Məhkəmə qərarları › İş №2-1(103)-3373/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3373/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3373/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6582/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********964700 saylı 25 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən (quş ətinin satışı) ƏDV-dən azad olunan əməliyyatlar da aparır. Belə ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci ilin oktyabr ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmuşdur. Bəyannamə məlumatlarına əsasən hesabat ayında ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə 154.968,0 manat dəyərində, ƏDV-dən azad olunan əməliyyatlar üzrə isə 462.731,45 manat dəyərində mal təqdim olunmuş və təqdim olunmuş mala görə ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə 71.662,34 manat ƏDV-dən azad olunan əməliyyatlar üzrə isə 241.961,98 manat pul vəsaiti daxil olmuşdur. Ümumilikdə hesabat ayında 617.699,45 manat dəyərində mal təqdim edilmişdir ki, həmin malların ümumi dəyərində ƏDV-dən azad olunan əməliyyatların xüsusi çəkisi 74,91%-ni təşkil edir. Eyni zamanda hesabat ayında 44.285,89 manat dəyərində (ƏDV- 7.971,46) elektron qaimə- fakrurası əsasında alınmış malların dəyəri ödənilmiş və 240.352,8 manat (ƏDV 43.263,5) dəyərində mal idxal edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Bu səbəbdən elektron qaiməfakrurası əsasında alınmış mallara görə ödənilmiş ƏDV-nin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin dəyəri ümumilikdə 51.234,96 manat təşkil etdiyi üçün bu məbləğin 74,91 faizi, yəni 38.380,11 manat ƏDV əvəzləşməsindən çıxarılmış və həmin bəyannamənin 315-ci sətrində qeyd edilmiş, yalnız 12.854,85 manat əvəzləşdirilməli ƏDV məbləğini ƏDV bəyannaməsinin 317 sətrində qeyd etməklə əvəzləşdirilmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2022-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə zidd olaraq idxal edilən heyvan və quş ətlərinin dəyəri əvəzləşdirilmişdir. Belə ki, “Mark Keytrinq" MMC tərəfindən xx.xx.2022-xx.xx.2022- ci il dövrü üzrə ümumi olaraq ƏDV məbləği 498968,46 manat olan mallar, o cümlədən 486192,61 manat dəyərində heyvan və quş əti idxal edilmiş və müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə əvəzləşdirilmiş, eyni zamanda ƏDV bəyannamələrinin 315-ci sətirlərində VM 175.4-cü maddəsinə əsasən əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği 414912,43 manat qeyd edilmişdir. Yekun olaraq ƏDV məbləği 71280.18 manat (486192,61-414912,43) olan heyvan və quş ətlərin xx.xx.2022-xx.xx.2022-ci il dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirildiyi müəyyən edilmişdir ki, bu da kənarlaşma yaranmasına səbəb olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən idxal edilən heyvan və quş ətlərin təqdim etmə (satış) zamanı ƏDV-yə cəlb edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161500 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il oktyabr ƏDV bəyannaməsi üzrə 71280,18 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********964700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir. Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır və məcəllənin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad olunan əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Eyni zamanda iddiaçının ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququ olmadığı üçün əvəzləşdirilə bilinməyən ƏDV məbləğləri məhsulun maya dəyərinə aid edilir. Göründüyü kimi, satışı ƏDV-dən azad olunmuş malların alışı (idxalı) üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Eyni zamanda, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Qeyd olunanlara əsasən, Cəmiyyət tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlar çərçivəsində alınmış (idxal edilmiş) mallar ƏDV-dən azad olunan əməliyyatlar çərçivəsində təqdim edildikdə, həmin mallara görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6582/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır və məcəllənin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad olunan əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Eyni zamanda ödənilən ƏDV məbləğlərini əvəzləşdirmək hüququ olmadığı üçün əvəzləşdirilə bilinməyən ƏDV məbləğləri məhsulun maya dəyərinə aid edilir. Göründüyü kimi, satışı ƏDV-dən azad olunmuş malların alışı (idxalı) üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Eyni zamanda, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDVdən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlar çərçivəsində alınmış (idxal edilmiş) mallar ƏDV-dən azad olunan əməliyyatlar çərçivəsində təqdimedildikdə, həmin mallara görə ödənilmiş ƏDVməbləğləri əvəzləşdirilmir. Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Lakin, məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə Vegri Məcəlləsinin 175.4-cü maddəsi tətbiq edilməli yanı Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Qeyd olunan maddi hüquq normasının tətbiqi ilə bağlı bildirməyi zəruri hesab edirlər ki, iddiaçı tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlar çərçivəsində alınmış (idxal edilmiş) mallar ƏDV-dən azad olunan əməliyyatlar çərçivəsində təqdim edildiyindən, həmin mallara görə ödənilmiş ƏDVməbləğləri əvəzləşdirilmir. Eyni zamanda bildirməyi zəruri hesab edirlər ki, iş üzrə iddiaçının malların təqdim edilməsi ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilmiş və iş materiallarında mövcuddur. Hesab edirlər ki, məhkəmə üzərinə düşən iş üzrə araşdırma öhdəliyini icra etməmişdir. Belə ki, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəməyə təqdim olunmuş sübutlar və inzibati iş üzrə məhkəmənin sərəncamı əsasında cavabdeh etirazından da göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən kamaral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Vergi orqanı vergiləri qanunvericiliyin tələblərinə uyğun hesabladığı halda, məhkəmə tərəfindən iş ətraflı araşdırılmamış və qanunvericiliyin normaları düzgün tətbiq edilməmiş, nəticədə iddiaçı ƏDV üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına şərait yaradılmışdır Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -153.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. - 153.3-cü maddəsinə əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. - 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. - 154.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. - 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. - 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. - 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. - 164.1-ci maddəsinə əsasən malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: - 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1dən 4 il müddətinə (Qeyd: Bu Məcəllənin 164.1.37-ci maddəsinin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir). - 174.1-ci maddəsinə əsasən Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. - 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. - 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İnzibati işdən görünür ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********964700 saylı qərarına əsasən cavabdeh 2022-ci ilin oktyabr ayı üzrə iddiaçıya 71324,55 manat məbləğində əlavə dəyər vergisi hesablamışdır. Cavabdeh iddiaçı tərəfindən kənd təsərrüfatı məhsulları, heyvan və quş əti üzrə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi ilə razılaşmayaraq, iddiaçıya əlavə vergi hesablamış, bu zaman Vergi Məcəlləsinin 175.6 və 175.12-ci maddələrinə istinad etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarı qanunsuz olmaqla, birinci instansiya məhkəməsinin qeyd edilən qərarın ləğv edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı həm vergi tutulan əməliyyatlar, həm də Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparır və işin bu halı cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilmir. Beləliklə, büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV-nin məbləği iddiaçıya münasibətdə AR Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən müəyyən edilməlidir. İş materiallarında olan 2022-ci ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsindən görünür ki, elektron qaimə-fakrurası əsasında alınmış mallara görə ödənilmiş ƏDV-nin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin dəyəri ümumilikdə 51.234,96 manat təşkil etmiş və Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq həmin məbləğin 25,09%-i (154968 manat : 617699,45 manat x 100 = 25,087%), yəni 12854,85 manat hissəsi əvəzləşdirilmişdir (xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə bütün hesabat dövrlərində, hesablama bu qaydada həyata keçirilmişdir). İddiaçının bəyan etdiyi vergi dövriyyəsi, alınmış mallara görə ödənilmiş ƏDV-nin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdeh iddiaçının Vergi Məcəlləsinin 175.4-cü maddəsini tətbiq etməklə ƏDV üzrə əvəzləşdirmə aparmasını qəbul etməmiş, bu zaman həm Vergi Məcəlləsinin 175.6-cı maddəsinə, həm də 175.12-ci maddəsinə istinad edərək əvəzləşdirməyə yol verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 175.6-cı və 175.12-ci maddələriini tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, AR Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən həmin Məcəllənin 160.4cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir. Göründüyü kimi, istinad olunan norma qarışıq əməliyyat aparan şəxslərə, yəni vergi tutulan əməliyyatlar və VM-in 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparan şəxslərə, o cümlədən iddiaçıya deyil, yalnız ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslərə şamil edilir. Həmçinin AR Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minən bu tənzimləmənin səbəbi VM-nin 153.3-cü maddəsinə əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması olmuşdur). Kollegiya qeyd edilən maddənin tətbiqi ilə bağlı cavabdehin mövqeyinə münasibətdə qeyd edir ki, AR Vergi Məcəlləsinin 13.2.61-ci maddəsinə görə kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsidir: 13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir (məsələ diri quş, diri heyvan, onlardan ədə edilən yumurta və sair); 13.2.61.2. bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. Həm qeyd olunan normaların, həm də vergi qanunvericiliyinin təhlili onu deməyə əsas verir ki, vergi qanunvericiliyi kənd təsərrüfatı məhsulları ilə heyvan və quş ətini fərqləndirmiş, heyvan və quş ətini kənd təsərrüfatı məhsulları anlayışına daxil etməmişdir. İş materiallarından görünür ki, iddiaçı kənd təsərrüfatı məhsullarını (diri heyvan və ya quş) deyil, heyvan və quş ətinin təqdim edilməsini həyata keçirmiş, digər tərəfdən onun fəaliyyəti yalnız kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə bağlı olmamışdır, odur ki, cavabdehin iddiaçının tətbiq etdiyi əvəzləşdirməni Vergi Məcəlləsinin 175.12-ci maddəsinə istinad etməklə ləğv etməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, AR Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Həmin Məcəllənin 173.1-ci maddəsinə görə ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Həmin Məcəllənin 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Həmin Məcəllənin 174.1-ci madəsinə əsasən həmin Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Həmin Məcəllənin 174.2-ci maddəsinə görə həmin Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir. İş materiallarından görünür ki, cavabdeh ƏDV üzrə 2022-ci ilin oktyabr ayının hesabat dövrü üzrə təqdim edilmiş bəyannaməyə əsasən iddiaçıya əlavə vergi hesablayarkən, həmçinin 2022-ci ilin yanvar-sentyabr ayları üzrə hesabladığı əlavə vergi məbləğini də həmin dövrə aid etmiş, bununla da yuxarıda qeyd edilən normaların tələblərini pozmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, AR İN yanında Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli **********103500 nömrəli əmri ilə təsdiq edilmiş “X6 bəyannaməsi”nin tərtib edilməsi Qaydasında müəyyən edilmişdir ki, X6 bəyannaməsinin 315 kodlu “Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği” sətrinin “Əlavə dəyər vergisi məbləği” sütununda bəyannamənin 303-cü sətrin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda göstərilən ƏDV-dən azad olunan əməliyyatlar üzrə dövriyyənin bəyannamənin 305-ci sətrinin müvafiq sütununda göstərilən, Əməliyyatlar üzrə Cəmi məbləğin xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV məbləği bəyannamənin 315-ci sətrin “Əlavə dəyər vergisi məbləği” Sütununda əks etdilir. Beləliklə, müəyyən edilir ki, büdcəyə ödəmələrin həyata keçirilməsi zamanı iddiaçı tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi həm vergi qanunvericiliyinə, həm də cavabdeh inzibati orqanın təsdiq etdiyi “X6 bəyannaməsi”nin tərtib edilməsi Qaydasına uyğun olaraq həyata keçirilmişdir. Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla ƏDV hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6582/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Sabit Bəhrəmzadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar