Məhkəmə qərarları › İş №2-1(103)-3380/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3380/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3380/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə cavabdeh tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizə ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2516/2016 nömrəli, 04 iyun 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx.xx.2009-cu il tarixdən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2516/2016 nömrəli, 12 iyul 2016cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin imtinası əsassız hesab edilmiş, İddiaçı xx.xx.2009-cu il tarixindən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2115/2016 nömrəli, 03 noyabr 2016-cı il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə 2-1(82)-2516/2016 nömrəli, 12 iyul 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə «yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında» ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “xx.xx.2009-cu il tarixindən 50 yaşından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsini və ərizəçi Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(82)-2516/2016 nömrəli, 04 iyun 2024-cü il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Hazırda cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun xx.xx.2009-cu il tarixdən 50 yaşından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin (bundan sonra- Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli (iş № 2-1(82)-2516/2016) qərarı ilə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarına qarşı apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı (iş № 2-1(103)-2115/2016) ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilməmişdir. İş üzrə icraatın təzələnməsi üçün əsaslar: Araşdırma zamanı vətəndaşın iş stajı mövcud sənədlərə əsasən araşdırılmış, seriya nömrəsi olmayan, doldurulduğu tarix “10 sentyabr 1977” qeyd olunmuş əmək kitabçasının “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” Tresti Əsli ilə düzdür” yazıları həkk olunmuş ştampı ilə xx.xx.2016-ci il tarixdə təsdiq edilmiş surətində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin möhürü ilə təsdiq edilmiş xx.xx.2016-ci il tarixli SOCAR**********60740537X00011 №-li “Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında” arayışda qeyd olunanlara əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1976-xx.xx.1977-ci il dövr ərzində Mirbəşir rayonunun (indiki Tərtər rayonun) M.Ə.Sabir adına sovxozunda dülgər; xx.xx.1979-xx.xx.1996-cı il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin 6 №-li Tikinti Quraşdırma İdarəsində konstruksiya quraşdırıcısı (1980-ci ildə həmin idarə 5 №-li adlandırılıb); xx.xx.1996xx.xx.2001-ci il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin 2 №-li İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində metal konstruksiyaların quraşdırıcısı (1996-1998), usta (1998-2001, idarənin adı 1998-ci ildə 5 saylı Təmir Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır); xx.xx.2001-xx.xx.2007-ci il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmiri filialında usta (həmin trest 2007-ci ildə “Neftqaztikinti” Trestinin 8 saylı Tikinti Quraşdırma İdarəsinə çevrilmişdir); xx.xx.2007xx.xx.2014-cü il dövr ərzində “Neftqaztikinti” Trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsində usta); xx.xx.2014-xx.xx.2015-ci il dövr ərzində “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində usta; xx.xx.2015-ci ildən hazıradək “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində usta. xx.xx.1979-xx.xx.2001-ci illər üzrə əmək fəaliyyəti kitabçaya rus dilində yazılmışdır. Pensiya işinə tikilmiş hərbi biletin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.1977-xx.xx.1979-cu il tarixində hərbi xidmətdə olmuş, 286891 №-li diplomun surətinə əsasən 1973-1976-cı il dövr ərzində Mirbəşir rayon 96 №-li X8 Məktəbində təhsil almaqla dülgər peşəsinə yiyələnmişdir. Məhkəmə qərarlarından göründüyü kimi, 1976-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi müddət nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərarlar qəbul edilmişdir. Lakin hər 2 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, həmin işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun zərərli əmək şəraitində işlədiyi barədə əsaslı sənədlər olmadan ümumi mülahizələr əsasında iddia tələbi təmin edilmişdir. Eyni zamanda, məhkəmə instansiyaları tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-14-cü maddələri ilə müəyyən edilmiş tələblərə tam riayət edilmədiyi müşahidə olunmuşdur. Belə ki, vətəndaşa pensiya təyin olunarkən pensiya işinə tikilmiş Azərbaycan Respublikasnın Dövlət Neft Şirkətinin Neft qaz tikinti Trestinin xx.xx.2016-cı il tarixli SOCAR **********060740537X000011 nömrəli güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında arayışında “İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinin “a” bəndinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən zərərli şəraitdə polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi və 29-cu maddəsinin “b” bəndinə (tikinti və quraşdırma işlərində ustalar) əsasən usta vəzifəsi üzrə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir” qeyd olunmuşdur. Bununla belə, sözügedən məhkəmə instansiyalarının qərarlarında isə iddia üzrə mübahisələndirmə aparılarkən nöqsana yol verilərək İddiaçı işlədiyi vəzifələrin Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li Siyahısının 29-cu maddəsinin 2a bəndində nəzərdə tutulduğu qeyd olunmuşdur. Lakin SOCAR-ın müvafiq arayışında da qeyd edildiyi kimi, vətəndaşın işlədiyi vəzifələr, yəni 29-cu maddədə nəzərdə tutulmuş peşə və vəzifələr Güzəştli siyahıda mövcuddur. Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarında 29-cu maddə (bölmə) “Rabitə” sahəsinə aid olmuş, eyni zamanda həmin qərar 2007-ci ildə hüquqi qüvvəsini itirmişdir. Polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı peşəsi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahısında 27-ci bölməsində 2290000a-14612 kodu ilə konkret müəyyən edilmiş, bu kodla İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ 50 deyil, 57 yaşdan, yəni 2016-cı ildən yaranır. Məhkəmə qərarlarından göründüyü kimi, müvafiq məhkəmə kollegiyaları tərəfindən Qanunun 9.8-ci - “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir." maddəsi əsas götürülərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mübahisələndirilmişdir. Belə ki, qeyd olunan qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1 -dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin dəyişikliyə kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddənin “a” bəndində kişilər azı 20 il iş stajı olduqda, bu müdddətin azı 10 ilini həmin işlərdə (1 №-li Siyahı üzrə nəzərdə tutulmuş) çalışdıqları halda 50 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırdılar. Lakin xx.xx.1959-cu il təvəllüdlü vətəndaşın xx.xx.1997-ci il tarixində 38 yaşı var idi və həmin tarixdə vətəndaşın pensiya hüququ yaranmırdı. Eyni zamanda, 1997-2000-ci il ərzində yaş həddinin artırılması ilə kişilərin pensiya yaşı 52 yaşına çatdırılmış, vətəndaş isə 2000-ci ilin birinci yarısının sonuna 41 yaşına çatmışdır. Əmək pensiyaları üzrə yaş həddinin artırılması isə əvvəlki qanunvericiliyin təkcə 13-cü deyil, 12, 15, 16, 19, 35 və 40-cı maddələrində, habelə sosial pensiyaların təyinində də tətbiq edilmişdir. Bunlardan əlavə, yaş həddinin artırılması 1 №-li Siyahı üzrə deyil, 2 №-li Siyahı üzrə nəzərdə tutulmuş kişi və qadınlara münasibətdə də tətbiq edilmişdir. Qanunun 9.8-ci maddəsinin şərtləri daxilində 38 yaşlı vətəndaşın pensiya hüququna 1997-ci ildəki qanunvericiliklə nəzərdə tutulmuş 50 yaşdan təyin edilməsi isə göründüyü kimi qanunvericiliklə ziddiyyət təşkil edir. Vətəndaş güzəştli şərtlərlə əmək pensiyası hüququnu mövcud olan müvafiq sosial sığorta stajı imkanları hesabına 57 yaşdan qazanmışdır. Əlavə olaraq, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2-ci bölməsinin 2.1.6-2.1.8-ci bəndlərində güzəştli şərtlərlə əmək pensiyası hüququ ilə bağlı ətraflı məlumat verilməklə və misallar göstərilməklə Qanunun 9.1 və 9.8ci maddələrinin tələbləri geniş şərh edilmişdir. Göstərilənlərlə yanaşı, İddiaçı iddiasında qeyd olunanların heç bir dəyişiklik olunmadan eynilə birinci instansiya məhkəməsinin qərar hissəsinə köçürüldüyü aşkar edilmişdir. Bununla belə, pensiyanın təyin edilməsi barədə məhkəmə qərarlarının rəsmiləşdirildiyi 2016-cı il tarixədək İddiaçı 7 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə zidd olması kimi səciyyələndirmək olar. Məhkəmə qərarları əsas götürülməklə şöbə tərəfindən xx.xx.2009cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə 50102,27 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin 10000,0 manatı xx.xx.2016-cı, 8930,0 manatı xx.xx.2017-ci, 8995,51 manatı xx.xx.2017-ci, 8995,51 manatı xx.xx.2017-ci, 4995,51 manatı xx.xx.2017-ci, 4995,51 manatı xx.xx.2017-ci və 3189,83 manatı xx.xx.2017-ci il tarixlərində aylıq pensiyanın üzərinə əlavə olunmaqla vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Məhkəmə aktları nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən müəyyən edilmiş 638,91 manat məbləğində aylıq pensiya məbləği həmin il üzrə avtomatlaşdırılmış qaydada istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə xx.xx.2017-ci il tarixdən 704,49 manat təşkil etmiş və ödənilmişdir. Qeyd olunanlardan əlavə, bu işdə maraqlı olmuş şəxslər tərəfindən xx.xx.2017-ci il tarixdən Qanunun 37.3.1-ci maddəsinə edilmiş dəyişikliklərdən istifadə edilərək və yenidən hesablandığı xx.xx.2009-cu il tarixdən 6 il və daha çox işləməsi nəzərə alınaraq vətəndaşın adından ərizə blankı doldurulmaqla və imzasından tam fərqli imza edilməklə (ehtimal olunur ki, imza saxtalaşdırılıb) uçot vərəqinə tikilmiş xx.xx.2017-ci il tarixli ərizəsi, xx.xx.2006-xx.xx.2017-ci illər üzrə xx.xx.2017-ci il tarixli 99/xx/xx-15330 №li “Sığortaolunanların fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış”ına əsasən şöbənin tarixi qeyd edilməyən sərəncamları ilə İddiaçı pensiyası xx.xx.2017-ci il tarixdən yenidən hesablanmaqla əvvəlcə 1195,80 manata çatdırılmış və 2017-ci ilin noyabr-dekabr aylarında həmin məbləğlə ödənişi aparılmış, Qanunun həmin maddəsinin tələblərinin düzgün tətbiq edilməməsi səbəbindən xx.xx.2017-ci il tarixdən yenidən hesablanmaqla pensiyanın aylıq məbləği 947,95 manata endirilmiş, sonrakı illər üzrə avtomatlaşdırılmış qaydada indeksləşdirmə aparılmaqla pensiyasının aylıq məbləği xx.xx.2018-ci il tarixdən 1001,98 manat, xx.xx.2019-cu il tarixdən 1032,04 manat, xx.xx.2020-ci il tarixdən 1203,36 manat təşkil etmiş və ödənilmişdir. Məhkəmə qərarlarına əsasən xx.xx.2009-cu il tarixdən təyin edilməklə, o cümlədən ödənişinə başlanıldığı xx.xx.2016-ci il tarixdən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixədək Fondun keçmiş Suraxanı şöbəsi vasitəsilə İddiaçı plastik kart hesabına faktiki köçürülmüş cəmi məbləğ 100857,54 manat təşkil etmişdir. Araşdırma ilə əlaqədar İddiaçı təyin olunmuş əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Pensiya işinə tikilmiş zəruri sənədlərin, o cümlədən əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyətinin araşdırılması nəticəsində yuxarıda da qeyd edildiyi kimi, şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli 679 №-li qərarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qanunvericiliyə müvafiq olaraq 57 yaşından xx.xx.2016-cı il tarixdən düzgün müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, vətəndaşın pensiyasının 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablanması qüvvədə olan qanunvericiliyə ziddir. İddiaçı əmək pensiyası hüququnun və məbləğinin müəyyən edilməsi üçün pensiya işinə tikilmiş sənədlərin, o cümlədən əyani təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən əmək fəaliyyətinin araşdırılması nəticəsində faktiki ümumi sosial sığorta stajı xx.xx.2006-cı il tarixədək 32 il təşkil etdiyi məlum olmuş, eyni zamanda o, güzəştli siyahı üzrə xüsusi iş stajına (12 il 6 ay) malik olmuşdur. Belə ki, məhkəmə qərarları nəzərə alınmadan, xx.xx.2006-cı il tarixədək toplanmış 32 il sosial sığorta stajına müvafiq hesablanmış 73,07 manat sığorta hissəsi, 110,0 manat baza hissəsi, xx.xx.2006-cı ildən xx.xx.2016-ci ilədək olan dövr ərzində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına uyğun hesablanmış 137,78 manat sığorta hissəsi nəzərə alınmaqla İddiaçı əmək pensiyasının aylıq məbləği xx.xx.2016-cı il tarixdən 320,85 manat, xx.xx.2017-ci il tarixdən 346,99 manat, xx.xx.2018-ci il tarixdən 366,77 manat, xx.xx.2019-cu il tarixdən 377,77 manat, 01.01,2020-ci il tarixdən 440,48 manat, xx.xx.2021-ci il tarixdən 490,69 manat, xx.xx.2022-ci il tarixdən 507,37 manat, Qanunun 37.3.1-ci maddəsinin şərtlərinə uyun olaraq vətəndaşa verilmiş hüquqa görə (pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə) xx.xx.2016-xx.xx.2022-ci il dövr ərzində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına uyğun hesablanmış 354,57 manat sığorta hissəsi nəzərə alınaraq pensiyanın üzərinə əlavə edilməklə 861,94 manat təşkil etməlidir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 440,48 manata qarşı 1203,36 (2,7 dəfə çox və ya 762,88 manat artıq fərqlə) manatla təyin olunmasına və ödənilməsinə nail olunmuşdur. Həmin hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı qanunvericiliklə hesablanıb ödənilməli olan cəmi pensiya məbləği 20814,79 manat təşkil edəcəkdir. Beləliklə, xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarları nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Suraxanı rayon şöbəsinin müvafiq sərəncamları ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 80042,75 manat (100857,54 - 20814,79) təşkil etmişdir. Eyni zamanda, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-100mat-22/2152 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-1(82)-2516/2016 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Ərizədən və iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2-1(82)-2516/2016 saylı qərarı ilə iddia təmin edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2115/2016 nömrəli, 03 noyabr 2016-cı il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə 2-1(82)-2516/2016 nömrəli, 12 iyul 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2-1(82)-2516/2016 saylı qərarı xx.xx.2016-cı il tarixdən qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2017-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş və cavabdeh tərəfindən icra edilmişdir. Eyni zamanda cavabdeh özü yeni açılmış hallarla bağlı ərizəsində məhkəmə qərarına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixdən pensiya təyin edildiyini və ödənişinə başlanıldığını, xx.xx.2020-ci ildən isə dayandırıldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilən hallar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarını əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan cavabdehə məlum idi. Cavabdeh həmin qərarı rəsmi qaydada əldə etmiş və icra etmişdir. Həmin tarixdən isə 7 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 103-cü maddəsinin tələblərindən də göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər (İPM-nin 103.2-ci maddəsinin tələbinə əsasən isə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər) və bu müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Beləliklə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmaqla vermişdir. Həmin müddətin bərpasını isə İPM-in 103.3-cü maddəsi istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizənin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94, 100, 103-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2516/2016 nömrəli, 04 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar