Məhkəmə qərarları › İş №2-1(103)-3375/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3375/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3375/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6017/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına - ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə (həyat yoldaşı İddiaçı2 və oğlu İddiaçı3) birgə ünvan 2 ünvanında, şəxsi evi olmadığı üçün kirayədə yaşayır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına pasport qeydiyyatına düşmək üçün Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-4612-M-4xx/xx/2023 saylı məktubla imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədlər təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6017/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilərək, iddiaçılar xx.xx.1954-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1981-ci il təvəllüdlü İddiaçı3 Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin inzibati binası, yəni Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X3 küçəsi 1 ünvanı üzrə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar faktiki olaraq ünvan 5 ünvanında yaşayırlar və həmin ünvana qeydiyyata alınmaları üçün müraciət etməlidirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6017/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər iddiaçılara və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə digər iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası İddiaçı1 dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçılar adlarına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak olmadığından yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim edə bilməmiş, buna görə də iddiaçılar xx.xx.2019, xx.xx.2021 və xx.xx.2019-cu il tarixlərdə Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X3 küçəsi 1 ünvanına qeydiyyata alınmışlar. Lakin sonradan 15-xx.xx.2022-ci il tarixlərdə həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. İddiaçılar hazırda həmin ünvana qeydiyyata alınmalarını, daha doğrusu, əvvəlki qeydiyyatlarının bərpasını istəyirlər. İddiaçı3 başqa bir ünvanda, yəni ünvan 7 qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıların adlarına ölkə ərazisi üzrə daşınmaz əmlakın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 9195/2023 nömrəli məktubundan görünür ki: - İddiaçı1 xx.xx.2004-cü il tarixdən ünvan 8 ünvanında, xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X3 küçəsi 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. - İddiaçı2 xx.xx.2004-cü il tarixdən ünvan 9 ünvanında, xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X3 küçəsi 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. - İddiaçı3 29.01 2002-ci il tarixdən ünvan 8 ünvanında, xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X3 küçəsi 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili iddiaçıların faktiki olaraq ünvan 5 ünvanında yaşamalarıdır. İş materiallarına əlavə edilmiş cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 11 sentyabr 2023-cü il tarixli məktubdan və elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 21, mənzil 106 ünvanında qeydiyyata alınmışdır (məhkəmə qərarından sonrakı dövrdə). Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçılardan İddiaçı3 yaşayış yeri üzrə qeydiyyatı artıq mövcud olduğundan ona münasibətdə iddia tələbinin rədd edilməsi onun üçün əlverişsiz nəticələr yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki: “... şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər...” Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Cavabdeh orqan iddiaçını faktiki yaşadığı yer üzrə (hüquqmüəyyənedici sənədləri olmadığından) qeydiyyata almaqdan imtina etdiyi təqdirdə inzibati binaya qeydiyyata alınmasını təmin etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6017/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərarı qismən, yəni İddiaçı3 aid hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6017/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərarı İddiaçı3 aid hissədə ləğv edilsin və iddia tələbi ona aid hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar