Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3389/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasına (üçüncü şəxs: “Səhliyali” kiçik müəssisəsi) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; iddia müddəti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasına (üçüncü şəxs: “Səhliyali” kiçik müəssisəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının (bundan sonra – cavabdeh) A130/23 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Qərarın “giriş” hissəsində göstərilmişdir ki, Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanovun 03 noyabr 2023-cü il tarixli dərkənarı ilə təsdiq edilmişdir. Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, Apellyasiya Şurasının qərarından alındığı tarixdən 3 (üç) ay ərzində İPM ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının A130/23 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının A130/23 saylı, xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, iddia nömrəsi 2023 01253 olan “Günaydın” söz işarəsindən ibarət olan əmtəə nişanı barəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin 2023-cü il 11 iyul tarixli 22 №li Protokolla təsdiq edilmiş “Əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında Qərarı”nda göstərilən qeydiyyat nömrəsi 2017 0188 olan əmtəə nişanı ƏXBT-nin bütün digər sinifləri ilə yanaşı, 29-cu sinfindəki bu əmtəələr üzrə də (“Ət, balıq, quş və ov quşu əti; və ət ekstraktları; Konservləşdirilmiş qurudulmuş və istilik emalına uğradılmış tərəvəzlər və meyvələr, jele, mürəbbə, kompotlar yumurta, süd və süd məhsulları və qida yağları və piyləri") qeydiyyata alınmasına baxmayaraq, həmin əmtəə nişanının sahibi uzun müddətdir ki, 29-cu sinfindəki əmtəələrdən istifadə etmir. Sözü gedən məhsulların istifadəsi onun tərəfindən həyata keçirilir. Belə ki, qeydiyyat nömrəsi 2017 0188 olan əmtəə nişanının hüquq sahibi həmin əmtəə nişanından ƏXBT-nin 29-cu sinfindəki bu əmtəələr ("ət, balıq, quş və ov quşu əti; və Ət ekstraktları; Konservləşdirilmiş, qurudulmuş və istilik emalına uğradılmış tərəvəzlər və meyvələr, jele, mürəbbə, kompotlar, yumurta, süd və süd məhsulları; və qida yağları və piyləri") üçün istifadə etmir və müvafiq sahə üzrə kommersiya fəaliyyəti göstərir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə “Səhliyalı” kiçik müəssisəsi inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin müvafiq sərəncamı ilə cavabdeh inzibati orqanlara və üçüncü şəxsə təqdim edilmiş, cavabdehlərə və üçüncü şəxslərə iddia ilə bağlı yazılı münasibəti (etiraz) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh inzibati orqanların və üçüncü şəxsin iddiaya dair etirazları məhkəməyə təqdim olunmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunmuş ərizənin məhkəməyə göndərildiyi sürətli poçt xidmətinin 128248 №li qaiməsində olan qeydlərə əsasən iddia ərizəsi məhkəməyə göndərilməsi üçün xx.xx.2024-cü il tarixdə (Əqli Mülkiyyət Agentliyinin sədrinin dərkənarı ilə qərarın təsdiq olunduğu 03 noyabr 2023-cü il tarixdən 3 ay ərzində) həmin xidmətə təqdim olunmuş və sonuncu tərəfindən həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, yəni onlara təqdim olunduğu gündən 24 gün sonra məhkəməyə çatdırılmışdır. Halbuki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş sənədlər, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra təqdim olunmuş sayılır.
8. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət olunması üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.
9. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında göstərmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1 -ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddia ərizəsinə əlavə olunmuş ərizənin məhkəməyə göndərildiyi sürətli poçt xidmətinin 128248 Noli qaiməsində olan qeydlərə əsasən iddia ərizəsi məhkəməyə göndərilməsi üçün xx.xx.2024-cü il tarixdə (Əqli Mülkiyyət Agentliyinin sədrinin dərkənarı ilə qərarın təsdiq olunduğu 03 noyabr 2023-cü il tarixdən 3 ay ərzində) həmin xidmətə təqdim olunmuş və sonuncu tərəfindən həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, yəni onlara təqdim olunduğu gündən 24 gün sonra məhkəməyə çatdırılmışdır. Halbuki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş sənədlər, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra təqdim olunmuş sayılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət olunması üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Halbuki həmin müddət inzibati orqana münasibətdə qanunvericilikdə göstərilmişdir. Həmin müddətin iddiaçıya şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı iddia ərizəsini 03 fevral 2024-cü il tarixdə məhkəməyə təqdim edilməsi üçün poçt xidmətinə təhvil vermişdir. Poçt xidməti tərəfindən iddia ərizəsinin məhkəməyə gec çatdırılmasının iddiaçıya şamil edilməsi iddiaçının məhkəməyə çatımlılıq hüquqa məhdudiyyət yaratmaqdır. İddia ərizəsinin gecikdirilməsi iddiaçıya aid olmayan səbəbdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardad ilə iddiaçının özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna maneə törətmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
24. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
25. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə düzgün hüquqi qiymət vermişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
28. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
29. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir.
30. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
31. Hazırkı iş üzrə mübahisə predmeti kimi Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının A130/23 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması çıxış edir.
32. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hazırda iddiaçı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının A130/23 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş edir ki, qeyd olunan iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Qərarın “giriş” hissəsində göstərilmişdir ki, Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanovun 03 noyabr 2023-cü il tarixli dərkənarı ilə təsdiq edilmişdir. Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, Apellyasiya Şurasının qərarından alındığı tarixdən 3 (üç) ay ərzində İPM ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamə” nin 10.3-cü bəndində qeyd edilmişdir ki, Apellyasiya şurasının qərarı X3 sədri tərəfindən təsdiqləndiyi gündən Agentliyin müvafiq şöbələri və tabeliyində olan qurumlar tərəfindən məcburi yerinə yetirilir. Apellyasiya şurasının qərarından onun alındığı tarixdən 3 ay ərzində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər. 34.“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.12-ci maddəsin əsasən normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu);
35. Həmin Qanunun 2.9-cu maddəsində qeyd edilmişdir ki, nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir. 36.Konstitusiya Qanununun 10-cu maddəsinə əsasən: - Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. - Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. - Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. - Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. - Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
37. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 1-ci hissəsində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar aşağıdakı qaydada sıralamışdır: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
38. Konstitusiya Qanununun 11.0.1-ci maddəsinə əsasən birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir.
39. Yuxarıda qeyd olunanlara əsasən kollegiya bildirir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (qanunla təsdiq edilmişdir) 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
40. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
41. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.
42. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
43. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddia müddətləri və inzibati icraatda inzibati aktlardan şikayət müddətləri qanunla müəyyən olunduğu halda, müvafiq apellyasiya şurasının inzibati aktından şikayət qaydasını müəyyən edən normativ hüquqi akt Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmişdir. Qanun daha yüksək qüvvəyə malik olduğu üçün hazırkı münasibətələri İnzibati Prosessual Məcəllə və “İnzibati icraat haqqında” Qanun tətbiq edilməlidir.
44. Həmçinin Kollegiyası qeyd edir ki, yuxarıda göstərilən normativ hüquqi aktlar eyni hüquqi qüvvəli olsa belə, yenə də İPM və “İnzibati icraat haqqında” Qanun tətbiq edilməli idi. Belə ki, İPM və “İnzibati icraat haqqında” Qanun xx.xx.2011-ci il tarixdə qüvvəyə mindiyi halda, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamə” si xx.xx.2000-ci il tarixdə edilmişdir (nəzərə alınmalıdır ki, məhkəmədə iddia qaldırmaqla bağlı 3 aylıq müddət həmin vaxtdan qüvvədə olmuşdur). Eyni zamanda qeyd edilməlidir ki, hazırkı münasibətlərdə İPM və “İnzibati icraat haqqında” Qanun xüsusi norma olduğundan yenə də həmin qanunlar tətbiq edilməlidir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
46. Müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
47. Beləliklə, yuxarıda qeyd edildiyi kimi, iddiaçı qərarın mövcudluğu barədə məlumatlı olmuş, lakin iddia ərizəsi ilə məhkəməyə müddət keçdikdən sonra müraciət etmişdir. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir.
49. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur.
50. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır.
51. Həmçinin, apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilməsi üçün poçt xidmətinə təhvil vermişdir. Poçt xidməti tərəfindən iddia ərizəsinin məhkəməyə gec çatdırılmasının iddiaçıya şamil edilməsi iddiaçının məhkəməyə çatımlılıq hüququna məhdudiyyət yaratmaqdadır.
52. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə poçt xidmətinə təhvil verildiyi halda xx.xx.2024-cü il tarixdə, yəni 24 gün sonra məhkəməyə çatdırılması ağlabatan hesab edilmir. Bundan əlavə iddiaçının istinad etdiyi 128248 nömrəli qəbz mötəbər sübut hesab edilə bilməz.
53. Belə ki, Azərbaycan Respublikasının 45.3-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gün məhkəmənin dəftərxanasında qeydiyyata alınmalı və ərizəyə qeydiyyat tarixi göstərilməklə ştamp vurulmalıdır. İddia ərizəsinin poçt rabitəsi vasitəsi ilə göndərildiyi hallarda, iddia ərizəsinin vaxtında göndərildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
54. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş 128248 nömrəli qəbzin üzərində heç bir möhür öz əksini tapmamış və xidmət növlərinin seçilməsi tələb olunan hissədə heç bir xidmət növü (təcili, requlyar, gün ərzində, xüsusi, ekspress, başqa) seçilməmişdir.
55. Yuxarıda göstərilənlər isə, iddia ərizəsinin məhkəməyə təqdim edilməsini təsdiq edən “poçt qəbzi”nin mötəbərliyinə dair şübhələr olduğuna dəlalət edir.
56. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddəti ötürmüş hesab olunur.
57. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, müddətlə bağlı iddianın mümkünlüyünə dair işində qeyd edilmişdir ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
58. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.