Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3374/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər qismində "xxxx" MMC, X3, X14, X13, X12, X8 cəlb edilməklə) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1513/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarından üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, dalan 1, 2 saylı evin tikili və torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyətinin 194 saylı, 05 avqust 2021-ci il tarixli sərəncamının ləğv edilməsini və həmin sərəncam əsasında digər hüquqmüəyyənedici sənədlər alınmışdırsa onların da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyətinin 194 saylı, xx.xx.2021-ci il tarixli sərəncamının İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka aid hissədə etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A Qurbanov küçəsi dalan 1, 2 saylı sahəsi 117.30 kv.m. evin 3/18 hissəsinin tikili və torpaq sahəsinin mülkiyyətçisidir. Bakı şəhər İcra Hakimiyyəti 194 saylı, 05 avqust 2021-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nə iddiaçının mülkiyyətində olan evin və torpaq sahəsini məktəb tikmək üçün istifadəsinə vermişdir. Həmin sərəncamın mövcud olması iddiaçıya məlum olmuşdur və bu sərəncamdan istifadə edən 3-cü şəxsin nümayəndələri onu öz istədikləri qiymətlə evdən çıxmağa məcbur edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1513/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbinin təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 194 nömrəli sərəncamının ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan əmlaka aid hissədə etibarsız hesab edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0208 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 117.30 kv.m olan fərdi yaşayış evi **********28-10301 reyestr nömrəsi ilə X2, X3, X14, X13, X12, X9 adına hər birinə 3/188 hissədə paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə, yəni, qeyd olunan sərəncamdan sonra qeydə alınmış Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı qəbul edilən zaman iddiaçının torpaq sahəsi və fərdi evi xüsusi mülkiyyətdə olmamışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, B.Məcidov və A.Qurbanov küçələrinin kəsişməsində yerləşən ünvanda yerləşən torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "VİALON” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmişdir. Həmçinin, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********38 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmaqla, naturada faktiki ölçüsünün 1.07 hektar təşkil etdiyi, eləcə də hüdudları daxilində fərdi yaşayış evlərinin və 3 (üç) ədəd qeyri-yaşayış sahəsinin mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunan qurum ərazidə yerləşən fərdi yaşayış evləri və qeyri-yaşayış sahələri ilə bağlı məsələlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərtilə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,07 hektar torpaq sahəsinin məktəb binasının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 194 nömrəli sərəncamı Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq qəbul edilmişdir. Ona əsasən də, o, torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malikdir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə EMİS vasitəsilə ərizə təqdim edərək, digər məhkəmə iclaslarının təyin olunması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0208 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 117.30 kv.m olan fərdi yaşayış evi **********28-10301 reyestr nömrəsi ilə X2, X3, X14, X13, X12, X4 adına hər birinə 3/188 hissədə paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 194 nömrəli sərəncamında göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 07 nömrəli müraciətini, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/117 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-03642 nömrəli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********38 nömrəli razılıq məktublarını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq qərara alır: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.07 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni müasir məktəb binasının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilsin. Sifarişçiyə tapşırılsın: Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə 3 (üç) ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin; Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin; Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəy Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilmə bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə tapşırılsın. "xxxx" MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 07 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikasında aparılan sosialiqtisadi islahatlar ölkəmizin inkişafına öz müsbət təsirini göstərmişdir. Bu dövrdə ölkəmizin iqtisadi və sosial inkişafı tikinti şəhərsalma və memarlıq sahələrinin geniş miqyaslı inkişafı ilə də sıx əlaqəli olmuşdur. Bu günlərdə də Bakımızın yenidənqurulması, abadlaşdırılması, tarixi-memarlıq binaların, muzey və mədəniyyət ocaqlarının təmiri və eləcə də şəhər və rayonlarımızın cəlbedici görkəm alması, orada müvafiq infrastrukturların yaradılması ölkəmizin inkişaf göstəriciləri kimi qəbul edilməlidir. Bakı şəhər, Nəsimi rayonu, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, B.Məcidov və A.Qurbanov küçələrinin kəsişməsində yerləşən ərazidə memarlıq görünüşünə xələl gətirən yaşayış üçün yararsız olan binaların sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və həmin ərazidə yeni müasir məktəb binasının layihələndirilməsi ilə bağlı 1.1 ha torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş edirlər”. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/117 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi rayon İcra Hakimiyyətinə müraciət edərək Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən 1.1 ha ərazidə şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülərək, həmin ərazidə yeni, müasir məktəb binasının tikilməsinə icazə verilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Qaldırılan məsələnin müsbət həllinə etiraz etmirlər və məsələyə öz səlahiyyətləri daxilində baxılmasını xahiş edirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********48 nömrəli “Torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə” məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən 1,10 hektar torpaq sahəsinin məktəb binasının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Qeyd olunan torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi üçün sifarişçinin vəsaiti hesabına həmin sahənin yerquruluşu qaydasında hüdudlarının yerdə (naturada) və xəritədə müəyyən edilməsi barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müvafiq tapşırıq verilmişdir. Yerquruluşu işlərinin nəticəsinə uyğun məsələyə münasibət bildiriləcəkdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-03642 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə. Ə.Hüseynzadə, B.Məcidov və A.Qurbanov küçələrinin kəsişməsində yerləşən, şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların və qeyri-yaşayış obyektlərin sökülərək yerində müasir məktəb binasının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1,10 hektar torpaq sahəsinin ayrılmasına dair rəy bildirilməsi barədə xx.xx.2021-ci il tarixli, 7-529/7 nömrəli məktubunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etmirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********38 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmaqla, naturada faktiki ölçüsünün 1,07 hektar təşkil etdiyi, eləcə də hüdudları daxilində fərdi yaşayış evlərinin və 3 (üç) ədəd qeyriyaşayış sahəsinin mövcud olduğu müəyyən edilmişdir. Ərazidə yerləşən fərdi yaşayış evləri və qeyri-yaşayış sahələri ilə bağlı məsələlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərtilə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,07 hektar torpaq sahəsinin məktəb binasının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etmirlər. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********28-10301 reyestr nömrəli torpaq sahəsinə aid Texniki Pasportun surətindən görünür ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0.0238 ha, faktiki sahəsi 0.0208 ha, tikinti altı sahəsi 0.01878 ha, kənar sahəsi 0.00502 ha olmaqla ərazidə A və B tikililəri yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-1709/2025 nömrəli məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən yaşayış məntəqələrinin kateqoriyasına aid ərazidən məktəb binasının tikintisi məqsədilə "xxxx" MMC-yə ayrılması nəzərdə tutulan 1.07 hektar torpaq sahəsinin yerquruluşu planı təqdim edilmişdir. Təqdim edilmiş ortofoto görüntüyə əsasən İddiaçı adına paylı mülkiyyətdə olan daşınmaz əmlakın dövlət reyestrində **********28-10301 nömrəsi ilə qeydiyyata alınmış əmlak "xxxx" MMC-yə sərəncamla ayrılmış torpaq sahəsinin yerquruluşu planındakı koordinatlar daxilində yerləşir. Hazırda iddiaçının iddia tələbi Bakı şəhər İcra Hakimiyyətinin 194 saylı, xx.xx.2021-ci il tarixli sərəncamının onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməsinə aid hissədə etibarsız hesab edilməsi ilə bağlıdır. İşin mübahisəsiz halı odur ki, ünvan 2 ünvanında yerləşən 0.0208 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 117.30 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 1.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. Əsasnamənin 1.2-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. 4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyətlərinin səlahiyyətinə aiddir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi xüsusi mülkiyyətdə olan torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı xüsusi qayda nəzərdə tutulmuşdur. Hazırkı işin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan bu tələbə əməl etmədən - icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Sərəncam qəbul etmiş, bununla da iddiaçının mülkiyət hüququnu pozmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 194 nömrəli Sərəncamı iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0208 ha torpaq sahəsinin icarəyə verilməsi hissəsində etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 194 nömrəli Sərəncamı qəbul edilərkən iddiaçıya münasibətdə qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1513/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3374/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3374/2025
27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver