Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3378/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Arif qızının sədrliyi və məruzəsi ilə, X2 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, İddiaçı İddiaçının vəkili X1 Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə 03 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia qaldıraraq iddiaçının Azərbaycan Respublikasının Cavabdeh X7 Xidmətinin X7 işini təşkili şöbəsinin İctimai X3 rəisi vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh X7 Xidmətində çalışmışdır. 2023-cü ilin növbəti məzuniyyət hüququndan istifadə edərək xx.xx.2023-cü il tarixində 15 günlük müddətə məzuniyyətə çıxmış, məzuniyyət təqrirində qeyd etdiyi kimi məzuniyyətini keçirmək üçün Yevlax rayonunda olmuşdur. xx.xx.2023-cü il tarixində Xidmətin kadrlar şöbəsinin əməkdaşı onunla əlaqə saxlayaraq bu gündən xidməti zərurətlə bağlı işə çıxmalı olduğunu və dərhal Nazirliyin Kadrlar Siyasəti Baş İdarəsinə getməli olduğunu bildirmişdir. İddiaçı isə bununla bağlı məlumatı olmadığını, övladının xəstə olduğunu və məsafə baxımından uzaq olduğundan həmin gün gələ bilməyəcəyini, yalnız sabah gələcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixində Nazirliyə getmiş, onu Nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi qəbul etmiş və təkidlə öz arzusu ilə xidmətdən çıxmağına görə təqrir yazmağını tələb etmişdir. İddiaçı bunun səbəbini soruşanda heç bir səbəbin olmadığını, lakin belə gərək olduğunu bildirmişdir. İddiaçı xidmət etmək arzusunda olduğunu, işdən çıxmaq istəmədiyini və sonradan bu qanunsuz tələbi yerinə yetirməyəcəyini bildirmişdir. Həmin gün orda olduğu müddət ərzində dəfələrlə bu tələb iddiaçıya qarşı qoyulsa da qətiyyətlə etiraz edərək bu qanunsuz tələbə yox demişdir. Sonra Baş İdarənin əməkdaşları tərəfindən xidməti vəsiqəsi iddiaçıdan alınmışdır və o, Nazirliyi tərk etmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixində yenidən Nazirliyin həmin Baş İdarəsinə çağırılmış, yenə həmin qaydada iddiaçıdan öz xahişi ilə işdən azad olunmağı barədə təqrir yazmaq istənilmişdir. Dəfələrlə bunun səbəbini soruşsa da, heç bir əsas gətirilməyərək təqrir yazmadığı təqrirdə gələcəkdə onun işinə problem yaradılacağı bildirilmişdir. Həmin vaxt gərgin və depressiya vəziyyətində olduğundan səhhətinin pisləşdiyini hiss etmişdir. İdarənin əməkdaşları onunla birlikdə Nazirlikdə yerləşən tibb məntəqəsinə getmişlər. Tibb işçiləri ona qan təyziqinin yüksək olduğunu bildirmiş və təxminən 1 saata yaxın iddiaçıya tibbi yardım göstərilmişdir. Sonradan vəziyyəti normallaşdığı üçün o, Nazirliyi tərk etmişdir. xx.xx.2023-cü il tarixində səhər radələrində özünü çox piss hiss etdiyindən özəl klinikaya müraciət etmişdir. Müəyyən testlərdən sonra qan təzyiqi normadan çox olduğu üçün və səhhətində problemlər yarandığından həmin klinikada stasionar müalicəsi başlamışdır. xx.xx.2023-cü il tarixində xidmət etdiyi xidmətin əməkdaşlarından onun öz arzusu ilə xidmətkeçməsinə xx.xx.2023-cü il tarixindən xitam verildiyi bildirilmişdir. xx.xx.2023-cü il tarixində Nazirliyin həmin Baş idarəsinin əməkdaşı əlaqə saxlayaraq idarə rəisinin onunla görüşmək istədiyini və iddiaçı barədə müsbət qərarın olduğunu bildirmək üçün Nazirliyə gəlməyini istəmişdir. O, həmin gün Nazirliyə getmiş, Baş İdarənin rəisi onu qəbul etmiş, ona bu qaydada davranmamağını, rəhbərliyi əsəbləşdirməməyini bildirmiş və iddiaçıya söz vermişdir ki, işdən azad olunmağı barədə təqriri yazdığı halda o, yenidən işə bərpa olunacaqdır.İddiaçıya işdən azad olunmaq haqqında öz xahişi ilə köhnə tarixlə, yəni xx.xx.2023-cü il tarixi ilə təqrir yazdırılmış, həm də sonra həmin gün xx.xx.2023-cü il tarixinə yenidən xidmətə bərpa olunmaqla bağlı ona ərizə yazdırılmışdır. İddiaçıya söz verildi ki, xx.xx.2023-cü il tarixində işə yenidən bərpa ilə bağlı məsələ həll ediləcəkdir. Sonradan bir müddət gözləməli olduğu ona bildiriləndə artıq aldadıldığını anlamışdır.Əlavə olaraq bildirmək isdəyir ki, o, həmin təqriri yazmadığı müddətdə qohumlarına guya iddiaçının "tabesizlik' göstərdiyindən onlara da problem yarandığı bildirilmişdir. Sonradan onlar da Nazirliyə dəvət olunaraq ərizələri alınmışdır. İddiaçının xx.xx.2023-cü il tarixində bu qanunsuz tələblə qismən razılaşmağının səbəbi isə ətrafındakı insanlara qarşı olan "hücumlar” olmuşdur. Onu da qeyd etmək isdəyir ki, Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci bəndinə əsasən məzuniyyətdən geri çağırılsa da, həmin vaxt heç bir fövqəladə hal baş verməmiş, təxirəsalınmaz işlərin görülməsi zərurəti yaranmamışdır. Məzuniyyətdən gerı çağırılma barədə iddiaçıdan heç bir razılıq ərizəsi alınmamış, iddiaçı ilə razılaşdırılmamışdır. Bu günə qədər məzuniyyətdən geri çağırılma və xidmətkeçməsinə xilam verilməsi barədə əmrlərin heç biri ilə tanış edilməmişdir, əmrlərin surəti iddiaçıya təqdim olunmamışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı 07 avqust 2023-cü il tarixdə Cavabdeh rəhbərliyinə ailə vəziyyəti ilə əlaqədar olaraq xidmət keçməsinə xitam verilməsi barədə müraciət etmişdir. Müraciəti nəzərə alınaraq Nazirliyin 1508/ş nömrəli 7 avqust 2023-cü il tarixli Əmri ilə X7 Xidmətinin X7 işinin təşkili şöbəsinin İctimai X3 rəisi daxili xidmət mayoru İddiaçı xidmətkeçməsinə öz arzusu ilə xitam verilmişdir. X7 Xidmətinin 28 iyul 2023-cü il tarixli 0564/E nömrəli əmrinə əsasən X7 işinin təşkili şöbəsinin İctimai X3 rəisi daxili xidmət mayoru İddiaçı 03 avqust 2023-cü il tarixdən etibarən 15 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır. Xidmətin X7 işinin təşkili şöbəsinin İctimai obyektlərə nəzarət sektoru Respublika ərazisində fəaliyyət göstərən insanların kütləvi toplaşdığı ictimai-iaşə müəssisələrində, mehmanxanalarda, turizm mərkəzlərində yanğın təhlükəsizliyi sahəsində nəzarət funksiyasını həyata keçirir və qanunvericiliklə müəyyən edilmiş qaydada əhali tərəfindən yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarəti təşkil edir. Əhalinin təhlükəsizliyi məqsədilə nəzarət tədbirlərinin həyata keçirilməsi zərurəti yarandığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq X7 Xidmətinin 04 avqust 2023-cü il tarixli 0609/E nömrəli Əmri ilə X7 işinin təşkili şöbəsinin İctimai X3 rəisi daxili xidmət mayoru İddiaçı 07 avqust 2023-cü il tarixdən məzuniyyətdən geri çağırılması barədə əmr verilmişdir, İddiaçı məzuniyyətdən geri çağırılması barədə əmrlə razılaşmışdır. Lakin, ailə vəziyyəti ilə əlaqədar olaraq xidmət keçməsinə xitam verilməsi barədə 07 avqust 2023-cü il tarixdə təqrir yazaraq Cavabdeh rəhbərliyinə müraciət etmiş və Cavabdeh 1508/ş nömrəli 7 avqust 2023-cü il tarixli əmri ilə öz arzusuna uyğun olaraq xidmətkeçməsinə xitam verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəməsən xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı cavabdehin əmrinin ləğv edilməsi, İddiaçı xidmətə bərpa olunması, ona ödənilməmiş və buraxılmış iş günlərinə görə əmək haqqının,ona əlavələrin və mükafatların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin olunmamışdır.
5. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin ediəməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
6. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır.
IV. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2- 1(103)-3262/2024 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov (sədrlik edən və məruzəçi), M.Tağızadə və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024 -cü il tarixli, 2-1(112)-2340/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xidmətinə xitam verilməsi arzusunda olmadığını göstərsə də iş materiallarında olan iddiaçının özü tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli təqrirə əsasən iddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq xidmət keçməsinə xitam verilməsini cavabdehdən xahiş etmişdir. İddiaçı qeyd edilən təqririn onun iradəsini ifadə etmədiyini, təqriri təzyiq altında yazmasını göstərsə də buna dair sübutları məhkəməyə təqdim etməmiş, həmin sübutlar barədə məhkəməyə məlumat verməmişdir .
9. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.
V. Kassasiya instansiyası məhkəməsində icraat:
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)-1326/2025 nömrəli qərarı ilə (hakimlər: Z.Quliyev (sədrlik edən), N.Rəsulbəyeva və K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(103)-3262/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
11. Kassasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə qeyd etmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən 15 təqvim günü məzuniyyət verildiyi halda, onun cəmi 4 gün sonra məzuniyyətdən geri çağırılmasının hansı xidməti zərurətdən yaranması, o cümlədən müvafiq qanunvericilikdə, o cümlədən daxili təlimatlarda nəzərdə tutulmuş qaydada aparılıb-aparılmaması ümumiyyətlə araşdırma predmeti olmamışdır. İşdə iddiaçının məzuniyyətdən qayıdıb işə çıxması barədə ərizəsi mövcud deyildir. Belə olan halda apellyasiya məhkəməsi belə bir ərizənin mövcud olmadığı təqdirdə, işçinin vəzifəsindən azad edilməsi Əmək Məcəlləsində nəzərdə tutulmuş məzuniyyət hüququnun müddəalarına, o cümlədən prosedur qaydalarına riayət edilib-edilməməsini yoxlamalı idi, lakin bunu etməmişdir. Eyni zamanda apellyasiya məhkəməsi yuxarıda artıq göstərildiyi kimi, apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçının sözügedən təqririn təzyiq altında yazmasına dair sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, işin bu halı tam dərindən və hərtərəfli araşdırmamışdır, belə ki, iddiaçının xx.xx.2023-cü il tarixdə məzuniyyətdən geri çağırılması və adıçəkilən təqririn eyni tarixdə iddiaçı tərəfindən yazılıb cavabdehə verilməsi, sonradan iddiaçının işinə bərpası barədə rəsmi müraciət etməsi, yəni bu məsələlərin səbəbləri məhkəmə tədqiqatı predmeti olmamışdır. Digər tərəfdən apellyasiya məhkəməsi qərarında yazır ki, “həmin əmək qabiliyyətinin olmaması vərəqəsi ilə iddiaçının xidmətinə xitam verilməsi halları ilə səbəbli əlaqəsi halhazırda müəyyən olunmur.” Burada məntiqi bir məslə ortalığa çıxır ki, “hal-hazırda müəyyən olunmur” ifadəsi nə anlama gəlir. Belə ki, məhkəmə araşdırılması zamanı (“halhazırda”) bu müəyyən olunmasa, halbuki işin bütün halları araşdırılmalı idi, o halda məntiqi bir sual ortaya çıxır, sözügedən məsələ məhkəmə araşdırılması zamanı deyilsə də, nə vaxt və harada müəyyən olunmalıdır.
VI. Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müvafiq ərizələr onun tərəfindən cavabdeh qurumun tələbi ilə həmin gün deyil, sonradan tərtib olunub. Belə ki, ona həmin gün bildiriblər ki, onun məzuniyyətdə olduğu dövrdə ona məlum olmayan səbəbdən işdən çıxarılması barədə əmr verilmişdir. Həmin əmr üzrə icraatın tamamlanması üçün işdən çıxmasına dair ərizə, eləcə də eyni gündə yenidən işə bərpası üçün ərizə alınıb, yəni əmrin verildiyi gün onun işdən çıxma barədə ərizəsi faktiki olaraq mövcud olmamışdır. Əlavə olaraq bildirdi ki, onun məzuniyyətdən geri çağırılması üçün heç bir əsas olmamışdır. Məzuniyyətdən geri çağırılması üçün şifahi və ya yazılı razılığı olmamışdır. Belə ki, onun məzuniyyətə buraxılmasına dair əmrdə məzuniyyətdə olduğu dövrdə tutduğu vəzifənin icrası həmin sektorun böyük inspektoru, daxili xidmət polkovnik leytenantına həvalə edilmişdir. Həmçinin iddiaçının vəkili məhkəməyə iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizə təqdim edərək xidmətkeçməyə xitam verilməsi haqqında əmr ləğv edilməsini, İddiaçı eyni və ya uyğun vəzifəyə bərpa (təyin) edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən dəqiqləşdirilmiş ərizə apellyasiya icraatı zamanı qəbul edilmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmənin hazırki iş üzrə sorğusuna cavab olaraq bildirdi ki, İddiaçı öz arzusu ilə işdən azad olunub, məzuniyyətdən geri çağırılması onunla şifahi olaraq razılaşdırılıb, ona uyğun olaraq məzuniyyətdən geri çağırılıb. 4 avqust 2023-cü il tarixdə tərtib edilmiş əmrin ləğv edilməsi ilə bağlı hər hansı müraciəti daxil olmayıb. Məzuniyyətdən geri çağırılma səbəbi 2023-cü il avqust ayı tarixində ölkə ərazisində çoxsaylı yanğın hadisələrinın baş verməsidir. Avqust ayında ölkədə yanğınlar baş verib. 4 avqustda əmr verilib, 7 avqustda geri çağırılması planlaşdırılıb. Ayın 7-si özü ərizə yazaraq işdən çıxmaq istədiyini bildirib. Əmr 7 avqust tarixindədir. İddiaçının qeyd etdikləri həqiqətə uyğun deyildir. İddiaçı tərəfindən ərizə məhz qeyd edilən 07 avqust tarixində hər hansı hədə-qorxu olmadan özünün iradə ifadəsinə uyğun olaraq tərtib edilmişdir. İddiaçının əmək məzuniyyətindən geri çağırılmasının səbəbi ölkədə avqust ayında baş verən çoxsaylı yanğınlarla bağlı xidməti zərurətlə əlaqədar olmuşdur. Şəxs Cavabdeh Dövlət Yanğından Nəzarət Xidmətinin İctimai X3 rəisi vəzifəsində çalışırmış, FHN yanğın təhlükəsizliyinə cavabdeh orqandır. İddiaçı ilə xidməti münasibətlərə xitam verildikdən sonra həmin vəzifəyə onun yerinə təyinat aparılmamışdır, başqa adam işə götürülməyib. Həmçinin hazırda iddiaçının tutduğu vəzifə Fövqaladə Hallar nazirinin əmri ilə həmin vəzifə 2024-cü ilin 1 aprel tarixində ləğv olunub.
Əsaslandırıcı hissə VII. Tətbiq olunan hüquq
14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
17. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 2.1. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. 2.2. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. 2.3. əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Maddə 33. Fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilmənin əsasları 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə;
18. Əmək Məcəlləsi Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
19. İnzibati Prosessual Məcəllə: Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
VIII. Apellyasiya məhkəməsinin mövqeyi:
20. İddianın növü mübahisələndirmə növündə iddiadır və iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməklə iddia qaldırmaq üçün yol verilən prosessual müddəti ötürməmişdir.
21. Hazırki iş üzrə Ali Məhkəmənin mövqeyinə uyğun olaraq iddiaçı və cavabdeh arasında əmək münasibətləri həm də Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənir (46-cı bənd).
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2244/2024 nömrəli 22 fevral 2025-ci il tarixli qərarındakı göstərişlər: - Qeyd edilməlidir ki, işdə iddiaçının məzuniyyətdən qayıdıb işə çıxması barədə ərizəsi mövcud deyildir, belə olan halda apellyasiya məhkəməsi belə bir ərizənin mövcud olmadığı təqdirdə, işçinin vəzifəsindən azad edilməsi Əmək Məcəlləsində nəzərdə tutulmuş məzuniyyət hüququnun müddəalarına, o cümlədən prosedur qaydalarına riayət edilib-edilməməsini yoxlanılmalıdır. - iddiaçının xx.xx.2023-cü il tarixdə məzuniyyətdən geri çağırılması və adıçəkilən təqririn eyni tarixdə iddiaçı tərəfindən yazılıb cavabdehə verilməsi, sonradan iddiaçının işinə bərpası barədə rəsmi müraciət etməsi, yəni bu məsələlərin səbəbləri məhkəmə tədqiqatı predmeti olmalı olduğu halda olmamışdır.
23. Məhkəmə qeyd edilənlərə və Ali Məhkəmənin göstərişlərinə uyğun araşdırma apararaq müəyyən edir ki, ərizənin yazılma tarixinə və səbəblərinə dair tərəflərin izahatları fərqləndiyinə görə məhkəmə kollegiyası işə təqdim olunmuş sənədlərə əsasən qiymət verir. Həmin sənədlərə əsasən də müəyyən olunur ki, iddiaçıya xx.xx.2023-cü il tarixli əmrlə 03 avqust 2023-cü il tarixdən 15 təqvim günü müddətində məzuniyyəti verilmiş, 4 gündən sonra məzuniyyətdən geri çağırılaraq həmin gün, 07 avqust tarixində işdən çıxmasına dair ərizə təqdim etmişdir. Məhkəmə iddiaçının xidməti zərurətin mövcud olması əsası ilə geri çağırılmasını, əlbəttə ki, mümkün hesab edir. Lakin hazırki üzrə Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq həmin halın sonradan iddiaçı üçün əhəmiyyətli dərəcədə əlverişsiz nəticələr yaratdığını nəzərə alaraq hesab edir ki, qeyd edilən xidməti zərurətin mövcudluğu cavabdeh tərəfindən lazımi qaydada əsaslandırılmamışdır. Belə ki, iddiaçı tərəfindən iddiaçının vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Cavabdeh X7 Xidmətinin 0564/E saylı məzuniyyət əmrindən çıxarışdan görünür ki, İddiaçı məzuniyyətdə olduğu müddət ərzində səlahiyyətlərinin müvəqqəti icrası həmin sektorun böyük inspektoru, daxil xidmət polkovnik-leytanantı X6 həvalə edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən avqust ayında baş vermiş kütləvi yanğın hadisələrinə istinad edilsə də, qeyd edilən halı təsdiqləyən məlumatlar, hadisə yerinə çağırışlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən avqust ayında kütləvi yanğın hadisələrinin mümkün baş vermə ehtimalları cavabdeh quruma məlumdur. Belə olan təqdirdə, onun həmin vaxt məzuniyyətə çıxmasına icazə verilməsi də qeyd edilən xidməti zərurətin mövcudluğunu şübhə altına alır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun qeyd edilən arqumenti ümumi sözlərə əsaslanır.
24. İş materiallarında olan ərizənin iddiaçı tərəfindən tərtib olunması mübahisələndirilmir. Tərəflərin izahatlarına əsasən mübahisəli hal ərizənin əmrin tarixinindən əvvəl və ya sonra tərtib edilməsidir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, işdən çıxmaya dair ərizədə ancaq ərizənin tarixi (07 avqust) qeyd edilmiş və iddiaçının xidməti münasibətlərini dayandırmaq istədiyi gün göstərilməmişdir. Belə olan təqdirdə, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 5-ci hissələrinin tələblərinə əsasən cavabdeh tərəfindən bir aylıq müddətə riayət olunmalı idi. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qurum tərəfindən bir aylıq müddəti gözləmədən, ərizənin verildiyi tarixdə mübahisələndirilən əmrin verilməsi qanunsuz olmuşdur və bu səbəbdən ərizənin tərtib olunma tarixi barədə hər hansı əlavə araşdırma aparma zərurəti yoxdur. Belə ki, qeyd edilən hal əmrin ləğv edilməsi üçün yetərli əsasdır.
26. Digər tərəfdən iddiaçı həmin bir aylıq xəbərdarlıq müddətində, yəni 22 avqust tarixində işə bərpa olunma niyyətini ifadə edən ərizə ilə cavabdeh quruma müraciət etmiş (həmin müraciətdə işdən çıxma barədə ərizə imzalamadığını bildirir), bununla, faktiki olaraq belə ərizə vermiş olsa belə, (əvvəlki ərizəsini) geri götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən müddətdə iddiaçının tutduğu həmin vəzifəyə yeni işçi də təyin olunmamışdır və ya bununla bağlı iddiaçıya hər hansı xəbərdarlıq edilməmişdir. Odur ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin tələbinə əsasən iddiaçının ərizəsini geri götürməsini istisna edən hal da mövcud olmamışdır.
27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr ləğv olunmalı, İPM-in 70.3-cü maddəsinə uyğun olaraq iddiaçının eyni və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa (təyin) edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, işə bərpa məcburi iş buraxma müddəti üçün əmək haqqının (və əlavələrin) ödənilməsini də əhatə edir və işə bərpanın hüquqi nəticəsidir.
Nəticə hissəsi
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2024 nömrəli iş üzrə xx.xx.2024-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh “X7 Xidmətinin X7 işinin təşkili şöbəsinin İctimai X3 rəisi daxili xidmət mayoru İddiaçı xidmətkeçməsinə öz arzusu ilə xitam verilməsinə dair” 1508/ş nömrəli 7 avqust 2023-cü il tarixli Əmri ləğv edilsin. İddiaçı eyni və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa (təyin) olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Pərviz Hüseynov Orxan İsmayılov