Məhkəmə qərarları › İş №2-1(103)-340/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-340/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-340/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5806/2023 saylı, 22 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “pensiyanın yenidən hesablanması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı ərizəsində qeyd etmişdir ki, ona 10 may 2016-cı il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyn edilmişdir. 2022-ci ilin oktyabr ayında pensiya məbləğinin yenidən hesablanamsı ilə əlaqədar etmiş olduğu müraciətə cavab olaraq 162,82 manat pensiya artırılmış, cavabdeh bu zaman qüvvədən düşmüş qanunvericiliyə istinad etmişdir. Halbuki bu zaman “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsində hesablama ilə bağlı yeni redaksiyaya istinad edilməli idi. Sonradan iddiaçı tələbə dəqiqləşmə verərək əmək pensiyasının yenidən hesablanması barədə 23 noyabr 2022-ci il tarixli qərarın ləğv edilməsini, pensiya təyin edildiyi gündən 6 il və həmin dövrdən sonra yuxarı olan dövr nəzərə alınmaqla “ Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilməklə əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5806/2023 saylı, 22 may 2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı işin hallarından görünür ki, 10 may 2016-cı il tarixdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 23 noyabr 2022-ci il tarixli qərar ilə iddiaçının 420,61 manat olan əmək pensiyası yenidən hesablanaraq 583,43 manata çatdırılmışdır. İddiaçı göstərilən hesablama ilə razılaşmamış və cavabdeh inzibati orqana müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilməklə, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmiş və qeyd edilmişdir ki, Qanunun 45-ci maddəsinin yeni redaksiyası həmin tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına şamil edilmədiyindən, köhnə redaksiyaya əsasən 01 iyun 2022-ci il tarixinədək işləyən əmək pensiyaçısı kimi qazandığı 25399,92 manat sığorta kapitalına əsasən əmək pensiyası həmin rəqəm 156 aya bölünməklə 162,82 manat artım edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir 37.1.Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunur ki, Qanunun qüvvədə olmuş redaksiyasında, həmçinin qeyd edilirdi ki, Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il 530-VİQD Qanuna əsasən isə 45-ci maddənin həmin redaksiyası dəyişdirilmiş həmin cümlə çıxarılmışdır. İş materiallarında olan Əmək pensiyasının yenidən hesablanması barədə qərardan, o cümlədən cavabdehin imtina məktubu və etirazından da göründüyü kimi cavabdeh əmək pensiyasını yenidən hesablayarkən 01 iyun 2022-ci il tarixə pensiya kapitalını 25399,92 manat müəyyən etmiş, həmin məbləği 156 aya (65 il-58 il=84 ay + (144 ay-72 ay)) bölmüş və 162,82 manat artım müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı 45-ci maddənin yeni redaksiyasına istinad etməmiş və iddiaçının 01 iyun 2022-ci il tarixə pensiya kapitalını 156 aya bölmüşdür. Lakin qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinin yeni redaksiyasına əsasən toplanmış pensiya kapitalının 144 aya bölünməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı Qanunun 45ci maddəsinin əvvəlki redaksiyasının tətbiq edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5806/2023 saylı, 22 may 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5806/2023 saylı, 22 may 2023-cü il qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdehin “əmək pensiyasının yenidən hesablanması barədə” 23 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2016-cı il tarixdən sonrakı 6 il nəzərə alınmaqla “ Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar