Məhkəmə qərarları › İş №2-1(103)-337/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-337/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-337/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndələri X7 və X1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1516/2024 saylı 11 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamına əsasən İddiaçı 0,10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 xx.xx.2016-cı il tarixli 1341 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı (X6) tərəfindən xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesab ilə 1831 kodlu torpaq sahəsi ayrılmışdır. 1831 kodlu torpaq sahəsinin ölçü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışda qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq, Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırki tələblə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu tanıdan çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-11402/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan, Buzovna qəsəbəsində 0,10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Sonradan həmin torpaq sahələri Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə təhvil verilmişdir. Torpaq sahəsinin sxemi də ona verilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli **********07 saylı məktubu ilə onun ərizəsini təmin etməkdən imtina etmişdir. Düşünür ki, cavabdeh orqan tərəfindən hüquqları pozulmuşdur. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il 096 saylı sərəncamın təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya 0,10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 xx.xx.2003-cü il tarixli 28 saylı əmrdən çıxarışdan görünür ki, ona fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, həmin torpaq sahəsinə dair torpaq sahəsinin sxemi də verilmişdir. Həmin torpaq sahəsi verilən tarixdən istifadəsindədir və orada yaşayır. Lakin inzibati orqan onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozmuşdur. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də şikayət verilə bilər. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsi Prezidentin İşlər İdarəsinin X3 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdüdlarından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərində yerləşir. Qeyd olunanlarla yanaşı, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun direktorunun əmrinin əsli təqdim edilməmişdir, həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri qeyd edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1516/2024 saylı 11 iyun 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iddianı rədd edərkən haqlı olmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı qüvvədədir. Heç kim həmin sərəncamı mübahisələndirməmişdir. Həmin torpaq sahəsinin Neft Şirkətinin ərazisi olduğu bildirilsə də, lakin həmin sərəncamın ləğvi barədə iddia qaldırmamışdır. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Nəzərinizə çatdırıram ki, onun evinin yerləşdiyi torpaq sahəsinin ətrafı yaşayış massividir. Ona görə də Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. 3-cü şəxsin apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cü il tarixli 447 nömrəli sərəncamı ilə neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Hal-hazırda "Azneft" İstehsalat Birliyi tərəfindən həmin ərazilərdə neft-qaz əməliyyatları aparılır. Bu səbəbdən də həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Həmçinin, iş materiallarında olan mütəxəssis rəyində qeyd edilmişdir ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 28 saylı xx.xx.2003-cü il tarixli əmrinə əsasən İddiaçı istifadəsinə ayrılmış Buzovna qəsəbəsində yerləşən iddia etdiyi torpaq sahəsinin konfiqurasiyası koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun olub-olmamasının və sahə fərqinin olub-olmaması, sovxozun ayrıc aktı daxilində yerləşib-yerləşməməsi müəyyən edilməsi sualı mütəxəssis qarşısında qoyulmuşdur. Mütəxəssis rəyindən qeyd edilmişdir ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 28 saylı 21 may 2003-cü il tarixli əmrinə əsasən İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələr qeyd olunmaması səbəbindən sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən iddia olunan torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşir, ARDNŞ-nin adına verilmiş **********994 nömrəli kadastr planının baza məlumatları ilə üst-üstə düşür. (Kadastr planı daimi istifadə hüququna dair verilmişdir.) Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/J7508 №-li ekspert rəyindən görünür ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 28 saylı 21 may 2003-cü il tarixli əmrinə əsasən İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələr qeyd olunmaması səbəbindən sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Lakin, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən iddia olunan torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşir, ARDNŞ-nin adma verilmiş **********0994 nömrəli kadastr planının baza məlumatları ilə üst-üstə düşür. "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Gələcəkdə iddiaçının və digər insanların həyatına və sağlamlığına təhlükə yaranmaması və bədbəxt hadisələrin baş verməməsi üçün neft-qaz hasilatı ərazilərdə yerləşməsi təhlükəlidir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri X13 və X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi “Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu tanıdan çıxarışın verilməsi” barədədir. Bununla bağlı o, inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçıya Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılsa belə, iş üzrə cəlb edilmiş mütəxəssis rəyindən, həmçinin ekspert rəyindən müəyyən edilir ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 28 saylı 21 may 2003-cü il tarixli əmri ilə İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələrin qeyd olunmaması səbəbindən sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa elektron kadastr məlumat bazasına əsasən iddia olunan torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşməklə ARDNŞ-nin adına verilmiş kadastr planının baza məlumatları ilə üstüstə düşür.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinasının əsası “göstərilən torpaq sahəsinin Prezidentin İşlərin İdarəsinin X3 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdüdlarından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərində yerləşməsi, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun direktorunun əmrinin əslinin təqdim edilməməsi və həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin qeyd edilməməsi” ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın həmin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Əvvəla, işdə olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamından görünür ki, İddiaçı 0,10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Prezidentin İşlər İdarəsinin X3 xx.xx.2016-cı il tarixli 1341 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı (X6) tərəfindən xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesab ilə 1831 kodlu torpaq sahəsi ayrılmışdır. 1831 kodlu torpaq sahəsinin ölçü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışda qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq, Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşin birinci instansiya instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusu əsasında cəlb edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 28 saylı 21 may 2003-cü il tarixli əmrinə əsasən İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələrin qeyd olunmaması səbəbindən sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən iddia olunan torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşir, ARDNŞ-nin adına verilmiş **********994 nömrəli kadastr planının baza məlumatları ilə üst-üstə düşür. (Kadastr planı daimi istifadə hüququna dair verilmişdir.) Birinci instansiya instansiya məhkəməsinin 2-1(112)-11402/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7508 nömrəli ekspert rəyinin məzmunu mütəxəssis rəyinin məzmunu ilə eynilik təşkil etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası “Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun direktorunun əmrinin əslinin təqdim edilməməsi” barədə cavabdehin dəlilini əsassız sayaraq qeyd edir ki, müvafiq istiqamətdə araşdırma aparılmış və verilmiş sorğulara cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətinin 26 may 2025-ci il tarixli məktubu ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cı il tarixli, 096 nömrəli Sərəncamının təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Həmin sərəncama əsasən Prezidentin İşlər İdarəsinin nəzdində olan Buzovna qəsəbəsində yerləşən Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika Prezidentinin İşlər müdiri A.Muradverdiyevin 5 yanvar 1999-cu il tarixli 22/6 saylı məktubunun nəzərə alınması, bu məqsəd üçün Maştağa- Buzovna yolunun şimalından BAİB-nə gedən asfaltın qərbindən BAlB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5.0 hektar həyətyanı torpaq fondu ayrılması və həmin torpağın Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyi əldə rəhbər tutulmaqla, növbəlik əsasında verilməsi qərara alınmışdır. Beləliklə, aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarış verilməsini tələb etdiyi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cı il tarixli, 096 nömrəli Sərəncamı çıxış edir və məhkəməyə onun əsli deyil, lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası “göstərilən torpaq sahəsinin Prezidentin İşlərin İdarəsinin X3 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərində yerləşməsi” dəlilinə münasibətdə qeyd edir ki, bu barədə araşdırmalar zamanı məhkəmə kollegiyasının sorğularına cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 11 mart 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, aparılmış araşdırma zamanı Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktı aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə cavabdehin məhkəmənin elektron kabinetinə əlavə etdiyi ortofotolardan görünür ki, iddiaçının göstərdiyi torpaq sahəsi Prezidentin İşlərin İdarəsinin X3 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdüdlarından kənarda (tam sərhəd xətti üzərində) yerləşir. Həmçinin məhkəmə kollegiyası Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktının məhkəməyə təqdim edilməsi, o cümlədən İddiaçı Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 28 saylı 21 may 2003-cü il tarixli əmri ilə ayrılan torpaq sahəsinə bitişik, onun yanında və ya qonşuluğunda yerləşən ayrı-ayrı şəxslərin mülkiyyət hüquqlarının qeydi ilə bağlı çıxarışların və bu çıxarışların verilməsi üçün əsas olan sənədlərin (arxiv qovluğun) məhkəməyə təqdim edilməsini cavabdeh qurumdan tələb etmişdir. Həmin sorğu əsasında cavabdeh orqanın təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cı il tarixli, 096 nömrəli Sərəncamı ilə Maştağa- Buzovna yolunun şimalından BAİB-nə gedən asfaltın qərbindən BAlB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı alınaraq, iddiaçı ilə yanaşı, həmçinin ayrıayrı şəxslərə ayrılmış torpaq sahələri üzərində həmin şəxslərin (X9, X4 və X8) mülkiyyət hüquqları qeydiyyata alınaraq bu barədə həmin torpaq sahələrinə dair reyestrdən çıxarışlar verilmişdir, hansı ki, bu çıxarışlar cavabdeh qurumun məhz inzibati praktikası əsasında verilmişdir. Məhkəməyə təqdim olunmuş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 447 saylı sərəncamından görünür ki, Dövlət Neft Şirkətinin xx.xx.2010-cu il tarixli, 22/DT 3251 saylı müraciəti nəzərə alınaraq, Xəzər rayonu, Buzovna qəsəbəsinin cənubunda mövcud neft çənlərinin yerləşdiyi və neftlə çirklənmiş 69,0 ha torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilməsi və həmin ərazinin 1,8 ha hissəsində inzibati binanın, işçi düşərgəsinin və avadanlıqlar anbarlarının tikintisinin layihələndirilməsi üçün Dövlət Neft Şirkətinin təsisçiliyi ilə yaradılmış "xxxx" QSC-yə icazə verilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzərində hüquqları müvafiq torpaqların 3-cü şəxs Dövlət Neft Şirkətinin daimi istifadəsinə 2010-cu ildə keçməmişdən daha öncə, yəni 1999-cü ildə əldə etmişdir. Bundan əlavə, iş materiallarında olan ortofoto planından görünür ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış massividir, ərazidə avtomobil yolları var, yolların hər tərəfi yaşayış evlərindən ibarətdir, əsasən təqdim edilmiş ayrı-ayrı şəxslərə aid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan da görünür ki, həmin çıxarışlarda mübahisəli torpaq sahəsinin yaxın qonşuluğunda yerləşən torpaq sahələri təyinatına görə “yaşayış məntəqələrinin torpaqları” kimi qeydə alınmışdır. Cavabdehin məhkəmə sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşir və ARDNŞ-nin adına verilmiş **********0994 nömrəli kadastr planı ilə üst-üstə düşür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahələrinin tam sərhədində, cavabdeh qurumun ortofoto görüntülərə istinadən dediyi kimi, sovxozun ayrıcından kənar, lakin məhz həmin ayrıc sərhəddinin üzərində yerləşir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir. Qeyd olunmalıdır ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə halhazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır. Belə uyğunsuzluqların aradan qaldırılması qanunla cavabdeh qurumun səlahiyyətinə aiddir. Beləliklə, məhkəmə kollegiyası hazırki işdə də iddia olunan torpaq sahəsi ilə yanaşı eyni sərəncamla 50 ailəyə də müvafiq yerdən torpaq sahələrinin ayrıldığını, həmin şəxslər tərəfindən qeyd olunan torpaq sahələrinə münasibətdə cavabdeh qurum tərəfindən reyestrdən müvafiq çıxarışların verildiyini, iddiaçının iddia etdiyi torpaq sahəsinin də sovxozun ayrıcının tam kənarında (kadastr baza məlumatına əsasən), DNŞ-nin sərhəd xətti üzərində yerləşdiyini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə cavabdeh qurum eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydə alınmasından və çıxarışın verilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Hazırki işin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin qonşuluğunda olan, adı çəkilən eyni sərəncamla ayrı-ayrı şəxslərin adına ayrılmış müvafiq torpaq sahələri üzərində ayrı-ayrı şəxslərin (iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxslərin) eyni hüquqmüəyyənedici sənədlərə istinad etməklə mülkiyyət hüquqlarının qeydə alındığı müəyyən olunmuş və aydın olmuşdur ki, bu barədə inzibati orqanın inzibati praktikası mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdi ki, “....hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?” Hazırkı mübahisəyə baxılarkən oxşar iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında formalaşdırdığı hüquqi mövqe əsas götürülərək cavabdeh quruma məhkəmə sorğusu verilmiş və sonuncunun təqdim etdiyi sənədlərdən məlum olmuşdu ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin yerləşdiyi ünvanda iddiaçı ilə eyni hüquqi vəziyyətdə olub, eyni hüquqmüəyyənedici sənədə (xx.xx.1999-cu il tarixli 096 saylı sərəncama) malik olan və tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən ayrı-ayrı şəxslərin adına müxtəlif torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınaraq müvafiq çıxarışlar verilmişdir. Belə olan halda cavabdeh qurumun iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtinası əsassız olmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul olunduğu üçün qərar ləğv edilməli və iddia təmin edilməli, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququ qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1516/2024 saylı 11 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X15 Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar