, onun pensiya məbləğinin 398 manat 78 qəpik müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 11 avqust 2022-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 6-1 maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2022-ci il yanvann 1-dən 240 manat, 2023-cü il fevralın 1-dən isə 280 manat müəyyən edilmişdir ki, hazırda o, 280 manat məbləğində pensiya alır. Lakin, cavabdeh, yəni Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X4 Flialı tərəfindən ona pensiya təyin edilməsi zamanı bir sıra hallar nəzərə alınmamışdır və nəticədə onun Cavabdeh2 Şəxsi Firmasında və Cavabdeh3 MMC-də işlədiyi müddət sığorta stajına daxil edilməmişdir. O, bu məsələ barədə Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X4 Flialma müraciət etmişdir. Filial 01 noyabr 2022-ci il tarixli **********7 №li məktubu ilə bildirmişdir ki, əmək kitabçasının sürətində qeyd olunanların mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Yəni iş stajının araşdırılması zərurəti yaranmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının sürətində qeyd edilmiş Cavabdeh2 Şəxsi Firmasının xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixdək olan əmək haqqı cədvəlləri saxlanılmayıbdır. Mərkəzi Flialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən Cavabdeh3 MMCnin xx.xx.2000-ci il tarixindən xx.xx.2006- cı il tarixinədək olan dövrlərin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Cavabdeh Dövlət Sosial X3 Sosial ödənişlərin X4 Flialınm 20 fevral 2023-cü il tarixli 3-17-1(2b-32324) 2023 №-li məktubunda isə göstərilir ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alındığı üçün xx.xx.2004-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək "xxxx" MMC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X4 Flialının hər iki məktubunda göstərilən hallar bir-birinə zidd xaakter daşıyır. Yəni, 1 noyabr 2022-ci il tarixli məktubda "xxxx" MMC-nin xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək arxiv sənədlərinin saxlandığı ünvanının məlum olmaması barədə məlumat verir. Göründüyü kimi, əmək haqqı cədvəllərinin saxlanılması və sənədlərin saxlanıldığı ünvanın məlum olmaması məsuliyyəti cavabdehlər Cavabdeh2 Şəxsi Firması və Cavabdeh3 MMC-nin üzərinə düşür. Cavabdehlər bu sənədlərin nə üçün mövcud olmaması məsələsi ilə maraqlanmamışdır. Cavabdehlər onun yaşa görə əmək pensiyasının düzgün hesablanması məsələsinə lazımi qaydada yanaşmamış və lazımi faktları yoxlamamış, nəticədə də onun pensiya məbləği tam öz əksini tapmamışdır. Bunlardan başqa, cavabdehin 10 fevral 2023-cü il tarixli məktubunda qeyd edildiyi kimi, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixinədək fərdi hesabının sığorta hissəsi üçün xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək Cavabdeh3 MMC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı qeyd edilsə belə, qanunun hansı adda hansı bəndinə əsasən və hansı tarixdə verilməsi məktubunda öz əksini tapmayıbdır. Ümumiyyətlə cavabdeh digər cavabdehlər olan Cavabdeh2 Şəxsi Firması və Cavabdeh3 MMC ilə qaranlıq qalan bu məsələləri aydınlaşdırmayıbdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, digər cavabdehlər Cavabdeh2 Şəxsi Firmasını və Cavabdeh3 MMC-ni cavabdehlər sırasından çıxarmış, əmək kitabçasında qeyd edilmiş Cavabdeh3 MMC-nin xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi və bununla da, onun pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8308/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı Cavabdeh3ndə xx.xx.2004-cü il tarixədən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8308/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. - İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 3-17-1/2-B- 32324/2023 nömrəli “Müraciətin cavablandırılması haqqında” imtina məktubuna əsasən bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabın sığorta hissəsinə pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2004-cü il tarixindən xx.xx.2007-ci iltarixinədək Cavabdeh3 MMC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. - iddiaçının adına açılmış ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçının Cavabdeh3 MMC-də iş stajı aşağıdakı kimi olmuşdur: xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 24 may 2023-cü il tarixli **********965500 nömrəli məktubla təqdim edilmiş məlumata əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılaraq bildirilmişdir ki, "xxxx" MMC (VÖEn: **********) xx.xx.2021-ci il tarixdə, Cavabdeh2 Şəxsi Fiması (VÖEN **********) isə xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan hüquqi şəxslərin təşkilati hüquqi formasının dəyişməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, Cavabdeh2 Şəxsi Fimasının (VÖEN **********) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması barədə məlumat müəyyən edilməmişdir, hal-hazırda fəaliyyəti aktiv vəziyyətdədir. "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti isə xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və daha sonra vergi ödəyicisinin müraciətinə əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək dayandırılmışdır. Hal-hazırda vergi ödəyicisinin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, o, Cavabdeh2 Şəxsi Firmasında (xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) və Cavabdeh3 MMC-də (xx.xx.2004xx.xx.2006-cı ilədək) işlədiyi dövlərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçının müraciəti qismən təmin edilərək xx.xx.2023-cü il tarixli qərarla onun xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Cavabdeh2 Şəxsi firmasında işlədiyi dövr sosial sığorta stajına daxil edilmişdir. İddiaçı hazırda xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Cavabdeh3 MMC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə mübahisələndirilən iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Cavabdeh3 MMC-də işlədiyi dövrlə bağlı aşağıdakıları qeyd edir: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinə əsasən iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Bu səbəbdən də iddiaçının xx.xx.2006- cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməməli və həmin dövrə aid iş stajı müvafiq olaraq iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının xx.xx.2004-cü il tarixədən xx.xx.2006-cı il tarixədək Cavabdeh3ndəki əmək fəaliyyətinin qanuniliyi işdə olan Dövlət Vergi Xidmətinin internet səhfəsindən (www.taxes.gov.az) kommersiya hüquqi şəxslərin reyestr məlumatlarından əldə edilmiş məlumatlara, həmçinin məhkəmə sorğularına əsasən müvafiq dövlət qurumu (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən daxil olmuş cavab məktubuna əsasən bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş cavab məktubunda yanlışlıq olaraq MMC-nin dövlət qeydiyyatına alındığı qeydiyyat tarix xx.xx.2001-ci il əvəzinə xx.xx.2021-ci il göstərilmişdir. Belə ki, sözügedən cavab məktubunda həmin məlumatın yanlış olması, həm kommersiya hüquqi şəxslərin reyestr məlumatlarından əldə edilmiş məlumatlarla, həm də, məktubda MMC-nin sonrakı fəaliyyəti ilə bağlı göstərilmiş məlumatlarla öz təsdiqini tapmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən əsaslar cavabdehin imtinası ilə eynilik təşkil etməklə məhkəmə qərarının ləğv edilməsi üçün əsas olmamış və formal xarakter daşımışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8308/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8308/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3368/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3368/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver