Məhkəmə qərarları › İş №2-1(103)-3382/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3382/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3382/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X6 ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsinin mərhum X4 məxsus olması barədə arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4380/2025 saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsinin vəfat etmiş şəxs X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2-1(112)-4380/2025 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azəriqaz” İstehsalat Birliyi iş üzrə 3-cü şəxs qismində zəruri cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, keçmiş Lenin rayon XDS İKnın xx.xx.1987-ci il tarixli, 34/11 saylı qərarına əsasən iddiaçının əri, xx.xx.1948-ci ildə doğulmuş və xx.xx.2003-cü ildə vəfat etmiş X1 adına ünvan 2 ünvanında, fərdi yaşayış evinin tikintisi üçün 0,6 ha torpaq sahəsi ayrılmış və Maştağa qəsəbə Sovetliyi tərəfindən cizgi tərtib edilmişdir. Həmin torpaq sahəsində 1988-ci ildə fərdi yaşayış evi inşa edilmiş və mübahisəsiz olaraq X1 ailə üzvlərinin istifadəsindədir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-18/2-B-100-091/2024 saylı məktubu ilə ünvan 3 ünvanında fərdi yaşayış evinin tikintisi üçün X1 adına ayrılmış 600 kv.m. ərazisi olan torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 17 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə adına 375 saylı vərəsəlik işi açılmışdır. İddiaçı torpaq sahəsinin mərhum X5 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə imtina cavabı vermişdir. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsi magistral boru kəmərlərinin, vüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmir. Cavabdeh formal əsaslara istinad edərək torpaq sahəsini dövlət reyestrində qeydiyyata almamaqla iddiaçının gözlənilən mülkiyyət hüquqlarının reallaşdırılmasma maneəçilik törədir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024cü il tarixli, **********28 xaricolma saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun məlumatı mövcuddur. Odur ki, yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xx.xx.2024-cü il tarixli sorğu ünvanlanmış, sorğuya cavab olaraq bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 476 saylı ləğv olunmuş neftqaz quyusunun 55 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin 0,2 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-89 mm-lik (istismara verildiyi tarix: 2012-ci il) yerüstü aşağı təzyiqli qaz xətti keçir.Torpaq sahəsinin faktiki ölçüsü 970 kv.m. təşkil edir. Bakı İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(112)-4380/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilərək ünvan 1 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin mərhum X4 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 476 saylı ləğv olunmuş neft-qaz quyusunun 55 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin 0,2 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-89 mm-lik (istismara verildiyi tarix: 2012-ci il) yerüstü aşağı təzyiqli qaz xətti keçir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə izahatında məhkəməyə bildirdi ki, araşdırma zamanı sözügedən torpaq sahəsinin 0,2 metr məsafəsindən yerüstü aşağı təzyiqli qaz xəttinin keçdiyi bəlli olmuşdur. Həmçinin torpaq sahəsinə münasibətdə mühafizə qaydaları da pozulmuşdur. Vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi aspektindən oxşar işlər üzrə yarana biləcək qəzalı vəziyyətlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məsuliyyət daşıyır. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, üçüncü şəxs tərəfindən söküntü işlərinin aparılması ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət edilməyib. ... Torpaq sahəsinin mərhum X4 məxsus olması barədə arayışın təqdim edilməməsi torpaq sahəsinin mühafizəsi ilə bağlı mövcud təhlükəni aradan qaldırmır. Lakin tikili qanunsuz tikilidir. Ən azından tikiliyə qanuni şəkildə qeydiyyat verilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - Bakı şəhəri keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 34/11 saylı qərarına əsasən iddiaçının əri, xx.xx.1948-ci ildə doğulmuş və xx.xx.2003-cü ildə vəfat etmiş X1 adına ünvan 4 ünvanında, fərdi yaşayış evinin tikintisi üçün 0,6 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş yerləşmə sxemi iş materiallarına əlavə edilmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,06 hektar, faktiki 0,0970 hektar (0,0370 hektar artıq) təşkil etmişdir. Torpaq sahəsi hasar daxilindədir. Yaşayış evi və həyət tikilisi mövcuddur. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,06 hektar olsa da, faktiki olaraq hasardaxili 0,097 hektar təşkil edir (0,037 ha artıqdır). Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən 0,097 ha torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin yerləşmə mövqeyi görüntülü cizgidəki mövqeyə uyğun gəlir. Həmçinin qeyd olunan istinad koordinatı faktiki sahəyə aiddir. Sahənin hər hansı üst-üstə düşmə halı aşkar edilməmişdir. Bundan əlavə sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisinə düşməsi barədə məlumat yoxdur. Sahədən 57.0-58.0 metr məsafədə ləğv edilmiş neft quyusu məlumatı mövcuddur. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-39528/2024 **********28 saylı məktubunda qeyd edilmişdir ki, “...Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun məlumatı mövcuddur. Odur ki, yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xx.xx.2024-cü il tarixli sorğu ünvanlanmış, sorğuya cavab İdarəyə daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli, 31 saylı Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.4-cü bəndində “rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar” öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşdən görünür ki, iddiaçı vəfat etmiş əri X4 Bakı şəhəri keçmiş Lenin rayon XDS İKnın xx.xx.1987-ci il tarixli, 34/11 saylı qərarına əsasən ayrılmış torpaq sahəsinin məxsus olması barədə arayışın verilməsini istəyir. İdddiaçı öz tələbinin əsası kimi əsaslandığı qərarın həqiqiliyi mübahisə mövzusu deyildir. Belə ki, həmin qərar cavabdehin arxiv sənədlərində də mövcuddur. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun məlumatı mövcuddur. Odur ki, yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xx.xx.2024-cü il tarixli sorğu ünvanlanmış, sorğuya cavab olaraq bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 476 saylı ləğv olunmuş neft-qaz quyusunun 55 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin 0,2 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-89 mm-lik (istismara verildiyi tarix: 2012-ci il) yerüstü aşağı təzyiqli qaz xətti keçir.Torpaq sahəsinin faktiki ölçüsü 970 kv.m. təşkil edir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh hal-hazırda birinci instansiya məhkəməsinin qərarını mübahisələndirmir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş üzrə verilmiş mütəxəssis rəyində sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə düşməsi barədə məlumat olmadığı göstərilmişdir. Torpaq sahəsinin qaz xəttinin mühafizə zolağına düşməsinə qaldıqda isə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2- ci bəndində göstərilmişdir ki, “ ... Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir”. Göründüyü kimi torpaq sahəsi iddiaçıya 1987-ci ildə ayrılmışdır. Həmin vaxt isə qeyd olunan ərazinin qaz kəmərinin mühafizə zonasına düşmədiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşmür. Cavabdeh və üçüncü şəxs isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Daşınmaz əmlak faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. “X2 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(112)-4380/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar