Məhkəmə qərarları › İş №2-1(103)-3387/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3387/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3387/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar oğlu, Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, ikinci cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdehlər: 1. "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" publik hüquqi şəxsə qarşı "31 mart tarixli qərarın nəticələrinin ləğv edilməsi tələbinə dair";

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "21 iyun 21 saylı qərarın nəticəsinin ləğv edilməsi tələbinə dair" inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11221/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq

m ü ə y y ə n e t d i:

İddiaçı cavabdehlər - "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" publik hüquqi şəxsə qarşı "31 mart tarixli qərarın nəticələrinin ləğv edilməsi tələbinə dair, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı isə "21 iyun 21 saylı qərarının nəticəsinin ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11221/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərərək həmin qərardadın ləğv edilməsini və işə yaşadığı ərazi üzrə olan Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətini iddiaçı onunla əsaslandırmışdır ki, 1998-ci ildə Göyçay şəhərində anadan olmuş, hal-hazırda İqtisadiyyat Universitetində qiyabi təhsil alır və Sumqayıt Elektrik Stansiyası MMC-də növbətçi mühəndis vəzifəsində çalışır. ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 8.1.2-ci maddəsinə istinadən hesab edir ki, işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, 2-ci cavabdehin nümayəndəsi X.Məmədov isə onunla razılaşmamış birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, cavabdehlər - "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi"nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci cavabdehin "31 mart tarixli qərarın nəticələrinin”, ikinci cavabdehin isə "21 iyun 21 saylı qərarının nəticəsinin” - ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, maraqlı şəxs tərəfindən birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqana qarşı qaldırılan - mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara hüquqlarına müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartı yaşayış yerini müəyyən edən sənədlər sayılır. İddia ərizəsinə və iddiaçının şəxsiyyət vəsiqəsinin (№********) məlumatlarına əsasən müəyyən olunur ki, iddiaçı yaşayış yeri üzrə ünvan 2 ünvanında rəsmi qeydiyyatdadır. Belə olan halda, hazırkı mübahisəyə İPM-in qeyd olunan 8.1.2-ci maddəsinin qeyd olunan tələbi baxımından, iddiaçının birdən çox məhkəmənin yurisdiksiyasına aid olan hazırkı cavabdehlərə qarşı mübahisələndirmə haqqında iddiasına - Göyçay rayonunun aid olduğu inzibati məhkəmə tərəfindən baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati-iqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” sırasında isə Göyçay rayonu - Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11221/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə işin ərazi adiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur. İPM-in 8.2-ci maddəsi də məhz, nəzərdə tutur ki, ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin faktiki olaraq Bakı şəhərində dayısına məxsus evdə yaşadığını əsas tutaraq, birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11221/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 8, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11221/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: İkram Şirinov

Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar