Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3391/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1nə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4350/2017 nömrəli xx.xx.2024cü il tarixli qərardadından cavabdeh (ərizəçi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4350/2017 saylı 27 sentyabr 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə kimi sovet ordu sıralarında olan xidmət illərinin ümumi iş stajı kimi və xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə kimi qazmaçı köməkçisi, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə kimi quyuların hazırlanması üzrə operator peşəsində, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilə kimi qazmaçı köməkçisi və xx.xx.1985-ci ildən xx.xx.1996-cı ilə kimi qazma ustası peşəsində işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla, xx.xx.2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı əsasında hesablanaraq təyin edilməsi və pensiya hesablanarkən yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1nə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2620/2017 saylı iş üzrə 30 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 593/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4350/2017 saylı 27 sentyabr 2017-ci il tarixli qərarı qanuni qüvvəsini almış və həmin qərar məhkəmənin 09 may 2018-ci il tarixli məktubu ilə icra edilmsi üçün göndərilmişdir. xx.xx.2021-ci il tarixdə idiaçı ərizə ilə məhkəməyə müraciət edərək 2020-ci ilin iyun ayından ona ödənilən pensiyanın dayandırıldığını bildirərək qərarı icra etməyən şəxslər barəsində qanunda nəzərədə tutulmuş tədbirlər görülməsini məhkəmədən xahiş etmiş, daha sonra isə cavabdehin prosessual hüquq varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi tələbinə dair” ayrıca iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2768/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə həmin iddia təmin edilmiş, lakin həmin qərar cavabdehin apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1972/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qərarı ilə ləğv edilərək, işə icra sənədinin icrası qaydasında baxılmalı olmasına əsasən iddia mümkün sayılmamışdır. xx.xx.2024-cü il tarixdə cavabdehin prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 16 fevral 2024-cü il tarixli 3-17-1/2-36178/2024 saylı ərizə ilə müraciət edərək, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: “... İddiaçının iş stajını təsdiq edən əsas sənədində 25 il ümumi iş stajının olması və bunun 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışdığını nəzərə alaraq şöbənin Pensiya təyin edən komissiyasının qərarı ilə mövcud qanunvericiliyə uyğun ona xx.xx.2014-cü ildən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işi və uçot vərəqinə tikilmiş sənədlərin araşdırılması zamanı vətəndaş İddiaçı şöbəyə əmək pensiyasının yenidən hesablanması məqsədi ilə ünvanlanmış müraciəti, şöbənin həmin müraciətə imtina cavabı, məhkəmənin şöbə ilə yazışmaları, şöbənin məhkəməyə göndərdiyi müvafiq etiraz və şikayət sənədləri, əmək kitabçasının surəti aşkar edilməmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı məbləği əsas götürülməklə xx.xx.2007-ci ildən (50 yaşdan) yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərarlar qəbul edilmişdir. Lakin hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerlərindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, xüsusilə zərərli və xüsusilə ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, qərarlarda xüsusi vurğulanan zərərli şəraitdə işləməsi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiyanın qərarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu 1 və 2 №-li güzəştli siyahılarda qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, ümumi mülahizələr və şərhlər əsasında qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası da əvvəlki instansiyaların qəbul etdiyi qərarları əsas götürərək şöbənin apellyasiya və kassasiya şikayətini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarından şöbənin verdiyi kassasiya şikayəti üzrə Ali Məhkəmədə məhkəmə çəkişməsi davam etdiyi dövrdə həmin məhkəmə kollegiyasının xx.xx.2018-ci il tarixli son qərarını gözləmədən bu işdə maraqlı olmuş vəzifəli şəxslər tərəfindən əvvəlki 2 instansiyanın vətəndaşın xeyrinə çıxardığı qərarlarına uyğun olaraq pensiyasının aylıq məbləği xx.xx.2018-ci il tarixindən yüksək məbləğə çatdırılmış və ödənişi aparılmışdır. Yenidən hesablama zamanı Dövlət Neft Şirkətinin Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2014-cü il tarixli 26-02/82 nömrəli 2004-2005-ci illər üzrə əməkhaqqı arayışı və əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 31 il 11 ay sosial sığorta stajı nəzərə alınmışdır. Lakin aşkar edilmişdir ki, pensiyanın aylıq məbləğinin yenidən hesablanması barədə yazılmış sərəncamda ötən dövrlərdən aparılmış hesablamalar öz əksini tapmamış, həmin sərəncamın tarixi qeyd edilməmiş, hesablamalar yalnız pensiyaçının uçot vərəqində qeyd edilmişdir. Sərəncamda isə 01.01,2017-ci ildən hesablanmış məbləğlər qeyd olunmuş və təsdiqlənmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4350/2017 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Ərizəçi apellyasiya şikayəti verərək, şikayəti ərizəsində qeyd etdiklərinə uyğun əsaslandırmaqla, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin ediləsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apelyasiya mümkün hesab edilmişdir.) Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol vermiş, düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, iddiaçının pensiya işi və uçot vərəqəsinə tikilmiş sənədlərin araşdırılması zamanı vətəndaş İddiaçı şöbəyə əmək pensiyasının yenidən hesablanması məqsədi ilə ünvanlanmış müraciəti, şöbənin həmin müraciətə imtina cavabı, məhkəmənin şöbə ilə yazışmaları, şöbənin məhkəməyə göndərdiyi müvafiq etiraz və şikayət sənədləri, əmək kitabçasının surəti aşkar edilməmişdir...” Məhkəmə kollegiysının iclasında iştirak edən ərizəçinin (prosessual hüquq varisinin) nümayəndəsi A.Əzizli apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən o halda təzələnə bilər ki, sonradan, yeni sübutlar və ya hallar aşkar edilsin və həmin sübutlar və ya hallar ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilməmiş olsun. Konkret halda, birincisi, ərizəçi tərəfindən qeyd olunan hallar yeni açılmış hallar kimi qiymətləndirilə bilməz. Çünki, ərizənin məzmunundan aydın görünür ki, burada qanuni qüvvəsini almış məhkəmə qərarından bir narazılıq ifadə olunur. Halbuki, İPM-in 78-ci maddəsinin təəbinə görə həmin qərar tərəf olaraq cavabdeh üçün məcburi xarakter dayşıyır. Digər tərəfdən pensiya təyinedicisinin əməkdaşlarının əməlində cinayət xarakterli əlamətlərin mövcudluğuna gəldikdə, bununla bağlı məhkəmənin qanuni qüvvəsini almış ittiham hökmü mövcud deyil, iddiaçının özünün isə hüquqa zidd hərəkətləri və ona qarşı ittiham irəli sürülməmiş, cinayət məsuliyyətin cəlb edilməmişdir. Belə olan halda, qanuni qüvvəsini almış qərarda məhkəmənin gəldiyi nəticənin qanunsuz olduğunu yeni açılmış hallar kimi qiymətləndirilmək mümkünüsüzdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında Plenum tərəfindən bir sıra qərarlarına istinadən bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. İkinci bir tərəfdən, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə 3 ay və 3 il müddətində iddia müddətləri nəzərdə tutulmuşdur ki, həmin müddətlər də ötürüldüyü halda müddətin bərpasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, 6 ilə yaxın müddət keçdikdən sonra, ərizəçinin apellyasiya şikayətində qeyd edilən, iddiaçının pensiya işində olan, istər tədqiqat obyektini təşkil etmiş, istərsə də tələb olunub alınmalı olan sənədlər, yeni açılmış halların predmeti kimi istfadə olunmaqla, iş üzrə icraatın təzələnməsi üçün əsaslar kimi nəzərə alınması mümkünsüzdür. Bütün bunları ərizəçinin hüquq sələfi bilmiş və ya istinad etdiyi halları təsdiq edə bilən sənədlərin nədən ibarət olmasını və xidməti vəzifəsinə görə onları əldə edib, məhkəmə qarşısında üzərinə düşən sübutetmə yükünü yeyrinə yetirməyə borclu olduğunu bilmişdir. Beləliklə də İPM-in 100 və 103.1-ci maddələrinin tələbləri baxımından, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Ona görə də məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4350/2017 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinin mümkün sayılmaması barədə gəldiyi nəticəni işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin, həmin qərardadın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4350/2017 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4350/2017 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3391/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3391/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver