Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-338/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4003/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsi, cavabdeh tərəfindən verilmiş elektron imtinanın tələb edilib alınması, o və ailə üzvü 2006-cı il təvəllüdlü Domnic Savioura qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, DMX əməkdaşları tərcüməçi vasitəsilə onun ifadəsini aldıqdan sonra məsələyə birtərəfli yanaşmışlar, oğlu ilə birlikdə tərk etdiyi dövlətdə olan real vəziyyəti, onun ölkəni tərk etməsində ciddi təhlükə ilə qarşı-qarşıya qalmağını, onun həyati təhlükədə qaldığı təqdirdə yetkinlik yaşına çatmayan oğlunun ortalıqda qalmasını, çətinliklərlə qarşılaşacaqlarını nəzərə almamışlar. Onun öz ölkəsinə qayıtmağı ona ciddi çətinliklər yaradacağından Azərbaycan Respublikasında qaçqın statusunun alınması onun rahat yaşamağına səbəb olacaqdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırib, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı iddiaçı Pakistanın Sind vilayətinin Karaçi şəhərində anadan olduğunu, həmin şəhərdə 12 illik təhsil aldığını, heç yerdə işləmədiyini, 1998-ci ildə ailə həyatı qurduğunu, bu evlilikdən üç övladının dünyaya gəldiyini, iki övladının hazırda Pakistanda yaşadığını bildirmişdir. Ərizəçi ailə qurduqdan sonra 2000-ci ildən etibarən əri Zafar Maqbul tərəfindən fiziki zorakılığa məruz qaldığını, bütün bunlardan bezdiyini, bu səbəbdən ölkəsini tərk etmək istədiyini və oğlu Domniclə birlikdə xx xxxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini demişdir. İddiaçının ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı özünün və oğlunun adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportları təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Lakin digər məlumatların təhlili zamanı onun söylədikləri, yəni onun ailə-məişət zəminində əri ilə tez-tez mübahisə etməsi, bu mübahisələrin 2000-ci ildən başladığı, mübahisə zamanı əri tərəfindən müxtəlif fiziki təzyiq və zorakılığa məruz qalması, bununla bağlı hər hansı hüquq-mühafizə orqanına müraciət etməməsi, həmçinin ərindən boşanması ilə bağlı məhkəmə orqanlarında iddianın qaldırılmaması və son olaraq, məhz bu problemlə bağlı ölkəni tərk etmək qərarına gəlməsi onun söylədiklərini inandırıcılıq baxımından şübhə altına almış və qəbul edilməmişdir. Qeyd edilən şübhənin aradan qaldırılması ilə bağlı iddiaçı lazımi izahatlar verə bilmədiyindən bu şübhə onun xeyrinə həll edilməmişdir. Araşdırma zamanı iddiaçının əri Zafar Maqboolun xx xxxxxx 2018-ci il tarixdə oğlu Kristofer Antoni ilə birlikdə qaçqın statusu almaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyi və barəsində qaçqın statusu verilməsindən imtina edilməsi haqqında İQ- 76/2 saylı xx xxxxxx 2017-ci il tarixli imtina qərarı qəbul edildiyi məlum olmuşdur. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “İnzibati icraat haqqında” AR Qanununun 21.1 və 21.2-ci maddələrinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada onun iştirakı ilə müzakirə edilmiş, Komissiyada dinlənilməsi, o, cümlədən qeyd edilən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı təmin edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılmaqdan imtina edilməsi haqqında xx.xx.2018-ci il tarixli Vİ-71/2 nömrəli qərarı ilə iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinə baxılmaqdan imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə görə, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb, oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmış, onun tərcüməçinin iştirakı ilə dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini ailə-məişət zəminində əri tərəfindən zorakılığa məruz qalması, bu səbəbdən ölkəsini tərk etməyə məcbur qalması ilə əlaqələndirmiş, müsahibə zamanı verdiyi izahatlardan isə onun hər hansı təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır, onun ölkəsində ailə-məişət zəminində zorakılığa məruz qalması ehtimalı isə əsaslandırılmış təqib qorxusuna uyğun deyil. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İPM-in 14.3-cü maddəsi), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu çəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4003/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-338/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-338/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver