Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-340/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)- 6336/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbində göstərilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olduqdan sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, ümumi əmək fəaliyyətinin ən azı 25 il sığorta stajı mövcud olduğundan və bu müddətin 12 il 6 ayından artıq dövrünü əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (isti və zərərli iş şəraitində qazla kəsici, usta və böyük usta vəzifəsində) çalışdığını nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinə cavab olaraq ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 saylı məktub ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina olunmuşdur. Sözügedən xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, Mərkəzi Filialına təqdim etdiyiniz “X5” MMC-nın sizə dair xx.xx.2021 tarixli 222/A 11/L nömrəli arayışında xx.xx.2004- xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə təkrarqarametal tədarükü sahəsində isti və zərərli iş şəraitində usta və böyük usta vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi adıçəkilən müəssisədə işlədiyiniz təkrarqarametal tədarükü sahəsi metallurgiya istehsalatının polad və ferroərintilər istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (2 il 4 ay 14 gün (xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrləri) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Məktubdan göründüyü kimi AR ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “X5” MMC-nin arxiv arayışlarına istinadən həmin müəssisənin Təkrarqarametal tədarükü sahəsində isti və zərərli iş şəraitində qazla kəsici peşəsində çalışdığını xx.xx.2001- xx.xx.2004-cü il tarixləri arasındakı dövrü güzəştli iş stajı kimi nəzərə alsa da həmin sahədə isti və zərərli iş şəraitində usta vəzifəsində çalışdığı xx.xx.2004-xx.xx.2005ci il tarixləri arasındakı dövrü və yenə həmin sahədə isti və zərərli iş şəraitində böyük usta vəzifəsində çalışdığı xx.xx.2005-xx.xx.2014-cü il tarixləri arasındakı dövr əsassız olaraq nəzərə alnmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixli **********3 saylı məktub ilə ona güzəştli şərtlərlə pensiya təyinatından imtinasını əsassız hesab edir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin hal-hazırki redaksiyası 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri 255” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə qüvvəyə minmişdir. İddaçı təqdim etdiyi iddia ərizəsinə əlavə edilmiş X5 MMC-nin vermiş olduğu 04 fevral 2021-ci il tarixli 222/A, 11/L nömrəli arayışda iddiaçının xx.xx.2004-xx.xx.2014-cü il tarixləri arasında adıçəkilən müəssisədə təkrar qara metal tədarükü sahəsində usta və baş usta vəzifələrində işlədiyi qeyd edilmişdir. Qeyd edilən sahə metallurgiya istehsalının polad və ferroərintillər istehsal sahəsinə aid edilmədiyindən, qeyd edilən sahəni güzəştli pensiya hüququ verən peşə kimi qəbul etmək olmaz. Məhz bu səbəbdən iddiaçının güzəştli stajı qanunvericiliklə nəzərdə tutulmuş 12 il 6 aydan az olmaqla cəmi 02 il 04 ay 14 gündür. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-6336/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.2014-cü il tarixədək müxtəlif müsəssiə və peşələrdə işləmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X5” MMC-nin iddiaçıya dair 4 fevral 2021-ci il tarixli 222\A, 11\L nömrəli arayışında xx.xx.2004-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə təkrarqarametal tədarükü sahəsində isti və zərərli iş şəraitində usta və böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən müəssisədə işlədiyi təkrarqarametal tədarükü sahəsi metallurgiya istehsalatının polad və ferroərintilər istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (2 il 4 ay 14 gün (xx.xx.2001xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.4.1-ci maddəsindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi əsasında yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İşin müəyyən olunmuş hallarına görə, iddiaçının ümumi iş stajı əmək kitabçası ilə təsdiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 aprel 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınan cəmi pensiya kapitalı 57246,08 manat təşkil etmişdir (1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 21469,27 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 35776,81 manat olmaqla). Eyni zamanda, adıçəkilən şəxsin xx.xx.2023-cü il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınan cəmi pensiya kapitalı 58660,99 manat təşkil etmişdir (1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 21999,94 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 3661,05 manat olmaqla). Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qaydaların 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. “X5” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 222/A nömrəli arayışda göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, X5 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X2 Salan Mərkəz tərəfindən tərtib edilmiş X5 Limited şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: 17 noyabr 2001-ci il tarixdən 01 aprel 2004-cü il tarixədək Təkrarqarametal tədarükü sahəsində isti və zərərli iş şəraitində qazla kəsici peşəsində, 01 aprel 2004-cü il tarixdən 01 sentyabr 2005-ci il tarixədək həmin sahədə isti və zərərli iş şəraitində usta vəzifəsində, 01 sentyabr 2005-ci il tarixdən 09 sentyabr 2009-cu il tarixədək isti və zərərli iş şəraitində böyük usta vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Ümumi peşələr bölməsində olan qazla kəsicilər və 3.2 (b) yarımbəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır “X5” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 11/L nömrəli arayışda göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, 09 sentyabr 2009-cu il tarixindən 19 fevral 2014-cü il tarixinədək Təkrarqarametal tədarükü şöbəsində və 21 fevral 2014-cü il tarixindən 31 iyul 2014-cü il tarixinədək Təkrarqarametal tədarükü sahəsində isti və zərərli iş şəraitində Böyük usta vəzifələrində çalışmışdır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (b) yarımbəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır.” "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 02/05 nömrəli arayışda göstərilmişdir: “Verilib İddiaçı ondan ötrü ki, 01 avqust 2014-cü il tarixindən 15 oktyabr 2014-cü il tarixədək o həqiqətən "xxxx" MMC (VÖEN **********) şirkətində böyük usta vəzifəsində və 05 yanvar 2015-ci il tarixindən 31 dekabr 2015-ci il tarixədək Podrat Müqaviləsi əsasında Metallurgiya sahəsində metallurq ekspert vəzifəsində işləyib. Buda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli 23 yanavar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2(b) yarımbəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmış və qərara uyğundur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “qazla kəsicilər” (kod 23200000—11618), “kömür və dağ-filiz sənayesində yeraltı işlərda, metallurgiya istehsalatının isti iş sahələrində, kimya sənayesində və iş vaxtının 50%-ni və daha çoxunu yer altında və istehsalat sexlərində məşğul olan istehsalat təlimi ustaları, böyük ustalar” (kod 23200000—22395) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “qazla kəsicilər”, “kömür və dağ-filiz sənayesində yeraltı işlərdə metallurgiya istehsalatının isti iş sahələrində, kimya sənayesində və iş vaxtının 50%-ni və daha çoxunu yer altında və istehsalat sexlərində məşğul olan istehsalat təlimi böyük ustalar, ustalar” nəzərdə tutulmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) 1 və 2 nömrəli Siyahılarda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da hansı vəzifəyə uyğun gəlməsi barədə arayışın verilməsi barədə ünvanlanmış sorğuya verilmiş “X5” MMC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci tarixədək X5 Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təkrarqarametal tədarükü sahəsində “usta”, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu tarixədək “böyük usta”, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək “X5” MMC-nin (hazırkı X5 QSC-nin) Təkrarqarametal Tədarükü sahəsində “böyük usta” vəzifələrində işləmişdir. Qeyd edilən peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalı bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində “isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar” vəzifələri ilə eynilik təşkil edir. Təkrarqarametal tədarükü sahəsində “usta” və “böyük usta” peşəsində işləyən işçilər isti və zərərli iş şəraitində qara metal qırıntılarının və tullantılarının qəbulu, boşaldılması, emalı, şixtə sahəsinin fasiləsiz olaraq vaxtlıvaxtında emal olunmuş metal qırıntıları ilə təmin olunması proseslərində görülən bütün işlərin təşkilatçılıqlarını və həmin işlərə rəhbərliyi həyata keçirirlər. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, eşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü. Metallurgiya istehsalatı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı bəndinin (b) mütəxəssislər yarımbəndində “isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar” peşələri ilə eynilik təşkil edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi İddiaçı qeyd edilən peşələr üzrə əmək fəaliyyəti isti və zərərli iş şəraitində polad və ferroərintilər istehsalı ilə bağlı olmuşdur. “X5” QSC Azərbaycan Respublikasında metallurgiya sənayesində aparıcı rol oynayan ən böyük poladəritmə müəssisəsidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi üddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində polad və ferroərintilər istehsalatı sahələrində keçirmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci tarixədək işlədiyi X5 Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təkrarqarametal tədarükü sahəsində “usta”, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu tarixədək işlədiyi “böyük usta”, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi “X5” MMC-nin (hazırkı X5 QSC-nin) Təkrarqarametal Tədarükü sahəsində “böyük usta” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü. Metallurgiya istehsalatı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı bəndinin (b) mütəxəssislər yarımbəndində “isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar” peşələri ilə eynilik təşkil edir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2021-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-6336/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-340/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-340/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver