Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3399/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8580/2023 saylı, 23 iyun 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasına əsasən, 25 ildən artıq əmək stajı var. Ona yaşa görə əmək pensiyasının təyin olunması üçün müvafiq sənədlərlə 3 saylı Dost Mərkəzinə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə ona imtina məktubu göndərmiş və səbəb kimi göstərmişdir ki, guya onun 20 il 11 ay əmək stajı var və sığorta stajına uyğun pensiya kapitalı da azdır, xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmayıb. 1997-ci ildən bir çox avtonəqliyyat müəssisələri, o cümlədən o, işləyən icarə sisteminə keçmiş, onlar icarə haqqını ödəmişlər, işlərini görmüşlər, rəhbərlik nəyisə düzgün rəsmiləşdirməmişsə, bu işçilərin günahı ola bilməz. Onun ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Cavabdehin orada göstərilən hər hansı sosial sığorta stajının qəbul edilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericiliklə tələb olunan şərtlər ödənildiyi halda, İddiaçı pensiya hüququ 65 yaşla xx.xx.2022-ci il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1.fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2. pensiya təminatına imkan vermədikdə isə, azı 25 il sığorta stajı olduqda. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətlərinə əsasən İddiaçı mübahisələndirilməyən sığorta stajı 20 il 11 ay təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş “X2” ASC-dəki əmək fəaliyyəti zamanı xx.xx.1997-ci il tarixdən xx.xx.2014-cü il tarixədək adına əməkhaqqı hesablanmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçının adına aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8580/2023 saylı, 23 iyun 2023-cü il il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona dair verilmiş etirazın dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1957-ci il təvəllüdlüdür. xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur (1 il 11 ay 14 gün). ЗТ-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1981-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək Marneuli Yük ANM-də 4-cü dərəcəli avtoçilingər və 3-cü dərəcəli sürücü vəzifələrində işləmişdir (4 il 5 ay 18 gün). xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək Avtokombinat № 9 Mosavtotrans idarəsində 3-cü dərəcəli sürücü vəzifəsində işləmişdir (1 il 2 gün). xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək “Yükavtotikinti” 15 saylı trestin XSMK-də 4-cü dərəcəli quraşdırıcı vəzifəsində işləmişdir (1 il 4 ay 29 gün). xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək Koquloyskiy pitomnik sovxozunda sürücü vəzifəsində işləmişdir (1 il 3 ay 25 gün). xx.xx.1990-cu il tarixində YANM-də 3-cü dərəcəli sürücü kimi qəbul edilmişdir. Həmin müəssisə sonradan “X2” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. (23 il, 10 ay, 22 gün). xx.xx.2019-cu il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMCyə sürücü qəbul edilmişdir (Əmək kitabçasındakı xx.xx.2023-cü il tarixli qeydədək 4 il 4 ay 3 gün). İşdən müəyyən olunur ki, iddiaçı 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi dövrü mübahisələndirərək, eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını göstərərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçının minimum pensiya təminatına imkan verən kapitalının olmaması mübahisəsizdir. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan iş stajı (hərbi xidmət daxil olmaqla) 20 il 11 aydır. Cavabdeh iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, həmin dövrlər üzrə əmək haqqı hesablanmadığından sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, xx.xx.1997-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək iddiaçının işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, həmin dövrlər üzrə əmək haqqı hesablanmadığından sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 iyun 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Şəhərlərarası və X1 müəssisəsinin bazasında “X2” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixində tam başa çatdırılmışdır. “X2” Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilmişdir ki, müraciətdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi (vəzifəsi-sürücü, işə qəbul olunduğu tarix -1990-cı il) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısında daxil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən bir sıra müəssisələrdə işləyərək əmək fəaliyyəti ilə məşğul olmuş, əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir. Əmək kitabçasından iddiaçının xx.xx.1990-cı il tarixli 28 №-li əmrlə YANM-də (“X2” Açıq Səhmdar Cəmiyyəti) 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmişdir. Eyni zamanda, əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. Həmin müəssisənin mövcudluğu və iddiaçının əmək kollektivinin üzvü olması, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin 7 iyun 2023-cü il tarixli məktubu ilə təsdiq edilir. Əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu onun üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədlər (arayış, əmr və s.) nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək kitabçasında olan məlumatların həqiqiliyi prezumpsiyası qüvvədədir. İşçiyə əmək haqqının ödənilməsinin qeydə alınmaması işçinin təqsiri deyil. Bundan başqa, iddiaçı özü də ərizəsində qeyd etdiyi kimi, o işlədiyi dövrdə icarə haqqı ödəmişdir. İddiaçının işlədiyi müəssisədə iddiaçı ilə müəssisə arasında əmək haqqının verilməsi yaxud görülən işlərə görə, işçilərin icarə haqqı ödəməsi barədə razılaşmanın olması, işçiyə əmək haqqı ödənilməməsi əsası ilə onun xx.xx.2006-cı ilədək həmin müəssisədəki iş stajının nəzərə alınmamasına səbəb ola bilməz. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Beləliklə, iddiaçının həmin müəssisədə xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınmaqla, iş stajı və hərbi xidmət dövrü də daxil edilməklə ümumilikdə 29 il, 8 ay, 18 gün iş stajı vardır. Qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 65 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (Qanunun 11.2-ci maddəsi). Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1997-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrlərdə işləməməsi və ya həmin dövrlərin sığorta stajına aid edilməməli olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1997-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək) əmək kitabçasında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. İş materiallarından və qanunvericliyin tələblərindən də görünür ki, iddiaçının “X2” ASCdəki əmək fəaliyyəti zamanı xx.xx.1997-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 22- 1(112)-8580/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8580/2023 saylı, 23 iyun 2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3399/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3399/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver