Məhkəmə qərarları › İş №2-1(103)-3383/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3383/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3383/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı “sənədlərin surətinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı “sənədlərin surətinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8053/2022 saylı 15 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqandan sənədlərin surətlərinin məhkəmə yolu ilə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanına dair məlumatın və sənədlərin surətinin alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin İdarədən bu sənədlərin və həmin ünvana dair texniki pasportun mövcud olmadığı bildirilmişdir. Halbuki bu sənədlər mövcud olmuşdur, çünki iddiaçı hazırda həmin ünvanda qeydiyyatdadır. Bundan sonra o, xx.xx.2022-ci il tarixində Milli Arxiv İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq ünvanlara, adlara və soyadlara əsasən Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənədi əldə etməyin mümkün olmadığı bildirilmişdir. Bu sənədlərin verilməməsi iddiaçının vərəsəlik hüququnun bərpa olunmasını mümkünsüz edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8053/2022 saylı 15 avqust 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Baki İnzibati Məhkəməsinə Arxiv İdarəsindən sənədlərinin alınıb verilməsini xahiş etmiş, buna baxmayaraq qeyri-qanuni qətnamə çıxararaq atasının yaşadığı mülkiyyət haqqında heç bir sənəd verilməmişdi. Bununla onun vərəsəlik hüqüqunun pozulmasına şərait yaranmışdı. Qərardadın onunla heç bir əlaqəsi yoxdur və nə yazıldığını da başa düşmək olmur. Arxiv İdarəsi insanlara xidmət etmək üçün yaranmşdı. Bu sənədlərin verilməməsi onun vərəsəlik hüququnun bərpa olunmasını mümkünsüz hesab edir. O, evin sənədlərinə görə vərəsəlik hüququndan məhrum olmuşdu. Onun haqqlarını qoruyub atasının adına olan sənədlərin surətinin Arxiv İdarəsindən alınmasına kömək edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə cavabdeh lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştiakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Milli Arxiv İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək mərhum atası X1 Binə qəsəbəsi, Vaqif küçəsi, ev 37, döngə 4 ünvanında yerləşən torpağının və evinin sənədlərinin itdiyini, buna görə də həmin torpağın və evin arxiv sənədlərinin təqdim edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, Dövlət Arxivinin Bakı Filialında sənədlər müvafiq İcra Hakimiyyətlərinin (İcraiyyə Komitələrinin) qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, adlara və soyadlara əsasən Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənəd əldə etmək mümkün deyildir. Hazırda iddiaçı cavabdehin qeyd olunan məktubunu mübahisələndirərək müraciətində istədiyi sənədlərin surətinin ona təqdim edilməsini xahiş edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının məhz hansı adda sənədi tələb etdiyini, həmin sənədin özünün və cavabdehdə mövcudluğunu sübuta yetirə bilməməsinə, bununla da cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilməməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına əsasən informasiya sorğusunda sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri göstərilməlidir. İşdən görünür ki, iddiaçı cavabdehə sorğu ünvanlayarkən, müvafiq daşınmaz əmlakla bağlı tələb etdiyi sənədin nə növünü, nə hansı orqan tərəfindən qəbul edilən sənəd olmasını, nə tarixini, nə də digər zəruri bir rekvizitini qeyd etmişdir. İddiaçı, ümumiyyətlə, həmin əmlakla bağlı tələb etdiyi sənədin mövcud olduğunu belə sübuta yetirə bilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının daha əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı da oxşar tələblə bağlı iddiası olmuş, yəni həmin işdə də iddiaçı sözügedən ünvana dair məlumat və sənədlərin surətinin verilməsini xahiş etmiş, İdarə xx.xx.2021-ci il tarixli məktubla həmin ünvanın qeydiyyatdan keçməsi, torpaq sahəsinin ayrılması haqqında məlumat və X1 adına həmin ünvana dair texniki pasportun aşkar edilmədiyini bildirmişdir. İddiaçı İdarənin imtinasını məhkəmə qaydasında mübahisələndirmiş, lakin onun iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-3009/2022 saylı qərardadı ilə mümkün sayılmamış, həmin qərardad apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarında qeyd edilmişdir ki, “...cavabdeh qismində qoyulmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bilavasitə səlahiyyətləri fiziki və hüquqi şəxslərin təqdim etdikləri "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə sadalanmış hüquqların əmələ gəlməsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrini həyata keçirmək və həmin qeydlərin dəqiqliyi və tamlığını təmin etməkdir. Başqa sözlə, cavabdeh orqan ona təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin və həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərlə bağlı təsdiqedici sənədlərin saxlayıcısı olmaqla eyni zamanda həmin sənədlərin fiziki və hüquqi şəxslərin, dövlət və yerli özünüidarə orqanlarının sorğusu əsasında təqdim etməyə məsuldur. Hazırkı iş üzrə iddiaçı cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqandan tələb etdiyi hüquqmüəyyənedici sənədlərin nəinki surətlərini (ksero) təqdim etmiş, ümumiyyətlə həmin əmlakla bağlı belə bir sənədlərin mövcud olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan iddiaçının iddia etdiyi əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını, arxivində isə həmin ünvanla bağlı hüquqmüəyyənedici sənədlərin, o cümlədən iddiaçının iddia etdiyi mərhum atası X1 adına texniki pasportun aşkar olunmadığını bildirmişdir. Belə olan halda cavabdeh orqanda mövcud olmayan hüquqmüəyyənedici sənədlərin, eləcə də iddiaçının məhkəmə icraatında da mövcud olmasını sübuta yetirə bilmədiyi sənədlərin verilməsindən imtina edilməsi inzibati orqanın hüquqlara müdaxilə edən hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilə bilməz.” Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddiaçının ünvan 3 ünvanında yerləşən əmlaka dair sənədlərin əldə edilməsi ilə bağlı digər bir inzibati orqana müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarı ilə iddiaçının belə bir sənədə malik olmasının sübuta yetirilmədiyinin müəyyən edildiyinə və həmin halın hazırkı işdə də mövcud olduğuna əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla bağlı hesab edir ki, iddiaçı məhz hansı adda sənədi tələb etdiyini, həmin sənədin özünün və cavabdehdə mövcudluğunu sübuta yetirə bilmədiyindən, bununla da cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafelərinin pozulduğunu əsaslandıra bilmədiyi üçün onun iddiası düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən qeyri-mümkün sayılmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər qərardadın ləğv edilməsi üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8053/2022 saylı 15 avqust 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8053/2022 saylı 15 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar