Məhkəmə qərarları › İş №2-1(103)-3389/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3389/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3389/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətin sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" ASC-də işlədiyi müddətin sığorta stajına daxil edilməsi və yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək "xxxx" ASC-də işlədiyi müddət sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-dəki əmək fəaliyyəti dövrlərinə aid arxiv sənədlərini Dövlət Arxivində aşkar etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmənin sorğu əsasında əldə etdiyi Əmlak Məsələləri Dövlət Xidmətinin 14 aprel 2023-cü il tarixli məktubuna əsasən həmin müəssisənin mövcudluğu təsdiq olunmasına baxmayaraq iddiaçının əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısında aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi, tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı hər hansı araşdırılma aparılmamış, həmin dövrlərə qeyd olunan əsas üzrə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, İddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 28 il, 8 ay, 1 gün sığorta stajı və xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 13508,61 manat pensiya kapitalı nəzərə alınaraq xx.xx.2022-ci il tarixindən, yaşa görə əmək pensiyası təyin eidlmiş, pensiyanın məbləği 255,81 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdən pensiyanın məbləği indeksləşdirilərək 293,28 manata çatdırılmışdır. İddiaçıya pensiya təyin edilərkən onun xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" ASC-də olan dövrü sığorta stajına daxil edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" ASC-də olan dövrü sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək olan dövrlərə dair fərdi hesabında məcburi dövlət sosial sığorta haqqı (MDSS) ödəməsi ilə bağlı qeydlər olmadığından əmək kitabçasında göstərilən xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrləri ümumi sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. Cavabdeh xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyindən iddiaçının xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" ASC-də işlədiyi dövrləridə şübhə altına alır. Cavabdehin qeyd edilən dəlilini əsassız hesab edən Kollegiya ilk növbədə vurğulayır ki, iddiaçının xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" ASC-də işləməsi əmək kitabçasına əsasən təsdiq olunur. Həmin müəssisənin mövcudluğu və iddiaçının əmək kollektivinin üzvü olması, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin 14 aprel 2023-cü il tarixli məktubu ilə təsdiq edilir. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “iddiaçı həmin müəssisədə xx.xx.2007-ci ilədək işlədiyinə görə və müəssisənin özəlləşdirilməsinin xx.xx.2008-ci ildə tam başa çatdırıldığına görə, müəssisə özəlləşən vaxtı emissiya prospektində onun adı qeyd edilməmişdir.” Kollegiya eyni zamanda iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin yekun mövqeyi ilədə razılaşaraq bildirir ki, xx.xx.2006-cı ildən xx.xx.2007-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövlər iddiaçının pensiyası yenidən hesablanarkən nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar