Məhkəmə qərarları › İş №2-1(103)-3381/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3381/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3381/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5135/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2021-ci il tarixli informasiya sorğusuna cavab vermək ("xxxx" MTK-nın sədri Cahangir Alışovun cinayət işi üzrə sübutların qiymətləndirilməsi və zərərçəkmiş şəxs qismində tanınması barədə qərarların surətinin təqdim edilməsi, habelə həmin cinayət işi üzrə onun zərərçəkmiş şəxs qismində iştirakına xitam verildiyi təqdirdə, bunun səbəbi barədə məlumat verilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5135/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərardadı (hakim S.Salahova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayətləri verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sanki şablon müddəalar əsasında işə baxaraq iddianı mümkünsüz hesab etmişdir. Halbuki məhkəmə özü qeyd etmişdir ki, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən informasiya sahibi sorğuda tələb olunan informasiyanı ilk növbədə elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanında göstərməklə, sənədin surətini və ya sənədddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə, telefaksla və sonda şifahi formada həmin qanunun 16.2-ci maddəsinə əsasən verilir ki, həmin Qanunun 14.7-ci maddəsinə əsasən vəzifəli şəxsin cavabı sorğuçunu qane etmədikdə həmin Qanunun 14.5-3-cü maddəsinə əsasən sorğuçuya yazılı şəkildə cavab verilməlidir. Məhkəmə burada da İnzibati-Prosessual Məcəllənin tələblərinə əsasən özünün yardımçılıq funksiyasını həyata keçirməmişdir. Tərəflərin izahatları: xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə, apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, işdən görünür ki, İddiaçı aparılan araşdırmanın nəticəsi barədə xx.xx.2021-ci il tarixli informasiya sorğusu ilə cavabdehə müraciət etmiş və "xxxx" MTK-nın vəzifəli şəxslərinin dələduzluq etməsi faktı üzrə istintaqı aparılmış cinayət üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi və zərərçəkmiş şəxs qismində tanınması barədə qərarların surətinin ona təqdim edilməsi, habelə onun həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdirsə, bunun səbəbləri barədə rəsmi məlumat verilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı bu müraciətinin cavablandırılmadığını bildirməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının bu tələbi ilə bağlı məhkəməyə ünvanladığı məktubda iddiaçının daxil olmuş müraciətinə baxıldığını, onun həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmədiyini, bu səbəbdən tələbində göstərilən sənədlərin ona verilməsinin qeyri-mümkün olduğunu bildirmiş, məsələ ilə bağlı iddiaçıya şəxsən qəbul edilməklə məlumat verildiyini göstərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolundan aydın görünür ki, cavabdehin həmin məktubu məhkəmə iclasında iddiaçıya təqdim edilmiş, iddiaçı məsələ ilə bağlı cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən şəxsən qəbul edilməklə məlumat verildiyini qəbul etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunverici informasiya sorğusunun təkcə yazılı deyil, şifahi formada cavablandırılmasının mümkünlüyünü də nəzərdə tutmuş, iddiaçının müraciəti informasiya sahibində sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı ilə bağlı olmuş, cavabdehin vəzifəli şəxsi tərəfindən ona şifahi cavab verilmiş, iddiaçı bu halı qəbul etmişdir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; 16.1.3. telefaksla; 16.1.4. şifahi formada; Həmin Qanunun 16.2-ci maddəsinə əsasən informasiya sorğusu yalnız aşağıdakı hallarda şifahi cavablandırılır: 16.2.1. vəzifəli şəxslərə bilavasitə müraciət edildikdə; 16.2.2. informasiya sorğusu üzrə məlumatlar soruşulduqda; 16.2.3. informasiya sahibində sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı öyrənildikdə. Həmin Qanunun 14.7-ci maddəsinə əsasən vəzifəli şəxsin şifahi cavabı sorğuçunu qane etmədikdə və ya bu Qanunun 14.5.3-cü maddəsində nəzərdə tutulan hallarda sorğuçuya yazılı şəkildə müraciət etməsi təklif olunur. İddiaçı müvafiq məlumatın ona yazılı şəkildə təqdim edilməsi ilə bağlı cavabdehə müraciət etməsinə dair sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında verdiyi izahatdan aydın olmuşdur ki, sorğu verildikdən 7 aydan artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət etməsinin səbəbi sorğusuna cavab almaq deyil, onun müvafiq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilməməsində narazı qalması olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə Kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, iddiaçı müraciətinə cavab verilmədiyini iddia etsə də, işdən və onun məhkəmə iclasındakı izahatından aydın olur ki, onun müraciəti şifahi olaraq cavabdeh tərəfindən cavablandırılmışdır. Eyni zamanda cavabdeh tərəfindən iddia ilə bağlı məhkəməyə təqdim edilmiş və iddiaçının cavabdehə ünvanladığı sorğuda göstərilən məsələləri də əhatə edən müvafiq məktub məhkəmə iclasında iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən, inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunidir, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bu səbəbdən qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5135/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar