Məhkəmə qərarları › İş №2-1(103)-340/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-340/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-340/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-2748/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının rəyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 7 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 2 sayılı “ASAN Xidmət” mərkəzinə güzəştli şərtlərlə əmək pensiyası təyinatı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Lakin 14 oktyabr 2020-ci il tarixli məktubla onun ərizəsinə imtina cavabı verilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin vafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitiniə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı belə olan halda hesab edir ki, onun əmək stajı, fəaliyyəti və yaşı sözügedən Qanuna əsasən güzəştli şərtlərlə əmək pensiyasının təminatına imkan verməkdədir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etirazında göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 52.800 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20.317,32 manat təşkil edir. Bununla bağlı, X2 işi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli (2-1(112)-5359/2020 saylı iş üzrə) məhkəmə qərarı da var, “«Əmək pensiyaları haqqında» AR Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 1 iyul 2017-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (1 iyul 2017-ci il tarixdən) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 1 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış, pensiya kapitalında az təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediulməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-2748/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-2748/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx xxxxxxxx 1965-ci il tarixdə doğulmuşdur və 2 oktyabr 1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış və 30 mart 2007-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. "xxxx" ASC-nin 28 sentyabr 2020-ci il tarixli “güzəştli arayış”ında bildirilmişdir ki, İddiaçı 2 oktyabr 1980-ci il tarixdən 30 aprel 1984-cü il tarixədək 2 nömrəli sexdə “məftil çəkici” vəzifəsində (2 nömrəli siyahı, Vİİİ bölmə, kod 2092304a – 11487), 4 iyun 1986-cı il tarixdən 30 yanvar 1992-ci il tarixədək əridici sexdə “tökücü” vəzifəsində (1 nömrəli siyahı, Vİİ bölmə, kod 1072101a – 13410), 22 iyun 1992-ci il tarixdən 23 iyun 2004-cü il tarixədək 3 nömrəli metal əritmə sexində “əridici” vəzifəsində (1 nömrəli siyahı, Vİİ bölmə, kod 1072101a – 16613) işləmişdir. Qeyd olunanları nəzərə alaraq, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası əsasında tərtib edilmişdir. "xxxx" ASC-nin 28 sentyabr 2020-ci il tarixli arayışında bildirilmişdir ki, İddiaçı Bəybala oğlunun 2 oktyabr 2080-ci il tarixdən 30 aprel 1984-cü il tarixədək, 6 iyun 1986-cı il tarixdən 10 yanvar 1992-ci il tarixədək, 22 iyun 1992-ci il tarixdən 23 iyun 2004-cü il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu Azərbaycan Respublikası Prezidentinin 4 may 2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq 1 iyul 2000-ci il tarixdən Dövlət Əmlak Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin 29 sentyabr 2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alümunium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. İddiaçı «Əmək pensiyaları haqqqında» AR Qanununun 9-cu maddələrinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh orqan məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı tələb olunan 52.800 manat məbləğin qarşılığında, cəmi 20.317,32 manat təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinin birinci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin səkkizinci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Sözügedən Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “Vİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsinə əlvan və qiymətli metalların emalı və təkrar emalı sahəsində 1072101a – 13410 kodu ilə müəyyən edilən “əlvan metalların tökücüləri”, 1072101a – 16613 kodu iləmüəyyən edilən “əridicilər” peşələri daxil edilmişdir. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsinə əlvan və qiymətli metalların emalı və təkrar emalı sahəsində 2092304a – 11487 kodu ilə müəyyən edilən “boru presləmə, presləmə və məftil çəkmə istehsalalarında əlvan metallardan məftil çəkənlər” peşələri daxil edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik normaları 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, güzəştli şərtlərlə yaşa əmək pensiyasının «Əmək pensiyaları haqqında» AR Qanununun tələbləri 1 yanvar 2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. Odur ki, iddiaçının tələbinin əsaslarına münasibətdə cavabdehin «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə istinadən güzəştli şərtlərlə əmək pensiyasının təyinatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının aşağı məbləğ təşkil etməsi – yəni, minmum əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi dəlili əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1980 – 2004-cü illərdə Bakı Alümunium Yayma Zavodunda işləməsini təsdiq edən arayışın surəti (əsli olmadan) təqdim edilsə də, onun həmin əmək fəaliyyəti üzrə müvafiq əmrlər, əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının 20 il ümumi, 10 il güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə iş stajı toplanmış sayıla bilməz. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********97 saylı məktubundan görünür ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında əmək kollektivinin siyahısında İddiaçı adının qeyd edilməməsi və beləliklə də iddiaçının həmin müəssisənin əməkdaşı olmadığı faktı öz təsdiqini tapmışdır. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-2748/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar