Məhkəmə qərarları › İş №2-1(103)-3370/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3370/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3370/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(112)-786/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid olan bağ sahəsinin nömrəsinin bərpa olunması barədə ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 2271 kv.metr olan 1393 saylı bağ sahəsinə (naturada 1392 saylı bağ sahəsinin ərazisinə uyğun gələn) dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X7 1941- 1945-ci il vətən müharibəsi iştirakçısı, müharibə veteranı kimi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində istifadə üçün bağ sahəsi ayrılmışdır. Atası vəfat etdikdən sonra ailənin yeganə varisi kimi 1 avqust 2006-cı ildən etibarən 1520/1393 №-li bağ sahəsi 16558 №-li icarə müqaviləsi ilə onun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 №-li sərəncamı ilə İcra Hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri cavabdehə təhvil verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1520/1393 saylı bağ sahəsi və inşa edilən bağ evinin üzərində hüquqlarının qeydiyyata alınması məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini əsas tutaraq 50 ildən artıq müqavilə əsasında onun istifadəsində olan bağ sahəsi üzərində qanuni hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş və göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin nömrəsi və yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və “1392” saylı bağ sahəsinə uyğun gəlir. Həmçinin, bağ sahəsi hüquqmüəyyənedici sənədlərə əsasən 2500 kv.m, faktiki 2271 kv.m təşkil edir. Bundan əlavə, inşa edilən bağ evinin mətbəx kimi göstərilən sahəsinin qapı və pəncərəsi quraşdırılmamışdır. Qanunvericilik normalarına istinad etməklə sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(112)-786/2023 saylı qərarı ilə (hakim S.Salahova) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 2271 kv.metr olan 1393 saylı bağ sahəsi (naturada 1392 saylı bağ sahəsinin ərazisinə uyğun gələn) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2- 1(112)-786/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 2271 kv.metr olan 1393 saylı bağ sahəsinə (naturada 1392 saylı bağ sahəsinin ərazisinə uyğun gələn) dair onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin nömrəsi və yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin imtinasında göstərilən yuxarıda qeyd edilən əsasların formal əsaslara söykənərək, iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinasının əsası elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin nömrəsi və yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi olmuşdur. İşdə olan: - Bakı şəhər İcraiyyə Komitəsinin bağ tresti ilə X12 arasında bağlanmış 16558 saylı, 14 noyabr 1969-cu il tarixli bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə müqavilədən görünür ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq 28 iyun 1968-ci il tarixli, 11 saylı protokolu əsasında Ləhiş qəsəbəsində 0,25 ha sahəsi olan 1520 saylı bağ sahəsi Nağı Babayevə icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.1979-cu ilədək müəyyən edilmişdir. - Həmin müqaviləyə əlavə edilmiş noyabr 1972-ci il tarixli 1520/1393 saylı bağın yerləşmə cizgisindən görünür ki, həmin bağ sahəsi bir tərəfdən yolla, bir tərəfdən 1519/1392, bir tərəfdən 1521/1394, bir tərəfdən isə 1651/1511 saylı bağ sahəsi ilə qonşu olmuşdur. -X9 xx.xx.1982-ci il tarixli ərizəsindən görünür ki, o, Bakı bağlar idarəsinə müraciət edərək, 1393 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinin vaxtının artırılmasını xahiş etmiş, habelə bağ nömrəsinin səhv olduğunu, ona 1520 nömrəli bağ sahəsi ayrıldığına baxmayaraq, 1519 nömrəli bağın ərazisində yerləşdiyini bildirmişdir. - xx.xx.1995-ci il tarixli, İV-ЖГ seriyalı, 432574 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X12 07 noyabr 1995-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin noyabr ayının 16 günündə 69 nömrə ilə qeyd edilmişdir. - İddiaçı xx.xx.2006-cı il tarixli ərizəsindən görünür ki, o, X6 müraciət edərək Ləhiş ərazisindəki 1393 nömrəli bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. Anası X3 mərhum həyat yoldaşı X10 Ləhiş ərazisində 16558 saylı müqavilə əsasında məxsus olan 1393 saylı bağ sahəsini bütövlükdə oğlu İddiaçı adına sənədləşdirilməsinə etiraz etməmişdir. - X4 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 16558 saylı, 01 avqust 2006-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 16 nömrəli protokolu əsasında Ləhiş qəsəbəsində 0,25 ha sahəsi olan 1520/1393 saylı bağ sahəsi İddiaçı icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2016-cı ilədək müəyyən edilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2in(82)-748/2013 saylı qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin 16558 saylı, 01 avqust 2006-cı il tarixli müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1520/1393” saylı bağ sahəsinə dair plan-cizginin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1392 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. - xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1520/1393” saylı bağa baxış keçirilmiş, bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 2500 kv.m, faktiki 2271,0 kv.m. olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin üzərində A-1 mərtəbəli ev, hüquqmüəyyənedici sənəd üzrə sahəsi 38,2 kv.m. olan 2 yaşayış otağı, 4,75 kv.m. olan köməkçi sahə, 19.15 kv. m olan açıq eyvan, faktiki sahəsi 37,6 kv.m olan 2 yaşayış otağı, 4,7 kv.m olan köməkçi sahə, 19,1 kv.m olan açıq eyvan olduğu qeyd olunmuşdur. Bağ sahəsi hasar daxilindədir. Mətbəx kimi göstərilən sahənin qapı və pəncərəsi quraşdırılmayıb (natamamdır). Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bağ sahəsinin nömrəsi ilə faktiki yerləşməsi uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 1392 saylı bağın ərazisinə uyğun gəlir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki sahəsi 0.2271 ha olan torpaq sahəsi hasar daxilindədir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bağ sahəsinin nömrəsi ilə faktiki yerləşməsi uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 1392 saylı bağın ərazisinə uyğun gəlir. Bundan əlavə, sözügedən ərazi faktiki iddiaçının istifadəsindədir. İddiaçı hazırda istifadəsindəki faktiki sahəsi 2271 kv.m. olan 1393 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqanın “iddia olunan torpağın sxematik xəritəyə uyğun olmaması” barədə dəlili qəbul edilmir, ona görə ki, bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Odur ki, iddiaçının həmin uyğunsuzluqla bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoymaq və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə haqlı sayıla bilməz. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İşdən müəyyən olunur ki, mübahisəli bağ sahəsi iddiaçının atası N.Babayevə 1969cu ildə 1520/1393 nömrə ilə ayrılsa da, N.Babayev hələ 1982-ci ildə bağ sahəsini ayıran quruma yazdığı ərizədə 1520 deyil, 1519 (yəni 1392) saylı bağ sahəindən istifadə etdiyini bildirmiş, lakin bu hal müvafiq quruma məlum olsa da, onunla yeni müddətə bağlanmış icarə müqaviləsində bağın nömrəsinə düzəliş etməmiş, yalnız əvvəlki icarə müqaviləsinin müddətini uzatmaqla kifayətlənmişdir. İddiaçı atasının vəfatından sonra mübahisəli bağın onun adına rəsmiləşdirilməsi üçün inzibati orqana müraciət etmiş, bu zaman da inzibati orqan iddiaçının naturada hansı nömrəli bağ sahəsindən istifadə etdiyini dəqiqləşdirmədən onunla bağladığı icarə müqaviləsində bağın nömrəsini 1393 kimi qeyd etmişdir. 1991-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 1969-cu ildə iddiaçının atasına (daha sonra isə iddiaçıya) naturada faktiki olaraq sənəddə göstərilən 1520 (1393) saylı bağ deyil, 1519 (1392) saylı bağ sahəsi təhvil verilmiş, iddiaçının atası, ondan sonra isə iddiaçı həmin tarixdən etibarən həmin bağdan fasiləsiz istifadə etmişdir. Qanunvericiliyə əsasən şəxslərin əvəzsiz mülkiyətinə onların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri verildiyindən iddiaçıya münasibətdə bu bağ sahəsi 1393 deyil, faktiki istifadə etdiyi 1392 saylı bağ hesab edilməli və həmin bağa dair onun yaranmış mülkiyət hüququ qeydə alınmalıdır. Çünki torpaq sahəsinə dair rəsmiləşdirmənin düzgün aparılmaması iddiaçının günahı ucbatından baş verməmiş, habelə iş materialları ilə torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrıldığı müəyyən olunmuşdur. İşin istinad olunan hallarından məlum olur ki, 1393 saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur (müqavilə arxiv saxlayıcılarında mövcuddur). Həmin müqavilə ləğv edilməmişdir və hazırda qüvvədədir. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(112)-786/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar