Məhkəmə qərarları › İş №2-1(103)-3403/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3403/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3403/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10248/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10248/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qərardadı (hakim O.Həsənov) ilə işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərardadını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 8.1.3-ci maddəsinə istinad etməklə onunla əsaslandırmışdır ki, hazırki iddia inzibati orqanla hərbi qulluqçular arasında mövcud olan (və ya əvvəllər mövcud olmuş) xidməti hüquq münasibətləri ilə bağlı olmaqla məcburetmə haqqında iddiadır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir və İddiaçı qeydiyyat ünvanı Hacıqabul rayonunun Kolanı kəndidir. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya onunla əsaslandırılmışdır ki, iddiaçı artıq otuz ildir ki, Bakı şəhərində yaşayır. Bu barədə rəsmi arayışı da şikayətə əlavə etmişdir. İddiaçı formal qeydiyyatda olduğu rayonda yaşamır. İddiaçı və ailə üzvləri Bakıdakı evlərində yaşayırlar. Uşaqları təhsil almaq üçün Bakıdakı məktəbə gedirlər. Bakıdakı xəstəxanalarda qeydiyyatdadırlar. Bütün həyatlarını Bakıda qurub yaşayan, hər gün Bakıda işləyən və ailə üzvləri ilə Bakıda yaşayan iddiaçı nə üçün məhkəmə iclaslarına getmək üçün Şirvan şəhərinə getməlidir? Elə bu səbəbdən də İPM-in 8.1.3-cü maddəsində qeydiyyatda olduğu yerin deyil, yaşayış yerinin məhkəməsinə müraciət olunması göstərilib. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi qanunlar şəxsin yaşayış yerini birmənalı şəkildə qeydiyyat ünvanı ilə əlaqələndirmirlər. Azərbaycanda qeydiyyatda formal olan minlərlə vətəndaşların uzun müddət yaşadıqları yerləri var. Məsələn, polis orqanlarının inzibati binasında qeydiyyatda olan şəxslər. Bu məntiqlə həmin vətəndaşların yaşayış yerləri polis idarələridir? Yuxarıdakı qanunlar kirayə götürülmüş evi belə yaşayış yeri hesab edir. Lakin heç kim kirayə götürüb yaşadığı yerdə qeydiyyata düşmür. Məhkəmə iclasında tərəflərin iştirakı: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq, işə Bakı İnzibati Məhkəməsində baxılmasının davam etidirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini İPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İş materiallarından aydın olur ki, hazırki mübahisə inzibati orqanla hərbi qulluqçular arasında mövcud olan (və ya əvvəllər mövcud olmuş) xidməti hüquq münasibətləri ilə bağlıdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddia tələbindən görünür ki, iddiaçı hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün arxiv arayışının verilməsini xahiş edir. Göründüyü kimi iddiaçının irəli sürdüyü tələb inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olmuşdur ki, qanunverici bu cür mübahisələrdə məhkəmə aidiyyətini müəyyən edərkən bunu iddiaçının yaşayış yerindən asılı etmişdir. Buna görə də, hazırkı iddia tələbinə baxılmasının İPM-in 8.1.3-cü maddəsində göstərilən (iddiaçının yaşayış sahəsinin olduğu yer üzrə) aidiyyətin təsir dairəsinə düşməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. Məhkəmə Kollegiyası qeyd etmək istəyir ki, Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li, xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı yaşayış yeri ünvan 4i ünvanıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 4 №-li, xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi» barədə Əlavəyə əsasən Hacıqabul rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin maddənin ikinci hissəsinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İddiaçının apellyasiya şikayətinin əsas dəlili faktiki olaraq iddiaçının otuz ildən artıq Bakı şəhərində yaşaması, işləməsi, Bakı şəhərində iddiaçıya məxsus evin mövcud olması və Hacıqabul rayonunda formal qeydiyyatda olması ilə bağlıdır. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, iddiaçı 30 ildən çox olaraq Bakı şəhərində yaşadığını bildirsə də, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada yaşadığı yer üzrə qeydiyyata alınması üçün müraciət etməmişdir. Bundan əlavə Bakı şəhərində ona məxsus evin olması dəlilinə münasibətdə də Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətin və sahibliyində istənilən sayda daşınmaz əmlak, ev mövcud ola bilər. Lakin Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyindən, həmçinin iddianın aidiyyət qaydalarının müəyyən edilməsi məhz iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan ünvan üzrə qiymətləndirildiyindən hazırki mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılması istisna olunur. İPM-nin 8.6-cı maddəsinə görə İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10248/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar