Məhkəmə qərarları › İş №2-1(103)-338/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-338/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-338/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X5 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-750/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-750/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixli, 2773003AABRC saylı tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 11 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Beynəlxalq Təsnifatı: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60- İ69-Serebrovaskulyar xəstəliklər => İ67-Digər serebrovaskulyar xəstəliklər => İ67.4 Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Ensefalopatiya.rezidual orqanik fonda. Hipertenzion sindrom. Assosiativ əlaqələlərin ləngiməsi; Meyar: 2.2. ikinci dərəcə əlillik => Digər: Ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 11 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69- Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.4 Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Ensefalopatiya.rezidual orqanik fonda. Hipertenzion sindrom. Assosiativ əlaqələrin ləngiməsi; Meyar: 2.2. ikinci dərəcə əlillik => Digər: Ensefalopatiya.rezidual orqanik fonda Hipertenzion sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69-Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.4 Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Ensefalopatiya.rezidual orqanik fonda. Hipertenzion sindrom. Assosiativ əlaqələrin ləngiməsi; Meyar: 2.2. ikinci dərəcə əlillik => Digər: Ensefalopatiya.rezidual orqanik forma Hipertenzion sindrom” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 11 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2773003AABRC saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69- Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.1 Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Əsas diaqnoz İ67.4 Hipertenziv ensefalopatiya, rezidual, orqanik fonda. Hipertenzion sindrom. Ağırlaşma G40.4 Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, tez-tez təkrarlanan qıcolmalarla (6-8 dəfə). Yanaşı xəstəliklər F48 digər neqativ pozğunluqlar, baş beynin üzvi xəstəliyi fonunda dissiosiativ konversion tipli nevrotik reaksiyalar; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə 4 nəfər vətəndaşın məhkəmə qərarlarına müvafiq olaraq tibbi-sosial ekspertizanın keçirilməsi məqsədi ilə əyani müayinəsini həyata keçirmiş və müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlilliyin təyin edilməsindən imtina qərarları verilmişdir. Məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı xx.xx.2014-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunaraq “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir, xx.xx.2015-ci il tarixdə təkrar müayinə zamanı həmin qərar qüvvədə saxlanılmışdır. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1. bəndinə müvafiq olaraq xx.xx.2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və görünən selikli qişaları adi rəngdədir, normal bədən quruluşuna malikdir. Obyektiv müayinə zamanı bəbəklərin işığa reaksiyası normal, D=S, dili orta xətt üzrədir. Sümüküstlüyü-vətər reflekslər canlı olub D=S.Əzələ tonusu normaldır.Romberq vəziyyətində dayanıqlıdır, əllərində və göz qapaqlarında tremor qeyd edilir. Emosional labildir, müayinə zamanı ağlayır, depressiv fon müşahidə olunur. İntellekti normaldır, mnestik funksiyaları pozulmayıb. Əsəbilik və yüksək oyanıqlıq müşahidə edilir. 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi dövrü əhatə edən epikrizində əsas xəstəlik kimi qeyd edilən “Ensefalopatiya (rezudual orqanik fonda) hipertenzion sindrom” diaqnozu əsasnaməyə müvafiq olaraq əlilliyin təyininə əsas vermir, ağırlaşma kimi qeyd edilmiş “tez tez təkrarlanan qıcolma tutmaları” diaqnozu isə anamnestik və obyektiv müayinə ilə təsdiqini tapmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 Həkim Psixiatr Komissiyasının xx.xx.2022-ci il tarixli 1085 saylı rəyində qeyd edilmiş “Baş beyinin üzvi xəstəliyi nəticəsində asteno-nevrotik sindrom” diaqnozu da əsasnaməyə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair dair Əsasnamə”yə uyğun olaraq şəxsdə hazırda əlilliyin təyininə əsas verən hallar aşkar edilmir və tam reabilitasiya hazırda əlillik əlaməti aşkar edilməməsi barədə qərar verilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Tam reabilitasiya olması” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hipertenziv ensefalopatiya, rezedual, orqanik fonda. Hipertenzion sindrom. Generalize olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, tez-tez təkrarlanan qıcolmalarla” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Tam reabilitasiya olması" qərarı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 4 nəfər vətəndaşın məhkəmə qərarlarına müvafiq olaraq tibbi-sosial ekspertizanın keçirilməsi məqsədi ilə əyani müayinəsini həyata keçirmiş və müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlilliyin təyin edilməsindən imtina qərarları verilmişdir. Məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı xx.xx.2014-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunaraq “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir, xx.xx.2015-ci il tarixdə təkrar müayinə zamanı həmin qərar qüvvədə saxlanılmışdır. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1. bəndinə müvafiq olaraq xx.xx.2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və görünən selikli qişaları adi rəngdədir, normal bədən quruluşuna malikdir. Obyektiv müayinə zamanı bəbəklərin işığa reaksiyası normal, D=S, dili orta xətt üzrədir. Sümüküstlüyü- vətər reflekslər canlı olub D=S. Əzələ tonusu normaldır. Romberq vəziyyətində dayanıqlıdır, əllərində və göz qapaqlarında tremor qeyd edilir. Emosional labildir, müayinə zamanı ağlayır, depressiv fon müşahidə olunur. İntellekti normaldır,mnestik funksiyaların pozulmayıb. Əsəbilik və yüksək oyanıqlıq müşahidə edilir. 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi dövrü əhatə edən epikrizində əsas xəstəlik kimi qeyd edilən “Ensefalopatiya(rezudual orqanik fonda) hipertenzion sindrom” diaqnozu əsasnaməyə müvafiq olaraq əlilliyin təyininə əsas vermir, ağırlaşma kimi qeyd edilmiş “tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu isə anamnestik və obyektiv müayinə ilə təsdiqini tapmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 Həkim Psixiatr Komissiyasının xx.xx.2022ci il tarixli 1085 saylı rəyində qeyd edilmiş “Baş beyinin üzvi xəstəliyi nəticəsində astenonevrotik sindrom” diaqnozu da əsasnaməyə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq şəxsdə hazırda əlilliyin təyininə əsas verən hallar aşkar edilmir və tam reabilitasiya - hazırda əlillik əlaməti aşkar edilməməsi barədə qərar verilir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin 2773003AABRC nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası xx.xx.2023-cü il tarixdə 1 nəfər vətəndaşın məhkəmə qərardadına müvafiq olaraq tibbi-sosial ekspertizanın keçirilməsi məqsədi ilə əyani müayinəsini həyata keçmiş və müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti Bakı 11 saylı Birləşmiş Şəhər Xəstəxanasının rəsmiləşdirilmiş göndərişləri əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndiritərək, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 1 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar”; xx.xx.2015-ci i! tarixindən xx.xx.2016-cı il tarixinədək ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 il müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında Bakı 11 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli 2773003AABRC nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicə müddəti yetərli olmadığından əlillik təyinatı aparılmamış, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmiş, xx.xx.2021-ci il tarixində təkrar qiymətləndirmə nəticəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı verilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2023-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrıları, baş gicəllənmələri, əsəbilik, qıcolma tutmalarından olmuş, mütəmadi olaraq həkim nəzarətində olduğunu, xx.xx.2006 - xx.xx.2007-ci il tarixli 1 (bir) il müddətli “İlkin” SİMU; xx.xx.2007-cİ il tarixindən 16 yaşa qədər “təkrar” SİMU məlumatlarının yer aldığı TSEK arayışları təqdim etsə də, xəstəliyinə dair heç bir müayinə və müalicə sənədi təqdim etməmiş və etməyəcəyini də bildirmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində sərtləşmiş tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt, nəbz ritmik (1 dəqiqədə 91 vurğu), SpO2 - 98%, dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, bəbəklərin işığa reaksiyası normal, D=S, dili orta xətt üzrə olmuş, sümüküstü vətər reflekslər canlı qeyd edilmiş, əzələ tonusu normal, Romberq vəziyyətində dayanıqlı olmuş, emosional labil, intlekti normal, mnestik funksiyaları pozulmamış, əlillik təyinatına əsas verən heç bir nevroloji defisit və patofunksional pozuntu aşkarlanmamışdır. Bakı 11 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 2773003AABRC nömrəli göndərişdə əsas xəstəlik kimi qeyd edilən “Ensefalopatiya (rezudual orqanik fonda) hipertenzion sindrom” diaqnozu, əsasnaməyə müvafiq olaraq əiilliyin təyininə əsas verməmiş, ağırlaşma kimi qeyd edilmiş “tez tez təkrarlanan qıcolma tutmaları” diaqnozu isə anamnestik və obyektiv müayinə ilə təsdiqini tapmamışdır. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq İmkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, DTSERA-da komissiya şəraitində aparılmış anamnestik və obyektiv müayinə nəticələrinə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin, xx.xx.2006 - xx.xx.2007-cİ il tarixli 1 (bir) il müddətli “ilkin” SİMU; xx.xx.2007-ci il tarixindən 16 yaşa qədər “təkrar” SİMU məlumatları Əlillik AS-nə daxil edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 xx.xx.2022-ci il tarixli T424/2022 saylı ekspert rəyində qeyd edilir: 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert-Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş xxxxxxx0005 saylı göndərişdə (088 №-li Formada) qeyd edilən “qan dövranı sistemi xəstəlikləri=>İ60-İ69-serebrovaskulyar xəstəliklər=>İ67-digər serebrovaskulyar xəstəliklər=>İ67-4-hipertenziv ensefalopatiya. Əsas diaqnoz: İ67.4-hipertenziv ensefalopatiya, rezedual, orqanik fonda, hipertenzion sindrom. Ağırlaşma: G40.4-generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, tez-tez təkrarlanan qıcolmalarla (6-8 dəfə). Yanaşı xəstəliklər: F48-digər neqativ pozğunluqlar, baş beynin üzvi xəstəliyi fonunda dissiosiativ konversion tipli nevrotik reaksiyalar” diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Şəxsin əyani müayinəsi zamanı onda əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmadığı üçün əlillik təyinatına əsas yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli 33 saylı ekspert rəyində qeyd edilir: 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş xxxxxxx0005 saylı göndərişdə (088 №-li Formada) qeyd edilən “qan dövranı sistemi xəstəlikləri=>İ60-İ69-serebrovaskulyar xəstəliklər=>İ67-digər serebrovaskulyar xəstəliklər=>İ67-4-hipertenziv ensefalopatiya. Əsas diaqnoz: 167.4-hipertenziv ensefalopatiya, rezedual, orqanik fonda, hipertenzion sindrom. Ağırlaşma: G40.4generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, tez-tez təkrarlanan qıcolmalarla (6-8 dəfə). Yanaşı xəstəliklər: F48-digər neqativ pozğunluqlar, baş beynin üzvi xəstəliyi fonunda dissiosiativ konversion tipli nevrotik reaksiyalar” diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: 2.1. Serebrovaskulyar xəstəliklər (İ60-İ69). 6.7. Epilepsiya (G40). İşin faktiki hallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə 11 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 11 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Daha sonra isə 11 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2773003AABRC saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69- Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.1 Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Əsas diaqnoz İ67.4 Hipertenziv ensefalopatiya, rezidual, orqanik fonda. Hipertenzion sindrom. Ağırlaşma G40.4 Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, tez-tez təkrarlanan qıcolmalarla (6-8 dəfə). Yanaşı xəstəliklər F48 digər neqativ pozğunluqlar, baş beynin üzvi xəstəliyi fonunda dissiosiativ konversion tipli nevrotik reaksiyalar; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci, həm apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmənin qərardadları ilə cavabdeh tərəfindən iddiaçı yenidən əyani müayinəyə cəlb edilsə də, cavabdeh tərəfindən əlillik əlamətinin aşkar edilməməsi, diaqnozun təsdiqini tapmaması barədə qərarlar qəbul edilmişdir. Lakin iş üzrə tibbi ekspertiza keçirilmiş və iddiaçı təkrar əyani olaraq məhkəmə-tibbi müayinə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ekspert rəylərindən görünür ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnozları öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minənə qədər (xx.xx.2022-ci ilə qədər) və iddiaçıya əlillik təyin edilməsindən imtina edilən vaxt qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sadalanan xəstəliklər, habelə hal-hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklər iddiaçıda mövcuddur. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəylərində də bir daha öz təsdiqini tapmışdır ki, tibbi müəssisəsinin göndərişində qeyd olunan diaqnozlar iddiaçıda mövcuddur. Qeyd olunan Meyarlarda göstərilmiş xəstəliklərin iddiaçıda mövcud olması iddiaçının əyani tibbi müayinəsi nəticəsində öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh hər hansı əsaslandırma aparmadan “Əlavə müalicəyə ehtiyacın olması”, “Əlillik əlamətinin aşkar edilməməsi” və “Diaqnozun təsdiqini tapmaması” kimi fərqli qərarlar qəbul etməklə növbəti müddətə əlillik təyinatından imtina etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-750/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar