Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3394/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3402/2022 saylı 05 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2004- cü il tarixdə VÖEN ********** qeydiyyat nömrəsi ilə vergi ödəyicisi qismində uçota alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edilmişdir. Sizinlə “Vergi partnyorluğu sazişi” bağlanıldıqdan sonra vergilərin ödənilməsi üzrə tərəfinizdən öhdəliklərinizin yerinə yetirilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Qeyd edilənlərə əsasən sahibkarlıq fəaliyyəti göstərdiyiniz dövr üzrə dövriyyə məlumatlarını “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi sizə tövsiyə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, onun şəxsi hesab vərəqəsindən artıq ödəmə məbləğinin geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli A **********003100 nömrəli müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində baxılmış, bundan əvvəlki xx.xx.2021-ci il tarixli **********067200 nömrəli eyni məzmunlu müraciətinə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********828400 nömrəli məktubu ilə rəsmi cavab verilmişdir. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2016-xx.xx.2018-ci il tarixlərarası dövr üzrə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətə cavab məktubunda qeyd olunmuşdur ki, onun şəxsi hesab vərəqəsindən artıq ödəmə məbləğinin geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli A **********961900 nömrəli müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində baxılmış, bundan əvvəlki xx.xx.2021-ci il tarixli **********067200 nömrəli eyni məzmunlu müraciətinə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********828400 nömrəli məktubu ilə rəsmi cavab verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış müraciətə cavab məktubunda qeyd edilmişdir ki, artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********311700 nömrəli, xx.xx.2021-ci il tarixli **********906800 nömrəli) müraciətlərinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən baxılmışdır. Bununla əlaqədar olaraq, artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə ərizənizin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılması və nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi barədə qeydiyyatda olduğu vergi orqanına göstəriş verilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. İddiaçı qeyd edilən məbləğin geri qaytarılması ilə bağlı cavabdeh orqana bir neçə dəfə müraciət etmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixli müraciəti olmuş, lakin tələb etdiyi artıq ödənilmiş məbləğin geri qaytarılması təmin edilməmişdir. Hazırda İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi 14510,35 manat məbləğin geri qaytarılması, xx.xx.2021-ci il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 % məbləğində faiz olaraq əlavə ödənişin edilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədədir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda şəxsi hesab vərəqəsində 14,510.35 manat artıq ödəmə məbləği yaranmışdır. Bununla bağlı olaraq tərəfindən xx.xx.2021-ci il tarixli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinə müraciət edilmişdir. Belə ki, müraciətə cavab olaraq vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli, **********828400 saylı məktub ona ünvanlanmışdır. Cavabdeh vergi orqanı tərəfindən ödənilmiş artıq vergi məbləğinin geri qaytarılmamasına imtina edilməsinin əsas səbəbi kimi iddiaçının cavabdeh vergi orqanı ilə bağlanılmış “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsi olmuş və bu səbəbdən artıq ödəmənin geri qaytarılması barədə rəy ona təqdim edilməmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən göndərilmiş cavab məktubunda göstərilmiş səbəblər tamamilə əsassızdır. Belə ki, artıq ödəmənin geri qaytarılması barədə Vergi Məcəlləsinin 87-ci maddəsində və Nazirlər Kabinetinin 48 saylı qərarına əsasən artıq ödəmənin geri qaytarılması qaydası qeyd olunmuşdur. Həmin Qaydalarda və ya Vergi Məcəlləsinin 87-ci maddəsində artıq ödəmənin geri qaytarılmaması səbəbi kimi vergi partnyorluğu sazişi ilə əlaqədar hər hansı bir müddəa öz əksini tapmamışdır. Yəni həmin mübahisələndirilən məbləğin geri qaytarılmamasına fəaliyyət göstərdiyi dövr üzrə dövriyyə məlumatlarının vergi partnyorluğu sazişinə əsasən ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsi mane olacaq bir hal kimi qeyd edilə bilməz. Həmçinin bu barədə dəfələrlə şikayət ərizələri ilə vergi orqanına müraciətlər etməyinə baxmayaraq vergi orqanı xx.xx.2021-ci il tarixli, **********828400 saylı imtina məktubuna istinad edərək artıq ödəmənin geri qaytarılmasından imtina etmişdir. Vergi orqanı tərəfindən ona ünvanlanmış imtina məktubunda artıq ödəmənin geri qaytarılmasının mümkün olmaması barədə göstərilmiş səbəblər qanunsuz və əsassızdır. Odur ki, şəxsi hesab vərəqəsində yaranmış 14,510.35 manat artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin xx.xx.2014-cü ildən vergi partnyorluğu sazişinə əsasən aylıq ödənişlər etdiyi, lakin müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrdə hesablamaları ödədiyi məbləğlərlə müqayisədə az göstərdiyi müəyyən edilmişdir. Vergi ödəyicisinə partnyor olduğu müddətdə vergi nəzarəti məsələlərində güzəşt olunduğu üçün ona qarşı vergi orqanı tərəfindən artıq ödəmənin bağlanması üçün kameral, analoji və ya digər formada əlavə hesablamalar da aparılmamışdır. Vergi partnyorluğu sazişi qüvvədə olduğu müddətdə 2014-cü ilin iyul ayından sonra vergi ödəyicisində heç bir vergi nəzarət tədbiri keçirilməmişdir. Vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, “Vergi partnyorluğu sazişi” bağlanıldıqdan sonra təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Qeyd edilənlərə əsasən sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi vergi ödəyicisinə tövsiyə olunmuşdur. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3402/2022 saylı 05 may 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tətbiq edilməli olan normativ-hüquqi aktı tətbiq etməmişdir. Belə ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsinə baxılmasına həmçinin “İnzibati icraat haqqında” Qanunun müddəaları tətbiq edilir. “Vergi partnyorluğu sazişi” bağlandıqdan sonra vergilərin ödənilməsi üzrə vergi ödəyicisi öhdəliklərinin yernə yetirilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi barədə vergi ödəyicisinə tövsiyə olunmuş, lakin vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin tələblərinə zidd olaraq müvafiq məlumatlar təqdim edilməmiş, inzibati araşdırmanın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 6.3-cü bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, vergi ödəyicisinin artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı inzibati araşdırmanın aparılması məhz vergi ödəyicisi tərəfindən müvafiq dövriyyə məlumatlarının təqdim edilməməsi səbəbindən mümkün olmamışdır. Bu səbəbdən məhkəmənin ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) 0,1 faiz məbləğinin ödənilməsi barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyması tam əsassızdır və səbəbsiz olaraq büdcə gəlirlərinin azalması ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsi üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “14510,35 manat məbləğin geri qaytarılması, xx.xx.2021-ci il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1% məbləğində faiz olaraq əlavə ödənişin edilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsinin sübut olunmasına, cavabdehin isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmasına, bununla da iddiaçının hüquqlarının pozulmasına istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Hazırda şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. İddiaçı qeyd edilən məbləğin geri qaytarılması ilə bağlı cavabdeh orqana bir neçə dəfə müraciət etmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixli müraciəti olmuş, lakin tələb etdiyi artıq ödənilmiş məbləğin geri qaytarılması təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı xx.xx.2021-ci il tarixdən 14510,35 manat artıq ödəmə məbləğinin və həmin məbləğin qaytarılmasının gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizinin ödənilməsinə dair rəyin verilməsini istəyir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. Həmin Məcəllənin 24.0.10-cü maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 saylı 23 fevral 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. Həmin Qaydaların 6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 5 il müddəti keçməmiş artıq ödənilmiş məbləğ xx.xx.2016-xx.xx.2018-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçməmiş artıq ödəmələrdir. Cavabdeh qeyd edilən artıq ödəmənin geri qaytarılmasından imtinaya əsas kimi iddiaçının “Vergi partnyorluğu sazişi” bağlandıqdan sonra təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatlarının vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin13.2.49-cu maddəsinə əsasən vergi partnyorluğu sazişi - vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Həmin Məcəllənin 15.1.15-1. vergi risklərinin minimallaşdırılması məqsədi ilə “Vergi partnyorluğu sazişi” bağlamaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək vergi ödəyicisinin hüququdur. Həmin məcəllənin 23.1.15-2-ci maddəsinə vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi ödəyiciləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada “Vergi partnyorluğu sazişi” bağlamaq vergi orqanlarının hüququdur. İşin hallarından görünür ki, vergi orqanı ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixdə vergi partnyorluğu sazişi bağlanılmış, şəxsi hesab vərəqəsinə əsasən sazişin qüvvədə olduğu dövrdə tələb edilən vergi ödəmələri ilə yanaşı büdcəyə müvafiq məbləğlərdə artıq məbləğlər ödənilmişdir. Lakin nəzərə alınmalıdır ki, vergi qanunvericiliyi vergi orqanına müvafiq vergi ödəmələrindən artıq hər hansı məbləğin tələb edilməsini qadağan etsə də, bu və ya digər səbəbdən vergi məbləğindən artıq məbləğin ödənilməsini vergi ödəyicisinə qadağan etməmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin yuxarıda adıçəkilən 85, 87-ci maddələri, eləcə də “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” vergi partnyorluğu sazişini, dövriyyə məlumatlarının sazişə əsasən ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsini artıq ödənilmiş vergi ödəmələrinin geri qaytarılmasından imtinaya əsas kimi nəzərdə tutmamışdır. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3402/2022 saylı 05 may 2022-ciil tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3402/2022 saylı 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3394/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3394/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver