Məhkəmə qərarları › İş №2-1(103)-3380/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3380/2025

05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3380/2025 05.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5256/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 18549.53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 20000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə şifahi vəsatətlə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyi məbləğ vergi yoxlaması ilə bağlı yaranan məbləğdir. Bundan daha öncə də yayınma ilə bağlı sanksiya tətbiq olunmuşdur, həmin qərarı məhkəmə qaydasında mübahisələndirmişlər və vergi orqanın qərarı tam şəkildə ləğv edilmişdir. Bundan sonra 7 illik dövrlə bağlı səyyar vergi yoxlaması təyin edilmişdir. Bununla bağlı da onlar həmin qərarı məhkəmə qaydasında mübahisələndirmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 2330/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, həmin işə baxılıb qurtaranadək hazırki iş üzrə məhkəmə icraatının dayandırılmasını xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5256/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023cü il tarixli, **********175531 saylı qərarın ləğv edilməsi tələbinə dair e-2-1(112)-2330/2024 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alanadək, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair e-2-1(112)-5256/2025 saylı inzibati işin icraatı dayandırılmışdır.

5. Qərardaddan narazı qalan iddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, e-2-1(112)-2330/2024 saylı iş üzrə vergi orqanının xx.xx.2023-cü il tarixli, **********175531 saylı qərarı hazırkı işdə cavabdeh olan Cavabdeh tərəfindən mübahisələndirilir. Məhkəmənin diqqətinə çatdırılır ki, vergi orqanın xx.xx.2023-cü il tarixli, **********175531 saylı qərarında Cavabdehnə İcbari Tibbi Sığorta üzrə hesablama aparılmamışdır. Eyni zamanda Cavabdeh İcbari Tibbi Sığorta üzrə şəxsi hesab vərəqəsində mövcud olan borc məbləği vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamələr və kameral vergi yoxlaması ilə hesablanmış məbləğlər əsasında formalaşmışdır. Məhkəmənin istinad etdiyi vergi orqanının qərarı isə səyyar vergi yoxlaması nəticəsində qəbul edilmişdir. Həmin şəxsi hesab vərəqəsindən də göründüyü kimi vergi orqanı səyyar vergi yoxlaması ilə vergi ödəyicisinə İcbari Tibbi Sığorta üzrə borc hesablamamışdır. Vergi orqanının hazırkı iddiası "xxxx" MMC tərəfindən mübahisələndirilən qərarla bağlı olmadığından məhkəmənin iş üzrə icraatın dayandırması haqqında qərardadı əsaslı olmamışdır. Qeyd olunanlardan məlum olduğu kimi e-2-1(112)- 5256/2025 saylı inzibati iş üzrə mübahisənin həlli e-2-1(112)-2330/2024 saylı işin nəticəsindən asılı deyildir. Tərəflərin izahatları

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

İŞİN HALLARİ:

9. Vergi ödəyicisi olan Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır.

10. Vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2024 tarixli Qərar qəbul edilmişdir.

11. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2024 tarixə yaranan 18549.53 manat borcuna görə 20000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2024 tarixli **********7 saylı Protokol tərtib edilmişdir.

12. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2024 tarixli xəbərdarlıq məktubu göndərilmişdir.

13. Cavabdehin İcbari Tibbi Sığorta Fonduna 18549.53 manat ödənilməmiş borcu qalmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ:

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

15. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.

18. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin mövcud hallarının yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir.

19. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması ilə bağlı gəldiyi nəticəsini belə əsaslandırmışdır ki, “....işin hallarından müəyyən edilir ki, hazırki mübahisənin əsasını digər inzibati məhkəmə icraatında mübahisələndirilmiş qərarlar üzrə hesablanmış vergi borcu məbləği təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli digər inzibati mübahisənin həllindən asılı olduğundan inzibati iş üzrə icraat, digər inzibati mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilib qərar qanuni qüvvəsini alanadək dayandırılmalıdır.”

20. Kollegiya məhkəmənin hazırkı iş üzrə yuxarıda qeyd edilən əsaslandırması ilə razılaşmır və aşağıdakıları qeyd edir.

21. İşin araşdırılan hallarından və apelyasiya şikayətinin dəlillərindən görünür ki, birinci instansiya məhkəməsinin iddia etdiyi kimi e-2-1(112)-5256/2025 saylı inzibati iş üzrə mübahisənin həlli e-2-1(112)-2330/2024 saylı işin nəticəsindən asılı deyildir.

22. Belə ki, hazırkı işdə cavabdeh olan Cavabdeh tərəfindən mübahisələndirilən e-2- 1(112)-2330/2024 saylı iş üzrə vergi orqanının xx.xx.2023-cü il tarixli, **********175531 saylı qərarı səyyar vergi yoxlaması nəticəsində qəbul edilmişdir və həmin qərarda İcbari Tibbi Sığorta üzrə hesablamalar aparılmamışdır.

23. Vergi orqanının xx.xx.2024-cü il tarixli, **********7 saylı qərarına əsasən Cavabdeh İcbari Tibbi Sığorta üzrə şəxsi hesab vərəqəsində mövcud olan borc məbləği isə vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamələr və kameral vergi yoxlaması ilə hesablanmış məbləğlər əsasında formalaşmışdır.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən zəruri həcmdə araşdırılma aparılmadan, işin hallarına düzgün hüquqi qiymət verilmədən nəticəyə gəlinmişdir.

25. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Qeyd olunan qanunvericlik normasının tələblərindən göründüyü kimi məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur.

27. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, iş üzrə icraat davam etdirilməlidir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

30. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

31. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

32. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5256/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair inzibati iş icraatın davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar