Məhkəmə qərarları › İş №2-1(103)-3371/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3371/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3371/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı “torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və ölçülərinin dəqiqləşdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2338/2023 saylı, 19 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 88 saylı, 14 sentyabr 2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və istifadəsinə verilməsi öhdəliyinin cavabdeh Sabunçu rayon Balaxanı Bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 may 2004-cü il tarixdə cavabdeh Sabunçu rayon Balaxanı Bələdiyyəsinə müraciət edərək şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bir müddət sonra onu Balaxanı Bələdiyyəsinə çağıraraq bildirdilər ki, ərizəsinə baxılmışdır və Yeni Balaxanı yaşayış massivində X4 küçəsində yerləşən (68 saylı torpaq) fərdi yaşayış evi tikmək üçün 1200 kv.metr torpaq sahəsi ona ayrılmışdır. Torpağın rüsumunu 31 mart 2005-ci il və 23 may 2005-ci il tarixlərində Azərbaycan Respublikası Beynəlxalq Bankın Sabunçu filialına tam ödəyərək 15 sentyabr 2005-ci il tarixdə Balaxanı Bələdiyyəsinin 88 saylı sərəncamı ilə torpaq sahəsi onun adına sənədləşdirilmişdir. 2007-ci ildə avtomobil qəzası keçirdiyinə görə uzun illər Balaxanı Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinə gedə bilməmişdir. Hazırda X4 küçəsində çoxlu sayda evlər tikildiyinə görə ona ayrılmış torpaq sahəsini müəyyən edə bilmir. Ona görə də, cavabdeh Balaxanı Bələdiyyəsinə ərizə ilə müraciət edib Balaxanı Bələdiyyəsinin 88 saylı, 14 sentyabr 2005- ci il tarixli Sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin müəyyən edilməsinə və ölçülərinin dəqiqləşdirilməsinə köməklik göstərməsini xahiş etmişdir. Cavabdeh Balaxanı Bələdiyyəsi tərəfindən ərizəsinə hər hansısa bir cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2338/2023 saylı, 19 aprel 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus olan torpaq sahəsini müəyyən edə bilməməyinə səbəb, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən bir torpaq sahəsinin bir neçə nəfərə satılması, avtomobil yolu üçün nəzərdə tutulmuş torpaq sahələrinin də satılaraq ərazinin dəyişdirilərək tanınmaz hala salınması ilə bağlıdır. Torpaq sahəsinin yerini tapa bilməməyi cavabdehin təqsirindən asılı olduğuna görə cavabdehin də üzərinə öhdəlik qoyulmalı idi. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2338/2023 saylı, 19 aprel 2023-cü il tarixli qərarının ləğv edilərək, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, Balaxanı qəsəbə Bələdiyyəsi üzvlərinin yığıncağının 06 aprel 2005-ci il tarixli 12 saylı iclas protokoluna əsasən İddiaçı sərəncamla 12 sot torpaq sahəsinin ayrılması qərara alınmış, bu barədə Balaxanı Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 88 saylı sərəncam qəbul edilmiş, həmin sərəncama əsasən vətəndaş İddiaçı şəxsi yaşayış evinin tikintisi üçün Yeni Balaxanı yaşayış massivində 1200 kv.m torpaq sahəsi ayrılmışdır. 31 mart 2005-ci il tarixli 9 nömrəli ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən torpaq alqısı üçün Balaxanı Bələdiyyəsinin hesabına 9.600.000 manat (AZM) pul ödənilmiş, xx.xx.2005-ci il tarixdə X1 Komissiyası tərəfindən iddiaçıya ayrılmış 68 nömrəli torpaq sahəsinin eskiz sxemi tərtib edilmiş və təsdiq olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan sənədlərə baxış nəticəsində Bakı şəhəri, Yeni Balaxanı yaşayış massivində yerləşən torpaq sahəsi ilə bağlı sənəd aşkar edilməmişdir. Torpaq Məcəlləsinin mübahisəli torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan redaksiyasına əsasən: - Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi:

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmçinin, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: - 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. İstinad olunan normalardan müəyyən olunur ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və yerində dəqiqləşdirilməsi ilkin torpaqayırma zamanı həyata keçirilir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi cavabdehin 14 sentyabr 2005-ci il tarixli sərəncamı ilə iddiaçının adına sənədləşdirilmiş və bu barədə torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Mübahisələndirilən qərarda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh torpaq sahəsinin təhvil verilməsi öhdəliyini torpaqayırma zamanı daşıdığından, torpaqayırma isə 2005-ci ildə yekunlaşdığından hazırkı vaxtda cavabdehin sonradan digər şəxslər tərəfindən zəbt edilmiş torpaq sahəsinin həmin şəxslərdən alınaraq iddiaçıya təqdim etmək öhdəliyi mövcud deyildir. İddiaçı torpaq sahəsini zəbt edən şəxslərə münasibətdə mülki mühakimə icraatı qaydasında iddia qaldıra, həmin şəxslərə hüquqmüəyyənedici sənədlər verilmişsə, bu sənədləri məhkəmə qaydasında mübahisələndirə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iddia ərizəsində göstərilənlərlə tamamilə üst-üstə düşür. Bu səbəbdən də, kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və qəbul edilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75, 81 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2338/2023 saylı, 19 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar