Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3386/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə yaşayış sahəsi ərazisində yerləşən 538 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1670/2025 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə yaşayış sahəsi ərazisində yerləşən 538 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı İnzibati Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2-1(112)-1670/2025 saylı qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə yaşayış sahəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1480 saylı sərəncamı ilə X2 ayrımışdır. Daha sonra həmin torpaq sahəsi Yusif Mehdiyevlə qarşılıqlı razılıq əsasında Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 981 saylı sərəncamı ilə ona verimişdir. Torpaq sahəsinə dair onun yerləşməsini əks etdirən plan-sxem də ona təqdim edilmişdir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, **********06 saylı məktubla imtina edilmiş, məsələ ilə bağlı xx.xx.2022-ci il tarixli məktubla münasibət bildirildiyini qeyd etmişlər. Həmin məktubda isə xx.xx.2001-ci il tarixindən sonra yerli icra hakimiyyətlərinin torpaq sahəsi ayırma səlahiyyətlərinin olmadığı qeyd edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən torpaq sahəsi hələ xx.xx.2001-ci ildən əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə vətəndaş X2 ayrılmışdır. Bundan sonra onun da, razılığı ilə həmin torpaq sahəsi onun adına keçirilmişdir. Torpaq sahəsi 20 ildən çoxdur ki, onun istifadəsindədir. Üzərində fərdi yaşayış evi inşa etmişlər və orada yaşayırlar. Cavabdeh iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı etibarnamə əsasında nümayəndəsi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə yaşayış sahəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli, ********** saylı ərizə ilə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********87 saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fonfundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvar ayının 1-dən etibarən həyata keçirir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxışa şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(112)-1670/2025 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə yaşayış sahəsi ərazisində yerləşən 538 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı işi ilə əlaqədar Elektron Məhkəmə Sistemində (kabinetdə) olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktının qoşmasında olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların araşdırılması zamanı müəyyən olunmuşdur ki, WGS 84/UTM zona 39N koordinat sistemində həmin 538 kv.m. torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X5” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 160435 saylı neft-qaz quyusunun 41 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Qeyd edilən torpaq sahəsi 1976-cı ildən uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata ala bilməzdi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Siansor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, mübahisəli sahə “X5” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlarına daxil edilmişdir. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X7.Vi. və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ saylı Qanununun 4-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli, 31 saylı qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” Qaydalarının 3.3-cü bəndinə görə, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müəyyən edilmişdir. Həmin Qaydalara görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarına əsasən ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və yatikinti işlərinin aparılması qadağan olunmuşdur. ... “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 94 saylı qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasınaaid edilmişdir. Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli qərarı da bu qaydada artıq qüvvədən düşmüşdür. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, “X5” Şirkəti tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu isə öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Göstərilənlər ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüqiuqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasınasəlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 izahatında apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi, eyni zamanda ona verilmiş suallara cavab olaraq bildirdi ki, torpaq sahəsinin yerləşdiyi ərazi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə məxsus ərazidir. Bu səbəbdən də torpaq sahəsinə çıxarışın verilməsi doğru deyil. ... Torpaq sahəsinin qonşuluğunda yerləşən yaşayış sahələrinə münasibətdə hüquqların dövlət reyestrində qeydə alınması və ya həmin yaşayış sahələrinin sökülməsi ilə bağlı məhkəməyə müraciətləri olmayıb. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirdi ki, torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə münasibətdə çıxarışlar verilmişdir. Hazırkı tələbin təmin edilməməsi ilə bərabərlik prinsipinin tələbləri pozulmuş olardı. Məhkəmə iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilməyib, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 981 saylı sərəncamına əsasən Bakı şəhəri, 8-ci km. qəsəbəsi, K.Balakişiyev küçəsində yerləşən 59 saylı evin 1 saylı mənzilində yaşayan İddiaçı İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Rayon İcra Hakimiyyət Başçısının xx.xx.2000-ci il tarixli, 1480 saylı sərəncamı ilə Sulutəpə yaşayış sahəsində fərdi yaşayış evinin tikintisi üçün X2 ayrılmış 600.0 kv.m. torpaq sahəsində ev tikməyə imkanı olmadığı üçün qarşılıqlı razılıq əsasında həmin torpaq sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Sulutəpə yaşayış sahəsində yerləşən 600 kv.m. ölçüdə olan Rayon İcra Hakimiyyət Başçısının xx.xx.2000-ci il tarixli, 1480 saylı sərəncamı ilə X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi İddiaçı adına keçirilmişdir. Torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. - “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən, daşınmaz əmlakın faktiki sahəsi 538.0 kv.m. təşkil edir. Torpaq sahəsi ərizəçinin ailə üzvünə aid olan digər sahə ilə bir hasar daxilindədir. Ara sərhədləri şərti və üzərindəki mövcud tikilinin çöl divarı və mişar daşla sərhədlənib. Torpaq sahəsi üzərində bir ədəd yaşayı evi, bir ədəd yarımçıq konstruksiyalı yaşayış evi (yalnız çöl divarları müəyyən hündürlükdə), bir ədəd talvar mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin bir tərəfindən sxemdə göstərildiyi kimi 2.0 m – 5.4 m məsafədən 110 kV-luq YGE hava xətti keçir. Torpaq sahəsinin bir tərəfindən 30.7 m – 31.6 m məsafədən yerüstü boru xətti keçir. Bataqlıq ərazidə olduğundan diametrini dəqiqləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin yerləşməsinə dair təqdim edilmiş cizgidə sahə qeyd olunmayıb. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün sənədlər toplusuna əlavə olunmuşdur. - Birinci instansiyası məhkəməsi tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 16 iyul 2024-cü il tarixli, 3-48-2F/2- 1467/2024 saylı məktubla Binəqədi rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2001ci il tarixli, 981 saylı sərəncam Dövlət Arxivinin Bakı Filialında mövcud olan sərəncamın təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. - Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-16201/2025 saylı məktubla kadastr məlumatlarına əsasən, sözügedən ərazinin qonşuluğunda qeydə alınmış torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərin, ortofoto görüntüsünün və işin icrası ilə bağlı zəruri əhəmiyyət kəsb edən digər sənədlərin surətləri təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının sərəncamının qəbul edildiyi tarixdə, yəni xx.xx.2001-ci il tarixdə yerli icra hakimiyyəti orqanlarının torpaqayırma səlahiyyətinin olmamasına (yerli icra hakimiyyəti orqanları tərəfindən torpaq sahəsinin ayrılması xx.xx.2001-ci il tarixdən dayandırılmışdır) istinad edilsə də, sərəncamın məzmununa nəzər yetirdikdə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi ilk öncə, ilkin hüquq sahibi olan X2 xx.xx.2000-ci il tarixli sərəncam əsasında ayrılmışdır. Daha sonra sonuncunun razılığı və iddiaçının ərizəsinə əsasən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli sərəncamına əsasən iddiaçının adına keçirilmişdir. Göründüyü kimi, cavabdehin iddia etdiyinin əksinə sözügedən sərəncam torpaqayırma barədə olmayıb, addan-ada keçirilmə barədə sərəncamdı. Belə olan təqdirdə, həmin sərəncamın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş inzibati akt kimi qiymətləndirilməsi yol verilməzdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaçının qonşuluğunda yerləşən və artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərdən müəyyən edilmişdir ki, həmin ərazidə qonşu torpaq sahəsi üzərində hüquqları qeydə alınmış şəxslər iddiaçı ilə eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən şəxslərdir. Lakin, iddiaçıya münasibətdə cavabdeh tərəfindən fərqli hüquqi mövqe sərgilənərək hüququn qeydə alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyət səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da, konretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimlənmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırki mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də, pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əlməl gəlməsiin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə əhatə olunur. Belə olan təqdirdə cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. “X1 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər. Yuxarıda qeyd olunduğu kimi mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə, iddiaçının qonşuluğunda yerləşən digər torpaq sahələrinə mülkiyyət hüququ başqa şəxslərin adlarına Dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan vəziyyətdə iddiaçının qanuni istifadəsində olan topraq sahəsinin neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu da ağlabatan deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmış və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(112)-1670/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3386/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3386/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver