Məhkəmə qərarları › İş №2-1(103)-339/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-339/2022

21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-339/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı X4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maddi yardımın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-988/2021 saylı 18.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 15-21 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, maddi yardımın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2011-ci ildən hal hazırki vaxta qədər iddiaçı turizm sahəsində (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərir. İddiaçı həmin vaxtdan vergi və sosial müdafiə fonduna aid olan hesabatlarını ve ödənişlərini hər rüb geciktirmədən vermişdir. 2017-ci ildə Vergilər Nazirliyi iddiaçının bank hesabından səhvən 1900 (min doqquz yüz) manat pul silmişdir. İddiaçı cavabdehin səhvini sübut etdikdən sonra Nazirliyin əməkdaşı iddiaçıya bildirmişdir ki, bu məbləğ onun vergilər hesabında qalacaq və iddiaçı hər rüb hesabat verdikcə bu məbləğdən çıxılacaq. 2020-ci ilin mart ayında dünyada yaranmış koronavirus pandemiyası Azərbaycandanda yan keçmədi. Bu səbəbdən bütün sahələr kimi iddiaçının çalışdığı sahədə də işlər dayanmışdır. Sahibkarlara və onların işçilərinə dəstək olaraq Cənab Prezident göstəriş vermişdir ki, onun tərəfindən ayrılmış pul vəsaitlərindən sahibkarlara və onların işçilərinə yardim olunsun. Bu səbəbdən Vergilər İdarəsinin onlayn qeydiyyatindan keçib yardımdan yararlanmaq lazım idi. İddiaçı işçisi üçün qeydiyyatı etmişdir, lakin sahibkar kimi özünü qeydiyyatdan keçirə bilməmişdir. Qeydiyyat zamanı bir səhv kimi onun 2019-cu ildə vergi ödənişinin olmaması göstərilirdi. Lakin 2019cu ildə hər rüb hesabatı olmuşdur, vəsait isə onun artıq pulundan silinmişdir. Artıq 2 aydan çox müddətdir ki, iddiaçı işləmir və onun çalışdığı sahəsinin nə vaxt fəaliyyətə başlayacağı bilinmir. Ən çox ziyan edən sahələrdən biri də məhz turizm sahəsi olmuşdur. Hal hazırda onun ofisinin 2 aylıq telefon internet və 1-ci rüb üçün vergi və sosial müdafiə fondu ödənişləri borc kimi qalmışdır. İddiaçı dəfələrlə vergi orqanlarına məktub yazıb vəziyyəti izah etmişdir. Lakin cavab olaraq ona həmişə bildirilmişdir ki, onlayn qeyydiyatdan keçmək lazımdır. Təkrar məktub yazıb vəziyyəti izah edəndə yenə də həmin cavab verilmişdir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə məhkəməyə ərizə ilə müraciət edərək X3 Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 04 aprel 2020-ci il tarixdə təsdiq edilmiş müvafiq tədbirlər planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-988/2021 saylı 18.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının 19.03.2020ci il tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinə əsasən müvafiq istiqamətlər üzrə müəyyən olunmuş işçi qruplar tərəfindən hazırlanmış tədbirlər planının təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Qeyd olunan bəndin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s №-li sərəncamı ilə müvafiq tədbirlər planı təsdiq edilmişdir. Həmin tədbirlər planından irəli gələn məsələləri həll etmək məqsədilə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 08.04. 2020-ci il tarixli F 41 №-li əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. Hazırkı halda turizm sahəsində fəaliyyət göstərən iddiaçının maliyyə dəstəyinin göstərilməsi haqqında müraciətinə qeyd olunan Metdoki Göstərişə əsasən baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin müraciəti qeyd olunan Metodiki Göstərişin tələblərinə uyğun olmamışdır. Belə ki, Metodiki Göstərişin 3.6.3-cü yarımbəndinə və 3.11-ci bəndinə müvafiq olaraq 250,0 manat məbləğində maliyyə dəstəyi almaq üçün aşağıdakı 2 mühüm şərtin mövcudluğu tələb olunur: 2019-cu il ərzində büdcəyə vergi ödəmələrinin həyata keçirilməsi; 2019-cu il ərzində büdcəyə həyata keçirilmiş vergi ödəmələrinin ümumi məbləğinin 250,0 manatdan aşağı olması. İddiaçı tərəfindən isə 2019-cu il ərzində dövlət büdcəsinə hər-hansı məbləğdə ödəniş həyata keçirilməmişdir. Beləliklə, qeyd olunan şərtlər mövcud olmadığı üçün iddiaçının müraciəti təmin edilməmiş və ona maliyyə dəstəyinin verilməsindən imtina olunmuşdur. Halbuki, işə baxmış birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almadan əsassız olaraq hesab etmişdir ki, iddiaçı 2019-cu ildə dövlət büdcəsinə birbaşa olaraq heç bir ödəniş etməsə də, daha əvvəlki illərdə yaranmış artıq ödəmə hesabına 2019-cu ildə onun konkret vergi öhdəlikləri icra edilmişdir. Başqa sözlə, məhkəmənin mövqeyinə görə artıq ödəmə hesabına vergi öhdəliyinin yerinə yetirilməsi dövlət büdcəsinə birbaşa ödəniş faktı kimi nəzərə alınmalıdır. Məhkəmənin dəlili ilə bağlı bildirilir ki, Metodiki Göstərişin mənasına görə maliyyə dəstəyinin göstərilməsi üçün 2019-cu ildə birbaşa dövlət büdcəsinə ödənişin həyata keçirilməsi zəruridir. X6 artıq ödəmə hesabına vergi öhdəliklərinin icra edilməsi imkanı nəzərdə tutulmamışdır. Başqa sözlə, məhkəmə Metodiki Göstərişin müddəalarını əsassız olaraq genişləndirici şəkildə təfsir etmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin normalarından irəli gələn məntiq də artıq ödənilmiş vergilər hesabına növbəti vergi öhdəliklərinin əvəzləşdirilməsini ödəniş faktı kimi qəbul etmir. Belə ki, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Qeyd olunan müddəaların əlaqəli şəkildə təhlilindən göründüyü kimi, vergi ödəyicisi bəyan etdiyi vergi məbləğini ödəmədiyi və bu öhdəliyi onun artıq ödənilmiş vergi məbləği ilə əvəzləşdirildiyi halda ödənilməmiş vergi məbləğinə görə faiz hesablanmır. Başqa sözlə, vergi ödəyicisinin cari vergi öhdəliyinin artıq ödənilmiş məbləğlərin hesabına əvəzləşdirilməsi həmin şəxsin təqsirini istisna edən hal olduğundan ona faiz hesablanmır. Beləliklə, qeyd edilənlərdən o məna hasil olur ki, qanunverici artıq ödənilmiş vergi məbləğini ödəniş faktı kimi qəbul etmir, əks halda arıtq ödənilmiş vergi məbləğinin vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən ayrıca hal kimi Vergi Məcələsində əks etdirilməsinə zərurət yaranmazdı. Məhkəmənin yol verdiyi daha mühüm pozuntu halı vergi ödəyicisinin artıq ödəmə hesabına 2019-cu ildə icra edilmiş vergi öhdəliyinin məbləğinin 250,0 manatı aşması ilə bağlı olmuşdur. Belə ki, əvvəlki illərdə yaranmış artıq ödəmə hesabına 2019-cu ildə iddiaçının vergi öhdəlikləri yerinə yetirilmişdir. İddiaçının 2019-cu ildə icra edilmiş vergi öhdəliyi 299,22 manat olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunan hüquqi aktların tələbinə uyğun olmamışdır. Başqa sözlə, bir tərəfdən məhkəmə artıq ödəmə hesabına vergi öhdəliyinin icrasını birbaşa dövlət büdcəsinə ödəniş faktına bərabər tutmuş, digər tərəfdən isə bu şəkildə yerinə yetirilmiş vergi öhdəliyinin 250,0 manatdan artıq olması faktına əhəmiyyət verməmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin prosessual baxımdan mümkünlüyü ilə bağlı məsələni də həll edərkən səhvə yol vermişdir. Belə ki, Metodiki Göstərişin 3.8-ci bəndinə əsasən cavabdeh yalnız vergi ödəyicisinə dair məlumatların yoxlanılması və Maliyyə Nazirliyinə göndərilməsi funksiyasını icra edir. X7 3.9-cu bəndinə əsasən Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Göründüyü kimi maliyyə dəstəyinin ödənilməsini bilavasitə Maliyyə Nazirliyi həyata keçirir və cavabdeh ödənişi həyata keçirən subyekt kimi çıxış etmir. Buna baxmayaraq, məhkəmə 250,0 manat maliyyə dəstəyinin ödənilməsi öhdəliyi üzrə cavabdeh şəxs kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini tanımışdır. Halbuki, iddia tələbinə hazırkı məzmununa münasibətdə vəsaitin ödənilməsi vəzifəsi üzrə cavabdeh qismində yalnız Maliyyə Nazirliyi çıxış edə bilər. Başqa sözlə, məhkəmə iddianın ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyini nəzərə almadan prosessual hüquq normalarının tələblərini pozmaqla işə mahiyyəti üzrə baxmaqda davam etməklə qanunsuz və əsassız qərar qəbul etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçı X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı sahibkar kimi 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən maddi yardımın ödənilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçı tərəfindən, guya 2019-cu ildə vergi, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəməməsi göstərilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçının 06.11.2017-ci il tarixdə 1.870,55 manat məbləğində artıq ödəməsinin oldugu və həmin məbləğin iddiaçıya geri qaytarılmadıgı, əvəzində 14.10.2020-ci il tarixə qədər həmin pul vəsaiti hesabına vergi ödənişlərinin həyata keçirildiyi müəyyən edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi 14.10.2020-ci il tarixə 1.042.21,41 manat məbləğində artıq ödəməsi (saldosu) olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin qeyd edilən əsasla iddiaçıya maddi yardımının ödənilməsindən imtinası əsassız olmuşdur. Belə ki, göründüyü kimi iddiaçı tərəfindən artıq ödənilmiş vəsait hesabına olsa da, yenə də onun 2019-cu il üçün vergilər ödənilmişdir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin normaları pozulmuş, əsassız səbəblərdən məsələ iddiaçının xeyrinə həll edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanlandığı “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında” bildirişdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci iİ 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur. Vergi ödəyiciləri internet vergi idarəsi şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” və “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölmələrinə daxil olaraq buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır. Bununla əlaqədar iki video təlimat hazırlanmışdır. Qeyd edilən video təlimatlarla bağlı aşağıdakı elektron ünvanlara daxil olub məlumat ala bilərsiniz: 1. Vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciətin tərtib edilmə qaydasını izah edən videotəlimat https://www.taxes.qov.az/az/post/1024. 2. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün müraciətin tərtib edilmə qaydasını izah edən videotəlimat https://www.taxes.qov.az/az/post/1025. Eyni zamanda bildirilmişdir ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş fəaliyyət sahələri və müvafiq fəaliyyət sahələri ilə məşğul olan fərdi (mikro) sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə https://www.taxes.gov.az/az/page/iqtisadi-artimavesahibkarlara-dovlet-destevi-tedbirlerinin-mexanizmleri linkinə daxil olmaqla tanış ola bilərsiniz. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin iddiaçıya ünvanlanmış “müraciətə baxılması” barədə məktubla iddiaçıya bildirilmişdir ki, “Koronavirus (COVİD-19) pandemiyasının ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə göstərdiyi mənfi təsirlə əlaqədar zərərçəkmiş sahələrdə çalışan fərdi (mikro) sahibkarlıq subyektlərinə maliyyə dəstəyi barədə müraciətə Vergilər Nazirliyinin Bakı şəhəri X10 üzrə Baş İdarəsində baxılmışdır. “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən “Fərdi (mikro) sahibkara ödənişlər üzrə müraciət” forması təqdim edildikdə vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılması və 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamaması kimi uyğunsuzluqlar aşkarlana bilər ki, bu cür uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən düzəlişlərin edilməsi mümkün olan uyğunsuzluqlar üzrə dəyişikliklər aparılmalı və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilməlidir. Vergi Məcəlləsi və vergi qanunvericiliyinə dair qüvvədə olan digər normativ hüquqi aktları, Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Qanunvericilik" bölməsindən, hesabat formaları və onların tərtib edilməsi qaydaları barədə məlumatları isə qeyd edilən rəsmi internet səhifəsinin “Bəyannamə” bölməsinin “Bəyannamə və ərizə formaları arayış və hesabatlar” alt bölməsindən əldə edə bilərsiniz. Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) və 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz”. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsinin 19.06.2020-ci il tarixli **********056800 saylı müraciətə baxılması barədə məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin hesablanmış vergi məbləği barədə müraciətinizə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsində baxılmışdır. Bildiririk ki, tərəfinizdən 10.07.2017-ci il tarixdə təqdim etdiyiniz 2017-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində əldə etdiyiniz e- VHF üzrə çəkdiyiniz xərclərinizlə dövriyyəniz arasında 49.658,93 manat fərq uyğunsuzluğun yaranmasına səbəb olmuş və qeyd edilən uyğunsuzluqla bağlı Sizə 11.07.2017-ci il tarixli **********710400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilməsinə baxmayaraq müəyyən edilmiş kənarlaşmalar barədə tərəfinizdən izahat məktubu və ya təsdiqedici sənədlər təqdim edilmədiyi üçün 1.986,08 manat əlavə vergi məbləği hesablanmışdır. Əlavə olaraq bildirilmişdir ki, müraciətinizə əsasən hesablanmış vergi məbləği azaldılaraq 03.11.2017-ci il tarixli **********596900 nömrəli məktubla Sizə məlumat verilmişdir”. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsinin 09.02.2021-ci il tarixli **********531200 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, uçotbaza məlumatlarına əsasən fiziki şəxs X4 tərəfindən 01.10.2018-ci il tarixdən 30.09.2019-cu il tarixədək olan dövr üçün vergi orqanına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə 2019-cu il ərzində 299,22 manat vergi məbləğinin hesablandığı müəyyən edilmişdir. 2019-cu il ərzində fiziki şəxs X3 vergi yoxlaması nəticəsində əlavə vergi məbləğinin hesablandığı müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin 13.11.2020-ci il tarixli **********722000 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, iddiaçıya 156 manat məbləğində əlavə vergi borcu hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” **********1 saylı bildirişdən görünür ki, iddiaçının muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 16.11.2020-ci il tarixə ümumilikdə 119.92 manat məbləində borcunun 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, 06.11.2017-ci il tarixdə iddiaçının 1.870,55 manat məbləğində artıq ödəməsi olmuş və həmin məbləğ hesabına 14.10.2020-ci il tarixə qədər vergi ödənişləri həyata keçirilmişdir. 14.10.2020-ci il tarixə 1.042.21,41 manat məbləğində artıq ödəməsi (saldosu) olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD- 19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 1-ci bəndinə əsasən 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılmışdır. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 3-cü bəndinə əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) 300 mliyon manat vəsait ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus DİVOC)-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”ə əsasən: 1.2. X12 koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. X11 məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. 3.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün fərdi sahibkarlara “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. 3.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus DİVOC)-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. 3.3-cü Müraciət formasında aşağıdakı məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada doldurulur. 3.4. Müraciət formasında aşağıdakı vergi rejimi barədə məlumatlar vergi ödəyicisi tərəfindən onlayn doldurulur: 3.4.1. 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olması; 3.4.2. sabit qəbz almaqla fəaliyyət göstərməsi; 3.4.3. daşıma fəaliyyəti ilə məşğul olması; 3.4.4. gəlir vergisi mükəlləffiyyəti olan mikro sahibkarlıq subyekti olması. 3.4.5. Vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı. 3.5. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır. 3.6. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 3.6.1. Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; 3.6.2. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; 3.6.3. 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. 3.7. Uçot məlumatları üzrə uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən müvafiq dəyişikliklər aparılır və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilir. 3.8. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. 3.9. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit hesab vasitəsilə vergi ödəyicilərinin bank hesablarına köçürülən vəsaitlər barədə hər günün yekunu üzrə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş (Əlavə 2) göndərilir. 3.10. Vergi ödəyicisinin borcu ilə bağlı köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi ilə bağlı banka Sərəncam göndərilmir, mövcud Sərəncamlar isə geri götürülür. 3.11. Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan aşağı olduqda ona 250,0 manat həcmində (ölkə üzrə minimum aylıq əmək haqqı) vəsait ödənilir. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən maddi yardımın ödənilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçı tərəfindən, 2019-cu ildə vergi, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəməməsi göstərilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçının 06.11.2017-ci il tarixdə 1.870,55 manat məbləğində artıq ödəməsinin oldugu və həmin məbləğin iddiaçıya geri qaytarılmadıgı, əvəzində 14.10.2020-ci il tarixə qədər həmin pul vəsaiti hesabına vergi ödənişlərinin həyata keçirildiyi müəyyən edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi 14.10.2020-ci il tarixə 1.042.21,41 manat məbləğində artıq ödəməsi (saldosu) olmuşdur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehin qeyd edilən əsasla iddiaçıya maddi yardımının ödənilməsindən imtinası əsassız olmuşdur. Belə ki, göründüyü kimi iddiaçı tərəfindən artıq ödənilmiş vəsait hesabına olsa da, yenə də onun 2019-cu il üçün vergilər ödənilmişdir Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, “maliyyə dəstəyinin ödənilməsini bilavasitə Maliyyə Nazirliyi həyata keçirir və cavabdeh ödənişi həyata keçirən subyekt kimi çıxış etmir. Buna baxmayaraq, məhkəmə 250,0 manat maliyyə dəstəyinin ödənilməsi öhdəliyi üzrə cavabdeh şəxs kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini tanımışdır. Halbuki, iddia tələbinə hazırkı məzmununa münasibətdə vəsaitin ödənilməsi vəzifəsi üzrə cavabdeh qismində yalnız Maliyyə Nazirliyi çıxış edə bilər.” Məhkəmə kollegiyası cavabdehin göstərilən dəlilini əsassız hesab edərək qeyd edir ki, "Koronavirus Dİ̇İVOC)-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası İİ̇qtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmrinə əsasən qeyd olunan Metodiki Göstəriş təsdiq edilərək, bu əmrin icrası ilə əlaqədar pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə işçilərə əmək haqqının ödənilməsi və maliyyə dəstəyinin alınması məqsədilə elektron qaydada müraciət etmək imkanının yaradılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır. Qeyd olunan Metodiki Göstərişin 3.8-ci bəndinə əsasən məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. 3.9-cu bəndinə əsasən Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit hesab vasitəsilə vergi ödəyicilərinin bank hesablarına köçürülən vəsaitlər barədə hər günün yekunu üzrə hesabat həmin günün sonunda İİ̇qtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İİ̇qtisadiyyat Nazirliyi tərəfindən Bildiriş (Əlavə 2) göndərilir. Görünüdüyü kimi fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi prosedurunun icrasını təmin etmək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edildiyindən, birinci instansiya məhkəməsi maliyyə dəstəyinin ödənilməsi öhdəliyi üzrə cavabdeh şəxs kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini tanımaqda haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın imtina məktubunda, eləcə də apelyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqla təkzib olunur və eyni zamanda cavabdeh orqan göstərdiyi dəlillərlə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il tarixli Qərar) Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-988/2021 saylı 18.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar