Məhkəmə qərarları › İş №2-1(103)-3383/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3383/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3383/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9471/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 12 avqust 2003-cü il tarixdən 12 avqust 2005-ci il tarixinədək ödənilməmiş pensiya haqqının yenidən hesablanaraq artırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 avqust 1953-cü il tarixində doğulmuşdur. Hərbi biletinin və əmək kitabçasının surətlərindən görünür ki, 18 may 1972ci il tarixindən 02 aprel 1974-cü il tarixinədək (01 il 11 ay 16 gün) Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 27 iyun 1975-ci il tarixdən 08 fevral 1982-ci il tarixinədək (06 il 06 ay 11 gün) “Xəzərdənizneft” İB-nin X7 İşləri İdarəsində qazmaçı köməkçisi, 26 fevral 1982-ci il tarixdən 25 aprel 1986-cı il tarixinədək (04 il 01 ay 29 gün) X5 elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, 07 may 1986-cı il tarixdən 01 mart 1991-ci il tarixinədək (04 il 07 ay 24 gün) “Xəzərdənizneft” İB-nin X7 İşləri İdarəsində qazmaçı köməkçisi, 05 mart 1991-ci il tarixdən 15 yanvar 1992-ci il tarixinədək (10 ay 10 gün) “Korgöz” Daş Karxanasında daşkəsən maşının maşinisti, 20 yanvar 1992-ci il tarixdən 13 sentyabr 2000-ci il tarixinədək (08 il 07 ay 24 gün) X5 elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, 01 noyabr 2004-cü il tarixdən 01 fevral 2005-ci il tarixinədək (03 ay) “Azərsu” SC-nin Qaradağ rayon Su Təsərrüfatı İdarəsində iş icraçısı, 27 yanvar 2009-cu il tarixdən 17 avqust 2009-cu il tarixinədək "xxxx" MMC-də gözətçi, 24 iyun 2014- cü il tarixdən 06 oktyabr 2016-cı il tarixinədək "xxxx" Azərbaycan QSC-də operator vəzifələrində işləmişdir. 01 avqust 1997-ci il tarixində ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 23 il 09 ay 21 gün təşkil etmiş və həmin staj illərinin 20 il 10 ay 08 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Bununla da 50 yaşı tamam olduğu 12 avqust 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “X1 haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 50 yaşı tamam olduğu 12 avqust 2003-cü il tarixdən deyil, 12 avqust 2005-ci il tarixdən təyin edilmiş, bununla da qanunvericilikdə nəzərdə tutulan hüququ pozulmuşdur. Hesab edir ki, ona güzəştli şərtlərlə əmək pensiyası 50 yaşı tamam olduğu 12 avqust 2003-cü il tarixdən təyin olunmalı, yəni hüququ yaranan tarixdən 12 avqust 2005-ci il tarixinədək müddət ərzində ödənilməmiş pensiya haqqı məbləği və sonradan qazanılmış pensiya kapitalı nəzərə alınmaqla aylıq pensiya haqqı məbləği yenidən hesablanmalı, qanunvericiliyin tələblərinə uyğun olaraq artırılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9471/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin surətindən də görünür ki, 01 avqust 1997-ci il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 23 il 09 ay 21 gün təşkil etmiş və həmin staj illərinin 20 il 10 ay 08 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün AR NK tərəfindən təsdiq edilmiş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır, bununla da 50 yaşının tamam olduğu 12 avqust 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını 01 avqust 1997-ci il tarixinədək topladığına görə ona əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni 50 yaşından pensiya təyin edilməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “X1 haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələbləri nəzərə alınmaqla ona 12 avqust 2003-cü il tarixdən, 50 yaşdan etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Ərizə icraata qəbul edildi. İddiaçı apellyasiya şikayətinə və dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə kollegiyası qeyd edir ki, qərar maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi İPM-nin 12-ci maddəsinin (işin hallarının araşdırılması prinsipi) tələblərinə uyğun araşdırma aparmamışdır. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: İş materiallarından görünür ki, İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. İddiaçıya xx.xx.2005-ci il tarixdə 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona 50 yaşının tamam olduğu xx.xx.2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş, imtina əsası kimi o hallara istinad edilmişdir ki, “X1 haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır, göründüyü kimi 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir, odur ki, iddiaçıya 52 yaşının tamamlandığı tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçının 50 yaşının tamamlandığı tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı hesab edərək, iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1953-cü il tarixdə doğulmuş və 50 yaşı xx.xx.2003-cü il tarixdə tamam olmuşdur, lakin həmin dövrdə (xx.xx.2003-cü il) qüvvədə olan “X1 haqqında” Qanununda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi artıq 52 olmuşdur, buna görə də xx.xx.2003-cü il tarixdən iddiaçıya 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericliyin tələblərinə uyğun deyildir, iddiaçıya 50 yaşdan pensiya təyin edilməsi üçün, onun xx.xx.1997-ci ilə qədər (həmin tarixdən başlayaraq xx.xx.2000-ci ilədək hər il 6 ay artırılmışdır) 50 yaşı tamam olmalı idi, beləliklə iddiaçının ona 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan birinci şərt ödənilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, pensiya işinin surətindən də göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə işlədiyi dövrlər nəzərə alınmaqla 52 yaşdan, xx.xx.2005-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan hərbi biletin və əmək kitabçasının surətlərindən görünür ki, iddiaçı 18 may 1972- ci il tarixindən 02 aprel 1974-cü il tarixinədək (01 il 11 ay 16 gün) Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 27 iyun 1975-ci il tarixdən 08 fevral 1982-ci il tarixinədək (06 il 06 ay 11 gün) “Xəzərdənizneft” İB-nin X7 İşləri İdarəsində qazmaçı köməkçisi, 26 fevral 1982-ci il tarixdən 25 aprel 1986-cı il tarixinədək (04 il 01 ay 29 gün) X5 elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, 07 may 1986-cı il tarixdən 01 mart 1991-ci il tarixinədək (04 il 07 ay 24 gün) “Xəzərdənizneft” İB-nin X7 İşləri İdarəsində qazmaçı köməkçisi, 05 mart 1991-ci il tarixdən 15 yanvar 1992-ci il tarixinədək (10 ay 10 gün) “Korgöz” Daş Karxanasında daşkəsən maşının maşinisti, 20 yanvar 1992-ci il tarixdən 13 sentyabr 2000-ci il tarixinədək (08 il 07 ay 24 gün) X5 elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, 01 noyabr 2004-cü il tarixdən 01 fevral 2005-ci il tarixinədək (03 ay) “Azərsu” SC-nin Qaradağ rayon Su Təsərrüfatı İdarəsində iş icraçısı, 27 yanvar 2009-cu il tarixdən 17 avqust 2009-cu il tarixinədək "xxxx" MMC-də gözətçi, 24 iyun 2014- cü il tarixdən 06 oktyabr 2016-cı il tarixinədək "xxxx" Azərbaycan QSC-də operator vəzifələrində işləmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu ünvanlanaraq xx.xx.1953-cü il təvəllüdlü İddiaçı xüsusi şərtlərlə pensiya təyin edilən zaman şəxsin nəzərə alınan ümumi və xüsusi stajlarının ayrı-ayrılıqda nə qədər olması və hansı dövrləri əhatə etməsi barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 32 il 3 ay 24 gün (01.01 2006-cı il tarıxinədək 28 il 3 ay 24 gün əmək stajı (xx.xx.1972-xx.xx.1974-cü il, xx.xx.1975-xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2000- ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il siğorta stajı), güzəştli iş stajı isə 11 il 5 ay 5 gün (xx.xx.1975-xx.xx.1982-ci il, xx.xx.1986xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Beləliklə, iddiaçının 01 avqust 1997-ci il tarixində ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 23 il 09 ay 21 gün təşkil etmiş və həmin staj illərinin 20 il 10 ay 08 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Bununla da 50 yaşı tamam olduğu 12 avqust 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunanlara əsasən, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını 01 avqust 1997-ci il tarixinədək topladığına görə ona əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 50 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır (2-1(102)- 2641/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərar). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9471/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli və iddiaçıya 50 yaşının tamam olduğu 12 avqust 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9471/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1953-cü təvəllüdlü İddiaçı 50 yaşdan, yəni 12 avqust 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar