Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3376/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının artırılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3353/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının artırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranıdır. Hər iki müharibədə döyüşən ordu sıralarında olmuşdur. Prezident təqaüdçüsüdür. DİO-dan son yaş həddindən əlavə 1 il 6 ay 20 gün xidmət edərək təqaüdə çıxmışdır. Orden və medallarla təltif olunmuşdur. Təqaüddə olan polis mayorudur. Heç bir yerdə işləmir və heç bir gəlir yeri yoxdur. 28 oktyabr 2015-ci il tarixdə DİO-dan məlumat vərəqəsində 40% göstərilməklə, yəni 718 manat 50 qəpik pensiya ilə təqaüdə çıxmışdır. Prezidentin sərəncamı ilə birinci dəfə 47 manat 23 qəpik artırılaraq 765 manat 73 qəpik, ikinci dəfə 92 manat 93 qəpik artırılıb 811 manat 43 qəpik, üçüncü dəfə xx.xx.2019-ci il tarixdə 135 manat 07 qəpik artırılmışdır. Dördüncü dəfə məhkəmə qərarlarından sonra 100 manat artım olub. Məhkəmə qərarından sonra DİN-nin Maliyyə Plan idarəsi 50%-lə yeni məlumat vərəqəsi, yəni 758 manat 50 qəpik hesablayıb, icra olunması barədə Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. 28 oktyabr 2015-ci il tarixli məlumat vərəqəsi əsasında 718 manat 50 qəpik ləğv edilmişdir. 50%-lə 758 manat 50 qəpik olan məlumat vərəqəsi icra olunmuşdur. Məhkəmə qərarlarına qədər 40%-lə 946 manat 50 qəpik pensiya almışdır. 50%-lə 758 manat 50 qəpiyin üzərinə bu artımları gəldikdə məbləğ düzgün alınmır. Hal-hazırda 1049 manat pensiya alır. Əvvəlki fərqə görə 3 il əzində ona dəyən maddi ziyana görə 48 manat 97 qəpik pensiyanın üzərində verirlər. Deməli bir artırmanı saxlayıb, ona dəyən maddi ziyan fərqi ilə əvəzləşdiriblər. Onun təqaüdü 1000 manat 70 qəpikdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş İddiaçı dair 28 oktyabr 2015-ci il tarixli 99 nömrəli məlumat vərəqəsində vəzifəsi: “Bakı şəhəri, Nərimanov rayon mühafizə idarəsinin tağım komandiri”; -brütbəsi: “mayor”; xidmət müddəti: 36 il 1 ay 12 gün (təqvimi xidmət illəri 28 il 6 ay 28 gün, güzəştli xidmət illəri 7 il 6 ay 14 gün; -ehtiyyata buraxıldığı tarix: xx.xx.2015- ci il; -ehtiyyata buraxılma səbəbi: yaşa görə; -vəzifə maaşı 270,00 manat; -rütbə maaşı 130,00 manat; -xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi - 160,00 manat; -məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi - 94,50 manat; -ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 718,50 manat göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada Mərkəzi Filial tərəfindən iddiaçıya 11 oktyabr 2015-ci il tarixdən 36 il 1 ay 12 gün xidmət müddətinə görə təminat xərcliyinin (718,50 manat) 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 15 dekabr 2020-ci il tarixli 99 nömrəli yeni məlumat vərəqəsində; -vəzifəsi: “Bakı şəhəri, Nərimanov rayon mühafizə idarəsinin tağım komandiri”; -rütbəsi: “mayor”; -xidmət müddəti: 36 il 1 ay 12 gün (təqvimi xidmət illəri 28 il 6 ay 28 gün, güzəştli xidmət illəri 7 il 6 ay 14 gün; -ehtiyyata buraxıldığı tarix: xx.xx.2015-ci il; -ehtiyyata buraxılma səbəbi: yaşa görə; -vəzifə maaşı 270,00 manat; -rütbə maaşı 130,00 manat; -xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi - 200,00 manat; -məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi- 94,50 manat; -ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 758,50 manat göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının təqdim etdiyi sonuncu məlumat vərəqəsində qeyd olunan məlumatlar, vəzifə və rütbə maaşındakı müvafiq artımlar nəzərə alınmaqla İddiaçı əmək pensiyası keçmiş üç il müddət üçün aşağıdakı qaydada yenidən hesablanmışdır: 1 yanvar 2018-ci il tarixdən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 297,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi - 213,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi - 103,95 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 808,45 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya təminat xərcliyinin (808,45 manat) 100 faizi miqdarında əmək pensiyası müəyyən edilmişdir. 1 mart 2018-ci il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 327,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi-228,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi -114,45 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 863,95 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla 36 il 1 ay 12 gün xidmət müddətinə görə aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (16 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (16x2) təminat xərcliyinin 32 faizi; -natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87,17 faiz təşkil edir. 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyinin (808,45 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı təminat xərcliyi (863,95 manat) arasındakı fərq məbləğinin (55,50 manat) 87,17 faizi-48,38 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (808,45 manat) üzərinə əlavə olunmaqla İddiaçı 856,83 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 400,00 manat, rütbə maaşının 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi -275,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-140,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1029,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs edilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına uyğun qaydada iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87,17 faiz təşkil edir. 1 sentyabr 2019-cu il tarixədək olan təminat xərcliyi (863,95 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1029,00 manat) arasındakı fərq məbləğinin (165,05 manat) 87,17 faizi- 143,87 manat 1 sentyabr 2019-cu il tarixədək olan pensiyanın (856,83 manat) üzərinə əlavə olunmaqla 1000,70 manat məbləğində əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 1762,92 manat fərq məbləği cari ilin yanvar ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (48,97 manat) əmək pensiyasının (1000,70 manat) üzərinə əlavə olunmaqla (1000,70+48,97=1049,67 manat) müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, qanunvericilikdə ötən dövr üzrə hesablanmış fərq məbləğinin ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-3353/2023 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia ərizəsi rədd edilmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-3353/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)-2149/2023 saylı qərarı ilə (hakimlər R.Ə.Səmədov (sədrlik edən), X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-3353/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)-2149/2023 saylı qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 703/2024 saylı qərarı ilə (hakimlər Z.M.Quliyev (sədrlik edən), R.S.Nəbizadə və S.Ə.Kərimov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2149/2023 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-703/2024 saylı qərarı aşağıdakılarla əsaslandırılmışdır: “ ... cavabdehin iddiaçının iddia ərizəsinə, apellyasiya şikayətinə və kassasiya şikayətinə yazdığı etirazlarında natamam və pərakəndə şəklində iddiaçıya illər üzrə pensiya artırılmasına dair məlumat verilsə də, iddiaçının pensiyası məbləğinin hesablanması ilə bağlı geniş, tam və müfəssəl açıqlama verilmir və yaxud da iddiaçının özünün pensiya məbləğinin hesablanmasının açıqlanması təkzib olunmur. ... 42. Digər tərəfdən, cavabdeh iddiaçının apellyasiya şikayətinə aid verdiyi yazılı etirazında bildirir ki, hazırda iddiaçıya 1049,67 manat məbləğində pensiya ödənilir, lakin iddiaçı Ali Məhkəməyə verdiyi ərizəyə əlavə olunmuş “Kapital Bank”ın xx.xx.2023-cü il tarixli bank çeklərindən görünür ki, iddiaçıya 1262,58 manat (balansda 1262,74 manat göstərilmişdir) pensiya məbləği köçürülmüşdür. ... 48. Bununla yanaşı qeyd edilməlidir ki, işin 21-25-ci səhifələrində Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-230/2019 nömrəli qərarı mövcuddur ki, həmin qərarla İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1786/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin hazırlanaraq DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir.
49. Belə ki, həmin məhkəmə qərarına qədər Daxili İşlər Nazirliyinin məlumat vərəqində iddiaçının cəmi pul təminatı (təminat xərcliyi) 718,50 manat göstərildiyi halda, qərardan sonra isə həmin məbləğ 758,50 manat olaraq hesablanmışdır.
50. Qeyd edilməlidir ki, işin 95-ci səhifəsində olan iddiaçının birinci instansiya məhkəməsinə ünvanladığı ərizəsinin arxa tərəfində iddiaçı yazır ki, “yeni məlumat vərəqəsi 50%-lə 758 manat 50 qəpiklə təminat xərci hesablanıb icra olunmaq üçün Əmək və Əhalinin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərildi. Onlar da düzgün araşdırma aparılmadan özlərinə sərf olunduğu kimi hesablayıblar”.
51. Məhkəmə kollegiyası qeyd edir ki, işin bu halı apellyasiya məhkəməsində tam və hərtərəfli araşdırılmamışdır, yəni iddiaçı sözügedən məlumat vərəqəsinin icra edilməsi ilə əlaqədar razı deyil, yoxsa məlumat vərəqəsi doğru tərtib edilmiş, lakin cavabdeh tərəfindən düzgün icra edilməmişdir. ... 53. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh iş üzrə verdiyi etirazlarında bildirir ki, iddiaçıya pensiya məbləğinin ödənilməsi 3 il geriyə tətbiq edilməklə də həyata keçirilir.
54. Lakin cavabdehin bunu hansı tarixdən hesablanması və geriyə hansı tarixdən ödənilməsi də bəlli deyil, apellyasiya instansiyası məhkəməsi sözügedən məsələni tam və hərtərəfli araşdırmamışdır.”. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2373/2024 saylı qərarı ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən), C.B.Məmmədov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-3353/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2373/2024 saylı qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)- 1127/2025 saylı qərarı ilə (hakimlər K.N.Bədəlov (sədrlik edən), N.İ.Rəsulbəyova və S.Y.Vəliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 2-1(103)-2373/2024 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1127/2025 saylı qərarı aşağıdakılarla əsaslandırılmışdır: “ ... iddiaçı xx.xx.2020-ci il tarixli, 99 nömrəli yeni məlumat vərəqi əsasında hesablanmış əmək pensiyasının məbləği ilə razılaşmır. 38.İddiaçı tələbində əmək pensiyasının yenidən hesablanaraq artırılmasını xahiş etsə də, işə baxan birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən iddiaçının cavabdeh tərəfindən aparılmış yenidən hesablanma ilə hansı hissələrdə razılaşmadığı, ümumiyyətlə, onun hüquqi marağının nədən ibarət olması aydınlaşdırılmamışdır.
39. Halbuki, kassasiya instansiya məhkəməsində birinci icraat zamanı da məhkəmənin göstərişlərindən biri də bu olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının məhkəmə qərarından sonra tərtib edilmiş məlumat vərəqəsinin özünün məlumatları ilə razı olmadığı, yoxsa məlumat vərəqəsinin doğru tərtib edildiyi, lakin cavabdeh tərəfindən düzgün icra edilmədiyini mübahisələndirdiyi dəqiqləşdirilməlidir.
41. Bununla bağlı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş (iş cild 2, səhifə 28) ərizənin dəlillərindən görünür ki, iddiaçı cavabdeh tərəfindən yenidən hesablanmış pensiya məbləği ilə razılaşmamasının əsaslarını aşağıdakı kimi ifadə etmişdir: 1) Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-230/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının təsviri hissəsində qeyd olunmuş məlumat vərəqəsinə əsasən onun təminat xərcliyi 765,75 manat müəyyən edildiyi halda, həmin məhkəmə qərarının icrası nəticəsində tərtib edilmiş məlumat vərəqəsində 758,5 manat göstərilmişdir. Hesab edir ki, təminat xərcliyi 765,75 manat olmalıdır. Həmçinin, həmin məlumat vərəqəsində vəzifə maaşı 270,00 manat, rütbə maaşı 130,00 manat göstərilməklə, düzgün hesablanmamışdır. Belə ki, qeyd olunan məbləğlər də xidmət illərinə əlavədə olduğu kimi 10 faiz artırılmalıdır. 2) Ona pensiya təyin edildiyi 2015-ci ildən etibarən əmək pensiyasına əlavələr 20 ildən yuxarı hərbi xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla hesablanmışdır. Məlumat vərəqəsinə düzəlişlə bağlı məhkəmə qərarlarından sonra isə pensiyasına əlavələr 01 iyul 2017-ci il tarixədək 3 faiz, həmin tarixdən sonra isə 2 faizlə hesablanmışdır. Hesab edir ki, ona pensiya təyin edildiyi zaman əlavələr 3 faizlə hesablandığından yenidən hesablanma zamanı da bu qaydada davam etməli idi.
42. İddiaçının 1-ci dəlilinə münasibətdə kollegiya apellyasiya məhkəməsinin məhkəmə qərarına izahla bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı təminat xərcliyinin məbləğinə münasibətdə məhkəmə qərarında qeyri-müəyyənliyin olduğu qənaətindədirsə, qərarın izah edilməsi ilə bağlı Azərbaycan Respublkasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına ərizə ilə müraciət edə bilər.
43. Odur ki, bu dəlil özlüyündə əsassızdır. ... 44. İddiaçının 2-ci dəlili üzrə qeyd edilməlidir ki, kassasiya məhkəməsinin növbəti göstərişi cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının hansı qaydada hesablanmasına dair tam, şəffaf və müfəssəl açıqlama verilməli, apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə araşdırma aparılmalı olması ilə bağlıdır.
45. Bu göstərişlərə uyğun olaraq, apellyasiya məhkəməsində ikinci icraat zamanı iddiaçının əmək pensiyasının xx.xx.2020-ci il tarixli, 99 nömrəli yeni məlumat vərəqi əsasında hansı qaydada hesablanmasına dair cavabdeh tərəfindən mütəxəssis rəyi verilmişdir.
46. Mütəxəssis rəyindən görünür ki, iddiaçıya 11 oktyabr 2015-ci il tarixdə cavabdeh tərəfindən 36 il 1 ay 12 gün xidmət müddəti üçün təminat xərcliyinin (718,50 manat) 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra DİN tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 99 nömrəli yeni məlumat vərəqi əsasında iddiaçının əmək pensiyası 2021-ci ilin yanvar ayında keçmiş 3 il müddət üçün yenidən hesablanmışdır. İddiaçının təminat xərcliyi 1 mart 2018-ci il tarixdən 863,95 manat təşkil etmişdir. 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (808,45 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı təminat xərcliyi (863,95 manat) arasındakı fərq məbləği (55,50 manat) Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.5ci bəndinə əsasən hesablanmaqla, təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi 87,17 faiz (20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi, 20 ildən artıq xidmət müddətinin (16 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (16x2) təminat xərcliyinin 32 faizi, natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi) müəyyən edilmişdir. Təminat xərclikləri arasında fərq məbləğinin (55,50 manat) 87,17 faizi - 48,38 manat 1 mart 2018-ci il tarixədək olan əmək pensiyasının (808,45 manat) üzərinə əlavə olunmaqla, iddiaçıya 856,83 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixdən etibarən iddiaçının təminat xərcliyi 1029,00 manat təşkil etmişdir.
47. Rəydən müəyyən edildiyi kimi, təminat xərcliyi 718,5 manat göstərilən məlumat vərəqəsi əsasında cavabdeh tərəfindən iddiaçıya 2015-ci ildə pensiya təyin edilərkən pensiyaya əlavələr Qanunun 20.14-cü və 20.14.1-ci maddələrinin həmin dövrdə qüvvədə olan redaksiyalarına uyğun olaraq 20 ildən yuxarı hərbi xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında müəyyən edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin məlumat vərəqəsi qanunsuz sayılaraq, təminat xərcliyi 758,5 manat müəyyən edilən yeni məlumat vərəqəsi tərtib edilmişdir. Yeni məlumat vərəqəsi əsasında iddiaçıya pensiya təyin edilərkən isə cavabdeh orqan tərəfindən pensiyaya əlavələr “2017ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.5-ci bəndinə əsasən hesablanmışdır.
51. İddiaçıya da əmək pensiyası 2015-ci ildə təyin edilərkən 20 ildən yuxarı hərbi xidməti üçün onun 716,50 manat məbləğində təminat xərcliyinin 3 faizi miqdarında əlavə müəyyən edilmişdir.
52. Nəzərə almaq lazımdır ki, 2015-ci ildə məlumat vərəqəsi inzibati orqanın (DİN) təqsirli hərəkətləri nəticəsində yanlış tərtib edilərək (xidmət illərinə görə əlavə vəzifə maaşının 40 faizi məbləğində hesablanaraq) təminat xərcliyinin məbləği 40 manat daha az göstərilmişdir. Bu baxımdan, iddiaçı həmin məlumat vərəqəsində göstərilən xidmət illərinə görə əlavənin məbləği ilə razılaşmadığından bu məlumat vərəqəsinin yenilənməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin məlumat vərəqəsinin düzgün tərtib edilmədiyi müəyyən edildiyindən yeni məlumat vərəqəsinin tərtib edilməsi öhdəliyi iddiaçının xidmət etdiyi DİNin üzərinə qoyulmuşdur.
53. Həmin məhkəmə qərarının icrası nəticəsində xx.xx.2020-ci il tarixdə tərtib edilmiş məlumat vərəqinin məlumatlarından da göründüyü kimi, bu məlumat vərəqəsi ilkin – 2015-ci il tarixli məlumat vərəqəsindəki məlumatları təkrarlamaqla, yalnız xidmət illərinə əlavənin hesablanması hissəsində inzibati orqanın səhvi düzəldilməklə tərtib edilmişdir. Başqa sözlə, həmin məlumat vərəqəsi elə məhz 2015-ci il tarixli məlumat vərəqəsinin əvəzində verilmişdir.
54. Lakin mütəxəssis rəyindən göründüyü kimi, cavabdeh orqan yeni məlumat vərəqəsi əsasında iddiaçının pensiyasını xx.xx.2021-ci il tarixdə yenidən hesablayarkən ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü və 20.14.1-ci maddəsinin pensiya təyin edilən dövrdə qüvvədə olan redaksiyasına uyğun olaraq, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi miqdarında əlavə müəyyən etməmiş, pensiyaya əlavələri başqa normativ hüquqi aktın - “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5ci bəndi tətbiq edilməklə, hesablayaraq təminat xərcliyinin artım hissəsinə faiz dərəcəsi (20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 2 faizi əlavə olmaqla) tətbiq etmişdir.
55. Halbuki, həmin Qaydanın 1.1-ci və 1.2-ci bəndlərinin məzmunundan görünür ki, bu normativ hüquqi-akt tamamilə başqa münasibətləri tənzimləyir. ... 61. Odur ki, iddiaçının əmək pensiyası məhkəmə qərarının icrası nəticəsində tərtib edilmiş məlumat vərəqəsi əsasında yenidən hesablanan zaman ona münasibətdə, ümumiyyətlə, “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” tətbiq edilməməli, pensiya təyin edilən dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü və 20.14.1-ci maddələrinin tələbinə uyğun qaydada 20 ildən yuxarı xidmət müddəti təminat xərcliyinin 3 faizi miqdarında müəyyən edilməklə yenidən hesablanmalı idi.
62. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının 2021ci ildə yenidən hesablanması zamanı yanlışlığa yol verilmişdir.
63. Belə olan halda isə iddiaçı 758,5 manat təminat xərcliyinin 3 faizi miqdarında pensiyaya əlavələr almaq hüququndan məhrum olmuşdur.
64. Nəzərə almaq lazımdır ki, inzibati orqanın təqsirli hərəkətləri nəticəsində iddiaçı müvafiq hüququndan məhrum edilə bilməz. ... 67. Göründüyü kimi, iddiaçı əmək pensiyasının xx.xx.2021-ci il tarixdə yenidən hesablanması zamanı Qanunun 32.1-1-ci maddəsinin tətbiq edilərək, son 3 üzrə hesablama aparılmasından da narazıdır. ... 72. Hazırkı işin hallarından görünür ki, iddiaçının ona pensiya təyin edilməsi zamanı əsas götürülən məlumat vərəqəsi ilə razılaşmayaraq, DİN-ə qarşı yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı iddiası üzrə ilkin məhkəmə qərarı 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi tərəfindən 29 mart 2018-ci il tarixdə qəbul edilmişdir.
73. Lakin bununla bağlı iddiaçı tərəfindən DİN-ə edilmiş müraciətlər, ona verilən imtina cavabı, xüsusilə də, müraciətin ilk dəfə nə vaxt edildiyi ilə bağlı isə hazırkı işdə sübutlar yoxdur”. Məhkəmə iclas(lar)ında iştirak edən İddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, Daxili İşlər Nazirliyi ilə problemi yoxdur. ... Məlumat vərəqəsini mübahisələndirmir. Mübahisəsi Dövlət Sosial Müdafiə Fondu ilədir... Yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı ilk dəfə DİN-ə hansı tarixdə müraciət etdiyi yadında deyil. Həmin müraciət onda qalmayıb. Məhkəmə iclas(lar)ında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 ona verilmiş suallara cavab olaraq bildirdi ki, inzibati orqan ikinci məlumat vərəqəsinin birincini əvəz etdiyi mövqeyini qəbul etmir. Hesab edir ki, bu yenidən hesablanma olduğundan və məlumat vərəqəsi də 2020-ci ildə verildiyindən iddia tələbi əsassızdır. Həmin vaxti qüvvədə olan qanunvericilik əsas götürürürlər. ... Daxili İşlər Nazirliyinə sorğu veriblər, inzibati icraatla bağlı sənədləri tələb etmişlər, lakin onlara ancaq 2024-cü ilə dair sənədlər göndərilmiş, hətta inzibati icraatın materialları göndərilməmişdir. İnzibati icraat 90 günlük təşkil etməsini əsas götürərək, 04 dekabr 2017-ci ildən əvvəlki 90 günlük tarix isə 2017-ci ilin sentyabrına uyğun gəlir. ... Hazırda iş materiallarında müvafiq sorğuya cavab əldə edə bilmədiyindən, hesab edir ki, mövcud əsaslara istinad edə bilərlər, mövcud əsas də “İnzibati icraat haqqında” Qanundur. ... İnzibati orqan bu məsələdə sadəcə hesablamanı edir, hesablamanı da təqdim edilmiş məlumat vərəqəsi əsasında aparır. Onlara da məlumat vərəqi 2018-ci ildə məhkəmə qərarından sonra təqdim edilmişdir. Yəni inzibati orqan da burada müvafiq qanunvericlilyi tətbiq etməkdə haqlı olmuşdur. Çünki, 2017-ci iln əvvəlində hesablanarkən 3%-ilə hesablayıblar, daha sonra məlumat vərəqi verildiyindən ona əsasən hesablama aparılmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman düzgün nəticəyə gəlinməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya pensiya təyin edilən vaxt qüvvədə olan (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş) redaksiyasının: 20.14-cü maddəsinə əsasən, bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 01 iyul 2017-ci il tarixdən qeyd olunan maddəyə edilmiş dəyişikliyə əsasən: 20.14. Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Göründüyü kimi, iddiaçıya 2015-ci ildə pensiya təyin edilən dövrdə qüvvədə olan qanunvericilik 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə müəyyən edirdi. Hazırkı mübahisənin əsası ondan ibarətdir ki, iddiaçıya pensiya ilkin təyinat zamanı yanlış tərtib edilmiş məlumat vərəqəsi əsasında hesablanmış, sonradan həmin yanlışlıq məhkəmə qərarı ilə aradan qaldırılmış, lakin cavabdeh inzibati orqan yeni məlumat vərəqəsini tətbiq edərkən əvvəlki hüquqi vəziyyəti bərpa etmək əvəzinə, artıq sonrakı dövrdə qüvvəyə minmiş fərqli normativ tənzimləməni əsas götürərək hesablamanı başqa model üzrə aparmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1127/2025 saylı qərarının 52-54-cü bəndlərində qeyd edilmişdir ki, 2015-ci ildə tərtib edilmiş məlumat vərəqəsi inzibati orqanın təqsirli hərəkəti nəticəsində yanlış olmuş, təminat xərcliyi az göstərilmiş, sonradan yeni məlumat vərəqəsi isə həmin ilkin sənədin təkrarı olmaqla yalnız səhv hissənin düzəldilməsi məqsədilə verilmişdir. Başqa sözlə, 2020-ci ildə verilmiş yeni məlumat vərəqəsi hüquqi təbiətinə görə yeni hüquq yaradan müstəqil sənəd deyil, o, 2015-ci il tarixli məlumat vərəqəsinin əvəzində verilmiş, əvvəlki qanunsuzluğun nəticələrini aradan qaldırmağa xidmət edən sənəddir. Məhkəmə kollegiyası hesab edir ki, əgər yeni məlumat vərəqəsi yeni hüquqi fakt yox, əvvəlki qüsurlu hüquqi faktın düzəldilmiş formasıdırsa, onda pensiyanın hesablanmasında da başlanğıc hüquqi rejim bərpa edilməli, şəxsin hüququna sonradan qüvvəyə minmiş, onun vəziyyətini pisləşdirən norma tətbiq olunmamalıdır. İddiaçının mövqeyi də tam olaraq bu məntiqə söykənir. O, yeni məlumat vərəqəsinin mövcudluğunu özü üçün müstəqil yeni təminat əsası kimi deyil, 2015-ci ildən etibarən ona düzgün verilməli olan hüququn gecikmiş şəkildə tanınması kimi qiymətləndirir. Bu zaman onun əsas arqumenti ondan ibarətdir ki, pensiya ilkin təyinat zamanı 20 ildən yuxarı xidmət müddətinin hər ili üçün 3 faiz əlavə prinsipi ilə hesablanmış və 2020-ci ildə yalnız təminat xərcliyinin səhv baza məbləği düzəldildiyindən həmin 3 faizlik hüquqi rejim dəyişmədən qalmalı idi. Cavabdeh isə əksinə, belə hesab edir ki, ikinci məlumat vərəqəsi verilən zaman qanun artıq dəyişdiyindən yeni hesablamada 2 faizlik hüquqi rejim tətbiq olunmalıdır. Hazırkı apellyasiya icraatında da cavabdeh inzibati orqan bu mövqe üzərində durmuş və yuxarıda qeyd olunduğu kimi, cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, inzibati orqan ikinci məlumat vərəqəsinin birincini əvəz etdiyi mövqeyini qəbul etmiri və hesab edir ki, bu yenidən hesablanma olduğundan və məlumat vərəqəsi də 2020-ci ildə verildiyindən iddia tələbi əsasızdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu yanaşması, əslində, maddi hüququn təbiətini təhrif edir. Çünki burada yenidən hesablanma səbəbi təminat xərcliyində sonrakı artım deyil, əvvəlki inzibati səhvin aradan qaldırılmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası da məhz bunu vurğulayaraq qərarında qeyd etmişdir ki, “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” tamamilə başqa münasibətləri tənzimləyir və hazırkı halda tətbiq edilə bilməz”. Bu yanaşma hüquqi sistematika baxımından da tam əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya pensiya təyin edilən vaxt qüvvədə olmuş redaksiyasına əsasən, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə müəyyən edilirdi. Sonradan edilmiş dəyişikliklə həmin göstərici müəyyən şəxslər üzrə 2 faizlə əvəzlənmişdir. Lakin ümumi hüquq nəzəriyyəsinə görə, şəxsin hüquqi vəziyyətini ağırlaşdıran sonrakı normativ dəyişiklik əvvəlki dövrdə yaranmış və ya yaranmalı olan hüquqi nəticəyə avtomatik surətdə şamil edilə bilməz. Xüsusilə o hallarda ki, hüququn düzgün realizə olunmaması şəxsin deyil, inzibati orqanın təqsirindən irəli gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hazırkı iş üzrə son qərarında bildirmişdir ki, yeni məlumat vərəqəsi əsasında yenidən hesablanma zamanı cavabdeh tərəfindən yanlışlığa yol verilmiş, iddiaçı 758,5 manat təminat xərcliyinin 3 faizi miqdarında pensiyaya əlavələr almaq hüququndan məhrum olmuş və inzibati orqanın təqsirli hərəkətləri nəticəsində iddiaçının bu hüquqdan məhrum edilməsi yolverilməzdir. Belə bir hüquqi qiymətləndirmədən sonra iddianın əsassız sayılması yalnız o halda mümkün olardı ki, sonrakı araşdırma həmin nəticəni təkzib edən yeni və sübutlar ortaya çıxarsın. Halbuki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Ali Məhkəmənin göstərişləri icra edilmiş, həm cavabdehə, həm Daxili İşlər Nazirliyinə sorğular verilmiş, iddiaçının mövqeyi dəqiqləşdirilmiş, cavabdehin hüquqi əsaslandırması alınmış və beləliklə, mübahisənin predmeti tam aydınlaşmışdır: iddiaçı məlumat vərəqəsinin özünü deyil, həmin vərəqə əsasında cavabdehin apardığı hesablamanı mübahisələndirir və hesab edir ki, 3 faiz tətbiq olunmalı idi, cavabdeh isə qəti surətdə 2 faizlik rejimin tətbiqini müdafiə edir. İşin digər mühüm tərəfi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqi ilə bağlıdır. Ali Məhkəmə bu məsələni ayrıca vurğulayaraq, yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı ilk müraciətin nə vaxt edildiyinin aydınlaşdırılmalı olduğunu göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə də müvafiq araşdırma aparmış, Daxili İşlər Nazirliyinin sorğuya cavabından ən erkən müraciət tarixinin 2018-ci ilə aid olduğu müəyyən edilmiş, bundan sonra məhkəmə tərəfindən ilkin inzibati işin materialları da tələb edilmiş, həmin materiallarda xx.xx.2017-ci il tarixə aid Daxili İşlər Nazirliyinin iddiaçıya ünvanlanmış cavab məktubu aşkar edilmişdir. Cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Pensiyanızın yenidən hesablanması barədə Daxılı İşlər Nazirliyinə daxıl olmuş ərizənizə DİN-in Maliyyə Plan idarəsində baxılmışdır. Qaldırılan məsələ ilə əlaqədar pensiya işinizə baxış keçirilmiş və müəyyən edilmişdir kı, Sız, DİN-ın xx.xx.2015-ci il tarixli 2593 ş/h saylı əmri ilə Nərimanov RMİ-nın taqım komandiri vəzifəsindən polis mayoru rutbosı ilə «yaşa» görə daxili işlər orqanlarından xaric edılmsinız. Pensiya təyini üçun xidmət müddətiniz təqvimi hesablama ilə 28 il, 4 ay, 28 gün, imtiyazlı hesablama ilə 36 il, 1 ay, 12 gün təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli 54 lll-Q nömrəli Qanununa əsasən, pensiya almaq hüququnuz olan 36 il xidmət illəriniz nəzərə alınaraq, xidmət etdiyiniz sonuncu vəzifənin müvafiq təminat xərcliyının 100 faizi hesabı ilə pensiya təyin edilməsi ilə bağlı tərtib edilmiş Məlumat Vərəqi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə göndərilmişdir ... “. Lakin həmin inzibati işin materiallarında da vətəndaşın ilkin olaraq inzibati orqana hansı tarixdə müraciət etməsinə dair hər hansı sübut mövcud deyil. Cavabdeh inzibati orqan bu boşluğu ehtimalla doldurmağa çalışaraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun tələblərindən çıxış edilsə, iddiaçı inzibati orqana həmin dekabr məktubundan təxminən 90 gün əvvəl müraciət etmiş ola bilər, bu da 2017-ci ilin sentyabr ayına təsadüf edir. Lakin belə bir yanaşma hüquqi baxımdan yetərli sayıla bilməz. İnzibati mübahisədə faktın mövcudluğu ehtimal əsasında deyil, sübutlar əsasında müəyyən edilməlidir. Xüsusilə vətəndaşın sosial təminat hüququnun həcmini azaldan və onun almalı olduğu ödənişi məhdudlaşdıran nəticə ehtimala söykənə bilməz. Burada əsas məsələ sübutetmə yükünün kimə aid olmasıdır. Müraciətin qeydiyyatı, saxlanılması, arxivləşdirilməsi və iş materiallarında qorunması vətəndaşın yox, inzibati orqanın vəzifəsidir. Əgər dövlət orqanı və ya onunla bağlı qurum iddiaçının ilkin müraciətinin dəqiq tarixini təqdim edə bilmirsə, həmin sübut boşluğu avtomatik şəkildə vətəndaşın əleyhinə işləməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyri-müəyyənlik sosial hüququn daşıyıcısı olan şəxsin xeyrinə təfsir edilməli və müraciətin daha erkən tarixdə edildiyi ehtimalı qəbul olunmalıdır. Belə ki, iş materiallarında iddiaçının ilk müraciət tarixini təkzib edən sübut olmadığından, habelə 2017-ci ilin dekabr ayına aid cavab məktubu belə müraciətin ondan əvvəl mövcudluğunu təsdiqlədiyindən, ilkin müraciətin dəqiq tarixinin müəyyən edilməməsinin mənfi nəticələrinin vətəndaşın üzərinə qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Burada həmçinin nəzərə alınmalıdır ki, iddiaçı bu hüququnu passiv şəkildə illərlə gözləyən şəxs olmayıb. Əksinə, o, yanlış məlumat vərəqəsini mübahisələndirib, ayrıca məhkəmə işi aparıb, yeni məlumat vərəqəsinin verilməsinə nail olub. Bu, onun hüququna laqeyd qalmadığını, onu vaxtında və davamlı şəkildə müdafiə etdiyini göstərir. Beləliklə, iş materiallarında olan sənədlərin sistemli təhlili göstərir ki, iddiaçının tələbi sadəcə daha yüksək pensiya almaq arzusu kimi təqdim edilə bilməz. Onun tələbi əvvəlki qəti məhkəmə qərarı əsasında düzəldilmiş baza göstəricisinin pensiya münasibətində tam və ardıcıl tətbiqinə yönəlmişdir. Bir tərəfdən, ilkin 2015-ci il məlumat vərəqəsinin qanunsuzluğu artıq məhkəmə qaydasında müəyyən edilmiş, digər tərəfdən, sonrakı hesablamanın məhz niyə əvvəlki hüquqi rejimdən deyil, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndindən çıxış etməklə aparıldığı aydın və yoxlanıla bilən şəkildə əsaslandırılmamışdır. Bu şəraitdə iddia ərizəsinin təmin olunmalı olması barədə nəticə həm maddi hüquq, həm prosessual hüquq, həm də sosial təminat hüququnun qoruyucu mahiyyəti baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlməmiş, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3353/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 15 dekabr 2020-ci il tarixli, 99 nömrəli məlumat vərəqəsi əsasında, pensiyanın ilkin təyin edildiyi dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14 və 20.14.1-ci maddələrinin tələblərinə uyğun olaraq, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 (üç) faizi miqdarında əlavə nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən yenidən hesablanması öhdəliyi qoyulsun. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov