Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3404/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Abbasov Zeynəlabidin Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı «bakalavr diplomunun ölkə ərazisində tanınması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-914/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı «bakalavr diplomunun ölkə ərazisində tanınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-914/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı «bakalavr diplomunun ölkə ərazisində tanınması» tələbinə dair iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadda onun icraatdan yayındığı qeyd olunsa da, iclaslar barədə məlumatlı olmamış, nümayəndəsi və vəkili isə səhhətində yaranan problemlər ilə bağlı məhkəmə proseslərində iştirak edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu bildirərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, iddiaçı “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı «bakalavr diplomunun ölkə ərazisində tanınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli qərardadla inzibati mübahisə üzrə məhkəmə icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsi icraata xitam verilməsinə dair nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “...məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır.” Kollegiya məhkəmənin mövqeyilə razılaşmır, işin hallarını nəzərə alaraq hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilən normanın mənasına görə nəzərdə tutulan müddət ərzində ardıcıl olaraq üzürsüz səbəbdən məhkəmə icraatından yayındıqda iddia ərizəsi geri götürülmüş sayıla bilər. Həmçinin, məhkəmə iddianın geri götürülmüş hesab edilməsi nəticəsinə o halda da gələ bilər ki, onun icraatdan yayınmasına dair passiv davranışı iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasından irəli gəlsin. Lakin hazırki iş üzrə məhkəmənin bu qənaətə gəlməsinə əsas olan hal mövcud deyil. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 185.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli məhkəmə iclası cavabdehin nümayəndəsi və iddiaçının vəkili və nümayəndəsinin iştirakı ilə baş tutmuş və məhkəmə iclası növbəti tarixə 16 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili tərəfinən məhkəməyə ünvanlanan teleqramda qeyd edilmişdir ki, sonuncunun səhhətində yaranan problemlər ilə bağlı xx.xx.2021-ci il tarixli iclasda iştirak edə bilməyəcəyi nəzərə alınaraq iclasın başqa tarixə keçirilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən İddiaçı məktub göndərilərək məhkəmə iclasının xx.xx.2021-ci il tarixə təyin olunduğu bildirilmiş və qeyd edilən tarixdə tərəflər məhkəmə iclasında iştirak etməmiş və növbəti iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixli sərəncam və bildiriş göndərilmiş və məhkəmə iclasının 20 dekabr 2021-ci il tarixə təyin edildiyi bildirilmiş, eyni zamanda məhkəmənin tələbinə baxmayaraq 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı tərəf qeyd edilən tarixdə məhkəmə iclasında iştirak etməmişdir. Lakin, iş materiallarından müəyyən edilir ki, qeyd edilən iclaslar (xx.xx.2021 və xx.xx.2021) barədə İddiaçı Sumqayıt şəhəri, Yat-4 ünvan 1 ünvanına poçt vasitəsilə məhkəmə bildirişləri və sərəncamı göndərilməsi görünsə də, iddiaçının həmin sərəncam və bildirişlər barədə məlumatlı olmasına dair hər hansı sübutun olması müəyyən edilmir. Apelyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçı yuxarıda sadalanan məhkəmə iclasları və məhkəmə iclasına gəlməməsinin hüquqi nəticələri barədə məlumatlandırılmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının məhkəmə iclaslarının yeri və vaxtı, həmçinin məhkəmə icraatından yayınmasının nəticələri barədə məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli xəstəlik kağızından da görünür ki, iddiaçının nümayəndəsi və vəkili Z.Abbasovun həqiqətəndə səhhətində problemlər olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almadan “üzürsüz səbəbdən icraatdan yayınma əsası” ilə inzibati iş üzrə icraata xitam verməklə qanunsuz və əsassız qərardad qəbul etmişdir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-914/2021 saylı, 20 dekabr 2021-ci il tarixli tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı «bakalavr diplomunun ölkə ərazisində tanınması» tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3404/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3404/2022
10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver