Məhkəmə qərarları › İş №2-1(103)-3392/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3392/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3392/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 18 saylı qərarına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” məsələsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı, xx.xx.2024-cü il il tarixli qərardadından cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 18 saylı qərarına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 18 saylı qərarına əsasən ona ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-903/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmuş, iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarına əsasən ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) tərtib edilərək iddiaçıya verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1601/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-903/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən 19 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə xəbərdarlıq məktubu ünvanlanaraq, Bаkı Apellyasiya Məhkəməsinin 2-1(103)-903/2023 saylı işi üzrə qəbul edilmiş 09 mart 2023-cü il tarixli qərarı qanuni qüvvəyə mindiyinə görə 10 gün müddətində icra edilməsi bildirilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-20/2-2111/2023 saylı məktubu ilə bildirilmişdir ki, hazırda inzibati iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır və məhkəmə qərarının icrasının təmin edilməsi Ali Məhkəmənin çıxaracağı qərarla müəyyən ediləcəkdir. Bakı İnzibati Məhkəməsi tərəfindən 06 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə xəbərdarlıq məktubu ünvanlanaraq, Bаkı Apellyasiya Məhkəməsinin 2-1(103)-903/2023 saylı işi üzrə qəbul edilmiş 09 mart 2023-cü il tarixli qərarının icra edilməməsi üçün cərimənin tətbiq edilməsi barədə xəbərdarlıq edilməsi və əlavə olaraq məhkəmə qərarının icrası üçün 10 gün müddət təyin edildiyi bildirilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-20/2-2540/2023 saylı məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı ayrılmış 1200,0 kv.m torpaq sahəsinin mövcud istifadə vəziyyətinə dair cizgi tərtib edilmiş və rayonun xidmət sahələri ilə razılaşdırılmaq üçün RİH-in xx.xx.2023cü il tarixli 5-20/2-R-091/2023 nömrəli məktubu ilə vətəndaş Səyyara Rəhimovaya göndərilmişdir. Vətəndaş torpaq sahəsinin cizgisini rayonun xidmət sahələri ilə razılaşdıraraq RİH-nə təqdim etdikdən sonra qərarın icrası tam təmin olunacaqdır. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək, Bаkı Apellyasiya Məhkəməsinin 2-1(103)-903/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarının icra edilmədiyini bildirmiş və icra edilməsi üçün məcburi icra tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) Bаkı Apellyasiya Məhkəməsinin 2-1(103)-903/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarının icra edilməsindən yayınmasına görə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə 500 (beş yüz) manat məbləğində cərimə təyin еdilməsi, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətindən 500 manat məbləğində cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7700/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələbkar RİH-ə ərizə ilə müraciət edərək məhkəmə qərarına əsasən Bakı şəhəri, keçmiş Orconikidze (indiki Suraxanı) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 18 saylı ilə qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə cizginin verilməsi xahiş etmişdir. Tərəflərindən məhkəmə qərarının icrasının təmin olunması məqsədi ilə cizgi tərtib edilərək xidmət sahələri ilə ("xxxx" ASC, “Azəriqaz” İB, "xxxx" ASC) razılaşdırılması iddiaçıya tövsiyə edilmiş və xidmət sahələrinin razılıq məktubları RİH-ə təqdim olunduqdan sonra cizginin tərəflərindən təsdiq ediləcəyi bildirilmişdir. Müəyyən vaxt keçdikdən sonra tələbkar xidmət sahələrinin razılıq məktublarını RİH-ə təqdim etdikdən sonra cizgi möhürlə təsdiq edilərək tələbkara təqdim edilmişdir. Lakin Məhkəmə qərarının icrası təmin olunmağına baxmayaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Suraxanı Rayon İcra Hakimiyyəti 500 manat məbləğində cərimə edilmişdir. Qanuni qüvvəsini almış və icrası təmin edilərək Bakı şəhəri, keçmiş Orconikidze (indiki Suraxanı) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 18 saylı ilə qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair cizgi tərtib olunaraq tələbkara verildiyindən, həmçinin digər məqsədlər üçün RİH-in büdcəsinə vəsait ayrılmadığından Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı xx.xx.2024cü il tarixli qərardadının əsassız hesab edilərək, apellyasiya şikayətinin verilməsi və qərardadın ləğv edilməsi qanunamüvafiqdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 7700/2022 saylı qərardadı ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, keçmiş Orconikidze (indiki Suraxanı) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 18 saylı ilə qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisi tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı qəbul edilərkən artıq cavabdeh tərəfindən Bаkı Apellyasiya Məhkəməsinin 2-1(103)-903/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarı icra edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 118-ci maddəsinə əsasən icranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Vİİİ fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrası zamanı icra orqanı qismində çıxış edən hakim və ya məhkəmə əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək kifayət qədər müddət təyin etməklə könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Bu müddət ən azı 10 (on) gün olmalıdır, lakin məhkəmə icra ilə bağlı həyata keçirilməli olan hərəkətlərin xüsusiyyətlərini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə almaqla və ağlabatan müddətləri keçməməklə daha uzun müddət də müəyyən edə bilər. Xəbərdarlıq yazılı formada olmalı, orada könüllü icra təmin edilmədikdə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumatlandırma və tətbiqi əsasları göstərilməli, eyni zamanda, qanunla müəyyən edilmiş qaydada borcluya təqdim olunmalıdır. Həmin qərara əsasən məhkəmələr nəzərə almalıdır ki, borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarı könüllü qaydada icra olunmadıqda tətbiq edilməsi mümkün olan məcburi icra tədbirlərinin dəqiq siyahısı “İnzibati icraat haqqında” Qanunun 83.3-cü maddəsində müəyyən edilmişdir. Onlar üç növ tədbirdən – məhkəmə qərarı ilə nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi, cərimə və bilavasitə məcburetmədən ibarətdir. Odur ki, məhkəmə qaydasında icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri də yalnız sözügedən üç növdən biri ola bilər. Məhkəmələr həmin tədbirləri tətbiq edərkən “İnzibati icraat haqqında” Qanunun 84, 85 və 86-cı maddələrinin tələblərini nəzərə almalıdır. İPM-in 118.4-cü maddəsi icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirlərinin yalnız hakim tərəfindən müəyyən edilə biləcəyini təsbit edir. İcra orqanı qismində çıxış edən hakim və ya məhkəmə belə tədbirləri müvafiq qərardad çıxarmaqla tətbiq etməlidir. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrasını təmin etmək üçün qərarı çıxarmış məhkəmə tərəfindən icra vərəqəsi verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də, məhkəmələr bu kateqoriya işlərin icrası ilə bağlı icra vərəqəsini icraya yönəltməklə müvafiq icra qurumuna göndərməyə dair hərəkətlər etməməlidir. Bu qəbildən olan işlərin icrası ilə bağlı məhkəmə tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə dair müvafiq qərardad çıxarılmalı, ehtiyac yarandıqda isə ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq inzibati orqan və ya icra məmuru icraata cəlb edilməli, onların malik olduğu qanuni imkanlardan icranın təmin edilməsi üçün istifadə olunmalıdır. Bu zaman məhkəmə öz qərardadında belə cəlb etmənin zəruriliyini əsaslandırmalı, eləcə də hər hansı inzibati orqanın və ya icra məmurunun icra ilə bağlı yerinə yetirməli olduğu hərəkətləri konkret müəyyən etməlidir. Öz növbəsində, həmin orqanlar da daha sonra icranın lazımi qaydada baş tutması məsələsinə aydınlıq gətirilməsi üçün onların üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı məhkəməyə görülmüş işlər barədə məlumat təqdim etməlidir. Belə məlumatın verilməsi İPM-in 118.5-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin normaya görə hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə 500 (beş yüz) manat məbləğində cərimə təyin еdilməsi barədə qərardadı ləğv edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı məcburi icra tədbirlərinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar