Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-338/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1959-cu il tarixində Naxçıvan MR-in Babək rayonunun Hacıvar kəndində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, İnzibati bina, Ş.Mirzəyev küçəsi, ev 71 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)- 2853/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 24.11.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı Dost Mərkəzi tərəfindən onun 16.01.1984-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna qədər X1 Taksimotor Parkında taksi maşınının sürücüsü işləməsinin nəzərə alınaraq, həmin Mərkəzin üzərinə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əlilliyə görə əmək pensiyasının yenidən hesablanması barədə 11 iyun 2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətindən imtina olunmuşdur. 16 yanvar 1984-cü il tarixdən 1994cü ilin mart ayının sonuna qədər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən X1 Taksimator Parkının taksi maşınının sürücüsü işləmişdir. Bu barədə müvafiq arxiv arayışı almışdır. Lakin əmək vəzifələrinin icrasının əks etdirən əmək kitabçasını itirmişdir. Buna görə də DSMF-nun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən ona təyin olunmuş 126,95 manat məbləğdən artıq pensiya hesablanmır. Hesab edir ki, pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-2853/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunması qərara alınmışdır. İddiaçı 30.06.2021-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən onun 16.01.1984-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna qədər X1 Taksimotor Parkında taksi maşınının sürücüsü işləməsinin nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-2853/2021 nömrəli qərardadı ilə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-2853/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) İddia təmin edilmiş, İddiaçı 16 yanvar 1984-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna qədər X1 Taksimotor Parkında taksi maşınının sürücüsü işləməsinin əmək stajı kimi nəzərə alınaraq, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-2853/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X5 tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 18 mart 2021-ci il tarixli 02/33 nömrəli məktubun məzmunundan aydın olur ki, X1 Taksimotor Parkında taksi maşınlarının sürücülərinin 1992-1993-cü illərdə işləmələri və əmək haqqı almaları haqqında sənədlər Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunan məktubla iddiaçının cavabdeh quruma və məhkəməyə sübut qismində təqdim etdiyi 28 noyabr 1997-ci il tarixli arxiv arayışı arasında ziddiyyət mövcuddur. Belə ki, həmin arayışda iddiaçının bütün illər üzrə əmək haqqı alması qeyd edilmişdir. İşdə olan 15 noyabr 2018-ci il tarixli X3 13/1135 nömrəli arayışında isə əmək haqqına dair hər hansı bir məlumat verilməmiş, yalnız 1990-cı ilə qədər olan əmr kitablarının arxivə təhvil verilməsi, işdən azad olunma əmrinin olmaması göstərilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)- 2853/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - ASAN 4 tərəfindən 22.10.2014-cü ildə verilmiş AZE seriyalı 00****** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Naxçıvan MR, Babək rayonu, Hacıvar kəndində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən 21 may 2021-ci il tarixli məktubla birinci instansiya məhkəməsinə təqdim olunmuş iddiaçıya aid 153676 №li “pensiya işi”ndən müəyyən olunur ki, DSMF Nizami rayon şöbəsinin 611 №li 13.06.2018-ci il tarixli qərarı ilə İddiaçı 27.03.2018-ci il tarixdən 01.04.2023-cü il tarixədək əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Pensiya işinin materiallarına əlavə olunmuş; - NZ seriyalı ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı 15.10.1977-ci ildən 23.10.1979-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - İT-İ seriyalı ******* №li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 06.05.1994-cü ildən 08.04.2016-cı il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş **********5 №li 10.02.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı 153676 №li “pensiya işi” üzrə İİİ qrup əlilliyə görə müddəti 31.07.2023-cü il tarixədək müəyyən olunmuş 259,78 manat məbləğində əmək pensiyası alır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş; - 14/890 №li 28.11.2017-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, X1 Taksimotor parkının sənədlərinə baxıldıqda müəyyən edilmişdir ki, İddiaçı 16 yanvar 1984-cü ildə 03 №li əmrlə taksi maşınının sürücüsü qəbul edilmişdir, lakin onun işdən çıxma əmrinə rast gəlinməmişdir. Əmək haqqı cədvəllərində 1984-cü ilin yanvar ayından 1994-cü ilin mart ayı daxil olmaqla əmək haqqı alması sənədlərdə göstərilmişdir (Əsas fond: 27, s:8,1 a: 19,22) - 13/492 №li 30.04.2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, X1 Taksimotor Parkı sürücülərinin sənədlərinə baxıldıqda müəyyən edilmişdir ki, İddiaçı 16 yanvar 1984cü ildə 03 №li əmrlə sürücü qəbul edilməsi əmr kitablarında göstərilmişdir. Qeyd: 1995-ci ildən yuxarı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi üçün işdən azad edilməsi haqqında məlumat yoxdur (Əsas: fond- 27, siyahı-3, sax/vah. 579, 1006). Arxiv arayışına əlavə olunmuş əmək haqqın cədvəlində İddiaçı 1985-ci ildə yanvardekabr ayları üzrə; 1986-cı ildə yanvar-dekabr ayları üzrə; 1987-ci ildə yanvar-dekabr ayları (may ayı istisna olmaqla) üzrə; 1988-ci ildə yanvar-dekabr ayları üzrə; 1989- cu ildə yanvar-dekabr ayları üzrə; 1990-cı ildə mart-dekabr ayları üzrə; 1991-ci ildə yanvardekabr ayları (may və avqust ayları istisna olmaqla) üzrə; 1992-ci ildə yanvar-avqust üzrə; 1993-cü ildə mart ayı üzrə əmək haqqı alması qeyd olunmuşdur. Qeyd: Taksimator parkı sürücülərinin 1984, 1993-cü illərə dair əmək haqqı cədvəlləri, 1995-ci ildən yuxarı illərə dair əmr kitabları və əmək haqqı cədvəlləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməyib (Əsas: fond-27, siyahı -2 , sax/vah-914, 931, 942, 952, 970, 979). - cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********2 №li 06.07.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən İİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığorta stajının hesablanması zamanı nəzərə alınan və ya digər fəaliyyət müddətinin müəyyənləşdirilməsi əmək kitabçasına uyğun olaraq aparılır. Təqdim olunmuş sənədə əsasən sığorta stajının yenidən hesablanması mümkün deyildir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə sorğu ünvanlanaraq, qeyd edilmişdir ki, “İşin obyektiv və hərtərəfli araşdırılması üçün iş materiallarında olan 28.11.2007-ci il tarixli, 14/890 nömrəli arxiv arayışına əsasən qeyd edilmişdir ki, İddiaçı 16.01.1984- cü ildə 03 №li əmrlə taksi maşınına sürücü qəbul edilmişdir, lakin işdən azad olunması barədə məlumat yoxdur, əmək haqqı cədvəllərində 1984-cü ilin yanvar ayından 1994-cü ilin mart ayı daxil olmaqla əmək haqqı alması sənədlərdə göstərilmişdir, 18.03.2021-ci il tarixli, 02/33 nömrəli arxiv arayışına əsasən qeyd edilmişdir ki, X1 Taksimotor Parkında taksi maşınlarının sürücülərinin 1992-1993-cü illərdə işləmələri və əmək haqqı almaları haqqında sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi haqqında məlumatlar mövcud deyil, 15.11.2018-ci il tarixli, 13/1135 nömrəli arxiv arayışına əsasən qeyd edilmişdir ki, İddiaçı 16.01.1984-cü il tarixli, 03 №li əmrlə taksi sürücüsü qəbul edilməsi, 1985-ci ildən 25.04.1990-cı ilə qədər hər il növbəti məzuniyyətə getməsi əmr kitablarında göstərilmişdir, lakin əmr kitabları 1990-cı ilə qədər olduğu üçün işdən azad olunması haqqında məlumat yoxdur, 30.04.2021-ci il tarixli, 13/492 nömrəli arxiv arayışına əsasən qeyd edilmişdir ki, İddiaçı 16.01.1984-cü il tarixli, 03 №li əmrlə sürücü qəbul edilməsi əmr kitablarında göstərilmişdir, 1995-ci ildən yuxarı illərə dair əmr kitabları Arxivə təhvil verilmədiyi üçün işdən azad olunması haqqında məlumat yoxdur. Yuxarıda qeyd edilən arayışlarda mövcud olan uyğunsuzluqlar barədə və eyni zamanda İddiaçı həqiqətən Naxçıvan Avtonəqliyyat İdarəsində işləyib-işləməməsinə dair əmrləri, arxiv arayışlarının təsdiq edilmiş surətlərini, əmək haqqının alınıb-alınmaması, işə qəbul edilib, işdən azad olunması barədə əmrləri və digər məlumatları özündə əks etdirən sənədlərin təsdiq olunmuş surətlərini qısa müddətdə məhkəməyə təqdim olunması xahiş olunur.” Sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 02- 13 saylı, 21 yanvar 2022-ci il tarixli məktubu ilə İddiaçı işləməsi haqqında əmək haqqı cədvəllərində adının olması və məzuniyyət əmrinin surətləri və arxiv arayışı məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-cı il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Hazırkı işin hallarından görünür ki, iddiaçıya əmək pensiyası təyin edilmiş, lakin 16 yanvar 1984-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna qədər X1 Taksimotor Parkında taksi maşınının sürücüsü işlədiyi dövr cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan pensiya məbləği hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 16 yanvar 1984-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna qədər X1 Taksimotor Parkında taksi maşınının sürücüsü işləməsinin əmək stajı kimi nəzərə alınaraq, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı olduğundan qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Belə ki, , şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı 28.11.2007-ci il tarixli, 14/890 nömrəli arxiv arayışı ilə 18.03.2021-ci il tarixli, 02/33 nömrəli arxiv arayışı arasında olan ziddiyyətlərə aydınlıq gətirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə sorğu ünvanlanmış, cavab məktubu ilə İddiaçı işləməsi haqqında əmək haqqı cədvəllərində adının olması və məzuniyyət əmrinin surətləri və arxiv arayışı məhkəməyə göndərilmişdir. Məktuba əlavə edilmiş sənədlərə əsasən iddiaçının 16 yanvar 1984-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna qədər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən X1 Taksimator Parkının taksi maşınının sürücüsü vəzifəsində işləməsi və işlədiyi müddət ərzində əmək haqqı alması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iş materiallarında olan arxiv arayışlarında əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə göstərilmiş məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-2853/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-2853/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-338/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-338/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver