Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3385/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X11 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında" xx.xx.2022-ci il tarixli **********0557 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X31 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” xx.xx.2022-ci il tarixli **********0557 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X31 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarət tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçının iştirakı olmadan Bakı səhəri, Yasamal rayonu, X32 29B ünvanında yerləşən “Palmera Voate” restoranında tədbir keçirilmişdir. Keçirilmiş operativ vergi vergi nəzarətinin nəticələri haqqında Dövlət Vergi Xidmətinin X31 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən 28 iyun 2022-ci il tarixli DVX 006106 nömrəli akt tərtib edilmiş, 13 nəfər əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş işçi müəyyən edilərək izahatları alınmışdır. Daha sonra cavabdehin xx.xx.2022-ci il tarixli **********0557 nömrəli qərarı əsasında fiziki şəxs İddiaçı ümumilikdə 28000 (iyirmi səkkiz min) manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən qəbul olunmuş qərar əsassızdır və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında və həmin tədbirin nəticəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX 006106 nömrəli aktda tədbirin keçirildiyi ünvan Bakı səhəri, Yasamal rayonu, X32 29B ünvanında yerləşən “Palmera Voate” restoranı qeyd olunsa da, xx.xx.2022-ci il tarixli **********0557 nömrəli qərarında tədbirin Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən "Nihat” adlı ərzaq mağazasında keçirildiyi qeyd olunmuş və buna görə də maliyyə sanksiyası tətbiq olunmuşdur. Göründüyü kimi cavabdehin xx.xx.2022-ci il tarixli **********0557 nömrəli qərarının fiziki şəxs İddiaçı heç bir aidiyyəti yoxdur və qərar düzgün qəbul olunmamışdır. Həmin qərarda guya fərdi sahibkar X17 adlı şəxs və bir nəfər izahat verməkdən imtina etmişlər. Adı qeyd olunan şəxsin ümumiyyətlə fiziki şəxs İddiaçı aidiyyəti yoxdur və sonuncu həmin şəxsi tanımır. Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, guya fiziki şəxs İddiaçı tərəfindən foto, audi-video sahəsində məşğul olan şəxs işlərə cəlb olunmuşdur. Belə bir hal da olmamışdır. İnzibati orqanın belə təhrif olunmuş məlumatlar əks olunan qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa, keçirilmiş tədbir zamanı Vergi Məcəlləsinin tələblərinə əsasən müşahidəçilərin cəlb olunması ilə bağlı tələb yerinə yetirilməmişdir. Keçirilmiş operativ tədbirin nəticəsində tərtib olunmuş akt və protokollarda vergi orqanının vəzifəli şəxslərindən başqa heç bir müşahidəçinin rekviziti və imzası olmadığı üçün, tədbirin Vergi Məcəlləsinin tələblərinə zidd keçirildiyi müəyyən olunur. Həmçinin operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən bir sıra qanunsuz hərəkətlərə yol verilmiş və operativ vergi nəzarəti yoxlaması işçilərə təzyiq və bir sıra hallarda zor tətbiq edilməklə aparılmışdır. Vergi orqanının vəzifəli şəxslərindən vergi orqanının qərarı tələb olunsa da, buna məhəl qoyulmamış və qərar təqdim olunmamışdır. Sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılmasının səmərəliliyini artırmaq məqsədilə Nazirlər Kabinetinin 13 dekabr 2002-ci il tarixli 196 nömrəli Qərarı ilə "Nəzarət Kitabçası" haqqında Əsasnamə" təsdiq edilmişdir. Sənədə əsasən sahibkarlıq subyektlərində yoxlamalar Nəzarət Kitabçasında qeydiyyat aparıldıqdan sonra başlaya bilər və yoxlamanın sonunda yoxlama ilə bağlı müvafiq məlumatlar tam şəkildə Kitabçaya yazılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2011-ci il tarixli 97 nömrəli Qərarı ilə "Nəzarət kitabçası" haqqında Əsasnamə"yə edilmiş düzəlişlərə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. X2 "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu"nun qeyd edilməsi təsbit olunmuşdur. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən yuxarıda qeyd olunan normativ aktın tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, vergi orqanının vəzifəli şəxslərinin tərtib etdikləri aktda göstərilmişdir ki, guya nəzarət kitabçası tələb olunmuş, lakin təqdim olunmamışdır. Bildirir ki, aktda qeyd olunanlar həqiqətə uyğun deyildir, çünki, operativ vergi nəzarəti vergi orqanının vəzifəli şəxsləri tərəfindən elə bir kobud və aqressiv hərəkətlərə yol verilməklə keçirilmişdir ki, onları həmin yoxlama zamanı qanunun tələblərinə riayət etmək belə maraqlandırmamış və aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarış təqdim olunmamış, nəzarət kitabçasında müvafiq qeydlər aparılmamışdır. Vergi ödəyicisinin nümayəndəsinin izahatını və etirazını dinləmək istəməmişlər. Obyektdə işləməyən şəxslərdən izahat alınaraq onlar obyektin işçiləri kimi göstərilmişlər. Yoxlamanın həyata keçirildiyi “Palmera Voate" restoranı xx.xx.2022-ci il tarixli “İcarə müqaviləsi” əsasında fiziki şəxs İddiaçı tərəfindən icarəyə götürülmüş və bir müddət təmir işləri aparılmışdır. Həmin restoran xx.xx.2022-ci il tarixdə fəaliyyətə başlamış və nəzarət kassa aparatı qeydiyyata alınmışdır. Fəaliyyət başlamamışdan əvvəl vergi orqanının tədbir keçirməsi sahibkarlıq fəaliyyətinə mümkün vurula biləcək ağır bir zərbə hesab etmək olar. Operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsləri obyektin fəaliyyətini tam iflic vəziyyətə salmış, obyektin gündəlik fəaliyyətinə maneə törətmişlər. Operativ vergi nəzarəti zamanı alınan izahatlar vergi orqanının vəzifəli şəxsləri tərəfindən vətəndaşlara psixoloji təsir göstərməklə alınmışdır. Belə ki, bütün izahatlar eyni məzmunludur. Təqdim edilmiş siyahı və izahatlarla tanış olduqda adları qeyd olunan şəxslərdən X29 fiziki şəxs İddiaçı xalası oğludur və tədbir keçirilən zaman obyektdə onun yanına gəldiyini və birlikdə yemək yediklərini bildirmişdir. Bundan başqa, izahatları alınan X3 və X14 xx.xx.2022-ci il tarixdən, yəni operativ tədbir keçirilən gün işlə təmin olunduqlarını qeyd etmişlər. X8 izahatında 4 (dörd) ay, X27 2 (iki) ay, X23 2 (iki) ay, X18, X15 isə 1 (bir) ay işlədiyini bildirmişlər. Müvafiq sənədlərdən də göründüyü kimi fiziki şəxs İddiaçı ilə icarə müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır. İcarə müqaviləsi bağlanmazdan öncə ticarət obyekti başqa şəxslərin istifadəsində olmuşdur. Belə olan halda, adları qeyd olunan şəxslərin icarə müqaviləsinin bağlanması tarixindən öncə fiziki şəxs İddiaçı tərəfindən işlə təmin olunmaları barədə izahat yazmaqları absurddur. İzahatları alınan şəxslərdən X30 izahatında 15 (on beş) gün, X16 10 (on) gün, X24 xx.xx.2022-ci il tarixdən işlədiklərini bildirsələr də, məvaciblərini aylıq olaraq aldıqlarını qeyd etmişlər. Həmin şəxslərin izahatlarında işlədikləri günlər nəzərə alınsa aylıq məvacibin alınması üçün müddətin bitməsinə kifayət qədər gün qaldığına baxmayaraq, güya həmin şəxslərin aylıq məvacib almaqları vergi işçilərinin öz fantaziyaları əsasında məcburən yazdırılmış və ya elə vergi işçilərinin özləri tərəfindən yazılmış izahatlardır. Həmçinin, keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX 006106 nömrəli aktda tədbirin başlama saatı saat 17:40 göstərilmiş, bitmə saatı barədə isə heç bir məlumat öz əksini tapmamışdır. xx.xx.2022-ci il tarixli DVX 004456 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" protokolda isə tədbirin başlama saatı 17:35, bitmə saatı isə 18:10 göstərilmişdir. Vergi əməkdaşları tərəfindən operativ tədbirin keçirilməsi ilə bağlı bu kimi tələblərə də əməl olunmamışdır. Vergi əməkdaşları operativ tədbir qeyd etdikləri vaxt aralığında aparılmış olsaydı, 35 dəqiqə ərzində tədbiri başlayıb, 13 nəfərin izahatlarını obyektiv şəkildə yazdırıb və nəticədə müvafiq akt və protokol tərtib edilə bilməzdi. Əgər tədbir qeyd edilən vaxt ərzində keçirilmişdirsə, onda alınmış izahatların heç biri həqiqətə uyğun deyil və vergi əməkdaşlarının özləri tərəfindən yazıldığı bir daha sübuta yetir. Bundan başqa, sahibkar İddiaçı işlətdiyi "Palmera Voate" restoranında operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslar olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 330/2022 saylı qərarında qeyd olunur ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materialında bunu təsdiq edən hər hansı sübut yoxdur. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1- 50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmaması müəyyən olunsun. Beləliklə, göründüyü kimi, vergi orqanı tərəfindən yenicə fəaliyyətə başlamağa çalışan sahibkar xəbərdar olunmadan, mümkün ola biləcək nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilmədən hələ fəaliyyətə başlamamış ticarət obyektində operativ tədbir keçirilməsi, vergi işçilərinin özlərinin fantaziyaları əsasında reallığa uyğun olmayan izahatların yazılaraq şəxslərə məcburən imzalatdırmaqları qanunvericiliyin tələblərinə ziddir. İddia tələbi Vergi Məcəlləsinin 24.0.2, 31.0.3, 43.10, 48.4, 49.2, 50.4, 50.5, 50.6-cı maddələri, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 58.3, 61, 64, 65, 67-ci maddələri ilə əsaslandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X31 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” xx.xx.2022-ci il tarixli **********0557 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X31 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********9014 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə fiziki şəxs X12 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 29B ünvanında yerləşən “PALMERA KAFE” adlı obyektdə “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələləri üzrə operativ vergi nəzarəti tədbiri zamanı fiziki şəxs X12 fəaliyyət göstərmədiyi, həmin obyektdə fiziki şəxs İddiaçı fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Bu səbəbdən də Baş idarənin xx.xx.2022-ci tarixli **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə nəzarət tədbiri keçirilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Məhkəmə eyni zamanda qərarında qeyd etmişdir ki, keçirilmiş tədbir zamanı Vergi Məcəlləsinin tələblərinə əsasən müşahidəçilərin cəlb olunması ilə bağlı tələb də yerinə yetirilməmişdir. Qeyd olunan hala münasibətdə isə bildirilmişdir ki, Vergi Məcəlləsində operativ vergi nəzarəti zamanı müşahidəçilərin iştirakı imperativ norma olaraq qeyd edilməmişdir. Məhkəmənin inzibati orqanın qəbul etdiyi aktda operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi yer üzrə və naməlum şəxs barəsində baş tutmuş əməliyyatlara görə vergi məsuliyyəti tədbiri tətbiq edilməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə qeyd edilmişdir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən texniki xətaya yol verilmişdir. Daha sonra isə texniki xəta aradan qaldırılmışdır. Həmçinin apellyasiya şikayətində qeyd edilmişdir ki, operativ vergi nəzarətinə dair iş materiallarına əlavə olunmuş video çəkilişdən də aydın görünür ki, işçilərə qarşı hər hansı təzyiq olmamış, izahat üçün dəvət olunan şəxslər sərbəst səkildə öz ifadələrini vermişlər. İzahatlardan görünür ki, işçilər müxtəlif vaxtlarda işə qəbul olunmuşdur. İddiaçı obyekti xx.xx.2023-cü il tarixdə qeydiyyata saldığını əsas gətirərək həmin izahatların həqiqəti əks etdirmədiyini bildirir. Bununla bağlı cavabdeh qeyd edir ki, həmin obyektdə bir neçə dəfə VÖEN dəyişmə əməliyyatı həyata keçirilmişdir. Başqa sözlə, işçilər həqiqətən orada izahatlarında qeyd etdikləri vaxtdan işləyirlər, sadəcə müəyyən müddət ərzində işçi personalı dəyişmədən obyekt başqa şəxs adından çıxarılaraq hazırkı iddiaçının adına qeydiyyata salınmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Belə ki, Vergi Məcəlləsinin: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. 49.5. vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ...50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;(...) 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materiallarında olan; -Cavabdehin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli DVX seriyalı 006106 saylı aktdan və ona əlavədən görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı səhəri, Yasamal rayonu, X32 29B ünvanında yerləşən “Palmera Voate” restoranında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmiş, iddaçıya təqdim edilməsi barədə qeydlər edilmiş, akt ödəyici tərəfindən imzalanmamışdır. Akta görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 1 nəfər fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə vergi ödəyicisi olan iddiaçı barəsində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. -xx.xx.2022-ci il tarixli vergi orqanın əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı səhəri, Yasamal rayonu, X32 29B ünvanında yerləşən “Palmera Voate” restoranında operati yoxlama zamanı iddiaçının rəsmi nümayəndəsi olmamış və obyektin mülkiyyətçisi X19 əslində biznesin ona məxsus olmasını bildirmişdir. -Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022- ci il tarixli **********0591 nömrəli qərarından görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: yeməkxanaların fəaliyyəti) həyata keçirdiyi Bakı səhəri, Yasamal rayonu, X32 29B ünvanında yerləşən “Palmera Voate” restoranında (**********-13001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır. -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221759026 saylı çıxarışdan görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: yeməkxanaların fəaliyyəti) həyata keçirdiyi kafedə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vergi nəzarətinin keçirilməsi qeydiyyata alınmışdır. -Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0557 saylı qərarından görünür ki, vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçının (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 (üç) nəfər fiziki şəxsin yazılı izahatları alınmış, həmin şəxslər əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etmişdirlər. Fərdi sahibkar X17 və işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs hər hansı əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etmişdirlər. İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 26000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. -Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərarı ilə qərara alınmışdır ki, “Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsinin fərdi sahibkar İddiaçı, oğlunun (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 29B ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli 22039Ö02380557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar’da vergi ödəyicisinin təsərrüfat subyektinin adı və ünvanı texniki olaraq səhv qeyd olunmuşdur, “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 63.1-ci il bəndində əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Qeyd olunanlarla əlaqədar, xx.xx.2022-ci il tarixli **********0557 nömrəli “Vergi ödəyicisinjn vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ın təşviri-əsaslandırıcı hissədə yol verilmiş yanlışlıqlar aradan qaldırılaraq “Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquği qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 (on üç) nəfər fiziki şəxsin yazılı izahatı alınmış, həmin şəxslər əmək və xidmət müqaviləsinin bağlanılmadığını etiraf etmişlər. Fərdi sahibkar X17 və işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs hər hansı səbəb gətirmədən izahat verməkdən imtina etmişdirlər.” sözləri “Bakı şəhəri, Yasamal rayonu, X32 29B ünvanda yerləşən “Palmera" adlı kafedə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 (on üç) nəfər fiziki şəxsin, 1 (bir) nəfər fiziki şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yazılı izahatı alınmış şəxslər onlarla fərdi sahibkar arasında əmək və xidmət müqaviləsinin bağlanılmadığını qeyd etmişlər. Fərdi sahibkar İddiaçı yoxlamada iştirak etməmiş, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs isə hər hansı səbəb gətirmədən izahat verməkdən imtina etmişdir.” sözləri kimi oxunsun. -X9, X4, X36, X5, X15, X18, X23, X27, X3, X14, X24, X16, X30 izahatlarından görünür ki, onlar vergi nəzarətinin keçirilməsi zamanı iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi kafedə əmək müqaviləsi olmadan işlədiklərini bildirmişlər. İş materiallarından müəyyən edilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 29B saylı ünvanda yerləşən “KAFE” obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 006106 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfində xx.xx.2022-ci il tarixli **********0557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 26000 (iyirmi altı min) manat və 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan X9, X4, X36, X5, X15, X18, X23, X27, X3, X14, X24, X16, X30 izahatlarından görünür ki, onlar vergi nəzarətinin keçirilməsi zamanı iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi kafedə əmək müqaviləsi olmadan işlədiklərini bildirmişlər. İş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsassız olaraq təmin etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qərarında qeyd etmişdir ki, “keçirilmiş tədbir zamanı Vergi Məcəlləsinin tələblərinə əsasən müşahidəçilərin cəlb olunması ilə bağlı tələb də yerinə yetirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İş materiallarında olan akt və protokollardan görünür ki, həmin sənədlər yalnız vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır”. Məhkəmənin qeyd etdiklərinə ilə razılaşmayan Kollegiya bildirir ki, Vergi Məcəlləsinin 50.5-ci maddəsinə görə, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 89.8-ci maddəsinə görə, əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 89.13.2-ci maddəsinə görə, aksiz markaları ilə markalanmalı olan malların həmin markalarla markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla, habelə məcburi nişanlama ilə nişanlanmalı olan malların məcburi nişanlama ilə nişanlanmadan və ya saxta məcburi nişanlama ilə nişanlanmaqla satışı və ya saxlanılması aşkar edildikdə (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) ümumi miqdarı, aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan aktla, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, akt vergi orqanının nümayəndələrinin, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzalan ilə təsdiqlənir. Birinci instansiya məhkəməsinin mövqeyindən isə belə başa düşülür ki, sanki operativ vergi nəzarəti həyata keçirilən zaman bütün hallarda müşahidəçilərin iştirakı qanunvericilikdə imperativ norma olaraq qeyd edilmişdir. Halbuki qanunverici müşahidəçilərin hansı hallarda olmasını yuxarda qeyd edilən normalarda göstərmişdir. Odur ki, cavabdeh tərəfindən keçirilən operativ vergi nəzarəti yoxlaması zamanı müşahidəçilərin iştirakının təmin edilməsi cavabdehin məcburi öhdəliyi hesab oluna bilməz. Bundan başqa məhkəmə qərarında göstərmişdir ki, cavabdehin tərtib etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0557 saylı qərara əsasən vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Qərarda vergi ödəyicisinin fəaliyyət göstərdiyi kafedə deyil, tamam başqa bir yerdə (“Nihat” adlı ərzaq mağazada) və başqa bir şəxs (X17) tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 (üç) nəfər fiziki şəxsin yazılı izahatlarının alındıgı, həmin şəxslərin əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etdikləri və buna görə də məlum olmayan bir şəxsin (fərdi sahibkar X17) hər hansı əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etməsi (halbuki aktda vergi ödəyicisinin obyektdə olmadıgı səbəbdən aktı imzalamadıgı barədə qeyd edilmiş) iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi yer üzrə və naməlum şəxs barəsində baş tutmuş əməliyyatlara görə vergi məsuliyyəti tədbiri tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin qeyd etdiklərini əsassız hesab edən Kollegiya ilk növbədə bildirir ki, cavabdeh tərəfindən operativ yoxlamanın faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 29B saylı ünvanda yerləşən “Palmera" obyektində keçirilməsi işin mübahisəsiz (iddiaçı tərəf özüdə etiraf edir ki həmin yerdə yoxlama aparılmışdır) halıdır. İş materiallarından olan cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərarından da görünür ki, “Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsinin fərdi sahibkar İddiaçı, oğlunun (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 29B ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli 22039Ö02380557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar’da vergi ödəyicisinin təsərrüfat subyektinin adı və ünvanı texniki olaraq səhv qeyd olunmuşdur. “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 63.1-ci il bəndində əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Qeyd ojunanlarla əlaqədar, xx.xx.2022-ci il tarixli **********0557 nömrəli “Vergi ödəyicisinjn vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ın təşviri-əsaslandırıcı hissədə yol verilmiş yanlışlıqlar aradan qaldırılaraq “Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquği qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 (on üç) nəfər fiziki şəxsin yazılı izahatı alınmış, həmin şəxslər əmək və xidmət müqaviləsinin bağlanılmadığını etiraf etmişlər. Fərdi sahibkar X17 və işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs hər hansı səbəb gətirmədən izahat verməkdən imtina etmişdirlər.” sözləri “Bakı şəhəri, Yasamal rayonu, X32 29B ünvanda yerləşən “Palmera" adlı kafedə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 (on üç) nəfər fiziki şəxsin, 1 (bir) nəfər fiziki şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yazılı izahatı alınmış şəxslər onlarla fərdi sahibkar arasında əmək və xidmət müqaviləsinin bağlanılmadığını qeyd etmişlər. Fərdi sahibkar İddiaçı yoxlamada iştirak etməmiş, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs isə hər hansı səbəb gətirmədən izahat verməkdən imtina etmişdir.” sözləri kimi oxunsun. Göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati İcraat Haqqında Qanunun” tələblərinə uyğun olaraq qərarda qeyd olunan texniki yalnışlıqlar aradan qaldırılmışdır. Həmçinin cavabdeh apellyasiya şikayətində haqlı olaraq bildirmişdir ki, “..sözügedən qərara mahiyyət etibarilə hər hansı dəyişiklik edilməmişdir. O cümlədən xx.xx.2022-ci il tarixdə **********936100 nömrəli məktubla iddiaçının elektron poçt ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə onun tərəfindən oxunmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi yenə qanunvericiliyə uyğun olmayaraq qərarının əsaslandırması hissəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********600400 nömrəli qərar qəbul edilərkən, heç bir inzibati icraat aparılmamış, bu barədə müvafiq qərar qəbul edilməmiş, iddiaçı inzibati icraata cəlb edilməmiş, aktın qəbul ediləcəyi yer və vaxt barədə ona məlumat verilməmiş, dinlənilməsi təmin edilməmiş, yalnız barəsində əlverişsiz qərar qəbul edildikdən sonra ona göndərilmişdir. Kollegiya bildirir ki, sözügedən qərar düzəliş qərarıdır. “İnzibati İcraat Haqqında Qanunun” 63.1-ci maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Kollegiya bildirir ki, düzəliş qərarı qəbul edərkən inzibati icraatın aparılması, xüsusilə inzibati icraata cəlb edilmə, aktın qəbul ediləcəyi yer və vaxt barədə məlumat verilmə, dinlənilmə kimi qanunvericiliyin tələbi yoxdur. Qanunverici sadəcə olaraq həmin düzəliş qərarı barədə maraqlı şəxsin məlumatlandırılmasını tələb edir ki, iş materiallarından da aydın olur ki həmin qərar iddiaçıya göndərilmişdir. Qərarın 1.5 ay sonra göndərilməsinə gəldikdə isə, bu müddətlə bağlı prosessual pozuntudur və qəbul edilmiş inzibati aktın (yəni əsas qərarın) ləğv edilməsi və ya qanunsuz olmasına əsas hesab oluna bilməz. Bundan başqa birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “...izahatları alınmış işçilər X10 və X13 2 ay, X6 1 ay, X1 4 ay İddiaçı tərəfindən “Palmera” restoranında işə cəlb olunduqları barədə izahatları işdə olan sənədlərə uygun olmadıgından mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” ərizəsi ilə vergi orqanına müraciət etmiş və icarə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, X32 ev 29B ünvanında yerləşən, əsas sahəsi 370 kv/m, əlavə sahəsi 233,1 kv/m olan təsərrüfat subyekti (kafe) xx.xx.2022-ci il tarixində **********-13001 kodu ilə onu adına vergi uçotuna alınmışdır”. Kollegiya qeyd edilənlərə münasibətdə ilk növbədə qeyd edir ki, iş materiallarından görünür ki, qeyd edilən şəxslərin müvafiq qaydada izahatları alınmış və onlar izahatlarını öz imzaları ilə təsdiq etmişlər. Eyni zamanda cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, “həmin obyektdə bir neçə dəfə VÖEN dəyişmə əməliyyatı həyata keçirilmişdir. Yəni, işçilər həqiqətən orada izahatlarında qeyd etdikləri vaxtdan işləyirlər, sadəcə müəyyən müddət ərzində işçi personalı dəyişmədən obyekt başqa şəxs adından çıxarılaraq hazırkı iddiaçının adına qeydiyyata salınmışdır”. Beləliklə, iş materiallarından iddiaçının ünvanında həyata keçirilmiş operativ vergi nəzarətinin qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyi, yoxlama zamanı tərtib edilmiş aktda göstərilənlərin doğruluğu iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı, iddiaçının iddia tələbi isə əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməli, iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3385/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3385/2023
01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver