Məhkəmə qərarları › İş №2-1(103)-34/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-34/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-34/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X14 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı prosessual hüquqi varisi X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Dövlət Neft Şirkəti və Qobustan Əməliyyat Şirkəti) qarşı “torpaq sahəsinin məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(112)- 7196/2023 saylı qərarından iddiaçı tərəfindən və iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı) “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)- 7149/2023 saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : 1) İddiaçı prosessual hüquqi varisi X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Dövlət Neft Şirkəti və Qobustan Əməliyyat Şirkəti) qarşı “torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbi üzrə icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2022-ci il tarixli ********** saylı ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli **********7 saylı imtina məktubu ilə cavabdeh bildirmişdir ki, elektron kadastr məlumatlarına görə qeyd olunan torpaq sahəsi Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş ərazi daxilində yerləşir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin digər sahə ilə bir hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin torpaq sahəsi sənəd üzrə 600 kv.m qeyd olunsa da, faktiki olaraq 510 kv.metr təşkil edir. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Halbuki, Qobustan Əməliyyat Şirkəti torpağından çox uzaqda yerləşməklə bərabər qonşuluğunda artıq bir neçə çıxarışlı torpaqlar vardır ki, eyni ərazidə yerləşir. Bir hasar daxilində olan torpaq qardaşı ilə birgə olduğu torpaqdır ki, sahələri ayrıayrı olmaqla artıq divarla sərhəd çəkilmişdir və həm faktiki, həm sənəd üzrə toppaq sahəsi 600 kv.metr təşkil edir. Cavabdeh imtina məktubu verməklə hüquqlarını pozmuş və mülkiyyət hüququnun tanınmasına maneə yaradır. Bu səbəbdən, hesab edir ki, məhkəmə müdafiə hüququndan istifadə edərək pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməkdə haqlıdır. X17 Sovetinin xx.xx.1991-ci il 53/64 saylı Qərarı ilə ona 600 kv.m torpaq sahəsi ayrılmış, həmin qərardan çıxarış AR Milli Arxiv İdarəsinin AR Dövlət Arxivinin Bakı filialının 14 noyabr 2022-ci il tarixli BA- 07249-2022 saylı məktubu ilə verilmişdir, (əsas fond48, siy-1 i.-862, vər-13, 15,23) Həmin torpağa cizgi Qaradağ rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilməklə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7196/2023 saylı 08 avqust 2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. xx.xx.2023-cü il tarixdə X16 məhkəməyə ərizə təqdim edərək, atası İddiaçı iddiası üzrə qəbul edilmiş qərarın surətinin ona verilməsini xahiş etmişdir. Eyni tarixdə X16 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7196/2023 saylı 08 avqust 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X16 mərhum İddiaçı prosessual hüquq varisi kimi tanınmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7196/2023 saylı, 08 avqust 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. 2) iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı) “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbi üzrə icraat: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********47, 321-3-30/2- 847/2023 saylı imtinasının əsaslı hesab edilməməsi və Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv. metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı X4 Bakı şəhəri Qaradağ rayon X11 xx.xx.1991-ci il tarixli 9/290 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr bağ sahəsi həmin vaxtdan istifadəsindədir. İddiaçı bag sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə baglı cavabdehə müraciət etmiş, lakin müraciətinə xx.xx.2023-cü il tarixli **********47, 321- 3- 30/2-847/2023 saylı imtina məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatlarına görə qeyd olunan torpaq sahəsi Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş ərazi daxilində yerləşməklə bir hissəsi elektrik mühafizə zonasında yerləşir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin digər sahə ilə bir hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Halbuki, Qobustan Əməliyyat Şirkəti torpağından çox uzaqda yerləşir, iddiaçının qonşuluğunda artıq bir neçə mülkiyyət hüququna dair çıxarışı olan torpaqlar vardır. Bir hasar daxilində olan torpaq sahəsi isə qardaşına ayrılmış torpaq sahəsidir ki, sahələri ayrı-ayrı olmaqla divarla sərhəd çəkilmişdir. Torpaq sahəsi iddiaçıya Qaradağ X11 xx.xx.1991-ci il 9/290 saylı Qərarı ilə ayrılmış, həmin qərardan çıxarış Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialının 01 noyabr 2022-ci il tarixli BA-07046-2022 saylı məktubu ilə verilmişdir (əsas fond-48, siy-1 i.-877, vər-53,63,65,66). Torpaq sahəsinin cizgisi Qaradağ rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Qaradağ rayon Sanqaçal qəsəbəsi Bağlar massivində yerləşən torpaq sahəsindən keçən yüksək gərginlik xəttinə həmin torpaq sahəsinin heç bir maneəsi yoxdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X4 Bakı şəhəri Qaradağ rayon X11 xx.xx.1991-ci il tarixli 9/290 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadları ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7149/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçı X4 Bakı şəhəri Qaradağ rayon X11 xx.xx.1991-ci il tarixli 9/290 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon X20 İcraiyyə Komitəsinin qərarınaəsasən iddiaçıyafərdi yaşayışevitikintisi üçün ayrılmış 600 kv.m. sahənin koordinatları Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudlarında yerləşir. Belə ki, həmin sahə Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan üç sahənin («Şıxzəgirli», «Şeytanud», «Bürgüt», «Donquzduq», «Nardaran», «İlxıçı», «QərbiHacıvəli», «Sundi», «Şərqi Hacıvəli», «Turağay», «Kənizədağ», «QərbiDuvannı», «Duvannı», «Solaxay» və «Daşgil» yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətiilə Komonvels Qobustan Limited, X21 Limited və ARDNŞninOrtaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinəicazə verilməsi barədə Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il 538-İQnömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir. Hal-hazırdaisə SOCAR-ın istifadəsində olan sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Bu hal iş materiallarında olan Mütəxəssis Rəyi ilə dətəsdiq olunur. Belə ki, hazırki işin materiallarından görünür ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinasının əsaslarından biri mübahisəlitorpaq sahəsininDövlət Neft Şirkətinin daimiistifadəsinə verilmiş ərazi daxilində, eləcə də,“Qobustan Əməliyyat Şirkətinin kontraktsahəsində yerləşməsiiləəlaqələndirmiş və məhz buna görə Dövlət Neft Şirkəti həmin iş üzrə üçüncü şəxs qismində işəcəlb edilmişdir. Məhkəmə iclasında verdiyimiz izahatda, həmçinin məhkəməyə təqdimedilən xəritələrdən çıxarışda torpaq sahəsinin Neft Şirkətinin daimi istifadəsinəverilmiş ərazilərə aid olması, eləcə də, "xxxx" Əməliyyat Şirkətinin kontrakt sahəsi daxilində yerləşməsini bidirsək də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda ümumiyyətlə SOCAR tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-678/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçı X4 Bakı şəhəri Qaradağ rayon X11 xx.xx.1991-ci il tarixli 9/290 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(103)-1986/2024 nömrəli inzibati iş İddiaçı prosessual hüquqi varisi X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabehə həvalə edilməsi” tələbinə dair 2-1(103)-678/2024 nömrəli inzibati işə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr torpaq sahəsinin mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi üçüncü şəxsin apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı prosessual hüquqi varisi X16 və digər inzibati iş üzrə iddiaçı X5 məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, İddiaçı prosessual hüquqi varisi X8 apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(112)-7196/2023 saylı qərarı ləğv edilməli, iddia təmin edilməli, həmçinin üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-7149/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası - İddiaçı prosessual hüquqi varisi X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Dövlət Neft Şirkəti və Qobustan Əməliyyat Şirkəti) qarşı “torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair qeyd edir ki, iş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, İddiaçı adına Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Qaradağ Rayon Xalq Deputatlari Soveti İcraiyyə Komitəsinin “X18 Tikintisi üçün X12 Ayrılması barədə” 53/64 saylı 29 yanvar 1991-ci il tarixli Qərarına əsasən Umbakı qəsəbəsi 16 №-li ev sakini X13 fərdi yaşayış evi tikdirməsi üçün Səngəçal qəsəbəsindən ayrılmış torpaq sahəsindən 600 kv.m. ayrılıb verilmişdir. - Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xx.xx.2023- cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçı X6 iddiasına dair tələb olunan məlumatların məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız məktubunuza baxılmış, qoşmada olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Cənub- Qərbi Qobustan blokuna daxil olan üç sahənin («Şıxzəgirli», «Şeytanud», «Bürgüt», «Donquzduq», «Nardaran», «İlxıçı», «Qərbi Hacıvəli», «Sundi», «Şərqi Hacıvəli», «Turağay», «Kənizədağ», «Qərbi Duvannı», «Duvannı», «Solaxay» və «Daşgil» yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Komonvels Qobustan Limited, X21 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verılməsi barədə Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il 538-İQ nömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir ki, halhazırda isə SOCAR-ın stifadəsində olan sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin orpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Hesab edir ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Qeyd olunanları nəzərə alaraq, əhalinin və istehsalatın təhlükəsizliyinin təmin olunması məqsədilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. - Cavabdeh orqanın İddiaçı müraciətinə xx.xx.2023-cü tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş ərazi daxilində yerləşir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin digər sahə ilə bir hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin torpaq sahəsi sənəd üzrə 600 kv.m qeyd olunsa da, faktiki olaraq 510 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin dağmədən sənayesinin, təsdiq edirmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. - cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə müəyinə aktı təqdim edilmişdir. Həmin müayinə aktına əsasən: - Göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.0510 ha təşkil edir. - Torpaq sahəsinin üzərində tikili yoxdur. İki torpaq sahəsi bir hasar daxilindədir. Ara sərhədləri şərtidir. - Hasar daxilində olan digər torpaq sahəsinə ********** nömrəli ərizə ilə müraciət edilmişdir. Vətəndaş digər torpaq sahəsinin sahibi ilə qohum olduğuna görə ara sərhədlərin hasarlanmadığını bildirdi. - İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3094 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “təqdim olunmuş İddiaçı Qaradağ Rayon X20 İcraiyyə Komitəsinin “X18 Tikintisi üçün X12 Ayrılması barədə” 53/64 saylı 29 yanvar 1991-ci il tarixli Qərarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində ayrılmış torpaq sahəsinin ümumi sahəsi 600 kv.metr təşkil edir. Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən İddiaçı Qaradağ Rayon X20 İcraiyyə Komitəsinin “X18 Tikintisi üçün X12 Ayrılması barədə” 53/64 saylı 29 yanvar 1991-ci il tarixli Qərarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində ayrılmış ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsi faktiki yerləşməsinə uyğun olaraq Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş ərazi daxilində yerləşmir. Torpaq sahəsində hər hansı neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyekti mövcud deyildir.” Həmin iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə X17 Sovetinin xx.xx.1991-ci il tarixli, 53/64 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təcrübəsində bu növ imtina əsaslarında məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə ekspertizasının təyin edilməsi, mütəxəssis rəyinin alınması və yerində baxış kimi müvafiq üsullar seçərək torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən edir. Hazırkı işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3094 saylı ekspert rəyinə əsasən İddiaçı Qaradağ Rayon X20 İcraiyyə Komitəsinin “X18 Tikintisi üçün X12 Ayrılması barədə” 53/64 saylı 29 yanvar 1991-ci il tarixli Qərarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində ayrılmış torpaq sahəsinin ümumi sahəsi 600 kv.metr təşkil etməsi və torpaq sahəsinin faktiki yerləşməsinə uyğun olaraq Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş ərazi daxilində yerləşmədiyi və torpaq sahəsində hər hansı neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektinin mövcud olmadığı müəyyən edilir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmandan da göründüyü kimi, əgər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmirdirsə bu zaman vətəndaşın Siyahıda nəzərdə tutulmuş sənədlərə malik olması, onun həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli daşınmaz əmlaka dair hüquqları 1991-ci ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsini cavabdeh sübuta yetirə bilmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması təkzib olunmaz bir haldır. Göründüyü kimi cavabdehin İddiaçı müraciətinin təmin edilməsindən imtina barədə məktubunda göstərdiyi dəlilləri iş materialları ilə təkzib olunur. Məhkəmə kollegiyası – iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı) “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair qeyd edir ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 05 iyun 2023-cü il tarixli, 3-48-2F/2-03910/2023 nömrəli məktubu ilə göndərilmiş Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 9/290 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən Sanqaçal qəsəbəsi, 1-ci massiv, 1 nömrəli ev sakini X3 fərdi yaşayış evi tikilməsi üçün Sanqaçal qəsəbəsindən ayrılmış torpaq sahəsindən 600 kv.m. ayrılıb verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Qaradağ Rayon XDS-nin xx.xx.1991-ci il tarixli, 9/290 №-li sərəncamı əsasında X4 məxsus Qaradağ rayonu, Səngəçal qəsəbəsi ünvanında yerləşən 600.0 kv.m. torpaq sahəsinə dair torpaq sahəsinin planı tərtib edilmiş, sənəddə torpaq sahəsinin yerləşmə cizgisi və koordinatları qeyd edilmişdir. - “X19 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 149 nömrəli, 19 sentyabr 2023-cü il tarixli məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, Qaradağ rayon X20 İcraiyyə Komitəsinin 9/20 saylı 25 oktyabr 1991-ci il tarixli qərarına əsasən X4 Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşmir, torpaq sahəsində hər hansı neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektləri yoxdur. Mütəxəssis rəyinə qoşma olaraq tərtib edilmiş torpaq sahəsinin yerləşmə cizgisi və koordinatları əlavə edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, **********99 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, ünvana texniki baxış keçirilən zaman iki torpaq sahəsinin bir hasar daxilində yerləşdiyi məlum olmuşdur (ara sərhədləri şərtidir). Göstərilən torpaq sahəsi faktiki olaraq 600.0 kv.m təşkil edir (üzrərində tikili yoxdur). Vahid elektron kadastr baza məlumatına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Həmçinin göstərilən sahənin 149,0 kv.m. hissəsi yüksək gərginlikli (35 kVt) elektrik xəttinin mühafizəsində yerləşir. Əlavə olaraq bildirilir ki, sahənin yerləşmə mövqeyi görüntülü cizgidəki mövqeyə uyğun gəlir. - "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli arayışda bildirilmişdir ki, xx.xx.1991-ci il tarixli 9/290 saylı qərara əsasən ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Bağlar massivində yerləşən torpaq sahəsindən keçən yüksək gərginlik xəttilərinə həmin torpaq sahəsinin heç bir maneəsi yoxdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 14 noyabr 2022-ci il tarixli, BA-07249-2022 nömrəli məktubu ilə göndərilmiş keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə Qaradağ rayon XDS İK-nin “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barəsində” xx.xx.1991-ci il tarixli, 53/64 saylı qərarından arxiv çıxarışına əsasən X13 fərdi yaşayış evi tikdirməsi üçün Səngəçal qəsəbəsindən ayrılmış torpaq sahəsindən 600 kv.m. ayrılıb verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, **********58 nömrəli məktubu ilə təqdim edilən kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsinin yaxınlığında yerləşən əmlaklara dair tərtib edilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, hazırkı iş üzrə cavabdehin imtinasının dəlili ondan ibarət olmuşdur ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş ərazi daxilində olmaqla 149.0 kv.m. hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin digər sahə ilə bir hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (İddiaçı) müraciəti qeydə alınmışdır. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Cavabdehin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, **********99 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Həmçinin göstərilən sahənin 149,0 kv.m. hissəsi yüksək gərginlikli (35 kVt) elektrik xəttinin mühafizəsində yerləşir. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli arayışda bildirilmişdir ki, xx.xx.1991-ci il tarixli 9/290 saylı qərara əsasən ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Bağlar massivində yerləşən torpaq sahəsindən keçən yüksək gərginlik xəttilərinə həmin torpaq sahəsinin heç bir maneəsi yoxdur. Lakin, yuxarıda da qeyd edildiyi kimi Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanından göründüyü kimi, əgər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmirdirsə bu zaman vətəndaşın Siyahıda nəzərdə tutulmuş sənədlərə malik olması, onun həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli daşınmaz əmlaka dair hüquqları 1991-ci ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsini cavabdeh sübuta yetirə bilmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması müəyyən edilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Digər tərəfdən qeyd edilməlidir ki, işin apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin və iddiaçı X4 ayırlmış 600 kv.metr torpaq sahəsinin təsdiq edilmiş yerləşmə cizgilərinin surətləri təqdim edilmişdir ki, cizgilərdən torpaq sahələrinin fərqli koordinatlar üzərində yerləşdiyi müəyyən edilir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisələrə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, İddiaçı prosessual hüquqi varisi X8 apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2- 1(112)-7196/2023 saylı qərarı ləğv edilməli, iddia təmin edilməli, həmçinin üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-7149/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı prosessual hüquqi varisi X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(112)-7196/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtinası əsassız hesab edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr torpaq sahəsinin mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-7149/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar