Məhkəmə qərarları › İş №2-1(103)-340/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-340/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-340/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “müsahibə nəticələrinin ona münasibətdə ləğv edilməsi və onun növbəti mərhələyə buraxılması barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1143/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı işlə təmin olunmasından imtina edilməsi barədə inzibati aktın qanunsuz olduğuna görə ləğv edilməsi (dəyişdirilməsi) və işlə təmin olunması barədə inzibati aktın qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, işə qəbulla bağlı müvafiq sənədləri Bakı Baş Səhiyyə Mərkəzinə təqdim etmişdir. 14 fevral 2023-cü il tarixdə Mərkəzin binasında işə qəbul komissiyanın icrasında iştirak etmişdir. İşə qəbulla bağlı Mərkəz tərəfindən onunla heç bir əlaqə yaratmadığından o, mart ayının əvvəllərində Mərkəzlə əlaqə yaratmış və iş praktikası olmamasını görə onu işlə təmin etmədiklərini bildirmişlər. Mərkəzə şifahi müraciət edərək ona rəsmi qaydada işlə təmin olunmamasının səbəbi barədə məlumat verilməsini xahiş etmiş, cavab olaraq bildirmişlər ki, onlara bu barədə rəsmi məktubla müraciət etsin. Bakı Baş Səhiyyə Mərkəzinə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə müraciət edərək işlə təmin olunmamasına səbəbi barədə rəsmi cavab verilməsini xahiş etmişdir. Məktubu Mərkəzə xx.xx.2023-cü il tarixdə çatmışdır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasənən geci 15 iş günü müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində verilə bilər. Nəzərə alaraq ki, Mərkəzə xx.xx.2023-cü il tarixdə daxil olmuş məktub son gün, xx.xx.2023-cü il tərixədək cavabsız qalmış, bu tarixdən 30 gün müddət hesablanır. O, işlə təmin olunmasına imtina edilməsi barədə Bakı Baş Səhiyyə Mərkəzinin inzibati aktını qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. O, komissiyanın iclasında bildirmişdir ki, orta məktəbdə həkim vəzifəsində işləmək istəyir və hal-hazıradək bir neçə məktəblərdə (onun yaşadığı ərazidə) həkim vəzifəsi vakantdır və o, ixtisas imtahanı verərək praktiki tibb fəaliyyəti ilə məşğul olmaq hüququ almışdır (Sertifikasiya Şəhadətnaməsi). Bu da, o deməkdir ki, onu bu əsasla işlə təmin etməmək tam əsassızdır. Bu səbəbdən hesab edir ki, onun işə qəbulla bağlı barəsində qəbul edilmiş inzibati akt ləğv olunmalı (dəyişdirilməli) və onun işlə təmin olunması barədə qərar (inzibati akt) qəbul edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin işə qəbul komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş müsahibənin nəticələrinin (protokol) İddiaçı münasibətdə ləğv edilməsi və onun növbəti mərhələyə buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1143/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1143/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına iddiaçıya məxsus AB-İ seriyalı 081764 nömrəli 16 iyun 2004-cü il tarixdə verilmiş 3269 qeydiyyat nömrəli diplom, “Praktik tibb və ya əczaçılıq faəliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” sertifikasiya şəhadətnaməsi (qüvvədə olma müddəti xx.xx.2020 – xx.xx.2025), internatura kursu keçmə barədə vəsiqə, əmək kitabçası və iddiaçının müraciətləri əlavə edilmişdir. Həmçinin iş materiallarında olan: - Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi tərəfindən 29 noyabr 2023-cü il tarixli 18-1- 1/2-8234/2023 nömrəli məktubla Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin “Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Heyətinin 43 nömrəli 10 dekabr 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022- 2023-cü illər üçün Proqram”ın həyata keçirilməsi məqsədilə qəbul edilmş 06 fevral 2023-cü il tarixli PHŞ-6-1/3-1-63/2023 nömrəli əmri və işə qəbul proseduru qaydaları məhkəməyə təqdim edilmişdir. - Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 02 nömrli xx.xx.2023-cü il tarixli protokolundan çıxarışa əsasən Mehdiyeva X1 qiymətləndirmə meyarlarına uyğun gəlmədiyi üçün işə qəbul olunması məqsədəmüvafiq hesab edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İş materiallarından görünür ki, 18-1-1/2- 8234/2023 nömrəli məktubla Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin “Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Heyətinin 43 nömrəli 10 dekabr 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ın həyata keçirilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi tərəfindən 06 fevral 2023-cü il tarixli PHŞ- 6-1/3-1-63/2023 nömrəli əmr qəbul edilmiş və həmin əmrə əsasən qeyd edilən proqramın icrasının təmin edilməsi ilə bağlı müsahibənin keçirilməsi məqsədilə 5 nəfərdən ibarət komissiya yaradılmışdır. İşə qəbul proseduru ilə bağlı ümumi qaydalar müəyyən edilmiş və həmin qaydaların 5-ci bəndində işə qəbul prosedurunun müsahibə mərhələsi öz əksini tapmışdır. Müsahibə mərhələsi ilə bağlı Prosedur Qaydalarının 5.2-ci bəndində qeyd edilmişdir ki, işə qəbul Komissiyası tərəfindən vakant vəzifə üzrə müraciət etmiş namizədlərdən iş təcrübəsi, qanunvericiliyə dair bilikləri, peşəkarlığı daha çox olanlara, müharibə veteranları və onlara bərabər tutulan şəxs, əlil, şəhid aləsinin üzvü və digər imtiyazlı şəxs olanlara, həmçinn periferiyada işləməyə razılıq verənlərə üstünlük verilir. X2 5.3-cü bəndində qeyd edilmişdir ki, müsahibələr əsasında “Müsahibənin qiymətləndirilməsi forması”nda (2 nömrəli Əlavə) müvafiq qeydlər aparılır və uyğun olan namizədlərin növbəti mərhələyə keçirilməsi təmin edilir. Hazırkı iş üzrə mübahisə predmeti təşkil edən cavabdehin 02 nömrəli xx.xx.2023-cü il tarixli İşə qəbul komissiyasının protokolundan çıxarışda da, iddiaçının Komissiyanın qiymətləndirmə meyarlarına uyğun gəlməməsi əsas göstərilərək onun işə qəbul olunması məqəsədəmüvafiq hesab edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə inzibati orqan diskresion səlahiyyətlər əsasında hərəkət etmişdir. Lakin, bu halda cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmaması, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsi yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki , hazırkı işin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən mübahisəyə qanunvericiliyə uyğun qaydada baxılması, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədləri, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyinin nəzərə alınması, qəbul edilmiş müvafiq qərarın iddiaçının hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilməməsi müəyyən edildiyindən iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İddiaçının apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş , ona münasibətdə inzibati aktın qəbul edilməsinin cavabdehin diskresion səlahiyyətinə aid olmamasına münasibətdə qeyd edir ki, Qanunvericilik normalarında diskresion səlahiyyətə verilən anlayışa nəzər yetirdikdə aydın olur ki, belə səlahiyyət inzibati orqana qanunauyğun qərarlardan birini seçmək hüququ verir. İddiaçının da qeyd etdiyi kimi ona münasibətdə işə qəbuldan imtina və ya qəbulla bağlı qərar qəbul edilə bilər ki, bu da cavabdehin diskresion səlahiyyətidir. Apellyasiya şikayətinin dəlili olan “işə qəbuldan imtina haqqında qərar qəbul edildiyi halda onun işə qəbul Komissiyasının növbəti iclasına buraxılması”na münasibətdə qeyd edilməlidir ki, “İşə qəbul prosedur” Qaydalarının 2.1-ci bəndindən görünür ki, işə qəbul prosesi bir neçə ardıcıl mərhələdən ibarətdir. Müsahibə mərhələsindən əvvəl vakansiya üzrə müraciət mərhələsi gəlir ki, bu mərhələdə seçilən namizədlər müsahibə mərhələsinə buraxılır. Göründüyü kimi hər müraciət edən namizədin növbəti mərhələyə , yəni müsahibə mərhələsinə buraxılması Qaydalarla istisna edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1143/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1143/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar