Məhkəmə qərarları › İş №2-1(103)-3383/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3383/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3383/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, X4 katibliyilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3978/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan:ünvan 2hkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********899500 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarından görünür ki, cavabdeh 2023cü il vergi dövrü üzrə iddiaçıya 1637,53 manat əlavə gəlir vergisi hesablamışdır.

2. Qərar bununla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə (əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı kameral qaydada 1.637,53 manat məbləğində əlavə vergi məbləğinin hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********899500 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı kameral qaydada 1.637,53 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Vergi orqanının bu barədə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********746200 nömrəli, 02 iyun 2023cü il tarixli qərarında qeyd edilir ki, “aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq təqdim edilmiş bəyannamələrdə edilmiş riskli elektron qaimələrin xərc məbləği kimi bəyan edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur”. Vergi orqanının iddiaçı barəsində tərtib etdiyi qərar və həmin qərar əsasında əlavə olaraq hesabladığı vergi məbləğinin hüquqi əsası yoxdur, həmin qərar və əlavə hesablanmış vergi məbləği əsassızdır və ona görə də ləğv olunmalıdır.

5. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etmiş və göstərmişdir ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********899500 nömrəli Qərar xx.xx.2023-cü il tarixdə saat 19:06-da vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 14:34-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Elektron məhkəmə sistemindən də göründüyü kimi, iddiaçı həmin qərardan xəbərdar olduqdan 4 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da inzibati prosessual qanunvericiliklə mübahisələndirmə növündə iddialar üzrə müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22-ci, 24-cü və 38-ci maddələrinin, Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinin müddəalarını rəhbər tutaraq İddiaçı iddia ərizəsinə iddia müddətinin şamil edilməsini xahiş etmişdir.

6. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

7. Ərizə bununla əsaslandırılmışdır ki, cavabdeh etiraz ərizəsində qeyd edir ki, iddiaçı mübahisələndirilən qərardan xəbəri olmuş və xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə qədər nizamlanma dövrünədək, yəni xx.xx.2023-cü ildə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş idarəsinə məktubla müraciət olunaraq, onun riskli vergi ödəyicisi siyahısından çıxarılması xahiş olunmuş və buna görə də müddət buraxılmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3978/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir.

9. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3978/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

a. Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətinin dəlillərinə əsasən qərardad əsassız və qanunsuz olmaqla Bakı İnzibati Məhkəməsi qərardadla iddianı mümkün sayılmaması barədə düzgün nəticəyə gəlməmişdir.

11. İddiaçı mübahisələndirilən qərardan xəbəri olmuş və xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə qədər nizamlanma dövrünədək, yəni xx.xx.2023-cü ildə iddiaçı tərəfindən cavabdehə məktubla müraciət olunaraq, onun riskli vergi ödəyicisi siyahısından çıxarılması xahiş olunmuş və buna görə də müddət buraxılmışdır. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, nəticədə isə müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Göründüyü kimi işə baxan məhkəmə İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsindən irəli gələn tələbləri təmin etməmişdir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmə səbəbləri barədə məlumat verməmişlər.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 70. Vergi ödəyiciləri ilə yazışma ...70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ... 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 22.1. bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Maddə 24.6. buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2. aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Maddə 71.1. maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 72.1. inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarı.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarı.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. 28. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilibedilməməsi yoxlanılmalıdır.

25. İddia müddəti ilə bağlı “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyindən aydın olur ki, iddia müddətinin ötürülübötürülmədiyini müəyyən etmək üçün, ilk növbədə, müddətin axımının başlanğıc anı müəyyən edilməli, bundan sonra müvafiq inzibati aktdan şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsi məsələsi həll edilməlidir.

28. Hazırkı iş üzrə iddiaçının cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********899500 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növünə aiddir.

29. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür.

30. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır.

31. Lakin işdə olan elektron sənəd dövriyyəsindən çıxarışdan görünür ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə qərar oxunmuş, iddiaçı isə qərarın ləğv edilməsi üçün mübahisələndirmə haqqında hazırkı iddia ilə 30 günlük müddət keçdikdən, yəni 4 ay sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydındır ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

32. Buraxılmış prosessual müddətin bərpası barədə ərizədən görünür ki, iddiaçı müddətin ötürüldüyünü qəbul etmiş, lakin bunu xx.xx.2023-cü ildə cavabdehə müraciət etməsi ilə əsaslandırmışdır.

33. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı hazırda “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********899500 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etsə də, onun xx.xx.2023-cü il tarixdə cavabdehə müraciəti həmin qərarla bağlı deyil, riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı olmuşdur. Buna görə də məhkəmə iddiaçının həmin müraciətini məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üçün üzrlü səbəb saya bilməz.

34. Yuxarıda qeyd olunan normaların tələbinə görə buraxılmış prosessual müddətin bərpa edilməsini müddətə əməl olunmasına mane olan hallar olduqda təmin edilməsini nəzərdə tutur, hansı ki, bu barədə ərizə məhz bu hallar aradan qalxdıqdan 15 gün ərzində verilməlidir.

35. Burada müddətə əməl olunmasına mane olan hallar dedikdə, yalnız elə üzrlü səbəblər başa düşülür ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmur, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxır, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törədir və ya məhdudiyyət yaradır (məsələn şəxsin xəstəliyi, cəzaçəkmə müəssisəsində olması və sair). Lakin hazırkı iş üzrə belə hallar müəyyən edilmir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

37. Həmçinin də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1036/2024 saylı xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi qərar vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.

38. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvinə əsas vermir.

39. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3978/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar