Məhkəmə qərarları › İş №2-1(103)-338/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-338/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-338/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: məxsusluq barədə arayışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(112)- 7140/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 12 sot torpaq sahəsilə bağlı miras qoyan X9 hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsin cavabdehə öhdəçilik olaraq tapşırılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 8/47 saylı Qərarına əsasən onun əri X12 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış ünvan 6 saylı sahədə yerləşən torpaq sahəsinin mərhum əri X12 məxsusluğu barədə arayışın (çıxarış) ona yəni, İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxrılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 12 sot torpaq sahəsi Sabunçu (keçmiş Lenin) rayon XDS-n İK-n 8/47 saylı xx.xx.1991-ci il tarixli qərarı ilə mərhum əri X9 istifadəsinə fərdi ev tikintisi üçün ayrılmışdır. Sonradan torpaq sahəsi üzərində fərdi ev tikilmiş, hazırda bu ünvanda oğlu ilə yaşayır. xx.xx.2007-ci il tarixdə X15 vəfat etmiş, bu səbəbdən Bakı şəhəri 19 saylı Notariat ofisinə müraciət etmiş, miras əmlak üzrə elektron çıxarışın və ya arayışın verilməsi məqsədilə cavabdehə məlumat verilməsi, vərəsələrin dairəsinin müəyyən edilməsin xahiş etmişdir. Sonra da Sabunçu rayon İH-ə müraciət etmiş, torpaq sahəsinin yerləşmə sxemini almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla torpaq sahəsinin Bakı şəhəri İH-nin idarəçiliyinə qaytarılmasını və torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasına düşməsi kimi hallar əsas tutularaq torpağın mülkiyyətə verilməsindən imtina olunmuşdur. Həmçinin yüksək elektrik xəttinin torpaq sahəsinin yaxınlığından keçməsi də məsələnin həllinə maneçilik törətməməlidir, bu səbəbdən ki, elektrik xətləri torpaq sahəsi vətəndaşlara paylandıqdan sonra inşa edilmiş, bu 2003-2004-cü illərə təsadüf edir.

4. Cavabdeh orqan məhkəməyə yazlılı etiraz təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi ümumi hasar daxilində olmaqla, Zabrat X3 Bakı Şəhər İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış ərazisində yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi 35 kV-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

5. Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(112)-7140/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Lenin Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991- ci il tarixli, 8/47 saylı Qərarına əsasən mərhum X12 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış ünvan 6 saylı sahədə yerləşən 0,12 ha-dan ibarət torpaq sahəsinin iddiaçının mərhum əri X12 məxsusluğu barədə arayışın (elektron çıxarış) İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti yazılı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Nuriyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 4 ünvanında pasport qeydiyyatındadır.

11. 07.06.1990-cı il tarixdə verilmiş V-ЖГ seriyalı № 344943 saylı “Nigah haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.1953-cü il təvəllüdlü X15 ilə xx.xx.1960-cı təvəllüdlü X5 nikaha daxil olmuş və bu barədə nikahın bağlanması barədə akt qeydləri kitabında 1990-cı ilin iyun ayının 07 günündə 794 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Həsənova soyadı verilmişdir.

12. Bakı şəhəri Yasamal VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ 249756 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X15 xx.xx.2007-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabının 2007-ci ilin iyun ayın 27-ci günündə 817 № ilə qeyd edilmişdir.

13. Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2544 №-li məktubunda qeyd olunmuşdur ki, İddiaçı, xx.xx.2023-cü il tarixində Bakı şəhəri 19 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2007-ci il tarixdə vəfat etmiş-X6 miras əmlaka (ünvan 5 ünvana) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində, ünvan 6 ünvanda yerləşən torpaq sahəsinə və üzərində yerləşən tikiliyə dair miras qoyan X9 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqında “Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə)dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron çıxarışın( və ya arayışın) verilməsinin təmin edilməsi xahiş olunmuşdur.

14. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 18/2-H- 328- 091/2023 saylı məktubu ilə İddiaçı Sabunçu (keçmiş Lenin) Rayon XDS İK-nin 8/47 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə X12 Bakı şəhəri, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, 29A saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv. metr torpaq sahəsinin yerləşmə sxeminin təsdiq olunmuş nüsxəsi təqdim olunmuşdur.

15. Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının “Lenin (indiki Sabunçu) rayon XDS İK-nin 8/47 saylı, xx.xx.1991-ci il tarixli qərarında qismən dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarili, 358 №-li Sərəcamında göstərilmişdir ki, vətəndaş İddiaçı Sabunçu Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, 29A saylı sahədə fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi ayrılması barədə Lenin (indiki Sabunçu) rayonu XDS İK-nin 8/74 saylı xx.xx.1991-ci il tarixli qərarında mərhum əri X15 əvəzinə səhvən X16 yazıldığından uyğun düzəlişin edilməsini xahiş etmişdir.

16. - Təqdim edilmiş sənədlərdən görünür ki, ИЕ № 990859 saylı 11 iyun 1953-cü il tarixli doğum haqqında şəhadətnamədə X15, Lenin (indiki Sabunçu) rayonu XDS İK-nin 8/74 saylı xx.xx.1991-ci il tarixli qərarında isə X16 qeyd edilmişdir.

17. – xx.xx.2023-cü il tarixli 358 saylı Bakı şəhəri Sabunçu Rayon İH başçısının Sərəncamı ilə Lenin (indiki Sabunçu) rayonu XDS İK-nin 8/47 saylı xx.xx.1991-ci il tarixli qərarında düzəliş edilərək “X15” kimi oxunuş qəbul edilmişdir.

18. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********51 №-li cavab məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi ümumi hasar daxilində olmaqla, Zabrat X4 Bakı Şəhər icra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış ərazisində yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi 35 kV-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmr əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Elektrik şəbəkələrinin mühafizəsi” qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir.

19. Azərbaycan Respublikasınn Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-48- 2F/2- 889/2024 saylı məktubu ilə Lenin rayon XDS İK-nin (indiki Sabunçu Rayon İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 8/47 qərarının və ona əlavə edilmiş sənədlərin (X9 Lenin rayon XDS İK-yə ünvanladığı ərizə; Zabrat qəsəbə sovetliyinin icraiyyə komitəsi tərəfindən Lenin rayon İK-yə ünvanlanmış X13 1200 kv. metr torpaq sahəsinin ayrılmasına dair müraciət; texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş “X9 adına Zabrat qəsəbəsində xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın qeydə alınmaması” barədə arayış) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

20. Qeyd olunan məktubla məhkəməyə təqdim olunmuş Lenin Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin “X1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1991-ci il tarixli, 8/47 №-li Qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, 29A saylı sahədə lahiyəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 1200 kv. metr torpaq sahəsi X13 ayrılmışdır.

21. “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən torpaq sahəsinin faktiki və hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha-dır. Torpaq sahəsi ümumi hasar daxilindədir. Ərizəçi digər sahənin qohumlarına aid olduğunu bildirdi. Yaşayış evi və həyət tikilisi mövcuddur. Torpaq sahəsinə baxış keçirildi və ərizəçinin göstərdiyi sahəyə və yerləşmə sxeminə uyğun eskiz və koordinat cədvəli, idarənin aidiyyəti şöbəsində baxılması üçün akta əlavə edildi. Sənədlər toplusuna əlavə edilən arxiv texpasportla mövcud vəziyyət arasında uyğunsuzluq var, həmin sənədin göstərilən sahəyə aid olubolmadığını təyin etmək mümkün olmadı. Kadastr şöbəsi ilə birgə yenidən işə baxıldı. Göstərilən sahəyə və elektron baza məlumatına əsasən arxiv texniki pasportda göstərilən tikilini təyin etmək mümkün olmadı. Arxiv texniki pasportda göstərilən tikili faktiki olaraq yerində mövcud deyil.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

22. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. 23.Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 24.İddia mümkündür. 25.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 48,50, 55, 84-cü maddələrini; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsini; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10-cu maddələrini; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8, 10.2, 12.1, 15, 22-ci maddələrini; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavə) 7-ci maddəsini tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. 26.Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 27.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. 28.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır.

29. Belə ki, hazırkı iş üzrə iddiaçının hüququ marağı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Lenin Rayonu Xalq Deputat Soveti İcraiyyə Komitəsinin “X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1991-ci il tarixli, 8/47 №-li Qərarı əsasında ayrılmış Bakı şəhəri, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, 29A saylı sahədə yerləşən 1200 kv. metr torpaq sahəsinin X12 məxsus olması barədə arayışın verilməsinə yönəlmişdir.

30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.50-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək vəzifəsi var.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

32. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X9 mübahisələndirilən torpaq sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir.

33. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2- ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.1-ci bəndinə görə Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

35. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

36. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

37. Azərbaycan SSR-in 07 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır.

38. Həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinə uyğun olaraq Lenin Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin “X1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1991-ci il tarixli, 8/47 №-li Qərarı ilə Bakı şəhəri, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, 29A saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün mərhum X13 1200 kv. metr torpaq sahəsi ayrılmışdır.

39. Göründüyü kimi Lenin Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı qərar məhz qeyd olunan Məcəllənin tələblərinə əsasən verilmiş səlahiyyətdən istifadə olunmaqla verilmişdir.

40. Qeyd olunan qərar heç bir dövlət orqanı, fiziki və ya hüquqi şəxs tərəfindən mübahisələndirilməmiş və hal-hazırda da qüvvədədir.

41. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

43. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.

44. Belə ki, mübahisəli daşınmaz əmlakın elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi mərhum X12 məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır.

45. İmtinanın digər əsaslarına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin fəaliyyətini tənzimləyən Əsasnamənin tələblərinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifəsidir.

46. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsinə dair hüququn iddiaçının mərhum ərinə məxsus olması barədə müvafiq arayışın verilməsindən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin (həmin dövrdə qüvvədə olan redaksiyada) tələblərinə zidd olmaqla qanunsuz olmuşdur.

47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

48. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

50. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

51. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

52. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(112)-7140/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar